İmişlidə "Kalaşnikov"la sərçə vuran əfqanlar

İmişlidə "Kalaşnikov"la sərçə vuran əfqanlar
19 avqust 2021
# 09:01

Kulis.az Zamin Hacının "Əfqan dostum Məhəmməd" yazısını təqdim edir.

Əfqanıstanda hər aləm qarışanda mən Məhəmmədi xatırlayıram. Cəmi bir dəfə, təsadüfən yol yoldaşım olan o adam sanki yaddaşımın bir küncündə bardaş qurub kamali-ədəblə əyləşibdir. Qədim sufi müridləri kimi. Lap dini miniatürlərdəki kimi, onun üzü də görünmür, pərdə ilə örtülüb. Zaman keçdikcə o pərdə qalınlaşır.

Ancaq Məhəmmədin mənə keçdiyi tarix dərsi tamam başqa istiqamətdən gəlirdi. Məğribdən. Dini dərs deyildi.

1994-cü ilin qışında mən Bakıdan Beyləqan-Füzuli istiqamətinə gedən “İkarus” markalı qırmızı avtobusda oturmuşdum. Mənim kimi homo-sovetikusların yadında yaxşı qalmış olar, bu macar avtobusları çox narahat oturacaqları ilə tanınırdı və əslində uzaq səfərlər üçün heç əlverişli deyildi. Ancaq həmin gün mənim səfər narahatlığıma yanımda əyləşən adamın kimliyini öyrənmək nigarançılığı da əlavə olunmuşdu və çox sıxılırdım. Adamlar uzaq səfərə çıxanda yol yoldaşlarıyla adətən bir-iki kəlmə kəsmək, necə deyərlər, yola körpü salmaq istəyərlər. Özü də indiki dövrə, mobil texnologiyaların, riderlərin, cürbəcür musiqi dinləmə qurğularının bolluğuna düşənlər bunun qədrini bilsin, həmin vaxtlar səfərə çıxanda sürücünün qoşduğu əcaib mahnılardan başqa seçim yox idi.

O zamanlar bu istiqamətə gedən avtobusların dincəlmə yeri Hacıqabuldakı (oranın sovet vaxtı Qazıməmməd adlanması da indi heç kimin yadına düşmür və yaxşı ki, düşmür) Nəvai kəndi idi. Nəvaiyə çatana qədər dözdüm, avtobus dayanıb hamı yerə tökülüşəndə isə dözməyib soruşdum: “Qardaş, sən əfqan deyilsən?”

Tələbə olanda, gənc olanda sənə dəxli olan və olmayan istənilən sualı verə bilirsən. Qəti kompleks yaşamadan. Gəncliyin gözəlliklərindən biri də budur.

Sakitcə, heç heyrətlənmədən, yüngülvari ləhcə ilə, ancaq təmiz azərbaycanca “hə, əfqanam, sən bunu hardan anladın” dedi.

Həmin vaxt Azərbaycanda, xüsusilə o yolda əfqanlara rast gəlmək əslində qeyri-adi sayılmazdı. Müsəlman qardaşlarına savaşda yardım məqsədiylə bu xalqın bəzi nümayəndələri hardansa, kiminsə xəttiylə bölgəyə gəlib çıxmışdılar. Onlar haqda cürbəcür əfsanələr danışılardı: inanılmaz cəsarətlərindən, tankın üstünə hoppanıb boya ilə görmə deşiklərini bağlamaqlarından və tankı “kor eləyib” əsir tutmaqlarından və daha nələrdən... Amma mənim gördüyüm əfqanlar İmişli tərəfdə benzokolonkanın böyründə Kalaşnikovla sərçə vurmağa çalışırdılar. Əslində çox başıpozuq bir dəstə idi, sadəcə biz bunu sonralar başa düşdük. 1994-də biz elə məğlub duruma düşmüşdük, özümüzdən başqa hər kəs gözümüzə əjdaha görünürdü.

Mən ona üz cizgilərinə əsasən – batıq, dərin çuxura düşmüş kimi gözləri, qarabuğdayı dərisi və sairəyə görə əfqan olduğunu zənn elədiyimi söylədim. Yoxsa ki, əyninə tipik, milli əfqan geyimləri geyməmişdi. Sırf bizim kimi, Avropa stilində geyimi vardı. Adının Məhəmməd olduğunu söylədi. Avropada, deyəsən Britaniyada kollec oxumuşdu – burasını dəqiq xatırlamıram. Azərbaycana gəlmiş əfqan döyüşçülərin rabitə üzrə komandiriymiş. Rütbəsi hardasa bizim polkovnikə yaxın bir rütbə idi. Dilimizi Bakıda bir neçə aylıq kurslardan sonra öyrəndiyini söyləmişdi. Sabiri, Nizamini, Füzulini çox sevdiyini dedi və sübut üçün onlardan əzbər şeirlər söylədi. Gözüm kəlləmə çıxmışdı.

Bayaq yazdığım kimi, davanın bu periodunu uduzmuşduq və ruslara qarşı əzmlə savaşan çeçenlər, əfqanlar kimi toplumlar o çağlar Azərbaycanda pərəstiş ünvanı idi. Mən bunu Məhəmmədə də dedim. Əfqan xalqına xeyli bəy tərifi vurdum, necə deyərlər. Əfqanları dünyanın ən qəhrəman xalqı adlandırdım, Hindiquş dağlarından da yüksəyə qaldırdım. Çox kədərli şəkildə gülümsədi: “Səhv düşünürsən. Dünyada biz əfqanlardan bədbəxt millət yoxdur. Çünki dava eləməkdən başqa bir iş tanımarıq. Uşaqlarımız həyata avtomat tüfənglə oynamaqla başlayır. Nə qələm görürlər, nə dəftər-kitab. Faciədir bizim taleyimiz, faciə...”

Yenə qeyd edirəm, hələ Talibanın hakimiyyətə gəlməyinə, Əl-Qaidəyə sığınacaq verməyinə, ABŞ-ın bunu bəhanə edib Əfqanıstana basqın yapmasına, 20 il sürən vətəndaş davasına və sairə qanlı-qadalı günlərə müddət vardı. Biz yalnız sovetlərə qarşı savaşı qazanan qalib əfqan xalqını tanıyırdıq. Məhəmməd isə öz xalqının gələcəyini yaxşı görürdü. Daha doğrusu, heç yaxşı görmürdü.

Füzuliyə az qalmış məndən qəribə bir xahiş elədi: “Əgər Bakıda əlaqələrin varsa, kömək et, burda qalıb yaşayım. Əfqanıstana dönmək istəmirəm. Burada ingiliscə dərsi keçə bilərəm”. Əlaqə telefonu verdim, sağollaşıb ayrıldıq və mən bir daha onu görmədim. Bakıya qayıdanda maraqlandım, dedilər bütün əfqanları Dudayev Çeçenistana çağırıb, biz də çıxarıb göndərmişik.

Qarabağda doğulduğum kəndin tarixçəsində belə bir epizod var: 17-ci yüzilliyin ön illərində Nadir şah Cavanşir elini Xorasan tərəflərə sürgün edir. Bizim Seyidəhmədli oymağı da bu elin tərkibində, ta Nadir şah ölənəcən Xorasanda yaşamağa məcbur olur. Sonra Əhməd şah Dürrani-nin (bu adam Nadir şahın döyüşçüsü olub, çağdaş Əfqanıstan dövlətinin qurucusu sayılır, puştunlar ona indi də “baba” deyirlər) təklifiylə Kabul ətrafına köçürlər. Yalnız Pənahəli xan Qarabağ xanlığını quranda onun dəvətiylə Cavanşir eli və içində bizim oba da indiki Qarabağa, öz yurdlarına dönür.

Bir neçə gün qabaq Kabul aeroportunda xaosu ürək ağrısıyla izləyəndə Məhəmmədi, Pənahəli xanı, Əhməd şah Dürranini və ulu babam Kərbəlayi Əlipənah bəyi fikirləşdim. Pənahəli xana virtual minnətdarlıq elədim. Kim bilir, bəlkə bu gün mən də o hava limanında olardım. Əfqanıstanda indi nə qədər türkmən elləri var.

Ya Talibanın tərəfində olardım? Fərqi nədir ki? Xaosun içində tərəf olurmu ki?

Məhəmmədin “uşaqlarımız qələm-dəftər tanımır” kədəri isə 27 ildir ürəyimi sıxır. Ümid edirəm o, sağ-salamatdır və uşaqlarına, nəvələrinə Sabirin şeirlərini öyrədir. Məsələn, bunu:

“Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!”

# 7504 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #