Reket jurnalistin şalvarını niyə çıxarırdılar?

Reket jurnalistin şalvarını niyə çıxarırdılar?
7 yanvar 2013
# 10:55

Güloğlan Talıbbəyli təşər-təşər “dördgöz” adlandırdığı “Mercedes” markalı avtomobilini böyük şirkətin qarşısında, maşın saxlamaq üçün nəzərdə tutulmuş geniş, rahat meydançada saxladı və təşər-təşər maşınından düşdü. Ehmalca maşının ön qapısını örtdü, bura gəlməzdən öncə xüsusi olaraq şampunla yudurtmağı səbəbindən par-par yanan avtomobilinin “milyonerski rəng”inə fərəhlə göz atdı, sonra arxa qapını açıb, asılqandan pencəyini götürüb əyninə geydi.

May ayının ortalarıydı, saat 11 radələriydi, maşında pencəklə oturanda isti olurdu. Ancaq G.Talıbbəyli bu sayaq işgüzar görüşlərə gedəndə elə maşını rəngdə olan və eyni cür par-par yanan bahalı kostyumunu istiyə görə yox, sırf əzilməsin deyə əyninə geyməzdi, asılqandan asar, düşəndə geyərdi. Pencəyi əyninə geyinəndən sonra o, səliqəli bir şəkildə göy üzü mavisi rəngdə olan köynəyinin boyunluğunu sahmanladı, tünd qırmızı (“bordovı”) qalstukunu azca sıxdı, maşının yan şüşəsindəki güzgüdə yenicə təraş edilmiş sifətinə, qırxılıb, yuyulub, daranmış saçına baxdı, ürəyindən “a lotu Güloğlan, vallah, çox prezidentlərdən xarizmatik görükürsən” kimi təvazökar fikirlər keçirdi, 10 GT..01 dövlət nömrə nişanlı maşınının elektron açarını cükküldədib qapıları bağladı.

O, öz maşınının nömrəsiylə də fəxr edirdi və yeri gələndə nişandakı GT abbreviaturasının “Güloğlan Talıbbəyli” demək olduğunu vurğulayıb lovğalanır, bu nömrəni başqalarının 500, hətta 1500 manata aldıqlarını deyir, amma özünün bu xüsusi nömrəyə qəpiyinin belə çıxmadığı ilə ayrıca öyünürdü, deyirdi, “ad-familiyamı deyən kimi, dedilər, nömrə sənə qurbandır”.

Sir-sifətindən, geyimindən dünya üzərindəki çox siyasi xadimlərdən xarizmatik, diplomatlardan səliqəli olsa da, hətta prokuror köməkçisinə, mühüm işlər üzrə müstəntiqə, məhkəmə hakiminə oxşasa da, G.Talıbbəyli (bundan belə, GT) bunların heç birindən deyildi. O, jurnalist idi.

Əslində onun soyadı şəxsiyyət vəsiqəsində Talıbov idi, amma jurnalist vəsiqəsinə “Talıbbəyli” yazdırmışdı ki, imzası da xarizmatik görünsün. Özü imzasıyla öyünsə də, gerçək bu idi ki, media aləmində onun imzasını tanıyan yox idi. O səbəbdən ki, indiyəcən GT imzası düz-əməlli bir yazının altında görünməmişdi. Ona görə ki, GT yazmayan jurnalistlərdən idi. Onun baş redaktoru olduğu qəzet ildə bir, bəzən iki dəfə çıxırdı, elə il də olurdu ki, heç çıxmırdı. Ancaq bunun GT-nin dolanışığına, gəlirinə dəxli yox idi. O, yaxşı geyinir, yaxşı maşın sürür, yaxşı evdə yaşayır, dost-tanışları ilə tez-tez ziyafətlərdə olurdu. Hələ onun fikrindən keçirdi ki, bir neçə uğurlu əməliyyat da keçirəndən sonra şəhərətrafı kənddə aldığı torpaq sahəsində “villa” adlandıracağı həyət evi tikdirsin.

GT-nin yazan jurnalistlərə yazığı gəlirdi. O, hərdən onlarla nəşriyyatın yeməkxanasında, bəzi tədbirlərdə rastlaşırdı, söhbət əsnasında onların aylıq qazancını soruşub öyrənəndə öz-özünə deyirdi: “Vay dədə, demək, mənim bir gündə, bir əməliyyatda kiminsə qulağını kəsib qazandığım puldan ötrü bunlar bir il ora-bura qaçırlar. Gör nə gündədirlər ey yazıqlar... Kirayədə... piyada... cibdə pul yox... arıq-uruq...”.

Bu gün o şirkətə məhz əməliyyata gəlmişdi. Əməliyyatın uğurlu olması üçün bütün zəruri hazırlıqlar əvvəlcədən görülmüşdü. İndiyə qədər o, belə işgüzar görüşmələrdə çox olmuş, hamısından da əlidolu çıxmışdı. GT həmişə öz həmkarlarına danışırdı ki, “peçatı olan hər kəsdən pul qopartmaq mümkündür, çünki hamısı xirtdəyə qədər zibilin (o zibil yerinə başqa termin işlədirdi) içindədirlər, yetər ki, özünü xarizmatik təqdim edə biləsən”.

GT maşınının qapılarını cükküldədib bağlayanda şirkətin girəcəyinin önündə dayanmış sekyuritilər və sürücü olduqları bilinən şəxslər ona və maşına zəndlə baxdılar. Güman ki, onu ya baş vergi müfəttişi, ya da auditor-filan hesab elədilər. Çünki GT-nin görünüşünə söz yox idi. Hər şey o tərəfə, təkcə kostyumu, köynəyi və qalstuku onu İngiltərənin baş naziri Devid Kamerona oxşadırdı. GT onun və digərlərinin adını biləcək qədər savadlı olmasa da, televiziya xəbərlərində “mühüm adamlar”ın necə geyindiyini görürdü.

GT özünü sekyuritilərə təqdim etdi və bildirdi ki, şirkətin vitse-prezidenti hazırda onu gözləyir, randevüsü var. Mühafizəçilər onu masa arxasında əyləşən cavana təqdim etdilər, o da önündəki kağız-kuğuza baxaraq jurnalistin yuxarıya, vitse-prezidentin yanına qalxmasını məqbul saydı.

GT təşər-təşər dəhlizdən keçərək pilləkənlərlə şirkətin əsas ofisinin ikinci mərtəbəsinə qalxanda binanın interyerini müştəri gözü ilə süzdü və ölkə daxilində kifayət qədər məşhur, ciddi xarici əlaqələrlə malik, qanunların qadağan etmədiyi hər şeyin alğı-satqısı ilə məşğul olan bu şirkətdən beş min manat tələb etdiyinə peşman oldu. “Gərək on min istəyəydim. Verərdilər. Bunlarda pul xəzəl kimidir”, - deyə düşündü və axırda bu qərara gəldi ki, eybi yox, qaçmırlar ki, xayaları əlimdədir, 3-4 aydan sonra yenə sıxaram, mələyə-mələyə beş min də verərlər.

Onun əlində vaxtilə bu şirkətdə işləyib çıxmış (yaxud da qovulmuş) bir ekspeditorun şikayət məktubu vardı. Ekspeditor keçmiş şirkətini GT-yə sataraq, onların bir sıra maxinasiyaları barədə yazmışdı. O da məktubun yiyəsini öz növbəsində şirkətin rəhbərliyinə satmaq fikrindəydi, tələb etdiyi beş mini aldıqdan sonra “Allah işinizi avand eləsin” deyəcək, bildiklərini yazmamağa söz verəcəkdi. Dünən o, şirkətin vitse-prezidenti ilə telefonla danışıb razılaşmışdı. Tərəflər dil tapmışdılar. Vitse-prezident jurnalistlə danışıb görüş təyin edəndən sonra hər ehtimala qarşı şirkətin aylarla xaricdə, orda-burda olan prezidenti ilə əlaqə yaratmışdı və əhvalatı ona danışdıqda, onsuz da hirsli, bir az da parabeyin olan prezident Dubayda necə anqırıb-bəyirmişdisə, bəyirtisi BƏƏ-dən Binəqədiyə qədər gəlmişdi – təbii ki, telefon vasitəsilə. Prezident hirsli-hirsli bir sıra qəti göstərişlər vermişdi, amma GT-nin bunlardan xəbəri yox idi.

O, vitse-prezidentin otağına daxil olanda, onunla əl tutuşub görüşəndə hələ də “öz halal beş min manatını” beş yüz manatlıq kostyumunun qoltuq cibinə qoyub çıxacağına əmin idi. Bu əminlik vitse-prezidentin ilk sualı səslənəndə də onu tərk etmədi. Onunla təxminən eyni yaşda, 35-38 yaş civarında olan yaraşıqlı vitse-prezident gülümsər sifətlə ondan soruşdu:

- Demək, o məşhur Güloğlan Talıbbəyli sənsən? Hmmm. Güloğlan müəllim, sizə qısaca Ge-Te desəm, olarmı? Belə bir şair də olub, bilirsiz...

GT bu ərkyanalıqdan xoşlanmadı, ürəyində “qurban olsun beş minimə” dedi və üzünə elə bir ifadə verdi ki, guya vitse-prezidentin zarafatcıl adam olmasını başa düşür, amma yaxşı olar ki, o, ona müəllim desin.

Vitse-prezident eyhamı anladı və sözünə davam etdi:

- Məsələ belədir, müəllim. O məktubun əslini bizə verirsən, beş min manatını alırsan. Bir daş altda, bir daş üstdə. Oldumu?

GT gülümsər sifətlə, amma təşər-təşər dilləndi:

- Əslində biz jurnalistlər öz mənbələrimizi heç vaxt açıqlamırıq, amma bu, bir az başqa məsələdir. Ortada bu qədər haqq-hesab var.

O, qoltuq cibindən məktubun əslini çıxarıb masanın üstünə qoydu və gözlədi ki, vitse-prezident də seyfdən “onun halal beş min manatını” çıxarıb məktubun yanına qoyacaq, sonra hər kəs öz arzuladığı kağız məmulatını götürəcək. Ancaq vitse-prezident belə etmək əvəzinə məktubu alıb gözucu baxdı və masasının bir kənarına qoydu, əlini seyfə doğru uzatmadı. GT sualedici nəzərlərlə ona baxdı. Vitse-prezident gülümsədi:

- Beş mini istəyirsən? Amma sən onu qazanmaq üçün başqa şey eləməlisən. Havayı beş min yoxdur ki...

- Neynəməliyəm ki... Söz danışmışıq, - GT etirazını bildirdi.

Vitse-prezident ayağa qalxaraq üzünü bozartdı:

- Şalvarını çıxarmalısan.

- Nə şalvar? Şalvar nədi əə? – GT qeyzləndi və özü də ayağa qalxdı.

Qapı açıldı və içəriyə iki pəzəvəng sekyuriti daxil oldu. Vitse-prezident bir az da ciddiləşdi:

- Şalvar çıxacaq. Ya özün xoşluqla, ya da biz zorla.

Mühafizəçilər bir addım qabağa gəldilər, görünür, onların niyyəti şalvarını çıxarmaqda GT-yə fiziki, eləcə də psixoloji baxımdan kömək etmək idi.

Bu məqamda GT qazana biləcəyi beş mindən əlini üzdü, pis yerdə axşamladığını başa düşdü. İndi onun yeganə arzusu bu otaqdan şalvarsız çıxmamaq idi.

Vitse-prezident şalvarın çıxarılmasından sonra onun başına gələcək işləri də anons etdi. GT bu varianta heç hazır deyildi. Mühafizəçilər ciddi sifətlə bir addım da qabağa gəldilər. Vitse-prezidentin öz niyyətində nə qədər ciddi olduğu üzündən oxunurdu.

- Hə, cənab Ge-Te, nüfuzlu bir şirkəti şantaj etməyin haqqı natura ilə ödənməlidir.

GT indi bu otaqdan şalvarsız çıxmağa da hazır idi, təki mühafizəçilər vitse-prezidentin dediyini etməsinlər.

O, vitse-prezidenti, şirkəti hədələməyə başladı, dedi, bu iş burda bitməz, onun başına bir iş gəlsə, jurnalistlər bu işi belə qoymazlar, məsələyə ölkə rəhbərliyi, dünya birliyi qarışar.

Vitse-prezident güldü:

- Səni o günə qoyandan sonra işə kim qarışır, qarışsın, sən ağıllı olacaqsan, gedib deməyəcəksən ki, başıma belə bir iş gəlib. Pulunu da verəcəyik. Başa düşürsənmi, bu, bir profilaktik addımdır. Belə edirik ki, sən bizi bir daha şantaj eləməyəsən. Bizdə də bəzi videogörüntülər olacaq ki, sən dinc durasan.

Qəddarlıq yağan sifətlərdəki ifadədən qorxan GT qəflətən əməlli-başlı hövlləndi və var gücüylə müqavimət göstərməyə qərar verdi. O, heyvani səslər çıxardaraq əvvəlcə qapıya doğru qaçmaq istədi, önündə pəzəvəngləri görüncə pəncərəyə doğru getdi, ancaq üç nəfər onu qamarlaya bildilər. Kabinetdə süpürləşmə, boğuşma prosesi başladı. Məlum oldu ki, onun şalvarını çıxarmaq asan deyil. Əslində vitse-prezidentin və mühafizəçilərin doğrudan da belə bir niyyətdə olub-olmadıqları aydın deyildi. Ancaq mühafizəçinin biri onu arxadan qucaqlayanda GT-yə necə bir güc gəldisə, dartınıb onun əlindən çıxdı və vitse-prezidentə babat bir yumruq vurdu. Burada o, gün ərzində buraxdığı ikinci səhvini etdi. Birincisi durub buraya gəlməsiydi.

Heç demə, mühafizəçilər əməlli-başlı şərq əlbəyaxa döyüş növlərinin ustası imişlər. Onların fəndindən sonra GT bir anın üçündə özünü üzüquylu yerdə, qolunu arxadan burulmuş gördü. Artıq onun müqavimət göstərəcək heç bir halı yox idi. Mühafizəçilər istəsələr, onun şalvarını çıxara bilərdilər. Ancaq onlar bunu etmədilər. Partlamış dodağının qanını silən vitse-prezident söyüş söyə-söyə göstəriş verdi, mühafizəçilər GT-ni qaldırıb danaboyun edərək vanna otağına apardılar və orada izi qalmayan yerlərindən bir qədər budayaraq yerə yıxdılar, sözün birbaşa mənasında şəlpəyə çevirib döşəmədə sürüdülər. Mühafizəçilərdən birinin onun totuq sifətinə vurduğu şillədən sonra sol suratda beş barmağının beşinin də yeri qalırdı, hətta o da bilinirdi ki, barmaqlardan birində üzük olub. GT-nin şalvarı çıxarılmayan dalına dəyən təpiklərin hesabı itmişdi.

Ancaq belə görünürdü ki, onu buraxmaq fikirləri yoxdur. GT-ni yenidən vitse-prezidentin otağına gətirdilər. O, artıq ağzının qanını yaş məndillə silib qurulamışdı, amma hirsi soyumamışdı. Bunun belə olduğunu GT-ni otağa girməsindən beş-altı saniyə sonra sifətinin sağ tərəfindən tutuzdurulan şillə sübut etdi.

Onu zorla masaya oturtdular. Qarşısına kağız-qələm qoydular və əmr etdilər ki, yediyi zibili, şantaj məqsədilə qırdığı qələtləri bir-bir yazsın. Ya yazacaq, ya da bu saat hüquq-mühafizə orqanlarının nümayəndələri buraya çağırılacaq və onlar hər şeyi ona yazdıracaqlar. GT ağlamsına-ağlamsına yalvar-yaxar elədi, “qələt eləmişəm”, “... yemişəm” dedi, xeyri olmadı. Vitse-prezident ona dedi ki, sənə şalvar güzəşti elədik, bəsindir, amma bunsuz mümkün deyil.

GT-nin əlacı kəsildi, ona deyilənlərin hamısını yazdı, imzalayıb, qələmi yerə qoydu. Vitse-prezident onun yazdığı kağızı qaldırıb oxudu və dedi:

- Kül sənin jurnalist başına. Sən heç düz-əməlli yazı yaza bilmirsən ki. “Telfun” nədir, “ərzə” nədir? Sən cümlə qura bilirsən, vapşe? Qurumsax reket! Bu ölkənin tən yarısında reketliyi biz edirik, sən kimi şantaj edirsən, ə, Ge-te?

Onu bir az da yalvardıb ağladandan sonra sərbəst buraxmaq qərarına gəldilər. Yola salanda xəbərdarlıq etdilər ki, başına gələnləri gedib orda-burda danışsa, pis olacaq, bu dəfə şalvarını mütləq çıxaracaqlar, bu yazdığını da prokurorluğa verəcəklər.

GT şok yaşaya-yaşaya, dalğın-dalğın maşınına yaxınlaşanda avtomobilin yan şüşələrində özünü gördü. Artıq o, Devid Kamerona oxşamırdı, dünya üzərində nəinki belə xarizmatik prezident və ya baş nazir, heç tiyan altında yatan səfil də ola bilməzdi. O, sağ qolu sökülmüş, astarı görünən, sol qolu cırılmış, düymələri qopmuş, illərin döşəmə cındırına dönmüş pencəyinin cibindən maşınını elektron açarını birtəhər tapdı, düyməsini basıb cükküldətdi və maşına oturaraq güzgüdə şillə-barmaq yerləri sezilən sifətinə baxa-baxa düşündü: “Ay lotu Güloğlan, xarizman cızıq-cızıq olub ey”. O bir az da özünə baxdı, udqundu və öz-özünə dedi: “Amma yaxşı qurtardın..., az qala xoruzmatik olacaqdın”.

# 2740 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #