Nasist Almaniyasının lideri Adolf Hitlerin “Mənim mübarizəm” kitabının nəşrindən 100 il ötür.
Kulis.az dünyanın bəzi ölkələrində qadağan olunmuş bu mübahisəli nəşrlə bağlı fərqli yanaşmaları təqdim edir.
Almaniyadakı Bavyera Dövlət Kitabxanasında nadir kitablar üzrə mütəxəssis olan Stefan Kellner deyir: “Bu kitabın İncilin yerini almasını istəmişdilər.” O, nasistlərin bu uzun, ziddiyyətli, yarı avtobioqrafik, yarı təbliğat xarakterli əsəri necə Nasist ideologiyasının mərkəzinə çevirdiklərini izah edir.
Hitler “Mənim mübarizəm” kitabını 1923-cü ildə Münihdəki uğursuz çevriliş cəhdindən sonra vətənə xəyanət ittihamı ilə həbs olunduğu zaman yazmışdı. Daha sonra 1925-ci ildə kitab nəşr olunub. Kitabda irqçi və yəhudilər əleyhinə fikirlərini ifadə edirdi.
On il sonra hakimiyyətə gəldikdə, “Mənim mübarizəm” artıq 12 milyon nüsxədə çap edilmişdi və nasist ideologiyasının əsas kitabına çevrilmişdi. Dövlət bu kitabı yeni evlənən cütlüklərə hədiyyə edir, yüksək vəzifəli şəxslərin evlərində isə qızıl örtüklü nüsxələri nümayiş etdirilirdi.
İkinci Dünya Müharibəsinin sonunda ABŞ ordusu nasistlərə məxsus “Eher Verlag” nəşriyyatını ələ keçirdikdə, “Mənim mübarizəm”in müəlliflik hüquqları Bavyera əyalət hökumətinə verildi. Həmin vaxtdan etibarən kitab yalnız Almaniyada və xüsusi hallar üçün nəşr oluna bilərdi.
Lakin 2015-ci ilin dekabrında müəlliflik hüquqlarının başa çatması, kitabın istənilən şəxs tərəfindən sərbəst şəkildə çap edilə bilməsi ehtimalını gündəmə gətirərək mübahisələrə səbəb oldu.
Bəzi tarixçilər və araşdırmaçılar bu kitabın xüsusilə də neonasistlərin aktiv olduğu bir dövrdə və kitabın yanlış anlaşılma potensialını nəzərə alaraq hələ də təhlükəli olduğunu düşünür. Bəziləri isə nəşriyyatların bu kitabı yenidən çap etmək istəyəcəyini real hesab etmir.
Amerikanın “The New Yorker” jurnalına görə, bu kitab “böyük sözlərlə yazılmış, başa düşülməsi çətin cümlələrlə, tarixi detallar və mürəkkəb ideoloji fikirlərlə doludur; nə neonasistlər, nə də ciddi tarixçilər ondan faydalanmağa meyillidirlər.”
Lakin, məsələn, Hindistanda millətçi meyillərə sahib bəzi siyasətçilər arasında kitab populyarlıq qazanıb və orada bəzi dairələr tərəfindən “önəmli bir şəxsi inkişaf kitabı” kimi qəbul edilir: “Əgər yəhudi düşmənçiliyini kənara qoysaq, kitab əslində həbsdəykən dünyanı fəth etmək xəyalları quran və sonra bunu həyata keçirən adi bir insanı təsvir edir”.
Kitabın yenidən çap olunmasından narahat olanların əsas arqumenti onun tarixi kontekstdən çıxarılaraq təqdim edilməsidir. Bavyera Əyaləti Mədəniyyət və Təhsil Nazirliyinin sözçüsü Lüdvig Unqer bu haqda belə yazıb: “Bu kitabın nəticəsində milyonlarla insan həyatını itirdi, milyonlarla insan zülmə məruz qaldı, bir çox bölgə müharibə dağıntısına uğradı. Bunları yadda saxlamaq vacibdir və bunu yalnız kitabın müəyyən hissələrini uyğun tənqidi tarixi şərhlərlə oxuyaraq etmək mümkündür. Bizim fikrimizcə, Hitlerin ideologiyası qızışdırma anlayışına daxildir. Bu kitab yanlış əllərdə olduqda təhlükəli ola bilər.”
Nasist dövrünün bəzi qurbanları zaman-zaman bu kitabın yenidən naşrinə qarşı çıxırlar.
Digər tərəfdən, kitabın çapına mane olmaq da ən yaxşı çıxış yolu hesab edilmir. “The New York Times”da dərc edilən bir məqalədə yazılırdı ki, “gənc nəsillərin nasist düşüncəsinə qarşı “peyvəndlənməsi” üçün Hitlerin sözlərini gizlətmək əvəzinə onlara qarşı açıq şəkildə mübarizə aparmaq lazımdır.”
Bir sıra araşdırmaçılar kitabın dünya səviyyəsində tam qadağasının mümkün olmadığını qəbul edir. Onların fikrincə, hökumətlərin bu mövzuya necə yanaşmasından çox şey asılıdır, yəni nəzarət etməkdən daha çox prinsipial mövqe göstərmək lazımdır.