Şeytanın nəfəsini hiss etdirən yazıçımız

Şeytanın nəfəsini hiss etdirən yazıçımız
18 mart 2020
# 10:02

Bu gün çox dəyərli Mövlud Süleymanlının doğum günüdür. Mən Mövlud Süleymanlını çoxdan tanıyıram, lap çoxdan. Bəlkə də 100 ildir. Söhbət edəndə elə bilirsən ki, qarşında dayanan bu kişi, yaşadığı, gördüyü, eşitdiyi həmin vaxtların adətlərini, deyimlərini, hətta həmin illərin mistikasını belinə götürərək, bugünkü günümüzə gətirib. Özü də gətirdiklərini yaman əliaçıqlıqla adamlara paylamaq istəyir, amma istəyən, götürən yoxdur. Götürənlərin, onu hiss edənlərin hamısı onu 100 ildir ki, tanıyacaq.

Bu kişi, tərtəmiz bulaq kimidir. Çox dərindir, amma o qədər aydındır ki, nə qədər qarışdırsan lilləndirə, bulandıra bilməzsən. Bir az zəhmli, amma daha çox kövrək baxışları var. O, yalnız romanları və povestləri ilə deyil, hətta söhbəti ilə də təpədən dırnağadək yazıçıdır.

Sözün düzünü desəm, təxminən 10 il əvvəl Mövlud Süleymanlı haqqında yazı yazmışdım. Çox cavan idim. O vaxtlar, Mövlud müəllim Dövlət Radiosunun rəhbəri idi. Mənim də həmin radioda “Sözdən Səsə” adlı verilişim vardı. “Dəyirman”dan hörmət bəslədiyim bu yazıçını zaman-zaman insan kimi sevməyə başladım. Dost olduq. İndi, həmin yazını oxuyanda hiss elədim ki, Mövlud Süleymanlı haqqında demək istədiklərim və deyə biləcəklərim bu deyil, ona görə də yeni yazı yazmaq qərarına gəldim. Hərçənd, düşünürəm ki, onun haqqında yazmaq yox, ağızdolusu danışmaq və emosiyalarını göstərmək daha asan olardı, çünki bu yazıçı haqqında o qədər çoxlu xoş şeylər deyə bilərəm ki, yazı pafoslu görünə bilər, amma yazdıqlarımın hamısı həqiqətdir.

Mövlud Süleymanlı hətta adi söhbətlərdə belə o qədər gözəl danışır, o qədər gözəl sözlərdən, yerinə oturan ifadələrdən, incə bənzətmələrdən istifadə edir ki, içimdən qeyri-iradi bir sevinc baş qaldırır və gülümsəyirəm. Sözün əsl mənasında, onun söhbətlərindən həzz alıram. Onun uşaq saflığı var və insan bu saflığın qarşısında sevincək olur, xoşhallanır.

Yadıma gəlir, radionun rəhbəri olduğu müddətdə heç kəs onun qapısı önündə gözləməmişdi. Hətta nahar vaxtı dəhlizdə kimisə görsə otağına çağırırdı.

Mövlud Süleymanlının özündə də, əsərlərində də qəribə, mistik bir aura var. İlk cümləsindəncə fərqli bir nəfəs hiss etməyə başlayırsan. Bir dəfə söhbətimiz əsnasında birdən birə hiss elədim ki, qarşımda oturan bu adam hədsiz dəyərlidir, qucaqlayıb özümlə aparmaq istədim, qiymətli bir daş-qaş kimi...

Əlbəttə, ciddi oxucular, ədəbiyyat adamları Mövlud Süleymanlının böyük yazıçı olduğunu bilirlər. Onun yazdığı və yazmadığı əsərlər var. Mövlud müəllim yazmadıqları haqqında danışmağı daha çox xoşlayır. O, öz yazdıqlarından, dediklərindən olduqca arxayındır. Nə dediyini çox yaxşı bilən adamdır. Söz ondan çəkinir. Əminəm buna. Sözü istədiyi formaya salmağı bacarır. Lazımsız söz deməkdən ar edən adamdır. O, çox dəyərlidir.

Mən onun əsərlərini oxuyanda sanki filmə baxırmışam kimi oluram. Yadımdadır, ilk dəfə onun “Dəyirman” povestini oxuyarkən kimsə məni kənardan səsləyəndə diksinirdim. Tamamən əsərin içinə girmişdim. Üst üstə düzülmüş gülümsəyən kəllələr, arxdan axan qan məni dəhşətə gətirmişdi.

Ən sevdiyim povestlərindən biri də “Şeytan”dır. Film kimi əsərdir. İstedadlı rejissor bu povest əsasında dünyanın ən yaxşı psixoloji trillerini çəkə bilər. Adam oxuduqca həyəcanlanır, bir az da haradansa şeytan nəfəsi hiss edirsən, qorxursan...

Dəfələrlə görmüşəm, yaxşı söz Mövlud Süleymanlını cuşa gətirir. O, nasir olsa da, şeiri çox yaxşı bilir, özünün də şeirləri var. Bəzən, kiminsə yaxşı şeirini xatırlayıb, onu elə gözəl, elə ürəkdən səsləndirir ki, adama ləzzət eləyir. Özü də, mənə elə gəlir ki, Mövlud müəllim, hər şeirin öz musiqisini taparaq, onu özünəməxsus intonasiyalaşdırır, sanki ritmə salır.

Mövlud Süleymanlı həyatı ilə yaradıcılığı uzlaşan, bir birinə bənzəyən nadir yazıçılardandır. İnanın, həyatındakı mistika, qəribə aura romanlarındakından az deyil. Yəqin elə ona görə, onun əsərlərini oxuyanda bütün hadisələr gözün önündə canlanır, özünü oradakı kimi hiss edirsən, həyəcanlanırsan.

Onun haqqında çoxlu şeylər yazıb, onu bir az da dəqiq təsvir etmək olar. Buna bir az da gücüm çatmır...

Mövlud Süleymanlı böyük yazıçıdır.

Doğum gününüz mübarək olsun.

# 5713 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #