Kulis.az Sevinc Mürvətqızının “Adət-ənənələr mədəni yaddaşın daşıyıcısı kimi: Nələri və niyə unuduruq?” mövzusunda araşdırmasını təqdim edir.
Hər xalqın adət-ənənələri həm də onun keçmişinin əks - sədasıdır. Buna görə də adət-ənənələrdən söhbət açanda istər-istəməz “keçmişlərdə… əvvəllər…” prefiks kəlmələri dilimizə dolanır. Və nədənsə insan, həyatının və ağzının da dadı-tamı haqqında daha çox keçmiş zamanda, dünənə nəzərən danışır…
…Tam demişkən, keçmişlərdə demək olar ki, hər həyətdə süfrənin tamı - bərəkəti olan çörəyin bişirildiyi təndir olardı. Həyətimizin düz ortasında sarı torpaqla samanın qarışığından düzəldilən təndirimizi yaxşı xatırlayıram… Anamın bişirdiyi pambıq kimi yumşaq, kənarı xırt-xırtlı, ətri dünyanı başına alan, xına kimi qızarmış təndir çörəyindən mütləq qonşuya da, yoldan keçənə də pay verərdik. Həyətdə kabab çəkilib qoxusu ətrafa yayılanda da, mövsümündə mürəbbə tiyanı ocağın üstünə qoyulanda da həmçinin... Və bu, onda təkcə bizim evin deyil, bütün elin adəti idi.
Hələ keçmişlərin unudulmaz, dastanvari toy adətlərindən, bayram mərasimlərindən nağıl diliylə danışmağa başlasaq, üç gün, üç gecə yetməz, bəlkə də… “Keçmişlər” dediyim də erkən tunc dövrü-filan deyil, haradasa, ortayaşlı nəslin yaxşı xatırladığı 30-35 il əvvəlin olmuşlarından danışıram. Bəs necə oldu ki, haradansa qeyri-müəyyən bir “əjdaha” peyda olub nostalji havalı o adət-ənənələrimizi yavaş-yavaş kamına çəkdi? Necə oldu ki, vur-tut bir qərinə ərzində məişətimizin və mənəviyyatımızın rəngini bəlli edən xeyir-şər işləri də, ünsiyyətimiz də, ülfətimiz də evlərimizdən mərasim zallarına, şadlıq saraylarına "transfer" oldu, bütün diqqətimizi LSD televizor ekranlarına, bilgisayar monitorlarına və xüsusilə də, ovcumuzdakı bir əlcə telefonlara ömürlük “həbs" etdik? Biz nələri və necə unutmağa başladıq?..
Unudulan və zamanla təhrif edilən adət-ənənələrimiz, mərasimlərimizlə bağlı suallarımızı bu sahənin tanınmış alimlərinə, mütəxəssislərinə və sadə vətəndaşlara ünvanladıq, onların yaddaşımızı silkələyən maraqlı, keçmişlə bu günü üz-üzə gətirən baxış bucaqları ilə mövzuya sosiomədəni və tarixi aspektdən işıq salmağa çalışdıq…
AMEA Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, etnoqraf alim Güllü Yoloğlu müasir dövrdə Azərbaycanın müxtəlif bölgələrində adət-ənənələrin və mərasimlərin bəzilərinin unudulmasını və ya transformasiyaya uğramasını təbii saydığını deyir: “Qloballaşma bütün dövrlərdə olub. Elm, texnika inkişaf etdikcə, təbii ki, bir çox sahələr aradan çıxır. Əvvəllər konduktorlar vardı. İctimai nəqliyyatda adamların arası ilə gəzib gediş haqqı alır, əvəzində bilet verirdi. Əvvəllər poçtalyonlar vardı, qapı-qapı dolaşıb məktub paylayırdılar. Əvvəllər rayondakı yaxınlarımızla əlaqə saxlamaq üçün poçt şöbələrinə gedib kabinlərə girir, bizi rayonda başqa bir poçt şöbəsində gözləyən qohumumuzla calamaqlarını gözləyirdik. Əvvəllər... əvvəllər... Belə misalları çox çəkə bilərik. Eləcə də adət-ənənələrimiz. Mən həmişə deyirəm ki, keçmişdə olanlarımızın hamısını gələcəyə daşımamalıyıq. Onların bəzilərini kitab səhifələrində, bəzilərini muzeylərdə, günümüzlə səsləşənləri isə həyatımızda yaşayıb gələcək nəsillərə ötürməliyik. Çünki dövrlə, zamanla ayaqlaşmayanlar da var. Artıq telefon və ya kompüterdə görüntülü danışmaq mümkün olduğu üçün bir-birinə qonaq getmək, süfrə açmaq mədəniyyəti də tarixə qovuşur. İnsanların bir çoxu şəhər yerlərində evdə süfrə açıb yemək bişirmək, qonağa vaxt sərf etmək yerinə kafe və restoranda oturmağa üstünlük verir və ya hazır yeməklər alır. Evə yemək sifariş etmək də geniş yayılıb, hərçənd ki, yemək ismarlamaq keçmişdə də vardı, amma başqa şəkildə... Mən bu prosesləri təbii sayıram, saymasam da, dəyişən bir şey olmayacaq...”
Etnoqraf alim bildirib ki, nələrin həyatımızdan çıxdığını görmək üçün “O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərinə baxmaq kifayətdir: “Əvvəllər, xüsusilə də Bakıda “adaxlıbazlıq” adəti vardı. Oğlanla qız nişanlanarkən bir-birilərini görmədiklərindən qız tərəfinin icazəsilə oğlan şirni, noğul alıb “adaxlıbazlığa” gedərdi. İndi oğlanla qız bir-birini görüb-bəyəndiklərindən bu adət aradan qalxıb.
Əvvəllər “günü” vardı. Ər arvadının üstünə başqa arvad alırdı, yəni, günü gətirirdi. Bununla bağlı folklorumuzda da bir çox lirik nümunələr var. Bu siyahını çoxaltmaq olar. Bunlar nə bu gün, nə də gələcəkdə bizə lazım olmayan hallardır...”.
Güllü Yoloğlu dövlət və ictimai təşkilatlar səviyyəsində milli-mədəni irsin qorunması üçün görülən işlərin vacibliyini vurğulayıb: “Milli Yaylaq Festivalı, musiqi, rəqs və geyimlə bağlı tədbirlərin keçirilməsi bizim, eləcə də gənc nəslin milli yaddaşını diri tutur. Heç birimiz qadın olaraq nənələrimizin ana, xala və bibilərinin geyindikləri 10 -14 taxta tumanları geyinib metroya, avtobusa, liftə girməyəcəyik, ətəyi yolun toz-torpağını silə-silə küçədə gəzməyəcəyik. Amma milli bayramımız olan Novruz günlərində bunu etmək olar və lazımdır da...
Gənc nəslin valideynlərinə nəzər salsaq, ailədə bu məsələnin necə təbliğ olunduğuna cavab ala bilərik. Biz bəzən adət-ənənə deyirik, amma tip olaraq milli xüsusiyyətlərimizi də itirdiyimizə fikir vermirik.
Erməni Şarl Aznavur deyirdi ki, “erməni burnumu əməliyyat etdirib dəyişdiyimə görə çox təəssüf edirəm”. İnsanlar bununla nəinki milli kimliyi özündə əks etdirən cizgilərdən uzaqlaşır, həm də Allahın yaratdığını bəndə tərəfindən korrektə etdirir. Elə hallar var ki, bu lazımdır, hətta vacibdir... Sovet dövrü də milli geyim geyinmirdik, amma baxanda bilinirdi ki, bu azərbaycanlıdır, bu ermənidir, bu rusdur və s. İndi bu məsələlər də çətinləşib... Baxır, nəyi unuduruq. Təbii ki, keçmişdə olanlarımızın heç birini unutmamalıyıq. Amma həyatımızda yaşadıb-yaşatmamağımız vəziyyətlə bağlıdır...”
Fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə mövzu ilə bağlı suallarımızı cavablandırıb: “Təbii ki, mən öz təcrübəmə, gördüklərimə uyğun adət-ənənələrdən danışa bilərəm və inanıram ki, əvvəlki nəsil bu barədə daha çox söz deyə bilər. Məsələn, unudulmaqda olan adətlərimizdən biri kirvəlikdir. Adətən, ailəyə ən yaxın, mütləq cəmiyyətdə hörmət sahibi olan şəxs kirvə tutulurdu, həmin ailə artıq məhrəm hesab edilirdi, süfrənin yuxarı başında yeri olurdu.
Yaxud bəzi Novruz adətlərimizi, xüsusilə yaxın qohum-əqrəba ilə bayramlaşmağı, böyükləri ziyarət etməyi demək olar. İndi o adətlərdən yalnız oynayıb-oxumaq, öz süfrəndə oturub televiziyada bayram verilişini izləmək qalıb.
Unudulmaqda olan adətlərdən biri də gənclərin evliliyindəki elçilik mərasimi, böyüklərin xeyir-duasıdır. Əvvəllər öncə ağsaqqallar görüşər, sonra evin xanımları razılığa gələrdi. Ortada din-bərəkət varıydı. İndi avropalaşma həvəsi hər kəsi necə ağuşuna alıbsa, kafedə, hətta küçədə gənclər təmtəraqlı evlənmə təklifi edir, üzük bağışlayır, nişan-toy da yalnız gənclərdən ibarət “partilər” şəklində təşkil olunur, özlərini müasir hiss edirlər. İki gün sonra ailənin seriallardan, reklamlardan uzaq daha məsuliyyətli, daha ciddi bir münasibət olduğunu biləndə də dözməyib ayrılırlar”.
Filosof hesab edir ki, zamanla unudulanlar arasında ən çox ailə dəyərlərini qoruyan adətlər yer alır: “Nəzərə alsaq ki, müasir dövrdə ailə institutu məqsədli şəkildə dağıdılır, o zaman unudulmanın səbəbini daha aydın görmək olar. Digər tərəfdən, "müasirlik" adı altında avropalaşma deyəndə, ilk növbədə milli nə varsa, üstündən xətt çəkmək nəzərdə tutulur və bu, hünər hesab edilir. Təəssüf ki, həmin adət-ənənənin əsl məqsədi unudulur və ziyan çəkən yenə unudanlar olur.
İctimai mərasimlər onsuz da dövrün, formasiyanın ruhuna uyğun dəyişməlidir və bu, ailəyə, kökə bağlılığa o dərəcədə ziyan vurmur.
Mən xüsusilə ailə, milli dəyərləri qoruyan adət-ənənənin üzərində durmaq istəyirəm. Bu adətlər uşaqlıqdan ailə institutunu, cəmiyyətdə qarşılıqlı hörməti, insanlığı, yardımsevərliyi, kökünə, torpağına bağlılığı aşılayır, birbaşa şüuraltına nüfuz edir. Artıq gənc yaşlarında hətta dünyanın ən uzaq bucağına da gedib təhsil alan, işləyən insanımız milli kimliyini, identikliyini qorumağı bacarır, kimliyi ilə fəxr edir.
Məsələn, bayramlarda məzarların ziyarəti ilk baxışda ötəri görünür, bir növ yalnız yaşlılar üçün nəzərdə tutulmuş kimi görünür. Halbuki, uşaqlar, gənclər o məzardakılar vasitəsilə Vətənini, nəslini tanıyır, özünün bir alaq otu yox, köklü ağac olduğunu, indi bu əlaqələri qorumağın onun məsuliyyətində olduğunu anlayır. Onu da deyim ki, bu, bir şəxsin sözü ilə olmur. Bunu ailənin böyüyü anlamalı, övladlarına da nümunə olmalıdır.
Məsələyə tərs bucaqdan baxaq: əgər bəzi qüvvələr məqsədyönlü şəkildə güc, maliyyə sərf edib bu adət-ənənələri unutdurmağa, dəyərsizləşdirməyə çalışırsa, deməli, onlarda müəyyən bir güc var. Hər insan bir enerji daşıyır və ailə, cəmiyyət şəklində o enerjilər toplanır, təbii ki, gücü də artır. Təklikdə isə, o enerjilər tezliklə ya sönür, ya da başqası tərəfindən öz marağı üçün istifadə edilir. Adət-ənənə o enerjini qoruyan, nəsildən-nəsilə ötürən vasitədir”.
Sosioloq Mail Yaqub mövzu ilə bağlı deyib ki, son illər qonaq getmək, qonaq qəbul etmək adəti zəifləyib: “Evlərdə səmimi məclislərin təşkil edilməsi adəti də rəngini itirib. Mərhum Zəlimxan Yaqub deyirdi ki, 15 il birotaqlı evdə yaşamışam, həmin balaca evdə saysız-hesabsız şair, aşıq ustadlarla məclis təşkil etmişdim.
İndi bu kimi adət-ənənələrin öz rəngini itirməsinin səbəbi modern həyatın bizə gətirdiyi yeni dəblərin - internetin, sosial şəbəkələrin bolluca əyləncə, xoş ovqat bəxş etməsidir. Qohumlarla, qonşularla, dostlarla canlı ünsiyyət bizə artıq o qədər əyləncəli və maraqlı görünmür.
Ona görə də get-gedə təkliyə çəkilirik, fiziki şəkildə də tənhalaşırıq. Çünki virtual məkanda böyük bir "dünya", “xəzinə” tapmışıq, orada nə istəyiriksə, var... Ünsiyyət ehtiyacımızı da orada təmin edirik.
Bu, çox dəhşətli məsələdir, məncə, bu artıq insanlığın faciəsidir. Canlı ünsiyyət dərmandır, bunsuz insan stress yaşayır, depressiyaya düşür. Bu baxımdan təbii ki, kənd və şəhər arasında da fərqlər özünü göstərir.
Kəndlərdə insanlar modern həyatın təzahürlərinə daha az “bulaşıblar”. Düzdür, orada da internet, sosial şəbəkələr var, amma kəndlərdə yenə nisbətən o aramlıq, sükut, hüzur, canlı ünsiyyət qalır. Şəhərdə isə bu proses çox güclənib”.
Yaşı yetmişi haqlayan Gilənar nənə adət-ənənələrimiz haqqında kövrələrək söz açıb: “Ən çox həsrətini çəkdiyim adət - ənənələrimizdən biri 40-45 il əvvəlin toy məclisləridir. O vaxt toylara uzun-uzadı hazırlıq gedərdi. Toydan bir neçə gün əvvəl “məsləhət gecəsi” olardı. Yaxın qohumlar və qonşular yığışar, toyda kimin nə iş görəcəyinin bölgüsü aparılardı – kimlər çay qoyacaq, kimlər yemək bişirəcək, kimlər həyət-bacanın təmizliyi, səliqə-səhmanı ilə məşğul olacaq.
Toy günü sübh tezdən xeyir iş olan evin həyətində qazanlar asılar, yekaqarın nəhəng samovarlar tüstüləyərdi. Toy başlayanda kəndin başından ta ayağınacan xoş musiqi sədası yayılardı, gənc qızlar-gəlinlər bəzənib-düzənib toya tamaşa etməyə gələrdilər. Elə o toylarda da cavanlar üzbəüz hansısa qızı görüb bəyənərdilər, böyüklərini elçi yollayardılar.
Ən unudulmaz adətlərdən biri də toy axşamı “bəy durmaq” adəti idi. Bəy toyun sonunda mağarda sağdışı soldışı ilə ayaq üstə dayanardı, tamada ya da müğənni “bəytərifi” edərdi. Qohum-qonşular bəyin boynuna təzə kəlağayı, qatı açılmamış yeni parça salardılar. Cibinə “nəmər” (pul) qoyardılar. Daha toylarımızda bu adətlər demək olar ki, qalmayıb.
İndi hamı şadlıq sarayına toplaşır, gurultu içində heç bilmirsən kim neynəyir, hay-küydən adamın başı ağrıyır.
İnternet və telefonlar indiki gənclərin ömrünü oğurlayıb. İnternetdə bir-birilərini görüb bəyənirlər də, 3 gün içində orda danışırlar da , evlənirlər də, boşanırlar da… İndi evdə internet kəsilməyincə heç kim bir-birinin üzünü görmür, hamı əlindəki telefonda yaşayır, işini də orda görür, görüntülü söhbətini də edir. Əsasən da şəhərdə. Nə qapıbir qonşularını tanıyırlar, nə bir-biriləri mehribançılıq edirlər, nə də bir-birinin sevincinə, dərdinə şərik olurlar.
Yenə adət-ənənələri yaşadan varsa, yaşlılar, ahıllardır. Bu yaxınlarda özüm kimi ahıl qonşum Mahirə Aşura günündə hədik bişirib binada yaxın qonşulara - yeddi qapıya paylamışdı, cavan ailələrdən çoxu bilmədi ki, bu nədir, nə məqsədlə edilir, bəziləri heç o hədiyi götürmədi… Başa düşürəm, dünya get-gedə dəyişir, insanlar da buna görə dəyişməli olurlar, bəzi şeylər sıradan çıxıb gedir, amma elə adətlərimiz var ki, onlar nənə-babalarımızdan qalıb, qiymətlidir və mütləq qoruyub saxlamaq lazımdır”.
21 yaşlı Raul Kərimov isə elə hesab edir ki, bəzi adət-ənənələrin sıradan çıxması, unudulması təbii prosesdir: “Adət-ənənələr haqqında daha çox yaşlı nəsil nostalji duyğularla danışır. Məncə, onlar unudulan adət-ənənələrdən çox, öz gəncliklərinin, cavanlıqlarının həsrətini çəkirlər. Onların əksəriyyəti düşünür ki, internet, telefon canlı ünsiyyəti aradan çıxarıb, amma biz indi texnologiyanın imkanları ilə bir saniyə içində okeanın o tayında olan insanla görüntülü əlaqə yarada, virtual söhbət edə bilirik, onlayn hansısa beynəlxalq foruma qoşuluruq. Gərək mütləq üz-üzə, canlı ünsiyyət ola?.. ”
Folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova qonaqpərvərlik və qonşuluq adətləri ilə bağlı fikirlərini bölüşüb: “Əvvəla, belə maarifləndirici bir məsələni işıqlandırdığınız üçün təşəkkür edirəm. Bizim qədim dastanımız “Kitabi-Dədə Qorqud”da belə bir deyim var: “Qonağı gəlməyən qara evlər yıxılsa, yeg...” Məlumdur ki, “qara” sözü türk dilində “böyük” mənasındadır. Yəni o evə ki, qonaq gəlməz, qonaq ağırlanmaz, o cür imarətlər yıxılsa, yaxşıdır. Xalqımızın hələ qədimdən qonaqpərvərlik kimi gözəl bir adəti olub. Qonaq gələndə deyirdilər ki, qonağın ruzisi özündən qabaq gələr. Bu da illər ərzində bizə ötürülüb.
Elə qonşuluq əlaqələri haqqında da belə demək olar. Ta qədimdən atalarımız deyirdi ki, “uzaq qohumdan yaxın qonşu yaxşıdır.” Evdə bişən yeməkdən qonşuya həmişə pay verilərdi. Bunlar gözəl qonşuluq ənənələrimizdən idi. Həm qohumluq, həm qonşuluq ənənələrini özündə yaşadan Novruz bayramında xanımlar bir evə yığışıb şirniyyat bişirərdilər. Bir gün birinin, ertəsi gün o birisinin evində həm bu çətin, yorucu işin öhdəsindən gələr, həm də birlik, həmrəylik nümayiş etdirərdilər. Bu ənənəmiz də bu gün sıradan çıxmaq üzrədir. Artıq bayram şirniyyatlarını mağazalardan almaqla kifayətlənirlər. Amma əvvəllər analarımız, nənələrimiz deyərdilər ki, bayram vaxtı evdən bərəkət ətri gəlsin. Novruz bayramı ilə bağlı bəzi adətlərimiz də ya sıradan çıxmaqdadır, ya da biri digəri ilə qarışdırılıb təhrif edilir.
Keçmişdə mərasimlərdə geyinilən xüsusi libaslar vardı, indi onlar yalnız toy, xına mərasimlərində sadəcə çəkiliş üçün istifadə olunur. Amma zənnimcə, kəlağayı və bəzi milli geyimlərimizi təkcə çəkiliş üçün yox, mütəmadi istifadə etsək, daha gözəl olar”.
Dosent vurğulayb ki, əvvəllər körpə doğulanda yad insanlar evə gəlməzdi: “Ulularımız gözəl bilirdilər: bu, həm gigiyenik baxımdan (kimdəsə yoluxucu xəstəlik ola bilərdi), həm də əcdadlarımızın dediyi “bədnəzər”dən, “gözdəymə”dən uşağı qorumağın yoludur. Belə bir el inancı vardı ki, evə kimsə gələndə o, uşağın üstünə getməməlidir, uşağı gələn adamın üstünə aparardılar.
Yəni, uşağı qorumaq üçün hər nüansa diqqət edərdilər. İndi, təəssüf ki, “uşaqgörmə” məclisləri restoranlarda, şadlıq saraylarında keçirilir. Əslində, uşağı elə səs-küylü yerə aparmaq, hamının gözü qarşısında nümayiş etdirmək düzgün deyil. Düşünürəm ki, ulularımızın adət-ənənələri daha gözəl olub”.
Nigar Həsənova hazırkı toy-nişan adətləri haqqında da danışıb: “Nişan mərasimlərinə nəzər salaq. Əvvəllər nişanlanma mərasimləri evdə, ən yaxın qohumların, qonşuların iştirakı ilə keçirilərdi. Ev şəraitində ağsaqqal-ağbirçəklər, gənclər toplanar, ailələr bir-birinin nəsil ənənələri ilə tanış olardılar. Gələcək qohumlar ünsiyyət qurub bir-birini daha yaxından tanımağa çalışardılar. Bu izdivacın alınıb-alınmayacağı da elə ailə arasında olan o mərasimlərdə bilinərdi. Yaxşı olacaqsa, nə gözəl, alınmayacaqsa, el diliylə desək, “haray bəribaşdan” və bunu ancaq ailə arasında bilərdilər. Amma indi nişan mərasimi restoranlarda, şadlıq saraylarında – süni, qeyri-səmimi, soyuq münasibətlərin olduğu bir qələbəlikdə keçirilir”.
Folklorşünas hüzr mərasimləri ilə bağlı unudulmaqda olan bəzi ənənələrimizdən söz açıb: “Əvvəllər əgər qonşuda hüzr düşübsə, onda digər qonşular evdə musiqinin səsini alardılar, qəhqəhə çəkib gülməzdilər. Qonşunun yasına, kədərinə sayğı ilə yanaşardılar. Hüzrdən xeyli sonra da yığışıb əzizini itirən qonşunu kədərli əhvaldan çıxarmağa çalışardılar, ona mənəvi dəstək olardılar.
Əvvəllər yas düşən evə qohum-qonşu özü yemək bişirib gətirərdi, yaxud qonşular yığılıb bişirərdilər. Ölüsü düşən adam necə yemək bişirib qonaqları yola salsın? Bu gün isə tam tərsini görürük...
Qarabağ bölgəsində yas mərasimlərində insanlar bişirdikləri xörəkləri, ehsanı götürüb qəbiristanlığa gedər, orada süfrə açardılar, yoxsul əhalini ehsan süfrəsinə dəvət edərdilər.
O vaxt yas mərasimlərinə də ancaq evin ağsaqqalları, ağbirçəkləri, yaşlı nəslin nümayəndələri gələrdi. Bu gün isə yaslar da “mərasim evləri”ndə təşkil olunur. Orada isə qeyri-səmimilik, quruluq, rəsmiyyət hökm sürür. Onda həyat yoldaşı vəfat edən qadın 40 gün evdən çıxmazdı, dükan-bazara da getməzdi...”
Alim bildirib ki, bu adətlərin unudulmasında şəhərləşmə, sosial şəbəkələrin həyatımıza daxil olması və qloballaşan dünya rol oynayır: “Amma bu səbəblərlə özümüzə bəraət qazandıra bilmərik. Daim maarifləndirmə aparılmalıdır. Burada həm bu sahə üzrə məşğul olan alimlərin, həm də medianın öhdəsinə düşən vəzifələr var. Biz bacardığımız qədər təbliğat aparmalı, gənclərə sözümüzü deyə bilməliyik ki, onlara adət-ənənələrimizi aşılayıb sevdirə bilək.
Bunlar həm də orta məktəblərdə geniş şəkildə tədris olunmalıdır. Düzdür, əvvəllər “ailə dərsləri”ndə, “insan və cəmiyyət” dərslərində bunlar tədris edilirdi. Bunlar olmasa belə, bu istiqamətdə ədəbiyyat, tarix müəllimlərinin üzərinə vəzifə düşür ki, milli adət-ənənələrimizlə, mədəni dəyərlərimizlə bağlı şagirdlərə məlumat versinlər, onları maarifləndirsinlər. Düşünürəm ki, məktəblərdə həm də ailə dəyərləri tədris olunmalıdır. Xalqımızın çox gözəl ailə dəyərləri və yazılmamış mənəvi qanunları var, onları gələcək nəslə öyrətməliyik.
Uzun illər folklorşünaslarımız Qarabağdan, həmçinin Qərbi Azərbaycan bölgəsindən olan insanlarla görüşüb adət-ənənələri yazıya almağa çalışırdılar. Yazıya aldığımız o adət-ənənələri Qarabağ elatı daim uca tutub, qoruyub bu günə çatdırıb.
Şükürlər olsun, bu gün Qarabağ işğaldan azad olub, inanıram ki, öz doğma yurdlarına qayıdan soydaşlarımız yenə də adət-ənənələrimizi layiqincə yaşadacaqlar. Bir çox məsələləri sadalasam da, əslində, bir o qədər də bədbin deyiləm. Yaşlı nəsil adət-ənənələri bu gün də qoruyub saxlayır, onların danışığında, nitqində də bu var - “nənəm belə deyərdi, babam belə edərdi” və sair. Deməli, o adət-ənənələr həm də yaşlı nəsil vasitəsilə dildən-dilə bizə ötürülür. Bizim də borcumuz onları yazıya alıb araşdırmaq, yaşatmaq və gələcək nəsilə ötürməkdir”.
***
…Adət-ənənələrimizi yaşı yüzillərlə ölçülən nəhəng ağaca bənzətsək, vaxtaşırı küləyin qırıb yerə tökdüyü budaqları da, vaxt ötdükcə quruyan tökülən yarpaqları da təbii proses saymaq olar. Hətta bəzən o “ağac”ın budanması da lazımdır ki, yenidən pöhrələyib bar verə bilsin. Amma bütün hallarda ağacın ona həyat verən kökü qorunmalıdır. Çünki yalnız kökü sağlam qalan ağac yenidən həm yaşıllaşır, həm bar verir. Xalq da eynən o ağac kimidir, əsas kökünü – adət-ənənələrini, milli kimliyini, yaddaşını qoruduqca, köklərilə torpaqdan möhkəm yapışıb qol-budaqlarını da göylərə açıb zamanın tufanlarına sinə gərərək möhkəm dayana bilir…