Türbülans - Şəhriyar del Geraninin yeni hekayəsi

Şəhriyar del Gerani

Şəhriyar del Gerani

19 iyul 2022
# 09:00

Kulis.az Şəhriyar del Geraninin "Türbülans" adlı hekayəsini təqdim edir.

Elə hadisələr var, onların sənin taleyində bircə qram da olsun əhəmiyyəti yoxdu. Di gəl, yadından çıxmır. Var elə hadisələr. Baxırsan, həmin hadisənin sənin yadında qalması həyatının heç bir mərhələsində sənə zərrə qədər də fayda verməyib, heç cürə iştirak etməyib ömründə. Amma yadından da çıxmır. Uşaqdım. İndi olmasın, qənddandan qənd oğurlayan vaxtlarımdı. Özüm üçün qurdalanırdım otaqda. Qabaqlar qış aylarında hamı bir otağa yığılardı. Ev nə boyda olursa olsun, varlısından kasıbınacan hamı bir otağa cəm olardı. Ev nə boyda olursa olsun, cəmi bircə otaq isti olardı çünki. Hamıda beləydi. Bunun o yan-bu yanı yoxdu. İki cildli Sovet Uşaq Ensiklopediyası vardı, qəhvəyi üzlü. Onun hansısa cildində çılpaq qadın rəsmi də vardı, xatırlayan olar yəqin. İmanım Allah amanatı, deyəsən, ikinci cildindəydi. Xoşuma gəlirdi həmin rəsmə baxmaq. Kürəyimə döşəkcə qoyub söykənərdim divara, ensiklopediyanı da elə tutardım ki, o tərəfdən görünməsin hansı səhifəyə baxdığım. Hər ehtimala qarşı sağ əlimin bir neçə barmağını da digər səhifələrin arasında saxlardım, kimsə yaxınlaşanda cəld çevirmək üçün. Birdən balaca əmim girdi içəri, hamı ona sarı döndü, mən də avtomatik səhifələri çevirdim, baxdım əmimə. Əmim də üzünü babama, yəni atasına tutub dedi ki, ˝Lələ, Ədhəm səni çağırır˝. Babam da qəzet oxuyurdu. Bayaq dedim axı, balaca əmim içəri girəndə hamı ona sarı döndü. Əslində, heç babam gözünü qəzetdən ayırmamışdı onda. Yəni babamdan savayı hamı əmimə sarı dönmüşdü. İndi əmim deyəndə ki, ˝Lələ, Ədhəm səni çağırır˝, babam qəti şəkildə tövrünü pozmadan belə cavab verdi: “Deynən, evdə yoxdu”. Əmim çıxdı, yenə də hərə öz məşğul olduğu işinə qayıtdı. Heç şübhəsiz mən də həmin çılpaq qadın rəsminə çevirdim səhifəni.

Yalan olmasın, hardasa 30 il keçib üstündən, amma bu hadisə heç cürə yadımdan çıxmır. Deyəsən, ictimai məzmunu var, yoxdu. Deyəsən, siyasi çalarları var, yoxdu. Deyəsən, dərin psixoloji qatları var, o da yoxdu. Adinin adisi məişət epizodu:

- Ədhəm səni çağırır.

- Deynən, evdə yoxdu.

Vəssalam. Bu qədər. Amma neynirsən, gör yadımdan çıxır? Üstündən bir neçə il keçmişdi. Təxminən olardı 12-13 yaşım. Bir dəfə kefinin saz vaxtına salıb babamı yanladım, hadisəni danışdım. Dedi, nə bilim, a bala, yadımdan çıxıb. Dilxor oldum. Gedib balaca əmimə də danışdım, o da yadına sala bilmədi. Lap dilxor oldum. Görəsən, niyə mənim yadımdan çıxmır bəs? Nə isə. Daha qayıtmadım o söhbətə. Düzü, o vaxtlar elə bilirdim, universitetə girsəm tamam başqa həyat gələcək, tamam ayrı bir dünyaya, ayrı bir yaddaşa, ayrı bir hafizəyə düşəcəm, hər şey rəngini, dadını, qoxusunu dəyişəcək.

Yay imtahan sessiyasını verdik, hələ iki-üç gün daha sülənib sonra gedəcəm rayona. Türkiyədən bir qrup yoldaşımız var, dostlaşmışıq. ˝Bir qrup yoldaşımız var˝ deyirəm, camaat elə biləcək, bir avtobus yoldaşdan danışıram. Yox, bir qrup yoldaşımız - yəni qrupumuzda türkiyəli bir tələbə yoldaşımız var. Dostlaşmışıq – yəni onunla mən dostlaşmışıq, hamılıqla deyil. Dedi, mən də rayona getmək istəyirəm səninlə. Arxasınca danışmaq olmasın, yüngülvari sırtıqlığı vardı, yola verirdim amma. Sırtıqlıq xaricində elə bir qabarıq neqativ xüsusiyyəti yoxdu. Yaxşı oğlan idi. Amma cüzi sırtılmışdı. Bilmirəm, orda sırtılıb gəlmişdi, yoxsa Bakıda sırtılmışdı. Hər halda özündə də sırtıqlığa meyllilik vardı. Bir adamda sırtıqlığa meyl varsa, qurtardı getdi, fərqi yoxdu şəhərin-kəndin, harda olsa bir fürsət tapıb mütləq sırtılacaq. Dedim, yaxşı, lap əla, gedək. İki-üç gün Bakıda veyllənib fitillədik rayona.

Günlərin bir günüdür, daha doğrusu, elə rayona gəldiyimiz günün ertəsi. Günorta. Yeməyimizi-zadı yemişik, çıxmışıq küçəyə. O vaxtlar da nə məşğuliyyət olasıydı? Heç nə. Rayon yeri, yay, qızmar istilər, hərə bir cürə ömrünü günə verir - həm belə, həm elə. Çıxdıq küçəyə. Toplaşma yeri küçələr idi qabaqlar. Hərə öz yaşına uyğun çevrəylə yığışıb laqqırtı vurardı havadan-sudan. Amma biz küçəyə çıxanda kimsə gözə dəymirdi. Özümüzü verdik söyüdün kölgəsinə, çöməldik. Yaxınlıqdakı çaylaq daşını, bir də kəsəkfason bir şeyi götürüb hərəsini bir dabanımın altına qoydum. Elə olanda nə qədər çöməlirsən çöməl, ayaqların yorulmaz. Axı çömələndə pəncələri üstə dayanırsan, dabanlar havada qalır. Öyrətmək olmasın, elə olanda dabanlarınızın altına yerləşəcək ölçüdə bir şey qoyun, vəssalam, axşamacan çömül-çömül çömələn, heç vıcıtına da olmaz. Bikarçılıqdı. Başladım bala-bala uşaqlıq xatirələrini qrup yoldaşıma, yəni qonağıma danışmağa. Amma o xatirəni danışmadım. Bayaq bəhs etdiyim xatirəni deyirəm. Hə, onu. Onu danışmadım. Çox keçmədi Lütfi də çıxdı. Qonşumuzdu. Bizdən bir nəsil yuxarı, olsun səkkiz-on yaş böyük. Ondan çox olmaz. Arıq-zırtığın biridi, Çürüy deyirik. Hərənin bir ləqəbi var, onun da ləqəbi belədi - Çürüy. Yəni çürük. İncimir. Bəlkə də ilk vaxtlarda inciyib, xətrinə dəyib. Bilmirəm. Lap elə olsa da, çoxdandır dəyib qurtarmış olar. İndiyə xətir qalar? Qəbul eləyib ləqəbini. İndi adıyla çağırsan, bəlkə də dönüb baxmağa tərəddüd edər. Amma Çürüy deyən kimi dik atılır. Yaxınlaşdı. Qalxdıq. Matdım-matdım yanımdakına baxır. Salamlaşdıq. Tanış elədim. Təzədən çöməldik. Dabanlarımın altındakı daşla kəsəyi gördü, gözlərinə işıq gəldi, dedi, bıy, nə yaxşı çəmin tapmısan. Dedim, hə, belə olanda yorulmur adam. Qayıdasan ki, sən əziz canın onları ver mənə. Dedim, ay Çürüy, yer-göy doludu daş-kəsəklə, götür də, antibiotik-zaddı bəyəm bədəninə düşməyə?! Dedi, yox, onları istəyirəm, məhz onları! Hər şey bir yana, ˝məhz˝ sözünü hardan öyrənmişdi, bilmirəm. İşıqlar da yanmırdı, deyəsən, AzTV-yə baxıb çıxıb, isti-isti istifadə eləyir ki, yadından çıxmasın. Nə isə, uzatmadım, verdim. Qonağımla bir-birimizə baxdıq, qonağım göz vurdu. Dedim axı, sırtığın biridir. Elə bilir adicə bir səyliyinə görə dədə-baba cəddəba qonşumu bunun ayağına verəcəm. Ay hay! Özümü o yerə qoymadım. Əl atıb o daşdan da, o kəsəkdən də qəşəngini, daha rahatını götürdüm, dabanlandım. Çürüy bir siqaret yandırdı. Mən də yandırdım. Avtomatik olaraq bursalı qrup yoldaşım da yandırdı. Bursadan olduğunu deməmişdim qrup yoldaşımın. Türkiyəli deyib keçmişdim bayaq. Niyə? Çünki detallara getməyə ehtiyac görməmişdim. Nə biləydim, bu sırtıq bura qədər gələcək mənimlə? Qərəz. Rast ki bura qədər gəlmişik, bursalı olduğunu da deyim. Bir azdan başqa məlumat da verəcəm, dəli olacaqsız. Hələlik özüm də bilmirəm. Yəni sonra öyrəndim, o vaxta qədər bilmirdim. Deyəcəm.

Ortalığa sükut çöküb. Olur belə, oturursan bir neçə nəfər, qəfil sükut çökür, heç kəs heç nə danışmır. Xüsusilə çevrədə yad adam olanda olur. Son olaraq dörd dəfə dalbadal – üçünü qısa, axırıncını uzun qüllab vurub tüstülədəndən sonra siqaretin kötüyünü çırtmayla vızıldatdı yalan olmasın bizdən on-on iki metr aralıda qıvrılıb yatan pişiyin düz təpəsinə. Kim olacaq? Əlbəttə, Çürüy! Ayıb olmasın, elə bil pişiyin götünə ağac soxdular, ˝yooo˝ eləyib tullandı. İlk dəfəydi bir pişiyin ˝mi˝ni ürəyində deyib ˝yo˝nu çığırdığını görürdüm. Yenə də qrup yoldaşımla baxışdıq, yenə də göz vurdu, yenə də özümü o yerə qoymadım. Çürüyü kiminsə ayağına vermək olmazdı. Hələ-hələ yad birinin. Yox bir, Bursadan gəlib mənim gor qonşumu lağa qoyacaq. Özü də kimi? Çürüyü! Öz aramızdı, Çürüy də bir Çürüy ola, beş dəqiqə deyil gəldiyi, iki dəfə altın vurub. Düzü, mən rayondan çıxanda Çürüy belə deyildi, başqaydı, nə olubsa, sonradan olub, xəbərim yoxdu. Rayondan çıxdığım da uzun müddət deyil, qış imtahanlarından sonra da gəlmişdim. Amma Çürüyü belə görməmişdim.

Qəsdən söhbətə özüm girişmirəm. Nəyimə lazım, qoy zəhmət çəkib Çürüy başlasın, qoy o maraqlansın mənimlə. Zarafat deyil, Bakıdan gəlmişəm, tələbə adamam, tətildəyəm, başqa cür çıxmasın, imtahanları da qoz kimi vermişəm. Hələ üstəlik yanımda qonaq da var. Özü də o boyda Türkiyədən. Qrup yoldaşımdan ilk dəfə soruşanda – Hansı şəhərdənsən? Demişdi, Sakaryadan. Sonradan bildim ki, Bursadandı. Bursalılar bir az kompleksə girirlər bursalıyam deməkdə. Hekayəsi də bundan ibarətdir... Nə isə. Qalsın. Nəyimizə lazım? Özləri bilər. Sözüm ona, qəsdən başlamıram söhbətə, özümü dartıram. Onsuz da harda olsa, indilərdə Çürüy başlayacaq. Səbri tutmaz o qədər. Aha, başladı. Sual bir:

- Qaqa, sən Allah nətərsən?

- Yaxşılıqdı vallah, salamatçılıq.

Sual iki:

- Sən Əbəlfəz nə var, nə yox?

- Nə olasıdı, ay qa, imtahanları verdik, tətildi, dedik gələk rayona.

Sual üç:

- Sən İmam Hüseyn canın-başın nətərdi?

Hə, burda şübhələndim. Özümdən şübhələndim e. Elə bildim, doğrudan da mənə nəsə olub, amma xəbərim yoxdu. Məsələn, iraq olsun, adətən pis bir xəstəliyi olan adamlardan belə sorğu-sual edirlər. Tutalım, adam vərəmdi, amma bildirmirlər heç kəsə. O vaxtlar vərəm ciddi xəstəlik sayılırdı. İndinin xərçəngi kimi bir şeydi. Onu deyirdim, tutalım adam vərəmdi, amma ailə, qohum-əqrəba utanır, bildirmir kimsəyə. Di gəl, nə qədər bildirməsələr, nə qədər gizli saxlasalar da, yenə bir yerdən sızıb çıxır. Eşidən-bilən də rastlaşanda üzünə vurmur xəstənin, amma belə andlı-amanlı suallarla büruzə verirlər. Yəni ˝Söhbəti bilirik əslində, amma üzünə vurmuruq. Heç sən də demə. Sadəcə suallara düzgün cavab ver, bəsimizdi˝. Təxminən belə bir ünsiyyət psixologiyası. Duruxdum. Qrup yoldaşımla növbəti dəfə göz-gözə gəldik. Bu dəfə göz vurmadı. İnanın, beynimdən əlli iki versiya keçdi bir anda. Düşündüm, bəlkə, evdəkilərdən kiməsə nəsə olub, məndən gizlədirlər. Bəlkə, mənim barəmdə nəsə şayiə yayılıb, xəbərsizəm. Və sairə və ilaxır belə-belə qara-qura fikirlər daraşdı canıma. İstər-istəməz qalxdım ayağa, dedim:

- Çürüy, niyə belə suallar verirsən mənə? Səsimi sərtləşdirib əlavə elədim - Düzünü de!

Qayıdasan:

- Sən ölənlərin goru, nə təhər suallar verirəm?

Gördüm, yox, problem məndə deyil, problem bunun özündədi. Rahatlaşdım. Amma kefim pozuldu, açığı. Dedim, nə isə. Qrup yoldaşıma başımla işarə elədim ki, dur gedək. Qalxdı. Çürüy də qalxdı.

- Sən Həzrət Abbas hara gedirsiz?

Dedim, nəysə Çürüy, nəysə, di salamat qal, işimiz var, sonra görüşərik. Bir qədər uzaqlaşmışdıq, öz-özümə - ˝Bu da belə gijdıllağ oldu...˝ dedim. Sən demə, qrup yoldaşım da eşidirmiş. Soruşdu:

- Gijdıllağ nə deməkdi?

Artıq Çürüyü kiminsə ayağına verməmək üçün heç bir səbəbim qalmamışdı.

Dedim, nə bilim. Təxminən beyin am...laması...

Doqqaza çatdıq. Qapıdan girhagirdə dönüb Çürüyə baxdım. Gördüm bayaq məndən aldığı daşla kəsəyi götürüb hərəsini bir əlinə, qaldırıb başının üstünə. Sanki təxmin edirmiş dönüb baxacağımı. Baxdığımı görüncə sevindi - təxmininin düz çıxmasına, ya başqa hansısa səbəbdən gülümsədi. Daşla kəsəyi bir-birinə vurub eynən belə qışqırdı: “Şəddadiləə...ər!” Kəsək ovxalanıb təpəsinə töküldü.

Axşamçağı getdik çayxanaya. Kimi görsəm yaxşıdı? Ədhəmi. Necəsə həmin o unutmadığım dəxlsiz xatirə düşdü yadıma. Üstündən neçə illər keçib, bu illərdə babam da dünyadan köçüb, Ədhəm də qocalıb babamın öldüyü yaşlara çatıb. Yenə də yadımdan çıxmayıb o şəbzül xatirə. Universitetə də girmişəm, yenə də yaddaşımda qurdalanır. Dedim, nə ola-ola, bu da bir fürsətdi, gedib danışacam, soruşacam, bəlkə yadına düşdü. Yoldaşa dedim, sən otur burda, üç dəqiqəyə gəlirəm. Yaxınlaşdım, salamlaşdıq, tanıdı. Əvvəlcə ˝əmi˝ deyə mürəciət etmək istədim, sonra gördüm yox, adıyla qarışacaq hərflər – bir yandan Ədhəm, o biri yanda əmi, girəcəklər bir-birinə, bir az da həyəcanlıyam, dilim topuq vuracaq, ən salamatı ˝dayı˝ deyim. Qərar verdim. Dedim, Ədhəm dayı, sənə bir hadisəni danışacam. Danış dedi. Danışdım. Qəribə-qəribə üzümə baxdı. Dedi, vallah yadıma düşmür, amma Allah rəhmət eləsin, baban cağ kişiydi, elə şey eləməzdi, körpə olmusan, səhv xatırlayırsan. Üstünü vurmadım. Ola bilər – deyib sağollaşdım. Qayıtdım qrup yoldaşımın yanına. Sonra düşündüm, peşman oldum deməyimə də. Yazıq kişi özü də biqolay oldu. Amma neyləyim? İstəyirəm bu hadisə kiminsə yadına düşsün, onun yaddaşına buraxım bu dəxlisiz xatirəni, unudum, canım qurtarsın. Mənim nəyimə gərək axı belə bir vecsiz xatirəyə yaddaş qarovulçuluğu eləyirəm?! Belə zülm olar? Adamı yandıran odur ki, ortada ciddi bir məsələ də yoxdu. Deyəsən, ictimai məzmunu var, yoxdu. Deyəsən, siyasi çalarları var, yoxdu. Deyəsən dərin psixoloji qatları var, o da yoxdu. Adinin adisi məişət epizodu:

- Ədhəm səni çağırır.

- Deynən, evdə yoxdu.

Vəssalam. Bu qədər. Amma neynirsən, gör yadımdan çıxır?

Daha bir neçə gün bizdə qaldı qrup yoldaşım, uçuş gününün tezdəni Bakı taksiləriylə yola saldım getdi, ordan da uçdu İstanbula.

Məzun günü tədbirindəyik. Gülən-gülənə qarışıb, ağlayan-ağlayana. Hərə bir cürə ifadə eləyir özünü. Oynayan-oynayır, oynamayan əl çalır, yeyib-içib qeyd edirik universitetin bitməsini. Ortada siqaret çəkmək bəhanəsiylə səs-küydən başımı götürüb qaçıram çölə - restoranın bağçasına. Gedib çöməlirəm o tərəfdə - ağacların altında. Bir dəfəsində bursalı qrup yoldaşım da gəldi mənimlə. Bir az öz söhbətlərimizi, öz xatirələrimizi bölüşdük, duyğulandıq. Dedi, sənə bir şeyi demək istəyirəm. Dedim, de. Birinci kursun yay tətilində rayona getməyimizi, onu qonaq aparmağımı xatırladı. Bir xeyli nırçıldadıq. O:

- Nırç-nırç-nırç, düz üç il qabaq...

Mən:

- Nırç-nırç-nırç, üç ilə bax e...

İndi on üç il keçib, ayıb olmasın, heç qozuma da deyil. Düzü, o vaxt da qozuma deyildi. Keçib-keçib də. Neynim? Tutub sallaşası deyiləm ki təqvimdən. Cərə keçib cəhənnəmə keçib. Təkcə mənim ömrümdən keçməyib ki. Hamının ömründən keçib. Sadəcə o nırçıldayırdı deyə mən də nırçıldadım ki, xətrinə dəyməsin, hörmətsizlik olmasın. Nə də olsa qrup yoldaşıyıq, duz-çörək kəsmişik. Dedim, danış, nəyi demək istəyirsən? Dedi, sən məni rayondan Bakıya yola saldın ha, yadında? Dedim, hə. Dedi, burdan da gecə uçdum ha İstanbula. Dedim, hə. Dedi, uçuşda problem olmuşdu onda, təyyarə türbülansa girdi, üç-beş dəqiqə hava boşluğuna düşdü, aləm dəydi bir-birinə; ürəyi gedən kim, çığıran kim, özünü atmaq istəyən kim. Bilirsən də, elə məqamda üç dəqiqə otuz saat kimi bir şeydi. Dedim, hə. Dedi, həmin anlarda bütün ömrüm sürətlə gəlib keçdi gözümün qabağından, lent kimi. İnanmazsan, amma o sürətlə keçən lentdə səninlə də bağlı bir epizod vardı. Dedim, hansı epizod? Dedi, rayonda çayxanaya getdik ha. Dedim, hə. Üzr istəyirəm, belə tip xiyarlar var, - ha eləyirlər ki, sən də - hə deyəsən, yoxsa danışmırlar, adamın bağrı çatlayır. Bu da həmin xiyarlardandı. Etiraf edim ki, təzə vaxtlar belə deyildi, sırtıqlığını deyə bilmərəm harda oldu, amma dəqiq bilirəm, bu konkret Bakıda oldu. Qəsdən dinmədim bu dəfə. Başladı təkrar eləməyə:

- Yadında deyil? Rayonda çayxanaya getmişdik, sən bir qoca kişiyə yaxınlaşdın, nəsə danışdın.

Dedim, hə. Dedi, sən sağollaşıb mənə tərəf gələndə həmin kişi arxanca baxdı, sağ əlinin işarət barmağını gicgahına dirədi, sonra ovcuna üflədi, başını yellədi. Duruxdum. Təəccüblə soruşdum, dəqiq? Dedi, hə, dəqiq. Bax, təyyarəmiz hava boşluğuna düşəndə səninlə bağlı yalnız həmin epizodu xatırladım. O gün-bu gün o kişinin o hərəkəti heç cürə yadımdan çıxmır. Neyləyirəm unuda bilmirəm. Adicə epizoddu, amma göyün yeddincə qatında, ölümün beş addımlığında da gəlir keçir gözümün qabağından. Yadımdan çıxmır. Gördüm söhbət tanış gəlir. Dedim, əşşi, boş ver, eybi yox, kozinaki! Güldü. Sonra soruşdu, o nə deməkdi? Dedim, nəyə güldünsə, elə o deməkdi. Amma əslində, gürcü mətbəxində bir şirniyyat adıdı – Kozinaki! Gülüşdük. Hərəyə bir siqaret də yandırdıq. Rayondakı qonşumuzu soruşdu. Çürüyü. Dedim, heç nə, başına hava gəldi, yerləşdirdilər dəlixanaya. Üzüldük. Elə bu dəm qrup qızlarından biri pəncərədən bunu harayladı. Sırtıq və üzüyolaydı deyə qrupun lotu qızları az qala tampon almağa da bunu buyururdular. Siqaretini cəld, amma son dərəcə səliqəylə söndürüb kötüyü kübarcasına yaxınlıqdakı zibil qutusuna atdı. Zibil qutusundan bir pişik var gücüylə miyoldayıb kənara sıçradı, qrup yoldaşım diksindi. Amma özünü o yerə qoymadı, qaça-qaça restoranın giriş qapısına yaxınlaşdı. Girhagirdə dönüb mənə baxdı. Gülümsəyərək əl sallayıb eynən belə qışqırdım:

- Kozinaki!

# 7120 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
#
#
# # #