Bəhram Bağırzadənin yerə dəyib çiliklənən obrazı

Bəhram Bağırzadənin yerə dəyib çiliklənən obrazı
27 yanvar 2020
# 12:23

İnanın, mən də Bəhram Bağırzadəni çox istəyirəm. Xeyli müddətdir ki, ziyalı mövzusunda söz düşəndə cəmiyyət naminə təmənnasız addımlar atan bu cavan, enerjili adam nümunəm olub. Kitabxanaların uşaq bölməsindən təbəssümlə boy verən “Dyadya Baxram” posteri də bu adamın işıqlı amalından xəbər verir.

Prezidentin mədəniyyət adamlarının qəbulu zamanı da Bəhram Bağırzadənin istəyi əksər həmkarlarından fərqli individual deyildi, o, Bakının gözəgəlimli məkanlarından birində nadir şəxsiyyətlərdən olan H.Z.Tağıyevin abidəsinin ucaldılmasını təklif etmişdi.

Bəhram Bağırzadənin bu və sadalamadığım mərd, işıqlı addımlarını heç kəs unutmayacaq. Ancaq bir neçə gün əvvəl çıxdığı verilişdə “ərəb turistlər”, “Azərbaycan qadını”, “əxlaq” mövzusunda danışdıqları qəhrəmanımızın obrazını saxsı qab kimi yerə çırpıb çilik-çilik edir. Bəhram Bağırzadə sözügedən verilişdə qeyd edir ki, ərəb turistlər Bakıda nalayiq hərəkətlər edir və bu, daha çox Azərbaycan kişilərinin səhvi ucbatındandır. Əməkdar artist bu fikirlərinin ardınca onu da qeyd edir ki, ərəblər Bakıda Azərbaycan, müsəlman qadınlarına sataşır... Ən dəhşətlisi isə odur ki, ölkəmizin ziyalısı bu problemin yaranmasını “Sovetski”nin sökülməsi ilə əlaqələndirir. O, düşünür ki, bu problemi “qədeşizm” həll edə bilərdi. “Sovetski” dağıdılandan sonra başqaları məsələyə müdaxilə etməkdən qorxur.

İlahi!

Kim Azərbaycanda hansısa ərəbi bizim qadınlara sataşdığını görüb? Şəxsən hər axşam “Tarqovı”dan keçən bir vətəndaş kimi bir dəfə də olsun hansısa ərəbin qadınlarımıza söz atdığını görməmişəm, əksinə, bəzi fahişələr, transseksuallar və vasitəçilərin ərəblərə müəyyən təkliflər etdiyinin şahidi olmuşam. Başa düşmürəm, bədənini satan qadının ərəblə, farsla, yaxud da finlə yatmasının nə fərqi var? Fahişəliklə məşğul bir qadın hansı məntiqlə “millət”, “cəmiyyət”, “qeyrət” müstəvilərində müdafiə olunur? Aydın deyilmi ki, həmin qadın ərəb “Ələddin”lə yatmadan öncə pula görə azərbaycanlı “Elvin”lə yatırdı? O da aydın deyilmi ki, ərəblərin bu mövzuda adının çıxmasının səbəbi sadəcə məbləğdir?

Əxlaq pula satılarmı? Əsla! Bunu təsdiqləyən qalın-qalın kitablar, saatlarla sürən filmlər çəkilməyibmi? Əxlaqı ərəbin pulundan asılı olan qadını qeyrət müstəvisində müdafiə etməyin anlamı varmı?

Bəhram deyir ki, kimsə binamusluğu, biqeyrətliyi boynuna alıbsa, özü bilər. Bax, bu yerdə boynuma alıram, Bəhramın binamus kimi təqdim etdiyi obraz mənəm! Amma elə burdan elan etmək istəyirəm ki, mənim qeyrətim, namusum, şərəfim fahişənin azərbaycanlı, ərəb, yaxud finlə yatmasının fərqi ilə ölçülmür. Heç vaxt istəmərəm ki, qadın öz bədənini sataraq pul qazana! Əsla! Heç zaman! Ancaq qadını bu yola salanın ərəblər olduğunu düşünmək öz problemimizi başqasının boynuna yıxmaq deyilmi?

Bəhram Bağırzadə problemin həllini “qədeşizm”də görür. O, düşünür ki, “Sovetski” sökülməsəydi, bu “problem” yaranmazdı. Məşhur aktyor problemi (əgər problem varsa – S.A) hüquq mühafizə orqanlarının, dövlətin deyil, “Sovetski” qədeşlərinin həll edə biləcəyinə ümid eləyir. Bu məhəlli düşüncə deyilmi, bu qaqaşlıq deyilmi? Bir yandan Bakını inkişaf etmiş ölkələrin paytaxtları ilə müqayisə edirik, digər yandan da şəhərin mərkəzində “eşkiya”, “qaçaq”, “qədeş” postlarını arzulayırıq.

Bəhram Bağırzadənin fikirlərini qaranlıq dalanlarda, tüstülü içki məclislərində eşidirdim, bu, məni o qədər də yandırmırdı. Əməkdar artist, məşhur aktyor, rəssam, naşir, hər gün televizorumuzun ekranından bizə göz vuran işıqlı bir adamın dalanlardakı “qaqaş”lar kimi düşünməsi mənim üçün “ərəb turistləri” problemindən daha ağırdır.

# 7797 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #