Şəhid anasının əli ilə veriliş bağlayan Tolik

Şəhid anasının əli ilə veriliş bağlayan Tolik
21 sentyabr 2021
# 11:33

Sosial şəbəkədə bir neçə gənc toplaşaraq “Bişirmə” adlı silsilə videolar hazırlayır. Videoda bir xanıma bir neçə oğlan növbəli şəkildə kompliment deyir. Qızın hansı oğlanın ilk görüş cümləsindən xoşu gəlsə, ona növbəti şansı verir.

Nə isə, mənim baxacağım, sevəcəyim bir veriliş deyil. Hətta öz müstəvisində belə yaxşı proqram alınmayıb. Pis mənada Azərbaycansayağı verilişdir. Baxmıram, sizə də baxmağı məsləhət bilmirəm.

Lakin ötən gün verilişlə bağlı baş verən hadisə olduqca narahatlıq yaradır. Şəhid Sübhan Cəbrayılovun anası video-müraciət hazırlayaraq, həmin verilişdən narahat olduğunu deyir və Daxili İşlər Nazirliyindən xahiş edir ki, veriliş yutubdan silinsin.

Mən o verilişə baxmıram. Əminəm ki, dağ boyda dərdi olan şəhid anası da o verilişə baxmır və baxmalı deyil. Demək, burda oğlunun itkisindən sonra özünü ovundura bilməyən, ictimai proseslərə həssas reaksiya verən bir anadan kimsə istifadə etməyə çalışır.

Bu düşüncə ilə məsələyə diqqət etdim. Araşdırdığım zaman məlum oldu ki, bəli, bu, Tolik kimi tanınan, Tarix Əliyev adlı prodüserin təşəbbüsüdür. Bu təşəbbüsün nə qədər mütərəqqi, cəmiyyətə lazımlı olduğunu sizin ixtiyarınıza buraxıram. Ancaq insanı göynədən məqam məsələnin görünməyən tərəfi ilə bağlıdır.

Tolik “İnstagram” səhifəsində şərh verərkən bildirir ki, həmin verilişi şəhid anasına özü göndərib və xahiş dib ki, bununla bağlı fikrini bildirsin.

Burda bir sual doğur: Niyə?

Sübhan Qarabağda ona görə şəhid olmuşdu ki, kimsə onun anasının əli ilə yutubdan hansısa, diletant - şəhidlik, Vətən, ana dəyərlərinə aidiyyatı olmayan bir qız-oğlan verilişi sildirsin?

Münasibətə gəlincə, həmin verilişə Tolik özü münasibət bildirə bilər, tənqid də edə bilər. Çünki bu, onun sahəsidir. Ancaq o, yaxşı bilir ki, bu yöndə sözü artıq kəsərsizdir. İctimai mövqeyi aidiyyatı qurumlara həmin verilişi sildirməyə yetəcək qədər sanballı deyil. Ona görə də, cəmiyyətin həssaslıq göstərdiyi bir obrazdan, şəhid anasından istifadə edərək məqsədinə çatır.

Bəlkə də Toliki yandıran heç həmin verilişdəki dialoqlar, proqramın gedişatı deyil. Çünki onun özünün aparıcılıq etdiyi verilişlərin, demək olar, hamısında cəmiyyəti qıcıqlandıran mövzular olub, qonaqları dəfələrlə insanları narahat edən çıxışlar edib. Tolikin verilişlərinə də cəmiyyət tərəfindən dəfələrlə “əxlaqımızı pozurlar” təpgisi gəlib.

"Google"a Tolik yazan kimi “Tolikin verilişində biabırçılıq” başlıqlı onlarla xəbər çıxır. Hətta onun efir tribunasından, işlətdiyi ədəbsiz ifadələr hələ də yutubda qalmaqdadır.

Bu reallıqda Tolik hansı əsasla həmin verilişi tənqid edir, verilişin yutubdan silinməsini istəyir?

Çox güman ki, onun həmin verilişin yaradıcıları ilə şəxsi problemi var, yaxud, gənclərin yutubda at oynatması onun ürəyincə deyil.

Cəmiyyətə əxlaqdan dərs keçən bir adam, niyə bu işdə şəhid anasından istifadə edir?

Şəhid anasının Tolikin təklifi ilə məsələyə müdaxilə etdiyini göstərən digər məqam isə ananın müraciəti vərəqdən oxumasıdır. O, hətta verilişin adını da səhv deyir.

Video-müraciəti Tolik özünə məxsus 1 milyon izləyici tərəfindən təqib edilən İnstagram səhifəsində paylaşaraq özü də həmin video ilə Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir.

Və veriliş sosial şəbəkələrdən silinir...

Yutub azad platformadır, o hansısa ölkənin milli-mental dəyərləri ilə işləmir.


İkincisi, veriliş həqiqətən ölkə, dövlət, cəmiyyət üçün təhlükə kəsb edirsə, bunun platformadan silinməsinin bir neçə forması var. Proqram müəlliflərini faktlarla məhkəməyə vermək olar.

Yaxud da tutarlı səbəblərlə verilişi yutuba şikayət etmək olar. Hər iki üsuldan istifadə zamanı iddiaçı həqiqətən haqlıdırsa, veriliş silinir.

Hazırki halda isə veriliş kiminsə fərdi istəyi ilə müəlliflərə zəng, təklif, yaxud da təpki ilə sildirilib.

Bəs, hanı plüralizm? Hanı konstitusiyamızda təsbit olunan söz, fikir və məlumat azadlığı?

Niyə Azərbaycan mətbuatına, mədəniyyətinə fərdlərin istəyilə müdaxilə olunur?

Bizim baxmadığımız, hətta bir çoxumuzun “səviyyəsiz” dediyi həmin verilişlər dünyanın bütün ölkələrində var və hər bir ölkə cəmiyyətin intellektuallıq faizindən asılı olaraq izləyici potensialına malikdir. Sevgi verilişləri, hətta “Bişirmə” verilişindən də açıq-saçıq proqramlar Rusiyada 90-cı illərdə televiziyada belə yayımlanırdı. Bu verilişlər bir çox insanların çörək təknəsidir. Həmin veriliş sosial şəbəkədən silinməklə bir neçə adamın videoya xərclədiyi pulu, qazancı yerə vurur. Əgər bir veriliş ölkənin əxlaqına ziddirsə, o verilişin ən böyük cəzası izləyici tapmamasıdır. Yəni, bəyənmirsinizsə, baxmayın, “unlike”, yutuba şikayət edin, həmin kanalı izləmədən çıxarın, müəllifləri blok edin. Qoy onlar özləri də görsün ki, bu tip verilişləri cəmiyyətimiz bəyənmir.

Şəhid anası mövzusu olduqca həssas məsələdir. Şəhidlik mövqeyindən bunca xırda məsələlərə görə istifadə etmək məni bir ictimaiyyət nümayəndəsi kimi çox narahat edir.

Nə olar, şəhid, şəhid anası, qazi mövzularından şəxsi mənafeyimizə görə istifadə etməyək, bu mövzularda danışarkən əxlaq prinsiplərini unutmayaq.

Unutmayaq ki, əxlaqsızlıq sevgi, kompliment verilişləri hazırlamaq deyil, şəhid anasının adından istifadə etmək, onun əli ilə fərdi məqsədə çatmaqdır.

Fərdi istəklərlə proqram sildirmək reallığı mədəniyyət, mətbuat sferamızı illərlə geri çəkir. Bu hal bizi yenidən cəhalətə sürükləyir.

Əminəm ki, Daxili İşlər Nazirliyi məsələni diqqətə alacaq, verilişin silinməsinə səbəb olan amilləri qanuni müstəvidə gözdən keçirək.

Əgər verilişin silinməsinə hansısa qurum, şəxs tərəfindən təhdid varsa, məsələ öz qanuni həllini tapacaq.

# 7400 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #