Ada görə yalandan tərif vuranlar

Ada görə yalandan tərif vuranlar
27 iyul 2022
# 15:40

Kulis.az Təvəkgül Boysunarın “Mütaliə qeydləri: Şəhriyar del Geraninin "Türbülans" hekayəsi haqqında” yazısını təqdim edir.

Bizdə adətən saxta təriflər geniş yayıldığı üçün Şəhriyar del Geraninin "Türbülans" hekayəsi çap ediləndə və sosial şəbəkələrdə paylaşılıb təriflənəndə düşündüm, yəqin, şairin məşhur imzasına aldanıb yalandan tərif vururlar. Əsas da ona görə belə düşündüm ki, hekayənin ilk cümlələrini oxuyanda mənə publisistik mətnləri xatırlatdı. Müəllifin, xüsusən son zamanlar müəyyən saytlarda dərc edilən köşə yazıları, demək olar ki, elə bu hekayənin ilk cümlələri üslubundadır.

Sırf bu təriflərin saxtalığına əmin olmaq üçün bir neçə gün sonra imkan tapan kimi hekayəni sonacan oxumaq məqsədilə mütaliəyə başladım və hətta fikirləşdim ki, ehtiyac olsa, o saxta tərifləri faş etmək və tərif vuranları tənqid etmək məqsədilə hekayənin zəifliyi haqqında bir yazı da yazım.

Ancaq mütaliəni bitirəndə gördüm ki, yanılmışam. Şəhriyar şair olmağına baxmayaraq bir çox nasirlərdən daha yaxşı bir hekayə ortaya qoya bilib. Düzdür, ilk cümlələrdəki publisistik üslub məsələsilə bağlı fikrim dəyişilmədi və məncə, bu qüsuru aradan qaldırmaq üçün mətnin müxtəlif yerlərində, xüsusən də əvvəllərində müəyyən dəyişikliklər etməyə gərək var. Hətta, çox güman, müəllif hekayənin mərkəzində dayanan o xatirəni əvvəlcə adi bir köşə yazısında, publisistik məqalədə əks etdirmək istəyib, ancaq daha sonra mətnin gedişatı onun fikrini dəyişərək bədii mətn yazmağa sövq edib.

Hekayənin mərkəzində dayanan o hadisə bundan ibarətdir ki, təhkiyəçi uşaqikən yaşadığı bir anı heç cür unuda bilmir, elə də vacib olmayan həmin anın nə üçün yaddaşına ilişib qaldığını başa düşmür, bir neçə il sonra bu hadisəylə bağlı həmin səhnənin iştirakçısı olan babasıyla, əmisiylə söhbət edir, onlardan bu hadisəni xatırlayıb-xatırlamadıqlarını soruşur və məlum olur ki, onların heç biri həmin anı xatırlamır. Cavab təhkiyəçinin əhvalını təlx etsə də, növbəti bir neçə ildən sonra baş qəhrəman, hadisənin başqa iştirakçısıyla qarşılaşır, ondan da eyni şeyi soruşur və yenə eyni məyusedici cavabı alır.

Bəs həmin hadisə nədən ibarətdir?

Təhkiyəçi uşaqikən, evdəki otaqlardan yalnız birinin isti olduğu və bu səbəbdən bütün ev əhlinin ora yığışdığı qış günlərinin birində kürəyinə döşəkçə qoyub divara söykənərək adəti üzrə "Sovet ensiklopediyası"nı vərəqləyir və kitabın hansısa səhifəsində yer alan çılpaq qadın rəsminə baxır. Bu vaxt əmisi içəri girib öz atasına, yəni uşağın babasına müraciətlə deyir:

- Lələ, Ədhəm səni çağırır.

Və baba cavab verir:

- "Deynən, evdə yoxdu".

Baş qəhrəmanın illər boyu yadından çıxmayan an bundan ibarətdir.

Hadisə, doğrudan da, olduqca sadə bir hadisədir. Sıradan oxucular baş qəhrəmanın bu xatirəylə bağlı keçirdiyi hissləri duymaqda, çox ehtimal ki, çətinlik çəkəcəklər. Hekayə onlar üçün, bəlkə də, maraqsız olacaq. Amma Şəhriyarın təqdim etdiyi mətn ona görə uğurludur ki, həssas oxucu hekayəni oxuyarkən, yavaş-yavaş özü də həmin otaqdakı o hadisəyə şahid olur, uşağın oğrun-oğrun jurnala baxmasına, əminin içəri girib babaya o sözü deməsinə və babanın verdiyi cavaba oxucu özü də tamaşa edə bilir.

Təhkiyəçini bu xatirəni nəql etməyə vadar edən şey o anın qeyri-adiliyi və əlamətdarlığı deyil. İllər keçdikcə yaşanılan həyatın qarşıya çıxardığı qəm-kədərlər, hiss-duyğular yığılaraq sadəcə bu hadisəni bəhanə edib özünü göstərir.

İlk baxışdan bir çox oxucunu "hə, noolsun" deməyə vadar edən bu adi hadisənin təhkiyəsi, şəxsən mənə Ernest Heminqueyin bir sıra hekayəsini xatırlatdı.

Məsələn, adını unutduğum bir hekayəsində Heminquey belə bir situasiya yaradır. Bir neçə gün qonaq qaldığı evdən ayrılmaq üzrə olan adam günorta evdən çıxır və ev sahiblərinə bildirir ki, ola bilsin, axşam birdəfəlik yola düşməzdən əvvəl yenə də bura qayıtsın. Ancaq qayıtmır. Ev sahibləri isə axşam onu gözləyirlər. Vəssalam, hekayə, demək olar ki, bundan ibarətdir. Və ancaq bundan ibarət olan hekayəni maraqlı etmək üçün də həyatı dərin hiss etməklə bərabər, həm də usta nasir olmaq lazımdır. Çünki belə bir hekayəni yazmaq olduqca çətindir.

Bəli, Şəhriyarın bu hekayədəki hisslərinin sadəliyi yaxşı mənada Heminqueyin bəzi hekayələrini xatırladır, sadəcə fərq ondadır ki, Ernest Heminquey bu hekayəni yazsa, çox ehtimal, ancaq və ancaq otağın içində baş verən o hadisəni təsvir edəcəkdi, lakin həmin hadisəni xatirə kimi yox, mətnin əsas xətti olaraq əks etdirəcəkdi. Kənar heç bir detal və hadisəyə gərək duymayacaqdı və təhkiyəçinin yaddaşında iz qoyan o hadisəni elə təqdim edəcəkdi ki, oxucu, təhkiyəçinin "bu anı niyə unuda bilmirəm?" sualına ehtiyac duymayacaqdı, çünki oxucunun özü də həmin anı yadda saxlayacaq şahidlərdən birinə çevriləcəkdi. Bu mənada, mətnin ilk bir neçə cümləsində hiss edilən publisistiklik də yoxa çıxacaqdı. Lakin o hadisəni qısa şəkildə, ancaq otağın içində təsvir etmək olduqca çətin bir işdir. Və bir də baş qəhrəmanın sonradan həmin anla bağlı atasına, əmisinə və Ədhəm dayıya suallar verməsi də vazkeçilməz dərəcədə lazımlı səhnələrdir.

Ernest Heminquey bu hekayəni yazsa, məsələn, uşağın vərəqlədiyi kitabı çılpaq şəkildə "Sovet ensiklopediyası" adlandırmayacaqdı, onu sadəcə "Sovet ensiklopediyası"na bənzədəcəyimiz şəkildə təsvir edəcəkdi.

Məncə, hekayədəki "Çürük" obrazı və onunla bağlı hissə əsas məsələyə ciddi qatqıda bulunmur və həmin hissələri mətndən səliqəli şəkildə kəssək, heç nə itirilməyəcək. Yəni Heminquey bu hekayəni yazsa, həmişəki kimi mətn daha qısa alınacaqdı və "Çürük"lə bağlı hissədən başqa bir hekayə ərsəyə gətirəcəkdi.

Bir çox uğurlu hekayəyə xas əlamət bu hekayədə də özünü göstərir. Oxucu mütaliəni bitirdiyi və bir neçə saat sonra hekayəni unutduğu anda qəfildən mətndəki hansısa epizodu xatırlayır və o epizodu hiss edir. Məsələn, baş qəhrəmanın çayxanada Ədhəm dayıya yaxınlaşıb həmin anla bağlı sual verməsi. Bu səhnə, mənə görə, hekayədəki ən maraqlı səhnədir. Sonradan yada düşərkən oxucunu təsirləndirən səhnədir. Niyə? Çünki uşaqlıqda baş verən o hadisənin üstündən xeyli müddət keçib, babanı çağıran Ədhəm adlı o adam artıq qocalıb və babanın öldüyü yaşa çatıb, ensiklopediyada çılpaq qadın rəsminə baxan uşaqsa artıq tələbəlik illərini yaşayır. Və bir gün çayxanada Ədhəm kişini görür. Baş qəhrəmanın Ədhəm kişiyə yaxınlaşıb ondan o anı xatırlayıb-xatırlamaması ilə bağlı nələrsə soruşması burda həm də başqa məqamları üzə çıxarır. Yəni gör sən öz həyatını nə qədər qəm-kədər içində yaşayırsan ki; gənclik illərinə baxmayaraq xoşbəxtlik səndən nə qədər uzaqdır ki; ürəyindəki qüssələrlə, əzablarla nə qədər təkbətək qalmısan ki, uşaqlıqda baş verən o epizod hələ də ağlındadır, üstəlik, unudulmadığına görə səni narahat edir. Yəni yalnız kədər içində yaşayan və həyatı yalnız əzab kimi görən biri belə bir addım ata, illər sonra Ədhəm adlı o adama bu gülməli və absurd sualı verə bilər. Bu kədər, təbii ki, ilk növbədə həm də müəllifin öz şairanə kədəridi. Və bu mənada Zeydi Smisin "Yazmağın mahiyyəti özünü, öz fərqliliyini göstərməkdir" kəlamı da müəllifi təbrik etməyə əsas verir.

Məncə, bursalı tələbənin təyyarədə ölüm təhlükəsiylə üzləşdiyi anla bağlı hissədən daha çox, hekayənin kulminasiya nöqtəsinə, məhz yuxarıda qeyd etdiyim səhnə yaraşır.

Amma mənə həm də elə gəlir ki, müəllif oxucunun onu başa düşməyəcəyindən qorxduğu üçün, ən azından, oxucunun xoşuna gələcək bir sıra epizodları hekayəyə qatmaq məcburiyyətində hiss edib özünü. Bu məcburiyyəti hiss etməsə, bəzi məqamları ("Çürük" və s. məsələlər) hekayədən çıxara da bilərdi. Sosial şəbəkələrdə hekayənin əsas mahiyyətindən daha çox, o əlavə epizodlara tərif deyən oxucu-yazıçıları görəndə haqlı olduğunu bir daha anlayırsan.

Qısası, müəllifə təbriklər!

“Ədəbiyyat” qəzeti

# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #