Ara, biz kirvəyik!

Ara, biz kirvəyik!
31 avqust 2021
# 10:25

Şuşada iki dəfə olmuşam. Aradakı iki illik fərqlə. Doqquz və onbir yaşlarımda. Özü də nisbətən uzaq yolla getmişdik ora. Qırmızıbazar yolu ilə deyil, əvvəlcə Füzulidən Ağdama, oradan Ağdərəyə, oradan isə Əsgəran istiqamətiylə birbaşa əfsanəvi Şuşaya dırmanmışdıq.

Şuşaya qalxan dolama yolda, arxada və aşağıda qalan kəskin döngələr, ekstrim mənzərələr, şiş qayalar, vahiməli uçurumlar fonunda qorxmuşdum azacıq. Və yadıma Puşkinin həmin o möhtəşəm misraları düşmüşdü.

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,
Tutmuşam tək uçurum dağlı qar üstündə qərar,
Qara quş uçmağa qalxarsa uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm çeşmələri qaynamada,
Şübhəli, qorxulu uçurumları ilk oynamada.

Burda məndən aşağı göydə bulud oynaqlar,
Arasından buludun dağda su qaynar, çağlar,
Görünür onların altında böyük daz qayalar,
Onun altında zəif çığ, qurumuş kol-kos var.
Daha ondan aşağı rəngi yaşıl ormanlar,
Orda quşlar ötər, ətrafı gəzər ceyranlar...

Həm də heyrətlənmişdim. Dik yüksəklikdən aşağıdakı dərəyə açılan əsrarəngiz mənzərəyə. O dərəcədə ki, hətta gözlərim bərələ, ağzım açıla qalmışdı.

Anamsa çırtmayla çənəmdən yüngülcə vuraraq, onu yumulmağa, dilimi dişləməyə məcbur etmişdi. Sonra, atam və anam, mənim ağrıdan turşuyan üz-gözümə, çatılan qaşlarıma, sallanan mısmırığıma baxıb doyunca gülmüşdülər.

O, zaman Şuşanın klassik məkanlarını, İsa bulağını, Cıdır düzünü ziyarət etmişdik. Orada çəkilmiş ağ-qara fotoşəklim də var. Arxamda qərarlaşmış üçlük ansambl - kamança, tar, qavallı xanəndə - fonunda şortikdən çıxmış arıq, kibrit çöpü ayaqları üstdə dayanıb bulaqdan su içən ələngə oğlan.

Qılçalarım o qədər nazikdir ki, sanki, himə bənddirlə, qırılsınlar. Mənsə əyilərək buz bulaqdan acgözlüklə qurtumlayır, dəcəllikdən, ora-bura yüyürməkdən doğan hədsiz susuzluğumu yatırtmağa çalışıram.

Şuşaya ikinci və sonuncu səfərim isə 1988-ci ilin yayına təsadüf etdi. Artıq zülmət, aqoniya, şiddət saçan, dəhşətli muharibə vəd edən proses başlamışdı. Ermənilər azğınlaşmışdılar. Gözlərini qan örtmüşdü. On bir yaşım var idi, və əvvəlki səfərlə müqayisədə bir xeyli, yəni düyü boyda böyümüşdüm. Və mən də uşaq duyğularımla bu aşırı gərginliyi hiss edirdim.

Onların "ara, masap hakkı biz kirvəyik, qohumuq" sayaq qılıqları, hiylələri daha işə yaramırdi, əvvəlki effekti vermirdi. Yaltaqlıq, riya maskaları yırtılmışdı. Heç nəyi gizləmək mümkün deyildi, hər şey artıq aşkar düşmənçilik fazasına qədəm qoymuşdu. Yalnız öldürməyi, dağıtmağı və məhv etməyi düşünürdülər.

Biz ikinci səfərimizdə yenə köhnə qaydada, Şuşanı gəzdik, Cıdır düzünün qartal uçuşu hündürlüyündən aşağıdakı çayı, dərəni heyrətlə seyr etdik. Qayıdanda, Daşaltı tərəfdə düşüb meşədə, armud ağacının kölgəsində süfrə də açdıq. Şuşadan aldığımız qaynar təndir çörəyi ilə anamın yol üçün azırladığı soyutma çolpanı və meşə armudunu yedik. Uşaq yaddaşı dərin olar. Sanki, dünən olubmuş kimi yadımdadır, dəyib sulanmış, yumşalmış kiçik meyvələr ağacdan asan dərilirdilər və olduqca dadlı idilər.

Biz qalxıb artıq getməyə hazırlaşırdıq. Bu zaman, hardansa bir dəstə adam peyda oldu. Toplaşıb bir tərəfdə dayandılar. Tanımadığım xoşagəlməz, naməlum dildə, "qart-qurt” nəsə deyirdilər, pıçı-pıçı danışırdılar. Acıqlıydılar. Bizi nifrətlə süzürdülər.

Onları görər-görməz anamın üzü bir anda dəyişdi, nəzərlərində təlaş, qorxu işartıları peyda oldu. Həyəcanla məni yanına çağırdı, maşına minməyə səslədi. Polis zabiti atam tabel silahını çıxarıb, nümayiskaranə yuxarı qaldırdı və yenə cibinə qoydu. Bu demarş yəqin ki, xəbərdarlıq üçün idi və "baxın, silahım var a, yaxın gəlməyin” mənasını verirdi.

Dəstə mühasirə halqası yaradaraq, dairəvi perimetr boyunca tədricən yaxınlaşırdı, lakın silahı görüb, sanki, azca geri çəkildilər. Atam vaxt itirmədən, cəld sükan arxasına keçdi, mühərriki işə saldı, avtomobil hərəkətə gəldi və biz sürətlə uzaqlaşdıq.

Yola düşərkən, döngəni burulmaq məcburiyyəti bizi dəstənin lap yaxınlığından keçməyə vadar etdi və mən yan pəncərədən diqqətlə onlara, dəstə üzvlərinə baxdım. Həmin an ermənilərin gözlərində gördüyüm nifrət qığılcımı, əllərindəki dəyənəyi, çomağı hiddətlə yelləməkləri indi də gözlərimin qarşısından getmir.

Anam çiynimdən yapışıb məni geriyə çəkdi, ehtiyatsız davranışıma görə bərk qınadı və bizim Şuşaya o vaxtkı sonuncu səfərimiz beləcə sona çatdı.

İndi qələbəmiz fonunda, Şuşamızda qaldırdığımız üçrəngli bayrağımız fonunda üzümü Daşaltıya, Topxana meşəsinə, Cıdır düzünə, İsa bulağına tutub deyirəm: "Biz səni azad etdik, doğma diyar. Biz axır ki, geri qayıtdıq”.

# 7456 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #