Azərbaycan maarifçiliyi mədrəsələrdən başlayır

Azərbaycan maarifçiliyi mədrəsələrdən başlayır
13 fevral 2021
# 10:30

Bizə on illərdir belə öyrədilmiş və təbliğ edilmişdir ki, Azərbaycanda maarifçilik (başqa adlarla desək, rasionalizm, modernizm, avropaçılıq və s.) 1876-cı ildə Qoridə açılan Zaqafqaziya Müəllimlər Seminariyası qapısından gəlmişdir.

Qorinin rolunu inkar etmirəm. Ancaq bəs görəsən, bu qapı olmasaydı necə olardı(q)? Burada “qoriçilər” dərhal əzbər deyəcəklər ki, heç nə də, təxminən yarımvəhşi, yarımheyvan, mövhumata qərq olmuş qəbilələr yığını kimi Azərbaycan!

Lakin mənim bu əzbər cavaba şübhələrim var. Yaxşı, bəs, ən az 1700-ci illərdən üzü bəri mövcud olan Şamaxı mədrəsəsində çalışan Qafqaz müsəlmanlarının müftisi, M.F.Axundovun həmyaşıdı Əbdülhəmid Əfəndizadənin o mədrəsədə öz şagirdlərinə fransız dili (Avropa dili!) öyrətməsi faktı? Hacı Səid Ünsizadənin 1874-cü ildə (Qori seminariyasından iki il qabaq!) yaratdığı Avropa tipli “Məclis” məktəbi! Yeri gəlmişkən, şol (həmin) “Məclis” məktəbində Ünsizadənin dəvətiylə M.Ə.Sabirin də müəllimi olan Seyid Əzim Şirvani də dərs deyirdi.

Bunlar o dövr Azərbaycanı üçün sadəcə bir-iki misaldır. Ümumiyyətlə necə ola bilərdi ki, siyasi iradə olmaq iddiasıyla çıxış edən Rəsulzadə, Topçubaşov, Xoyski kimi respublika tipli dövlət quranlarımız çıxır, bəyəm, onlar pedaqojiq mənada modern mədrəsələrin (universitetlərin) əsasını qoya bilməzdilərmi? Yaxud, H.Z.Tağıyev tutalım qızlar məktəbi açmaq kimi fövqəladə bir qərar verərkən bəyəm Axundovun pyeslərinimi və yaxud Molla Nəsrəddinimi oxuyurdu? Əlbəttə yox!

Modern Azərbaycanın Axundov, Mirzə Cəlil, Sabir kimi şəxslərlə başlandığını iddia etmək təxminən ona bənzəyir ki, elə bil indiki müasir Azərbaycan təfəkkür səviyyəsini Seymur Baycan, Günel Mövlud kimi müəlliflərin yeniyetmə-banal səviyyəsiylə ölçürsən. Bir sözlə, ölkəmizdə modernləşmə prosesi eynilə Avropadakı kimi gedirdi, gedəcəkdi də – yəni modernizm Azərbaycanda ruhani ocaqların içindən ruhanilərin əliylə doğulurdu, doğulacaqdı da; necə ki Avropada da modern universitet kilsənin daxilində formalaşdı.

Başqa sözlə, inkarçı-inqilabçı Axundov Təmsilatı, yaxud məsxərəçi Mirzə Cəlilin Molla Nəsrəddini olmasaydı da ölkəmizdə modernləşmə prosesi baş tutacaqdı. Üstəlik, bu tərəqqi endogen (içəridən, daxili-ənənəvi irs hesabına) olacağı üçün daha təbii, daha uğurlu, sintetik bir yolla baş tutacaqdı. Beləliklə, nə kimsə bizi Şimaldan əsən Qori küləklərinə, nə də o dövrün Axundov, Mirzə Cəlil, Sabir səviyyəli şəxslərinə borclu çıxarsın.

# 4626 dəfə oxunub

Oxşar xəbərlər

Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
Belə kino olmur!

Belə kino olmur!

11:00 25 iyul 2024
# # #