Nərminin qatilini dinləmək istərdim

Nərminin qatilini dinləmək istərdim
8 yanvar 2020
# 15:12

10 yaşlı Nərminin öldürülməsi, meyitinin yandırılması tükürpədici hadisədir. İnsanların qəzəbini, qatilin edam təkliflərini, ona ən ağır cəza tətbiqi tələblərini anlayıram və dəstəkləyirəm.

Bununla belə, hadisəyə emosional yox, rasional yanaşmanın, sorğulamanın tərəfdarıyam.

Necə olur ki, tükürpədici hadisələr az qala hər gün baş verir?

Niyə toplumda aqressiya çoxalıb?

Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?

Məsələn, qətli törədən o qatili dinləmək, onun hərəkətlərinə gətirən səbəbləri bilmək, araşdırmaq, suallar vermək istərdim. Çünki anlamadan, dinləmədən, qətllərin kökünü, həll yollarını bilmədən nəyisə dəyişmək çətindir.

Hadisə ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikri ilə tam razılaşmıram ki, baş verənlər təkcə mənəvi dəyərlərin arxa plana atılması ilə əlaqəlidir. Yəni onun fikrincə, harınlıq, meşşanlıq, maddiyyatını nümayiş etdirmə kimi hallara ictimai qınaq formalaşdırmaq lazımdır. Amma daha ciddi, başqa səbəblər var.

Elə bu materialı işləyəndə lent.az-ın xəbər lentində gözüm bir məlumata ilişdi. Bölgələrdən birində ata ilə oğul arasında uzun müddət ev problemi olub. Əsəblərini cilovlaya bilməyən oğul evi yandırıb. Qəzəblənən ata isə onu ov tüfəngi ilə qətlə yetirib. Qətlin motivi mülkiyyət problemidir. Mülkiyyəti bölüşə bilməyən ata və oğulun bu probleminin kökündə güman ki, yeni ev almaq üçün maddi imkanlarının yetərli olmadığı dayanır. Sosial problemlərin, məişət qayğılarının, hətta doğma adamlar arasında yaratdığı gərginliyin kriminal hadisələrə səbəb olduğu xəbərlərlə tez-tez rastlaşırıq. Demək, bunun üçün sosial sahədə mühüm islahatlar zəruridir, vacibdir.

Yaxud başqa bir fakt. Bir neçə ay öncə bir layihə ilə bağlı zorakılığa məruz qalmış qadınların sığındığı mərkəzdə onlarla söhbət aparırdıq. Qadınlardan biri yaxın qohumunun köməyi ilə qaçırılmış, getdiyi ailədə əri, qaynana-qayanata tərəfindən mütəmadi fiziki, psixoloji zorakılığa məruz qalmış, sosial izolyasiya şəraitində yaşamışdı. Ayrılmaq istəyəndə isə əri tərəfindən bıçaqlanmış, ağır xəsarətlər almışdı. Travmalar alan övladlarından birində əqli ləngimə var, digərində isə stressdən fobiyalar yaranıb.

İndi düşünün, bundan sonra uşaqlar dövlət tərəfindən lazımı qayğı görməsə cəmiyyət üçün təhlükə törətməzmi?

Kim təminat verə bilər ki, zorakılıq görmüş uşaq sabah başqasına onu tətbiq etməyəcək?

Mixael Hanekenin diliylə desək, uşaqlar cəmiyyət ierarxiyasının ən aşağı pilləsində yerləşdiyindən, onları öyrətmək, tərbiyələndirmək və istədiyin kimi əsarətdə saxlamaq olar.

Başqa bir məsələ - ailə institutuna baxış dəyişməlidir ki, erkən nikahlar baş verməsin və sosial institutlar zoraklıq görən qadınların, uşaqların qayğısına qalmağa borcludur.

Finlandiyanın 34 yaşlı baş naziri Sanna Marinlə bağlı maraqlı faktlar oxudum. Marin kasıb ailədə doğulub, atası içki düşkünü olub, valideynləri ayrılıb. Anası başqa bir qadınla yaşayıb və eynicinsli ailədə böyüyən Marin bunu dostlarından gizlədib. O, pul qazanmaq üçün kassir işləyib, çörək bişirib.

Estoniyanın xarici işlər naziri onun haqqında “Satıcı baş nazirə kimi yüksəldi” deyəndə Marinin cavabı belə olub: “Mən Finlandiya ilə qürur duyuram. Burda kasıb ailənin uşağı təhsil ala və həyatda çox şeyə nail ola, mağaza kassiri baş nazir seçilə bilər”. Ona görə dövlətin sahəyə maksimum diqqəti, məsələ ilə bağlı proqramlar, islahatlar reallaşdırması vacibdir.

Əlbəttə, zorakılıq dünyanın hər yerində həmişə olacaq. Fransa, İsveçrə kimi inkişaf etmiş ölkələrdə belə uşaqlara, qadınlara zorakılıqlar baş verir. Kirminal hadisələrin baş verməsinin qarşısını tam almaq mümkün olmasa da, bütün hallarda dövlət səviyyəsində buna maksimum nail olmaq mümkündür.

# 3942 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #