“Xocalı ayı”: Uşaqlardan uşaqlara Xocalı – Emin Piri

“Xocalı ayı”:  Uşaqlardan uşaqlara Xocalı   – Emin Piri
21 fevral 2022
# 13:30

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Emin Pirinin “Uşaqlardan uşaqlara Xocalı” essesini təqdim edir.

Xocalıdayıq. Daha doğrusu, kəndlərində. Ordumuzun işğaldan azad etdiyi o müqəddəs torpaqlarda...

Xocalı - adı belə adamı vahiməyə salır. Uşaqlıqdan izlədiyimiz videolar, yazılar, şahid ifadələri Xocalını düşüncəmdə cəhənnəm bir məkan kimi formalaşdırıb.

Amma ayağımı o torpağa qoyandan əvvəlki düşüncələrim 180 dərəcə dəyişir. Yeni bir Xocalı yaradıram özümə. Bir yanından çaylar, bulaqlar, meşələr, dağ, cığır - bura əməlli cənnət imiş ki... Heç bir rayonumuzun haqqını yemək istəməzdim, amma indiyə kimi gördüyüm ən gözəl yer buradır.

Bu cür cənnət torpaqda uşaq qətliamı niyə yaşansın, axı?! Cənnət torpağı uşaq qanıyla gübrələmək hansı düşüncənin məhsulu ola bilər?

...Evlərə giririk. Bu evə isə tək girmişəm. Bilmirəm, hansı düşüncə məni bu evə salıb. Bəlkə də, içimdə yatan vəhşi ruh oyanıb, qənimət istəyi məni o evə salıb. İnsanam da... Amma şair ruhum o vəhşinin nəfsinə yenilərək ardıyca addımlayır.

Otaqlardan birinə girirəm. Ortalığa dağılmış uşaq geyimləri və beşik. Uşaq otağı imiş. Stolda fotoalbom var. Vərəqləyirəm fotoları.

Bir anlıq ruhumdakı vəhşi yoxa çıxır. Hara gedib, bilmirəm. İndi Emin Piri ilə birgəyəm bu otaqda və qarşımda albomdan mənə boylanan uşaq...

10-12 yaşı olar uşağın. Şəkillər ancaq ona məxsusdur. Doğulandan bu yaşa kimi olan şəkillər. Bəlkə də, bu evdə ondan qabaq azərbaycanlı uşaq yaşamışdı - yaşı bizdən böyük, bizdən əvvəl doğulan, amma heç zaman böyüməyən bir uşaq...

Təkəm, uşaq çarpayısında oturub albomu vərəqlədikcə bəlkə də hönkürürəm, bu, elə də yadımda deyil.

Qvazimoda kimi qışqırmaq istəyirəm evdə, bu uşaq otağında. Mən vəhşi deyiləm, insanam, hisslərim, duyğularım var...

Özümdən asılı olmadan qəribə duyğular yaşayıram. Qənimət, başqa heç nə gözümdə deyil, düşünmürəm. Anidən fikrim dəyişir. Xocalıda yaşayan uşaq albomlarını yığmaq. Bacardıqca daha çoxunu.

Albomdakı şəkilləri götürürəm. Sonra digər evlərə girib uşaq olmuş evlərdə uşaq şəkillərini çantaya yığıram.

Xocalı - uşaq qətliamının yaşadığı yerdə erməni uşaqlarının şəkillərini yığmaq...

Necə də ağrılıdır...

Uşaqlıq xatirəsinin nə olduğunu yaxşı bilirəm. Bizimkilər yaşamasa da, o qaçaqaçda uşaqlıq xatirələrini salıb itirsələr də. Bəlkə də bəziləri xatirələrlə birgə torpağa qarışıb torpaq olsalar da. Azərbaycanın torpaq uşaqları...

Bir gün sülh dövründə o şəkilləri sahiblərinə qaytarmaq ümidilə... Bəlkə də bir gün bizə, mənə bənzəyən kimsə olar o uşaqlar arasından... Bu jestlərdən sonra... Bəlkə də dəyişərlər o böyüyən uşaqlar.

...Ətrafa minaatan mərmisi düşür. Amma digər evə də girirəm... Sonra digərinə...

Bütün çətinliklərə baxmayaraq, o albomların bəzisini müharibə bitənə kimi salamat saxlaya bildim. Bilmirəm, özümdən çox o uşaqların xatirəsini qoruyurdum.

Tərxis olduqdan sonra o şəkilləri özümlə birgə gətirmişəm.

İndi düşünürəm: şəkillərini yığdığım o uşaqlar sağ-salamat qaça bildilərmi?

# 2118 dəfə oxunub

Müəllifin son yazıları

# # #