Şeirimizin gənc Putini

Şeirimizin gənc Putini
7 iyun 2021
# 13:30

Kulis.az Müşfiq Şükürlünün "Bizim hərqabiliyyətli Putin" adlı yazısını təqdim edir.

Ulucay Akif Kulis.az-a getdi!

Ulucay Akif “Ayselin ayaqları” şeirini yazdı!

Şok! Şok! Şok!!!

Ulucay Akif soyundu!

Ulucay dərə keçdi, düz aşdı, ayaqları dolaşdı!

Ara-sıra gündəmə gəlməyi bacaran, adətən şeirləri, feysbuk paylaşımları və televiziya çıxışları ilə diqqət çəkən bu növcavan şairlə tanışlığım universitet illərinə gedib çıxır.

Kimdir Ulucay Akif? Akif Səmədin oğlu? Jurnalist? Boksyor? “Babnik”? Şair? Model? Yoxsa, Ulucay Azərbaycanın Vladimir Putinidir?

İlk baxışdan özündənrazı adam təəssüratı oyadan şairi elə tələbə vaxtından tanıyıram. Heç şairə də oxşatmaq olmur. Ulucayın ağır danışıq tərzi və hərəkətləri arxasında nə gəzmək olar? Yekəbaşlıq, eqoizm, özünədüşkünlük? Bəs aydınlıq, təmizlik necə?

Ulucayda hər kişidə olması gərəkən qürur hissi var. Bu qürur bəzən eqoizm qiyafəsi geyinir? Ulucayı hər zarafatdan inciyən, ironiya duyumu olmayan biri kimi düşünsək, belə bir adamla ünsiyyətin imkansızlığını anlayardıq. Amma Ulucayda bu cür zəif özəlliklər yoxdur.

Bizi ədəbiyyat birləşdirib və birləşdirir. Ulucayla bir müddət sıx-sıx görüşər, içər və yalnız ədəbi söhbətlər edərdik. Mənə ədəbi zövqü olan biri kimi qiymət verər, yazdığı yeni şeirləri mütləq mənə oxuyardı. Onun xətri o qədər əzizdir ki, hətta evimizə də qonaq çağırıb misafir etmişəm.

Əvvəlki isti münasibətimiz qalsa da, Ulucayla görüşlərimiz artıq əvvəlki qədər tez-tez olmur.

Onu təzə tanıdığım vaxtlar düşünürdüm ki, Ulucay dərin düşüncəli biri deyil. Onunla oturub həyatın çıxılmazlığı, duyğuların dərinliyi, yaşam məcburiyyəti və ölümdən imtina kimi mövzularda danışa bilmərik.

Danışsaq da Ulucay bu mövzularda nə qədər dərinliyə enə bilər, axı!

Bir gün Bakıda gecəni səhərə kimi bir restoranda keçirməli olduq. Çay içib söhbət etdik. Həmin gün anladım ki, Ulucay heç də dayaz, sadəlövh biri deyil. O, həmsöhbətinin dərin duyğularını çox yaxşı duya bilir.

Fikrimcə, Ulucay təmkinli insandır. Bəzən oturursan qarşı-qarşıya və bir kəlmə də kəsmir. Ara-sıra nəzakət xətrinə verdiyi reaksiyaları çıxsaq, ağır sükut dilini-ağzını bağlayır.

O anlarda nə düşündüyünü bilmirəm. Amma onda qəribə qapalılıq var. Dayanır, xeyli gözləyir və qəfil açılır. Yavaş-yavaş, ağır-ağır, amma aydın, ifadəli dil tapır.

Görürsən ki, onda qeyri-müəyyənlik və tərəddüd yoxdur. Yəqin, bu qətiyyət və özgüvənin nəticəsidir ki, qızlarla münasibətləri də yaxşıdır.

Ulucay Akif Qazaxdandır. Amma onda Qazax ləhcəsinin q-sı da yoxdur. “Şəhər uşağı” ifadəsi lap yerindədir. Qazaxlılıq onun hansı davranışlarında üzə çıxır, bunu bilmək mənə çətindir.

Amma mən onu şəhər uşağı da adlandırmazdım. Bilmirəm nədən, şəhər uşağı deyəndə ağlıma qəqeş-qüqeş gəlir. Doğrusu, bugün kənd nəsri olmadığı kimi şəhər-kənd mədəniyyəti anlayışı da şübhə doğurur. Belə müqayisə aparmaq düzgün sayılmaya bilər.

Ulucay söz-sənət adamıdır. Sənət isə zatən mədəniyyətin özüdür.

Bu yazı nostalgiya dadında xatirə yazısı da ola bilərdi. Amma bilmirəm nədən, mənə Ulucayın xarakteri daha maraqlı görünür. Ondan danışanda, yazanda daha çox kökləndiyim konu onun kimliyi, şəxsiyyəti olur. Deməli, Ulucay təkcə dost və şair deyil, mənimçün, həm də xarakterdir.

# 4209 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #