Elektronlaşan şəxsiyyətimiz

Elektronlaşan şəxsiyyətimiz
4 dekabr 2019
# 12:01

Kulis.az Müşfiq Şükürlünün “Hər şeyə gülmək” yazısını təqdim edir.

Sosial şəbəkə beynimizdə qaranlıq otaq buraxmayıb. Həyatımızda elə bir məqam yoxdur ki, feysbukun gur, işıqlı projektorları onu ifşa etməsin. Maraq, fəaliyyət, iş, istirahət, yuxu, xəyal. Hər şey bu kanaldan auditoriyasını tapır. Beləcə, şəxsiyyətimiz elektronlaşır. Duyğu və hisslərimiz, yaşam və düşüncəmiz gerçək, son platformasına çıxıb, qovuşub, sanki. Həyatımızı, şəxsiyyətimizi sərgiyə qoymuşuq. Sərgi günün 24 saatı açıqdı. Çox yatan şansına küssün.

O məşhur mahnıda dediyi tək şikayətim yoxdur. Mən texnologiya dövrünün övladıyam. İsanın yox. Ona görə ola da bilməz. İnternet bir növ vətənimdi. Amma içində olduğum durumu, məkanı, əlimdə olan imkanları və bu fərqli həyat tərzini də analiz etməmək, düşünməmək imkan xaricindədir mənimçün.

Dostum belə deyirdi. Paxmelin kədərinə aldanma. Saxta, sünidir. Keçər.

Paxmel insan taleyi və internet dövrü üzərinə fikirlərimin konturlarını genişlədir. Nə cür?

Məncə, sosial şəbəkələr sıxıntılarımızın sərhədlərini bəlirləməkdə bir az da yardımçı oldu. İnsan sıxıntısı (söhbət ürək daralmasından gedir) gör nələrə qadirmiş və nə imiş. Onu çevrələyən, ətrafını saran və onu başqa məfhumlardan ayırd etməyimizə imkan tanıyan sərhəd ki var, əslində, mövcud deyil. Yəni, bir ölçü vahidi yoxdur ki, sıxıntının enini, uzunluğunu öyrənək. Varsa da, bu sərhədlərin görünən üzü elə yanıldıcı üfüq xətti kimi etibarsızdır.

Sıxıntılar bitməz. Bunu bir paxmel daha yaxşı anlar.

Onlara çözümlər qurtarmaz. Amma kökü kəsilməyən dərdə min dava-dərman elə.

Bu həyat tərzinin də qəribə qaydaları var.

Həyata, insana, zəmanəyə, bugünə, keçmişə, gələcəyə ironiya. Hətta müəllifin özü-özünü dolaması.

Tarixi qədimdirmi bu yaşam şəklinin? Bəlkə Don Kixotdan, Qarqantua və Pantaqrueldən start götürüb? Başlanğıcı qədim Yunanıstana – elmin, fəlsəfənin yarandığı dövrə gedib çıxmasın? Hər halda, dünyanı nə vaxtsa bu cür məsxərəyə qoymaq insandan başqasının ağlına gəlməyib.

Amma bir şey yaddan çıxdı. İnternetin limitsiz imkanlarıdırmı bizə “belə yox, elə yaşa” deyə diqtə edən? Bəşər gizli tərəflərinimi minillər sonra faş edir? Dəyərləri tapdayıb xıncmaq insanın əzəli adəti, qonuma-qonşuya, elə-obaya çıxarmadığı gizli xasiyyəti imişmi? Yoxsa bütün bunlar insanın yüz birinci üzüdürmü? Suallara cavab olsun, olmasın, ortada bir həqiqət var. İnsan hələ də acı çəkir.

Mən acılarına gülən biri ilə ilk dəfə kitab oxuyanda tanış olmuşam. Görürsən ürəyi dərinlərdə yanır. Sızıltısı sətirlər arasında o yana-bu yana gəzişir. Bir yazıçı ürəyidir. Ağrısı da olar, acısı da. Yanğısı ilə oynamaqsa ağlına necə gəlib, məlum deyil. Dərinlərdə duyduğum həmin sızıltının üzərini yüngül sis qamarlayıb. O sisin üzərində də üçbaşlı bir qüllə inşa olunub: intellekt, həyat, ironiya.

Dünyanın içini də, çölünü də bilən Xulio Kortasar! Argentinalı yazıçı acılarına niyə gülüb, bizi niyə qabaqlayıb görəsən?

Sentimental, romantik adamları tənqid atəşinə tutma! Yetər!

Yox, belə bir devizim yoxdur. Özüm də bu tənqid ekipajının üzvüyəm. Başqasını qoy bir kənara. Elə özümdəcə bir artıq hərəkət görsəm, tez kökünü tapıb, qulağını, quyruğunu buduyuram. Hansı zamanada yaşayırsan? Sentimentallaşıb özünü camaata biyabırmı edəcəksən? Həm də nə şitlik bazarıdır açmısan. Deyə qulağımı burduğum olur.

Bu, məsələnin bir tərəfi. Bir də o üzü var.

“Sənin dərdindən mənə nə?” janrında dəyər-məyər tanımadan hər şeyi ayağın altına alıb üstündən keçmək. Gülmək, lağa qoymaq və şou göstərmək naminə insan nələr etmir.

Niyə axı? İnsanın ağrısı-acısı göylərəmi çəkilib?

Deməli, bitərəfəm? Yox. Qütblərdə sorun varsa və onlardan heç birini tamam qəbul etmirəmsə, ya da əksinə, hər ikisində əsaslı cəhətlər tapıramsa, illah da qüsurluyam?

Məncə, sosial şəbəkələrdə özünü göstərən dəyərlərə açılmış savaş “milli mentaliet” kimi kiçik miqyaslı anlayışla şərh olunmamalıdır. Bəli, buna postmodern yanaşma deyək. Bir epoxanın əlamətləri kimi qələmə verilə bilər. Çox güman postmodern baxış forması dəyərlərin yoxa çıması, onları yer üzündən silmək kimi bir ehtiyacdan yaranmayıb. Bu, tarixi zərurətdir ki, insan özünə münasibətdə müəyyən mövqe tutub. Onu son mərhələ olaraq düşünmək cəld verilmiş qərar deyil ki? İçində olduğumuz epoxa, zaman başqa cür düşünməyə imkan verməsə də.

Mən dəyərlərə, xüsusən, insan acısına, sıxıntıya münasibətdə doğru duruşun, mövqeyin, bir sözlə, həllin olmadığını demirəm.

Görünür, bu məsələni ən yaxşı şəkildə Kortasar çözüb. Ağrılarına gülməyi bacarır və onları bu gülüşün altında əməllicə sahmanlayıb, yerbəyer edib çəkir. Amma onları gizləmədən, ikiüzlülük etmədən, dalana dirənmədən, açıq-açığına. Bir güllə ilə iki quş məsələsi.

Bilirəm, Kortasar oxumayanlar üçün dediklərim bir az qaranlıqdır. Hətta bəlkə oxuyanlar üçün də. Üstəlik, bu necə tələb-təklifdir axı. İstedadı cahana yayılan, ekperimental romanı “Xana-xana” ilə ədəbiyyat tarixinə adını yazıb dünyaya səs salan birinin ədəbi qabiliyyətini nümunə göstərib deyəsən: “Bax belə olmaq lazımdır!”

Çətin işdir. Hamıdan gözləmək də, gözləməmək də.

# 2623 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #