“Xocalı ayı”: Xocalı hayqırtıları... – Günel Mehri

Günel Mehri

Günel Mehri

18 fevral 2022
# 15:40

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Günel Mehrinin “Xocalı hayqırtıları” adlı essesini təqdim edir.

Silsilə esselər - real şahidlərin dilindən

1-ci hekayət: Xocalıda 3 övladını itirən Sədaqət Hüseynova

30 ildir, o meşə - qaranlıq, soyuq, qarlı meşə ən qorxulu kabusuna çevrilib Sədaqətin. Ayaq barmaqlarını və 3 körpə balasını buz kimi nəfəsiylə donduran, öz qaranlığına çəkən o meşəyə necə də nifrət edir Sədaqət. Əli çatsaydı, daşlayardı. Dünyanın bütün daşlarını gücü çatdıqca tolazlayardı qollu-budaqlı ağaclarına. Səsi çatsaydı, ən son nəfəsinədək qarğayardı. Uşaqlıqdan yaddaşında ilişib qalmış bütün qarğışları sapa düzərdi bircə-bircə. Amma yox… Gücü yetməzdi, gücü yetsə də, əli qalxmazdı, əli qalxsa da, dili varmazdı… 3 balası – Nəbisi, Sevinci, Romanı, yatırdı hardasa o meşənin dərinliklərində. 30 ildir zəif pıçıltılarını unuda bilmədiyi balaları…

- Üşüyürəm...

- Soyuqdur, ay ana.

- Donuram.

30 ildir içində yığılıb qalanları doluxsuna-doluxsuna danışır Sədaqət və o danışdıqca adamın damarlarında qanı donur. Elə yanğılı günlər keçirib ki, dağa danışsa, dağ əriyər. Deyir, 80-ci iliydi toyum çalınanda. 81-də də oğlum Nəbi oldu. Sonra o biri balalarım Sevinclə Roman doğuldular. Nə əziyyətlə böyüdürdüm onları, nə ümidlərlə. Bir gecədə bütün ümidlərim suya düşdü. Həmin gecə ermənilər 4 tərəfdən Xocalını mühasirəyə aldılar. Göydən güllə yağırdı. Güllələrin işığından hər yer işıqlanırdı. Yer qar, göy qar... Əlacsızlıqdan üz tutduq Qarqar çayına. Çayın üstü buz idi. Uşaqlarımı kürəyimə alıb buzu qıra-qıra çayı keçdim. Yol axtara-axtara ac-susuz, nazik əyinlə üç gün üç gecə dolaşdıq o qarlı meşədə. Bir insan tapa bilmədim ki, bizə yardım etsin. Evdən çıxanda bir örtük götürmüşdük. 3 balamı o örtüyə bükdüm, nəfəsimlə qızdırdım. Xeyri olmadı. Meşə balalarımı qoynuna aldı. Hər ağacın dibində bir donmuş övladım qaldı. Əvvəlcə Sevincim, sonra Romanım, axırda da Nəbim gözüm görə-görə buza döndü, heykəlləşdi…

Ağlamaq istəyirdim. Amma göz yaşlarım da donmuşdu. Qəhər boğazımda qurumuşdu. Hiss etdim ki, günlərdir dodaqlarım bir damcı suya həsrətdir. Yerdən o çirkli, palçıqlı qar suyunu ovuclayıb içəndə anladım ki, insan qəribə məxludur. Hər vəziyyətə alışır. Çirkab suyu qurtumlağa da, 3 övladıyla vidalaşıb yaşamağa da alışır. Allaha qurban olum, balalarımı aldı əlimdən, məni seçib saxladı, döz deyə . O meşəyə girən üç övlad anası Sədaqət, çıxansa qoynu boş, havalanmış, ümidsiz bir qadın idi. Bizim hərbçilərə təsadüfən rast gəlməsəm, elə oralarda canımı tapşırardım. Onları görəndə dilim söz tutmurdu. Gücüm əllərimə çatdı. Əllərimi meşəyə tərəf uzada-uzada zarıdım. İstədim deyəm ki, gedək meşəyə. Balalarımın dalınca gedək. Nəfəsim çatmadı, səsim çıxmadı… Kimsə anlamadı məni. Götürüb gətirdilər vaqona. Ayaqlarımı don vurmuşdu. İsti su tökəndə ayaq barmaqlarımın dərisi soyulub düşdü. Amma vecimə deyildi. Mən elə özümü- ora-bura vururdum, çırpınırdım ki, meşəyə qayıdım. İynə vurdular mənə. Ayılanda başımın üstündə çoxlu işıqlar gördüm. Dedilər, Bakıdasan, Respublika xəstəxanasında. Sən demə, məni yatılı vəziyyətdə qatarla gətiriblər Bakıya. Orda qanqrena olan ayaq barmaqlarım kəsildi. Bunu da sonradan öyrəndim. Müsahibəyə görə gələn jurnalistlərə açıb yaralarımı göstərəndə… Yavaş-yavaş alışdım dabanlarım üstdə tutuna-tutuna gəzməyə. Pis olmurdum da. Elə hey düşünürdüm ki, kaş ayaqlarım dibindən kəsiləydi, amma balalarım burda olaydı. Yanıma te-tez məktəblilər gəlirdi hal-əhval tutmağa. Onların üzünə baxa bilmirdim. Uşaq görəndə diksinirdim, Sevincim, Nəbim, Romanım gəlib dayanırdı gözümün qabağında. Onların məktəb xatirələri fırlanırdı beynimdə. Başa düşürdüm ki, Sevincim bir də ana sözünü yazmayacaq, Romanın heç vaxt məktəbli olmayacaq. Nəbi balam bir də - “Ay ana, 5 almışam e,”, deməyəcək…

Aylarla müalicə aldım o xəstəxanada. Sən demə, qaynanamla qaynatam da başqa xəstəxanalarda yatırmışlar. Sonra bir gün yoldaşım İsax xəstəxanaya gəlib tapdı məni. Eləcə baxışdıq. Doluxsunduq, boşaldıq. Amma bir kəlimə də soruşmadı: “Hanı Sevinc, Nəbi, Roman? Hardadır mənim balalarım? ” Nə onda, nə də sonra soruşmadı. Xocalıda qaçaqaç başlayanda o, uşaqları mənə tapşırıb yaşlı valideynlərini evdən çıxarmağa getmişdi. Hardan biləydi ki, özü anasını kürəyində daşıyanda üç balasını meşə udacaq…

5 baş külfət idik biz Xocalıda. İndi ikimiz qalmışdıq. Daha ata-ana deyildik. Ailə də deyildik. Amma yoldaşım yenidən ailə olmağımıza israr etdi, əlimi buraxmadı. O gün bu gün bir-birimizə məlhəm olduq, dəstək olduq. Sonra Allahın yazığı gəldi bizə. Bir oğlumuz, bir qızımız dünyaya gəldi. Bu oğlumuzun da adını Roman qoyduq… O Romanın şərəfinə… Roman böyüdü, əsgər oldu. Evləndi, ata oldu. Amma bir dəfə də mən oğlumu adıyla çağıra bilmədim. Başqa şirin adlar dedim, amma Roman demədim…

Heç yadımdan çıxmaz. Bir müddət qaçqın kimi Naftalanda sanatoriyada yaşayırdıq. Xocalı abidəsi qoydular ora. Yoldaşıma da tapşırmışdılar ki, o abidəyə qulluq etsin. Gecələr eyvandan baxırdım ki, abidənin işıqları yanırmı? Yoldaşım soruşdu ki, neynirsən o işıqları? Dedim, elə bilirəm, ora don vurmuş balalarımın evidir. Abidə qaranlıq olanda narahat oluram. De, yandırsınlar işıqları, uşaqlarım qaranlıqda qalmasın... 30 il keçib... Amma nə olsun. Hər dəfə fevral ayı gələndə qayıdıram o gecəyə, o meşəyə. Balalarımın səsini eşidirəm. Bir şəkilləri də qalmayıb ki, baxım,əzizləyim. Bir qəbirləri də yoxdur ki, gedim, baş çəkim. Xatirələrimdə də o qaranlıq meşə var, bir də balalalarımın qaranlığı dələn pıçıltıları…

2-ci hekayət: Yoldaşıyla birgə girov düşən Zemfira Əliməmmədova.

Yağı gəldi yanıma,

Susamışdı qanıma,

Döndüm qürbət ellərdən,

Qüvvət gəldi canıma.

(Bayatı)

Mən Əliməmmədova Zemfira, bir vaxtlar Xocalı sakiniydim. Həyatımın bütün yayları, qışları Xocalıyla bağlıydı. Orda doğulub- böyümüşdüm, orda məktəbə getmişdim, elə orda da gəlin köçmüşdüm. Elə bilirdim, ömrümü Xocalıda başa vuracam. Uzaq-uzaq səmtlərə yolum heç düşməyəcək. Amma o dəhşətli gecə qəfil zəlzələ kimi həyatımı alt-üst etdi. Düşmən gülləsindən qaçan xocalıların yolu qaranlıq meşədən düşdü. Mən də yoldaşımla onların arasında idim. İndi də xatirimə gəlir iki gün çaşqınlıq içində dolaşdığımız meşə yolu... Həyatımda rast gəldiyim ən dəhşətli mənzərələr idi: bir tərəfdən çovğun, o biri tərəfdən təlaş içində ağlayan uşaqlar, taqətdən düşən qocalar, donan insanlar, bir də bəyaz qara iz salan qan... İlahi, necə sevinirdik, kəndə yetişəndə. Elə bilirdik, Ağdamın kəndidir, qurtulduq. Amma sevincimiz qursağımızda qaldı. İşıq gələn səmt erməni kəndi imiş. Elə orda da mühasirəyə düşdük. Silahımız yox vuruşmağa, taqətimiz yox qaçmağa. Girov götürdülər bizi. İki gün burda qaldıq. Nə işgəncələrə şahid olduq. Nə qədər qohum-əqrabamızı göz görə-görə itirdik. İki gün sonra eşitdik ki, ağdamlı döyüşçü Allahverdi Bağırovun köməyi ilə bəzi girovları ermənilərlə dəyişirlər. Əlimiz göydə, qulağımız səsdə idi. Bəxtimiz gətirdi. Yoldaşımla mən də azad edilənlərin içindəydik. Beləcə, bizi Ağdama yolladılar. Həmin gün cismimiz girovluqdan azad olundu. Amma o günlərdə gördüklərimiz ömürlük ruhumuzu zəbt etdi. Üstündən 30 il keçib. Amma işgəncə verilənlərin əzablı qışqırtıları, güllələnən günahsız insanların son baxışları hafizəmizdən silinmir ki, silinmir. Biz də onlardan biri ola bilərdik. Yoldaşım da, mən də ölümün astanasından dönənlərdənik. Bizə keçmiş Xocalı sakinləri kimi baxmayın. Bizlər varlığıyla Xocalı yarasını diri saxlayanlarıq!

3-cü hekayət: Hər iki valideynini Xocalıda itirən Şahin Əzimov.

Həmişə yuxular gətirən layla,

Bu gecə xatirə gətirir ancaq.

Göylər də yerlərdən bir nəğmə umur,

Analar sussa da laylalar susmur.

Elə bil çağırır o illər məni,

Mən o illər üçün qəribsəmişəm.

Hanı sığallayan o əllər məni?

Mən o illər üçün qəribsəmişəm…

(Nəbi Xəzri)

Onlara öz aralarında 25-lər deyirlər. 25-lər... Bizim üçün İlk baxışdan adi görünən rəqəmdir bu... Bir tək xocalılar bilir bu sirli rəqəmin əslini-astarını... “Bəs kimdir ki 25-lər?” Üzümü tuturam Xocalı sakinlərindən Şahin Əzimova:

- 25-lər – Xocalıda hər iki valideyni qətl edilmiş 25 uşaqdır... Mən də onlardan biriyəm... Ordan çıxanda 17 yaşım vardı, qardaşım Tofiqinsə 15 yaşı. Yaxşı yadımdadır, ermənilər gecəylə Xocalıya hücum çəkdilər. Qaranlıqda qaçaqaç başladı. Oğul-uşaq, qız-gəlin bir-birinə qarışdı. Valideynlərimi də, qardaşımı da itirdim bu qaçaqaçda. Yolu-izi də tanımırdım. Bir onu bilirdim ki, böyüklər Ağdama tərəf gedirdilər. Hansı tanış simaya yaxınlaşırdım, görürdüm ya ağır yaralıdr ya da ölüb. Hər tərəf böyük, uşaq cəsədləriylə doluydu. Gizlənməyə yer də yox idi. Mən başımın üstündən uçuşan güllələrdən yayına-yayına ölmüş xocalıların arasıyla qaçırdım. Yol boyu düzülmüş cəsədlər Ağdama gedən yolu nişan verirdi. Sonra... sonra onların arasında atamla anamı gördüm. Ağır yaralıydılar. Hərəkət edə bilmirdilər. Kömək etmək istədim, amma anam qoymadı. Dedi, balam, bizi burax, qaç qardaşını tap, canınızı qurtarın... Bu, son görüşümüz oldu. Anamı son dəfə bağrıma basdım və geriyə baxmadan üzü Ağdama sarı götürüldüm. Yarı canım da orda qaldı. Elə bilirdim, geri qanrılsam, gedə bilməyəcəm geri qayıdacam. Özümdən ixtiyarsız qurumuş dodaqlarımı dişləyirdim. Dodaqlarım duzluydu. Ancaq onda səhərdən ağladığımın fərqinə vardım. Çox axtarışdan sonra qardaşım Tofiqi tapdım. Bətni-bənizi ağarmışdı. Məni görüncə bir anıq üzüişıqlandı. Sonra sual dolu nəzərlərlə baxdı üzümə. Başımı aşağı saldım. Nə deyəydim, necə deyəydim?.. Sakitcə sarılıb bir xeyli ağlaşdıq. Xocalıda biz atalı-analı idik. İndisə tək qalmışdıq... Çarəsiz qalmışdıq, başsız qalmışdıq. Ayrı vaxt olsaydı, bəlkə bu qədər tək hiss etməzdik. Amma düşünün, biz bir gecənin qaranlığında tək valideynlərimizi deyil, yurdumuzu, evimizi, elimizi, obamızı da itirmişdik. Elə bil qəfil sunami baş vermis və bütün bizə dogma, şirin olan canlı-cansız hər nə varsa, udmuşdu. Nə baş qoymağa bir balışımız, nə su içməyə bir stəkanımız, nə məsləhət eləməyə bir həyanımız vardı. Hisslərimiz də Xocalıdan qaçdığımız yol kimi donmuşdu. Amma yaşamalıydıq, tək özümüzə görə deyil, donmuş cəsədi düşmən tapdağı altında qalan ata-anamızın ruhunu şad etmək xatirinə toparlanmalı, ayaqda olmalıydıq. Növbəti günlərdən birində əzizlərinin axtarışında yola düzələn xocalıların arasında biz də vardıq. Camaat qarın içindən öz doğmalarını min əzabla tapıb çıxarırdı. Çətin də olsa, biz valideynlərimiz qarşısında son borcumuzu yerinə yetirdik. Çovğuna baxmadıq, qara baxmadıq, ağrıya baxmadıq, acıya baxmadıq. Onların donmuş cəsədini tapıb əmin yerdə müsəlman qaydasıyla torpağa tapşırdıq. Torpaq məzarın üstünü örtdükcə ikimiz də böyüdük. Həmin gün uşaqlığımızı da o məzarlıqda basdırdıq. O gündən biz də ata-anasının cəsədini min əziyyətlə tapıb torpağa tapşıran 25-lərdən olduq...

4-cü hekayət: Yaralı övladını ümidlə kürəyində daşıyan Nuridə Ələkbərova.

Uzaqları yaxın eylə, sehirbaz!

(Azər Cırtdan Məmmədov)

Hardasa bir uşaq ağlayır... Niyəsə kirimir bu uşaq... Amma necə doğmadır siması, necə tanışdır cizgiləri. Yaxınlaşıb diqqət edir. Özgə uşaq deyil ki. Öz balasıdır. Canı canından olan ilk göz nuru Səxavət... 30 ildə böyüməyən, 11 yaşında qalan Səxavət... İllərdir, eyni yuxunu görür Nuridə. Hər dəfə də yuxudan hövlank ayılıb güzgünün qarşısına keçir, diqqətlə baxır, baxır. Çox şeymi dəyişib bu 30 ildə saçındakı ağlardan, üzündəki zərif qırışlardan başqa? Deyəsən, dəyişməyən təkcə ad-soyadıdır: Ələkbərova Nuridə. Başqa da hər şey dəyişib. Məsələn, bir vaxt vardı, Xocalıda yaşayırdı üç uşağı və həyat yoldaşı ilə birgə. İndisə iki iki uşaq anasıdır... Hafizəsi onu böyük oğlunu itirdiyi həmin qadalı günə çəkib aparır:

- Allahsızlar güllə yağışına tutmuşdular bizi. Oğlanlarım və qızımla qarlı yerlə sürünürdük. Ayrı əlacımız yox idi. Bircə güllələr səngiyəndə durub qaçırdıq. Birdən böyük oğlum Səxavət dayandı: “Ay ana, məni vurdular” Baxdım ki, güllə sinəsindən girib kürəyindən çıxıb. Dedim, qorxma, ana qurban, məndən yapış, səni aparacam, sağalacaqsan. Oğlumu sinəmə sıxıb sürünürdüm. O biri uşaqlar da böyrümdə. Yarım saatdan sonra uşaq qucağımda canını tapşırdı. Əli əlimdə, gözü gözümdə qaldı… Ağlaya-ağlaya yanımdan keçənlərə yalvardım ki, uşağı qaldırıb kürəyimə qoyun. Hərə bir yandan deyirdi ki, uşağı qoy get, sənə çətindir. Heç kimə baxmadım. Yaylığımı başımdan açıb oğlumun cansız bədənini kürəyimə sarıdım. Elə bilirdim, qoyub getsəm, dalımca ağlayacaq ki, ana, məni niyə atdın?.. Düz Ağdama çatanacan oğlumun cansız bədənini kürəyimdə daşıdım. Ağdamda oğlumu kürəyimdən açıb torpağa tapşırdım. Xocalının işğalında balamı itirdim. Ağdam işğal olunanda da balamın qəbrini... Amma 30 ildir, heç kimə demədən səssiz-səssiz gözləyirəm. Oğlumun məzarını ziyarət edəcəyim günü…

5-ci hekayət: Bütün ailəsini Xocalı qətliamında itirən Rauf Qəmbərov.

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Mənə zülm elədi yaman ayrılıq…

(Nigar Rəfibəyli)

8 nəfərdən ibarət bir ailə düşünün: ermənilərin əlindən Xankəndindəki evindən baş götürüb qaçan, Xocalıya pənah aparan Qəmbərovlar ailəsi. Bir qəlb düşünün. İçində 7 doğmasının yarasını daşıyan bir insan qəlbi...

Adım Nərgizdir. Sizə atamdan danışmaq istəyirəm, daha doğrusu atamın qəlbində gəzdirdiyi 7 yaradan. Atam Rauf Qəmbərov bir vaxtlar Xocalı sakini olub. İllərdir, bu mövzuda danışmaqdan qaçır. Amma biz bilirik içindən keçənləri. Bilirik ki, bir saniyə də unutmayıb 30 il bundan öncə olanları. Hafizə qəribə məfhumdur. Sənlə yaşa dolur, amma qocalmır. Acılı-şırinli xatirələri bir təravətli saxlayır ki, elə bil dünən olub olanlar. Bir ətir, bir rəng, bəzən bir nəğmə səni ən uzaqlara alıb aparır... Deyir, qarlı qış günləriydi ailəsinin 7 üzvünü itirəndə. 7 güllə açılmışdı həmin gün və o güllələr 7 doğmasını aparmışdı. Atası- o yerlərin adlı-sanlı aşbazı Qarsalan kişini, anası Validə xanımı, Xocalı özüünümüdafiə batalyonunda vuruşan qardaşları Səfər ilə Nadiri, gəlinləri Mətanəti, qardaşı Səfərin balaları Esmirayla Emini itirəndən 30 il keçib...

Qarlı günlərdə atamın gözləri yol çəkir. Görəsən nə gəlir gözləri önünə? Atasının dillərə dastan xörəklərinin dadını, ləzzətinimi xatırlayır, qardaşlarının etdiyi zarafatlarımı, yoxsa ailənin sonbeşikləri balaca Esmirayla Eminin gülüşlərinimi?.. Hər dəfə də gözləri yol çəkəndə dərindən köks ötürür, dönüb bizə baxır və xəfifcə gülümsəyir. Əlbəttə, o da bilir ki, hər şeyə rəğmən həyat davam edir. Atam qanlı Xocalı günlərindən sonra az sevinc yaşamayıb həyat yolunda. Xocalıdan çıxandan sonra əvvəl Ağdama, sonra Gəncəyə pənah gətirib, ailəsini qurub. Ev-eşik, oğul-uşaq sahibi olub. Amma görünən o ki, bu sevinclər onun içindəki yaraları sağalda bilməyib. Çünki 30 ildir, bütün ailəsini əlindən alan o güllə yaralarının ağrılı xatirəsi atamın qəlbində yaşayır...

6-cı hekayət: Xocalıdan çıxmış Vətən müharibəsi şəhidləri.

Burda yolum oldu tən,

Varmı bu yoldan ötən,

Bu dünyada şirin şey,

Bir anadır, bir Vətən.

(Bayatı)

9 nəfər idi onlar... 9 evin çırağı... 9 igid...

- Nəsirov Xəqani.

- Abdullayev Tural.

- Mustafazadə Ceyhun.

Ayrı adda, ayrı soyadda... Ayrı- ayrı ailələrdən çıxmışdılar...

- Cavadov Namiq.

- Miriyev Sənan.

- Əhmədov Nicat.

Fərqli-fərqli baxırdılar, fərqli gülürdülər. Biri mavi gözlü, biri qara saçlı, o biri gülər üzlü...

- Ramazanlı Əlizamin.

- Məmmədov Elnur.

- Cəfərov Ruslan.

Amma “Haralısan?” sualına hamısı eyni cür cavab verirdi: Xocalıdan!.. Çünki hamısını eyni kök birləşdirir, eyni həsrət acısı yaxınlaşdırırdı... Ayrı-ayrı səmtlərdə eyni cür böyüyürdü onlar. Böyüklərin dilindəki “Xocalı” sözünün dəhşətini duya-duya, vətəndə vətənsizliyi yaşaya-yaşaya... Həftələr keçdi, illər dolandı, Xocalı uşaqları böyüyüb əli silahlı igidlərə döndü. Hərəsi bir tərəfdən Qarabağın səsinə səs verib son mənzilə yol aldı. Biri Şuşa qalasında, biri Füzuli düzündə, o biri də Zəngilan dağlarında can qoymaq üçün...

9 nəfər idi onlar... Qarabağ topaqlarında şəhadətə ucalan 9 Xocalı şəhidi... Qələbənin dadını bizlərə yaşadan 9 Xocalı igidi!..

PS: Bu əhvalatları xocalılardan dinlədikcə məni bir məqam düşündürürdü. Yəhudilər dünyaya öz soyqırımlarını tanıtmaq adına həmin cinayətlərin törədildiyi məkanları minlərlə turistin ziyarət etdiyi muzey-şəhərə çeviriblər. Xocalını hafizələrdə yaşatmaq, tarixə köçürmək damarlarından azərbaycanlı qanı axan hər kəsin vəzifə borcu… Bir gün Xocalıda o həqiqətləri əks etdirəcək muzeyi ziyarət etmək diləyi ilə…

# 2105 dəfə oxunub

Müəllifin son yazıları

# # #