Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi

Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi
5 avqust 2021
# 09:00

Kulis.az Zamin Hacının “Kosmos hardan başlanır” yazısını təqdim edir.

Yanan şəhərləri göstərirsiniz,
Batan gəmiləri göstərirsiniz,
Siz məni göstərin televizorda

Səməd Qaraçöp

İyul ayında ABŞ-dan kosmosa 2 müxtəlif heyət ilk turistik uçuşları yapdılar. 11 iyulda Virgin Galactic şirkətinin VSS Unity raketoplanı 6 nəfəri 86 kilometr yüksəyə qaldırdı. Heyətin başında şirkətin müdiri Riçard Brenson şəxsən dururdu. 20 iyulda isə başqa milyarder - Blue Origin şirkətinin başçısı Ceff Bezosun rəhbərliyi altında 4 nəfər Nyu Shepard suborbital gəmi sistemində 105 kilometrə qalxdı.

Bunları niyə xırdalıqlarına qədər yazıram?

Başımızın üstündə bir şeylər olur. Yenə “əcnəbi seyrə balonlarla çıxır”. Yeniyetmə və gənclik çağlarımda çox sevdiyim (bunu ona görə xüsusi vurğulayıram ki, hazırda bu yazıçını yenə həmin həvəslə, məhəbbətlə oxuyardımmı, böyük sual altındadır; hər halda ünlü romanlarından “451 dərəcə Farengeyt üzrə” bəlkə yetmiş yeddi ildir oxumalı olduğum elektron kitablar listəsində boynunu büküb durub) fantast yazıçı Rey Bredberinin “Havadakı adam” hekayəsini oxumuşdum. Hekayəni Türkiyədə ali təhsil alan qardaşım orijinaldan, ingiliscədən dilimizə çevirmişdi, mən də onu “Azadlıq” qəzetinin “Ədəbi Azadlıq” səhifəsində dərc eləmişdim. (Bəli, Ayxan Ayvaz demişkən, belə günlər vardı, əziz oxucular).

Hekayənin qısa məzmunu belə idi: bir gün (bizim eranın 400-cü ili – hekayədə tarix də yazılmışdı) Çin imperatoru sarayın bağında gəzişərkən nökər qaçaraq gəlir, uçan adam gördüyünü söyləyir. Doğrudan da bir bacarıqlı insan özünə rəngbərəng kağızlardan, qamış karkaslardan qanad düzəldib uçurmuş. İmperator o adamı aldadıb yerə endirir, edam etdirir, qanadları isə yandırıb külünü göyə sovurur.

Rey Bredberi — Vikipediya

Bu məntiqlə ki, əgər hamı uçmağa başlasa, dövlətimizin axırı necə olar?

Uçan adamlar göydən daş yağdırıb böyük səddi dağıdarlar.

İmperatorun xalq arasında qara qəpiklik hörməti qalmaz.

Riçard Brenson və Ceff Bezosun adamları uçuşlar sonrası yüngülvari mübahisə elədilər. Predmet hündürlük məsələsi idi. Niyə alimlərə qulaq asmayıblar, kosmosun neçənci kilometrdən başladığını qulaqardına veriblər? Biri dedi, 86 kilometr kosmos sayılmır, əsl kosmos 105 kilometrdən başlanır. O biri dedi yalan söyləyirsiniz, hətta 60-dan sonra hər yan kosmos...

Mən isə sərhəd, sınır toqquşmalarını xatırladım. Yer üzündə “sən mənim torpağımı beş metr tapdadın, geri dur” deyə qan tökməyə hazır yüzlərlə xalq var.

Bəs biz bu xalqları, onların dövlətlərini hansı dəftərə yazaq?

Şaqulimi, üfüqimi əsas - budur əsas məsələ!

Hələ Marsda həyat axtarırdıq, yadınıza gəlirmi?

Bəs elə bu günlərdə türkmən prezidentinin qırıcı təyyarədə uçmasını gördünüzmü?

Dəli şeytan isə yadıma tamam başqa temanı salır: Qurbanqulu Berdımuhəmmədovun – Türkmənistan şefinin xanımının, birinci türkmən ledisinin ismi-şərifi Öğulgərək-dir. Atanın - “adamın” haçansa övladı olub, adını qoymaq zamanı gələndə “Oğulgərək olsun” deyib.

Bu, bizim “Kifayətlərin”, “Bəstilərin”, “Tamamların”, “Qızyetərlərin” başqa formasıdır.

Sonda onu da qeyd edim ki, əslində, girişdə söz açdığımız kosmik uçuşlar müqəddəs dini kitablarımızda çoxdan proqnoz edilmişdir. Nəvvas ibn Səmanın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Dəccal haqqında danışarkən səhabə belə deyir:

“Dedik: “Ey Allahın Rəsulu, onun Yerdə sürəti necə olacaqdır?”

O dedi: “Küləyin qovduğu bulud kimi”.

Bunlar Tirmizi və İbn Macənin kitablarında yazılmışdır. Bu hədisdə həmçinin günümüzdə buludlar qədər sürətlə hərəkət edən təyyarələrə, kosmik raketlərə, raketoplanlara və ya gələcəkdə buna bənzər olan digər minik vasitələrinə işarə edilmişdir.

Allah hamınızdan razı olsun.

Amin.

Yazını yazdı Hacı Zamin.

# 6221 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #