Kulis.az Sərdar Aminin “Bizdə seks inqilabı olarsa...” yazısını təqdim edir.
Seks inqilabı ifadəsi eşidilən kimi əksər adamların gözü önündə şəhərin daldalarında, park gizlinlərində öpüşən, cütləşən lütməcə adamlar sərgilənir. Bəs, seks inqilabı harda, necə baş verməlidir?
Seks inqilabı təkcə fərdlər arasındakı cinsi akta hesablanmayıb, geniş mənada cinsi ayrı-seçkiliyi aşmaq hadisəsidir, qadın-kişi bərabərliyidir – həm hüquqi, həm sosial, həm də məişət müstəvisində. Bu mətn isə Şərqin, Qafqazın, bu fonda Azərbaycanın ən ciddi mental problemi olan qadına “seks obyekti” kimi baxış, yad kişi və yad qadının bir-birinə cinsi münasibətindəki qara sehr, uçurum haqqındadır.
Seks inqilabının incəsənətə təsiri
Azərbaycanda ən titrək mental problem olan qadına baxışdakı mühafizəkarlıq o qədər geniş və mənfi anlamda funksionaldır ki, kölgəsi mədəniyyətimizi – kinonu, ədəbiyyatı, ümumilikdə incəsənəti ağuşuna alıb zorlayır. Əksər sənətsal mövzular qadına cılız-cinsəl baxış üzərində dövr edib sonda o arzuolunmaz çıxmaza – qadının qeyri-münasib yerinə dirənir. Mətnlərimiz qadına bir cins kimi baxışdan arınmadığından bəşəri, sanballı mövzulardan iraq qalır.
Qadın cinsəl obyekt kimi əlahiddə, sirli obyekt kimi qaldıqca, bu mövzuda yazılan, çəkilən bütün nümunələr izləyici üçün xüsusi maraq kəsb edir. Nəticədə kənarda ərsəyə gələn ali mövzular diqqətdən uzaq qalır, mətbuatda, cəmiyyətdə ən çox müzakirə olunan mövzu yenə də qadın – daha doğrusu qadının cinsəlliyi olur.
Seks inqilabı və şəhərdəki əsəbi simalar
İnsanlar bir-birinə olan cinsi istəklərini daha uyğun tərzdə bildirə bilmədikləri üçün üzlərində görünən hər təbəssüm “seksə işarə” kimi yozulur: “Aha, gülümsədi, yəqin məndən xoşu gəlir”. Bu fikir o qədər kütləvi hal alıb ki, insanlar küçədə pozitiv görkəm ala bilmir, gülümsəyə bilmir. Cəmiyyət bəşəriyyətin ən möhtəşəm sədəqəsi olan təbəssümdən qısır qalır. Gülümsəmənin seksə işarə olmasından ən çox çəkinən tərəf qadınlar olduğundan, əksər xanımlar şəhərdə üzlərindən nifrin, qəzəb pərdəsi asıb hərlənir. Nəticədə şəhərin hər bucağında yer alan qaramat simalı, üzündən zəhrimar yağan qadınlar toplumun ümumi əhvalını mənfiyə kökləyir. Seks azadlığının olmamasından qadınlar da kişilərə istəklərini bildirə bilmir. Nəticədə, hələ də kişilər dədə-babadan qalma bir “xarizma”nı əldə rəhbər tutur: “Kişi ciddi olar, hırıldamaz”.
İnanın, qadınlar da artıq üzündən zəhər yağan, qaramatın qara yumağa çevirdiyi kişi üzü görmək istəmir. Onlar da pozitiv, gülən, güldürən əks cins arzulayırlar. Sadəcə kişi-qadın arasındakı bu uçurum, onların əsl istəklərini bir-birinə açıq ifadə edə bilmək imkanlarının məhdud olması ağır vəziyyəti müşkülə çevirir, şəhəri kaftar simalı kişilərlə doldurur.
Seks inqilabı - qara paltarlı adamlar
Ölkəmizdə vətəndaşların seçim azadlığı geyim, tatu və aksesuar müstəvisində daha çox gözə dəyir. Şəhər qadınların ifadəsində tamamən azad geyim sərgiləyir. Təəssüf ki, seks azadlığı olmadığından, bədəni daha detallı ifadə edən paltar geyinən qadınlar kişilərdə eyni fikri oyadır: “Pozğundur”.
Əks cinsin sərt seksi baxışı şəhərin rənginə də, daha doğrusu insanların paltarlarına da ciddi tərzdə təsir edir. Adamlarımız seçilməkdən qorxur. Şüuraltına sızmış qorxu insanları rəngli geyimlərdən, bu geyimlərlə diqqət çəkməkdən çəkindirir.
Seks inqilabı - tıxacsız şəhər
Seks həyatı normal təmin olunmayan, qazandığı cinsəl travmayla ictimai nəqliyyata minən əksər şəxslər sıxlıq yaranan kimi qarşısındakına sürtünməyə meyllənir. Zaman-zaman ictimailəşən bu iyrənc yaxınlıqlar Azərbaycan kişisini qəribə addımlar atmağa vadar edir. (Bəlkə özü də nə vaxtsa ictimai nəqliyyatda sıxlıqdan “yararlanıb”, lakin bunu heç vaxt öz məhrəmləri üzərində təsəvvür edə bilmir.) Sırf bu üzdən yüzlərlə gənc evlənmədən əvvəl özünə şəxsi avtomobil almaq barədə düşünür: “Mən yoldaşımı metroya, avtobusa mindirə bilmərəm!”
Şərq kişisinin qadınına olan mühafizəkar, qısqanc baxışı onu daha bir prizmadan şəxsi maşın almağa təhrik edir: o, ümumiyyətlə yoldaşının çox kişiyə görünməsini istəmir. Qadını işə öz avtomobilində aparıb gətirməli olduğunu düşünür. Nəticədə şəhərdə adam sayı avtomobil peyda olur. Axşam düşən kimi Zığdan Badamdara uzanan tıxacla – əyləc işıqlarıyla ağzı qanayan bir “timsah”la rastlaşırıq.
Seks inqilabı - xəyanət, cinayət, qadın qətlləri...
Fərdlərin bir-birinə cinsəl istəkləri bir kəlmə ilə müəyyənləşə bildiyi halda, niyə əksər adamlar günlərlə işarə axtarmalı - heyvanlar bitkiləri sidikləyib qarşı cinsi “çağırdıqları” kimi – sirli, müəmmalı addımlarla bir-birinə çağırışlar etməli, şəhvətlərini şişirdib sonda bir manyaka çevrilməli, çox da mənası olmayan bir takta – seksə görə sonda ölümlə üz-üzə qalmalıdırlar? Təfəkkürə hakim olan seks aclığı - qadınlı-kişili əksər adamları sonda ən arzuolunmaz addımlar atmağa vadar edir. İnsanlar boşanmadan, başqa şəxslərlə yatağa girir, ardınca digər bir mental tətikləmənin təsiri ilə fiziki baxımdan zəif tərəf – qadın öldürülür. Seks mifi beyinlərə hakim olduqca insanlar bu qara sehrin içində yaxılır, axırda özünü ən təhlükəli zonalarda, yad evlərdə, yad otaqlarda tapır. Az sonra qapı açılır... Sonra ömürlük bağlanır.
Halbuki seks mövzusu əlçatan olsa, bu iş daha sivil müstəvidə baş tuta bilər, qadın ərini istəmədiyini, yaxud başqa bir kişini istədiyini düşündüyü an boşana bilər və növbəti kişi ilə həyatı bu qədər təhlükə saçmaz.
Azərbaycan üçün seks inqilabı modeli
Seks inqilabı küçələrə axışan kütlənin timsalında deyil, daha çox beyinlərdə baş verir. Sözsüz, seks azarının pikə çatdığı ölkələrdə effektiv meydan aksiyaları da olur.
Seks azadlığının bir adı da insanların seksual istəklərini daha etik müstəvidə izharıdır.
1. Fərdlər cinsi istəklərinin istiqamətləndiyi obyekti şəhvət toruna bürüyüb əl-ayağını bağlamamış bu istəyini normal şəkildə ifadə edə bilməlidir.
2. İnsanlar yaşından asılı olaraq vaxtı-vaxtında cinsi münasibətdə olmalıdır. Buna imkan qazanmalıdır.
3. Kütləvi İnformasiya Vasitələrindəki yanlış ailə münasibətləri, mental “dəyərlər”, stereotiplərin təbliği dayandırılmalıdır. Əksinə, xəyanət sonrası ölümlər pislənməli, qeyrət qisaslarının yanlışlığı təbliğ olunmalıdır.
4. Qadınlar - kişilər tərəfindən onların fiziki baxımdan zəif olduqları üçün olunan jestləri qəbul etməməli, ictimai nəqliyyatda onlara yer verilərkən bu jestdən imtina etməlidir. Əks təqdirdə kişilər şüuraltı qadınları küçümsəyir, təmənna güdür.
Yekun: Nədənsə seks inqilabından xəbərsiz olan adamlar bu anlayışla rastlaşan kimi elə düşünür ki, həmin ifadə əxlaqsızlığa çağırışdır. Amma diqqət etsək, görərik ki, ən çox zorlamalar, azyaşlıların cinsi istismara məruz qalması, cinsi müstəvidə baş verən cinayətlər, əxlaqsızlıq, xəyanət səbəbilə törədilən qətllər adətən azad seksin mövcud olmadığı ölkələrdə baş verir.
Azad seks cinsi münasibətin daha uyğun yerdə, daha uyğun şərtlər altında, daha uyğun fərdlər arasında baş tutmasına şərait yaradır.
Azad seks küçədə sevişməni təbliğ etmir, əksinə, sevişmək üçün daha rahat yerlərdə cəm olma şəraiti yaradır.
Azad seks gəncləri transformatorda, dar dalanlarda, qaranlıq parklarda sevişdirən səbəbləri aşacaq qədər imkanlı və cəsarətli edir.
Azad seks insanlara onları daim tətikdə saxlayan seks yanıqlığının mənasızlığını anladır.
İlk səslənişdən əksər insanlarda qeyri-adekvat assosiasiya yaratsa da, gerçəkdə seks inqilabı mental təfəkkürün radikal səviyyədə funksional olduğu Azərbaycan kimi ölkələrdə cəmiyyətin əksər problemlərdən qurtulmasında nicat ola bilir. Min bir bəlanın dolaşdığı müasir Şərq ölkələri arasında qısa müddətdə mayak kimi parlayan Yaponiyanın yaxın keçmişdə yaşadığı məşhur çevrilişə və bu fırtınadan sonra cəmiyyətdə baş verən yenilənməyə nəzər salsaq, hər şey aydın olur.
Seks inqilabı yaşamış ölkələrdə baş verən yeniliklərdən də görünür ki, gec-tez bu şar partlamalı, mövcud mif dağılmalıdır. Yalnız bu baş verdiyi halda cəmiyyətə bəlli olacaq ki, həyatda qadın ayaqlarının yaratdığı çıxmazdan başqa da yollar var - daha işıqlı yollar!