Allahın əbabil quşları

Allahın əbabil quşları
24 sentyabr 2012
# 09:53


Sovet dövründə dini ədəbiyyat yox dərəcəsindəydi. İnsanlar namaz qaydalarını, Quran surələrini əllə yazıb paylaşırdılar. Babamın əllə yazdığı, hətta namaz qaydalarını çəkdiyi bloknotları hələ də durur evdə.

Elə buna görə də 90-cı illərdə dini kitabların satışına qadağa qalxanda insanlar arasında sürətlə yayıldı. O dövrdə bu kitabları hər evdə tapardın. Kütləvi sürətdə alınırdı.

Bəlkə bu kitablar yeganə kitablar idi ki, uşaqlardan tutumuş qocalara qədər hər kəsin marağında idi. Uşaqlar bu kitabları sinifdənxaric oxu kimi oxuyurdular. Daha qocalar uydurma rəvayətlər danışa da bilmirdilər. Çünki onların ağızdan öyrəndikləri dini rəvayətləri uşaqlar kitabdan öyrənmişdilər. Nöqtəsinə qədər bilirdilər. Kitablardan birinin adı “Quran qissələri” idi.

Başqa bir kitab isə yaşıl üzlü idi. “Məhəmməd peyğəmbərin həyatı”. Yaddaşım aldatmırsa, hətta şəkilli idi. Kitab məşhur bir rəvayətlə başlayırdı.

Hər dəfə peyğəmbərlə bağlı provakativ hadisə baş verdikdə və müsəlman aləmi bunun cavabını qətllərlə, yanğınla, mitinqlərlə, dağıntılarla verəndə o rəvayət yadıma düşür.

Həbəşistan krallığına bağlı olan Yəmən valisi Əbrəhə Məkkəyə hücum edir.Yüz min əsgərdən və fillərdən ibarət ordu Məkkə qapılarına dayanırr.

Səbəb?

Qatı bir xristian olan Əbrəhə hər il ərəblərin yarımadanın müxtəlif yerlərindən, o cümlədən də Yəməndən Kəbə evini ziyarətə gəlmələrini qəbul edə bilmir.

Odur ki, kralın razılığı ilə Sanada Kubeys adlı əzəmətli kilsə tikdirir. Əmr verir ki, ərəblər bundan sonra Kəbə yerinə Kubeysi ziyarətə gəlsinlər.

Ərəblər bu qərardan qeyzlənirlər. Nukayl adında bir ərəb də kilsəni ziyarətə gəlir, bir neçə gün qalır. Üçüncü gün münasib olduğunu görüb kilsəni murdarlayıb yox olur. Bunun üstünə qəzəblənən Əbrəhə qoşun toplayıb Kəbəni dağıtmaq üçün Məkkəyə yollanır.

O zaman Məkkənin əmiri və Qureyş qəbiləsinin rəhbəri peyğəmbərin babası Əbdülmütəllib idi. O, şəhər əhalisini sakitləşdirməyə çalışır ki, qorxmayın, Allah öz evini qoruyar.

Buna baxmayaraq, şəhər əhalisi təşviş içində Məkkəni tərk edəndə Əbrəhənin qoşunu hücum edib məkkəlilərin dəvələrini, o cümlədən Əbdülmütəllibin də iki yüz baş dəvəsini oğurlayır.

Əbdülmütəllib qoşunun yerləşdiyi yerə gəlib Əbrəhə ilə görüşr, ondan dəvələrini istəyir. Əbrəhə qəhqəhə çəkib deyir:

-Mən gəlmişəm Kəbəni dağıdam, sən isə dəvələrini istəyirsən?

Əbdülmütəllibin cavabına diqqət edin.

-Dəvələrin sahibi mənəm, Kəbənin sahibi isə Allahdır. O öz evini qoruyar.

Əbrəhə Məkkə valisinin dəvələrini qaytarır. Əbdülmütəllib şəhər əhalisinin yığışdığı dağa qayıdanda birdən göy üzündə qəribə quşlar görünməyə başlayır. Əbabil quşları. Onlar dəstə-dəstə Kəbə ətrafında təvaf etdikdən sonra qoşunun üstünə hücum çəkib dimdiklərində və caynaqlarında tutduqları noxud boyda daşları qoşunun üzərinə yağdırırlar. Daş güllə kimi əsgərlərin başından girib ayaqlarından çıxır, onları parça-parça edir. Havalanmış fillər qoşunu çığnayır. Bir anın içində qoşun məhv olur. Qoşunun yalnız çox cüzi bir hissəsi xilas ola bilir.

Ərəblər bu ilə “Fil ili” deyirlər. Peyğəmbər də bu ildə doğuldu. Bu hadisə Quranda “Fil surəsi”ndə təsvir olunub.

Ey hər ayədə, hədisdə, rəvayətdə hikmət axtaran müsəlmanlar! Bəs bu sizin üçün hikmət deyilmi? Nədən çoxunuzun görmədiyi şəklə görə, azınızın oxuduğu kitaba görə, heç birinizin baxmadığı filmə görə bu qədər qan tökürsüz?

Məgər düşünmədinizmi inandığınız sizlərdən daha qüvvətli, daha əzəmətlidir? Kimin dinini qorumağa çalışırsınız? Onun dinimi?

O sizsiz də dinini qoruyar.

Onun əbabil quşları var!

* Fil sürəsi, 1-ci ayə.
# 2179 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #