Deyin, şəhər merinə

Deyin,  şəhər merinə
15 aprel 2011
# 14:45
Gəlin, ən yeni tarixi xatırlayaq. Lap bu yaxınlarda Filarmoniyanın yaxınlığında “Vahid Poeziya Evi” adlanan bir yer vardı. Ömrünün qürubunu yaşayan xanəndələr, musiqiçilər, vaxtilə yüksək vəzifələrdə işləmiş, indi isə təqaüdə çıxıb günlərini nərd, domino oynamaqla keçirən, vəzifə qoxusu hələ tam üst-başlarından çəkilib getməmiş sabiqlər bu məkana yığışardılar.

Amma hərdən-hərdən bu bağa başqa biçimdə, təmənnasızlıq mücəssəməsi olan sadə bir adam da gələrdi. Bir yox, iki adam. Bunlardan biri adı bu məkana verilmiş, bir qədər aşağıda isə heykəli qoyulmuş Füzuli yadigarı Əliağa Vahidin oğlu Ramiz, digəri isə vaxtilə “Şərq musiqisinin peyğəmbəri” adlandırılan, Azərbaycan muğamını öz nəfəs borusundan keçirib bir növ filtrizasiya edərək təmizləyən və gələcək nəslə ötürən Cabbar Qaryağdıoğlunun nəvəsi Araz idi.

Onların bu bağa gəlişi bütün başqa gəlişlərdən fərqliydi. Bu fərqi Əlisəmid Kür görmüşdü:

Deyin şəhər merinə,
Bir də şəhər devinə!
Vahidin oğlu gəlib
çörək pulu dalıyca
“Vahid Poeziya evi”nə-
bir az dalğın, havalı.

O günü yayın istisində
qar yağırdı
Cabbar Qaryağdının səsinə
maqnitofon lentində.
Bir yanda Araz babası yaşında
əl açıb dilənirdi bağda,-
havalı-havalı,
bir yanda Vahidin balası havalı.
Deyin şəhər merinə!


O gün mətbuatda Cabbar Qaryağdıoğlunun nəticəsi Etibar Əlizadənin müsahibəsini oxudum. Matım-qutum qurudu. Azərbaycan muğamının yaradıcılarından biri olmuş Cabbarın qəbri Yasamal qəbristanlığında kol-kosun içində itib-batmaq üzrədir!

Sən demə, bu qəbri onun nəvə-nəticəsindən başqa adına xanəndə deyilən bir bəni-adəm tanımırmış.İndi xanəndələrin başı pul qazanmağa, efirə çıxmaq yarışına, özünütəbliğə qarışıb, Cabbar hardan yada düşəcək?!

Cabbar sənətinin hesabına yaşayanlar heç olmasa bircə dəfə onun ailəsinə baş çəkmək, uçub-dağılmaqda olan məzarını öz hesablarına yox, heç olmasa, dövlətin hesabına bərpa etmək barədə harasa müraciət etmək haqda nədənsə düşünməyiblər.

Hamı bilir ki, Cabbarın nəvəsi Araz xəstə adamdır, onun 72 yaşı var, baxanı, qayğısını çəkəni yoxdur. Xanəndənin qızı Şəhla xanım artıq yerimək qabiliyyətini itirib. Arazın Bakıda Qocalar evlərindən birinə yerləşdirilməsi həlli müşkül bir işə dönüb. Hətta Qocalar evində də bu adama yiyə durmaq istəmirlər.

Azərbaycan muğam sənətinin yaradıcılarından olmuş Cabbar Qaryağdıoğlunun nəvəsinə bu məmləkətdə yaşamağa yer tapılmır. Cabbarın məzarı bu millətə, şıx geyinib “Cip”də gəzən xanəndələrə utanc gətirən bir vəziyyətdədir.

Şöhrət pillələrində iki-iki qalxanlar, bir anlıq ayaq saxlayın!

Geri dönün, Cabbarın məzarına üz tutun...

Və o səsin halallığını alın!
# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #