Vim Vendersin xiffəti

Vim Vendersin xiffəti
10 sentyabr 2012
# 11:21
“Nə Odzuya qədər, nə də ondan sonra elə bil rejissor tanımıram ki, kinematoqrafın mahiyyətinə və məqsədinə, bizim yüzilliyin insan obrazının yaradılmasına bu qədər yaxınlaşsın...”

“Tokya Ga” filmindən


“Tokyo Ga” arxivimdə bəlkə də yeganə film diskidir ki, onu heç kəsə vermək istəmirəm.

Bu filmin həmişə yanımda, əlaltda olmasına ehtiyacım var.

“Tokya Ga”nın müəllifi Vim Venders alman kinematoqrafiyasının ən parlaq (sözün əsl mənasında) rejissorlarından biridir.

Onu bizim tamaşaçıya bir az tanıtmaq üçün indi yazacağım fakt bəlkə yetərli oldu.

Milli telekanallarda vaxtaşırı Meq Rayan və Nikoas Keycin baş rol aldığı “Mələklər şəhəri” göstərilir.

“Mələklər şəhəri” Vendersin hələ 1987-ci ildə ekranlaşdırdığı “Berlin üzərindəki səma” dramının remeykidir.

Təbii ki, mən orijinalı Hollivud versiyasından üstün sayıram.

Ən azı ona görə ki, “Berlin üzərindəki səma” monumental əsərdir.

Vendersin istedadı, intellekti, dünyagörüşü mövzunun dərin qatlarına enməsinə, bir çox fikirlərinin maraqlı ekran həllinə imkan verir.

...“Tokya Ga” sənədli filmdir. Venders onu 1980-ci illərin əvvəllərində Yaponiyaya səyahəti zamanı çəkib.

Və onu yapon kinosunun ustalarından biri Yasudziro Odzuya həsr edib.

Fəqət, bu bəsit bioqrafik-ithaf filmi deyil.

Venders Odzunun şəxsiyyəti və yaradıcılığı fonunda çox dərin, aktual mətləbləri dilə gətirir.

O, müasir Yaponiyada Odzu filmlərində gördüyü yapon mədəniyyətinin, ailə ənənələrinin izinin, sadə, istiqanlı obrazların axtarışına çıxır. Hətta əvvəlcədən ümidsizliyə gömüləcəyini, “nizamlı və rahat Tokionun, orqanik obrazların itirilmiş dünya” olduğunu bilsə də..

Rejissorun kamerasının ümumi planlarında harasa axışan, tələsən, nəhəng sənayeyə qarışan, “vesternizasiya”laşma səbəbindən məğzini, duyğularını itirən insan kütləsi – müasir yaponlar görünür.

Venders üçün bu, təkcə yaponların yox, bütün dünyanın faciəsidir

Filmdə bir neçə çox kədərli kadr var.
1.Sadə yaponlar böyük zalda “Pachinko” oynayır. Onların ruhu yalnız oyunla yüklənib və üzlərindən, yanaşı oturduqları adamlara, reallığa laqeydlik axır. Hətta Odzunun filmlərindəki, ailəsinin qayğısını çəkən o yaşlı qadın belə tənhalığını oyunda boğur.

Venders şərh verir: “Pachinko” uduzulmuş müharibədən sonra meydana gəldi. Yaponlar öz dramını unutmaq istəyirdi”.

2. Venders Odzunun bütün filmlərində oynayan aktyor Tisu Ryunu ilə söhbətləşir. Küçədə Ryunu bir neçə yapon qadını əhatəyə alaraq onunla foto çəkdirmək üçün növbə gözləyir. Aktyor utanaraq Vendersə etiraf edir ki, müasir Yaponiyada onu yalniz yeni teleserialdakı roluna görə tanıyırlar: “Artıq Yaponiyada çoxdandır ki, Odzunun filmlərindəki rollarımı kimsə xatırlamır”.

3. Meşədə salınmış məzarlıqda uyuyan Odzunun qəbrinin üstündə ad yoxdur. Onun sadə başdaşında yalnız bir söz yazılıb:”My”. “My” “boşluq”, “heç nə” anlamına gəlir.

4. Venders sonda Odzunun operatoru Yuxaru Atsuta ilə görüşür. Atsuta rejissorla necə işlədiyini, kameranı hansı vəziyyətlərdə qurmasından bəhs edir. Birdən onu qəhər boğur, gözləri dolur və az qala hönkürür: “Mən Odzuya çox borcluyam. Ondan sonra özümü itirilmiş hiss edirəm. O, yaxşı insan idi”. Sonra o üzünü kameradan gizləyib Vendersdən getməyini xahiş edir: “Məni tək buraxın. Gedin, mənə tək qalmağa imkan verin”.

“Tokya Ga” Vendersin təmizliyini itrmiş dünyaya xiffətidir. Onun kadrarxası şərhləri “İncil” mətnidir. Mənim üçün isə “Tokyo Ga” katarsisdir.
# 1329 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #