Tum çırtlamaq, seriala baxmaq, yatmaq... – Azərbaycan qadını nəylə məşğuldur?

Tum çırtlamaq, seriala baxmaq, yatmaq... – Azərbaycan qadını nəylə məşğuldur?
23 iyun 2020
# 12:12

“Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

H.Cavid

Bugünkü bəşəriyyət patriarxal hesab olunsa da, qadının cəmiyyətdə “görünməz əl” olaraq kifayət qədər idarəedici funksiyaya malik olduğu sirr deyil. İçi Azərbaycan qarışıq əksər Şərq ölkələrində qadın “boz kardınal”dır, əli görünmür, amma sonda dediyi olur. Əlləri görünmür, deyirik, amma elə əlləri kişilərdir, qadınlar bütün istədiklərini kişi adlı qolları ilə görürlər. Əksər məsələlərə kişilərin vasitəsilə müdaxilə edir və durum xeyirlərinə dəyişir.

Qadın bu gün kişidən istədiyini alır, kimisi mızıldanaraq, kimisi deyərək, kimisi deyinərək, kimisi ağlayaraq, kimisi bağıraraq, kimisi də pıçıldayaraq...

Kişi özünü ictimai proseslərdə hər nə qədər hakim saysa da, bilmədən sonda qadının istədiyini edir. Bu, bəzən şüuraltı baş verir, bəzən də düşünülmüş...

Bu təməl fəlsəfi mövzu mətnimizi əsl mətləbdən uzaqlaşdırmamış deyim ki, patriarxal görünən bu cəmiyyətin kişilər tərəfindən tənzimləndiyini düşünmək böyük bir sadəlövhlükdü...

Bəs, statistikalarda hər il müəyyən faizlə kişiləri üstələyən Azərbaycan qadını ictimai, kulturoloji, sosial proseslərə niyə çox aşağı faizlə pay sahibi olur?

Səmimi düşünək, “Azərbaycanda kitab oxunmur” deyən kimi oxumayan obraz olaraq gözünüzün önünə hansı şəkil gəlir? Mənim gözlərimin önündə “qara gədə”lər canlanır, yuxarı küncdə də toz basmış qəhvəyi kitab. Boynuna “ailəni o saxlamalıdır” məsuliyyəti yüklənmiş və heç vaxt bu məsuliyyətə ağız büzməyən kişilərdən kitab oxumağı daha çox gözləyən cəmiyyət niyə arada gözünü qadınlara tərəf çevirmir?

Səbəb oğlanların avaralığının cəmiyyətin gözü qarşısında baş verməsidir. Üzeyirə qulaq asan da, “Niva” qışqırdan da, “07”-ni ikitəkər eləyən də, qıza söz atan da oğlandır və proses ictimaiyyət qarşısında baş verir. Oğlanlar evdə qalmır, ona görə bütün eyibləri anında ifşa olunur. Bəs evin içində (bəzən məcburiyyətdən) telefonla, televizorla veyllənən yüz minlərlə qız niyə tənqid hədəfinə çevrilmir?

Əksəriyyəti işsiz olan – nəzərə alaq ki, məişət işlərini də adətən analar görür – gün ərzində xeyli vaxtı və imkanı olan qızlar niyə kitab oxuma faizində əks cinsin nümayəndələrini keçmirlər?

İctimai proseslərə qatılma faizindəki uçurumdan söz açsaq, əks qütbün üzvləri bunu qadınların azad olmaması, ixtiyarının əlində olmaması ilə əlaqələndirəcək. Hərçənd bu azadlıq məsələsində oğlanların sərbəstliyi də çox lokaldı, onlar yalnız çayxanaya getməkdə, dostları ilə “laqqırtı” vurmaqda və s. lazımsız plastlarda müstəqildir, ailə qurmaq, iş tapmaq, etiraz etmək və s. məsələlərdə oğlanlar da valideynlərin boyunduruğu altındadır. Lakin sərbəstlik məsələsi yetərincə mübahisəli durum olduğundan, qadınların ictimai proseslərə fəal qoşulmamaqda qınamaqdan hələ ki yan keçib mütaliəyə fokuslanaq.

Qadınlar günün böyük hissəsini evdə olduğundan mütaliə məsələsində onların daha fəallıq göstərməsi gözləniləndi. Diqqət! Səbəblərə haqq qazandırmıram, amma Azərbaycanda kişilərin asudə vaxtlarını dəyərləndirmələri üçün daha çox seçimləri var – hər an çayxanaya getmək, spirtli içki, siqaret, qadınlarla tanışlıq, həmyaşıdları ilə küçələrdə səbəbsiz dolaşmaq, müxtəlif oyunlar oynamaq, maşın sürmək, “topaz” və s. və i.a...

Məsələyə bu fonda baxanda qadınların daha çox kitab mütaliə etməsi üçün daha çox səbəb tapılır, halbuki bir daha qeyd edim, Azərbaycanda qadınlar kişilərdən az kitab oxuyur.

Bəs, hər il sayda qarşı cinsi ötən qadınlar hardadır? Azərbaycan qadını nəylə məşğuldur?

Azərbaycanda qadınların – daha çox şəhər əhli olan qadınların - əksəriyyəti gününü məişət işləri, televizora baxmaq və yatmaqla keçirir.

Əvvəlcə bu otaqdan o otağa keçən, sonra bu evdən o evə köçən qadınlar niyə əllərinə kitab götürüb dincəlmir. İnternet imkanlarının mövcudluğu şəraitində niyə vacib bədii filmləri, maarifləndirici layihələri, maraqlı sənədli filmləri izləmir?

Niyə statistikada hansısa pozitiv guşədə qadınlarımızı görmürük? Axı bu da sərbəstliyin məhdudlaşdırılması, fiziki zəifliklə bağlı məsələ deyil.

Son cümlələr sərt səslənə bilər, çünki ölkəmizdə əziyyət çəkən, eyni zamanda uğur qazanan xeyli sayda qadın var. Amma bu say ümumi statistikanın içində o qədər cılız görünür ki, məsələ problem kimi diqqət çəkir. Ciddi problem haqqında danışanda isə insan istər-istəməz həyəcanlanır, təngnəfəs olur.

Cinsəl reallıq olsa da, müsəlman ölkələrində qadın cəmiyyətin motivatorudur. Eyni zamanda, onun ictimai fəaliyyətdə diqqət çəkməsi daha rahatdır. Bugünkü reallıqda isə diqqət çəkmək ictimai işlərdə uğurun 90 faizi deməkdir. Qadınlar ən azından fərdi müstəvidə - öz həyat yoldaşına, sevgilisinə, qardaşına təsir edə bilər.

Məsələn, inanmıram ki, sevgilisi ilə telefonda hər salamlaşanda “kitab oxuyurdum”, “səninlə danışıb qurtaran kimi filan kitabı oxuyacam”, “bəhmən kitabı oxudum, orada qəhrəman bu cür situasiyada filan hərəkəti etmişdi” sözlərini eşidən oğlan tezliklə əlinə kitab almasın.

Bizdə qadınlar kişiləri dəyişə bilir, əksi mümkün deyil. O üzdən pozitiv gözləntilər qadınla bağlıdır.

Bir daha deyirəm, uğurlu qadınlarımız faiz etibarilə o qədər azdır ki, onlar yalnız istisnalar kimi diqqət çəkir. İstisnalar isə qaydaları dəyişmir.

Mən ölkəmizdə qadınlara xüsusi hörmətin, əlahiddə münasibətin tərəfdarı deyiləm, çünki kişilərin qadınlara göstərdiyi bu münasibətin arxasında böyük bir təmənna durur. Qadınlarımızın bütün məhrumiyyətləri avtobusda xanımlara yer vermək, növbədə önə keçirmək, yanında yavaş danışmaq kimi iltifatların bədəlidir.

Kişilər bir yandan “qadınsan” deyib etdikləri hörməti digər yandan da “qadınsan” deyib geri istəyirlər. Ona görə, bərabərhüquqluluqdan danışırıqsa, bu tip lazımsız hörmətlər və təmənnalar gec-tez aradan qalxmalı, qadınlardan da ictimai, kulturoloji proseslərdə fəallıq, bərabərlik tələb olunmalıdır.

Qayıdıram dahi Cavidin yuxarıda istifadə etdiyim misrasının əvvəlinə - yəni fəlsəfəyə:

“Qadın gülərsə bu issız mühitimiz güləcək”.

Əziz qadınlar, onsuz da hər şey sonda dediyiniz kimi olur, o zaman kişilərə elə işlər gördürün ki, üzünüz gülsün.

# 6934 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #