Sovetdənqalma xalalar – Avtobus davasının əsl səbəbi

Sovetdənqalma xalalar – Avtobus davasının əsl səbəbi
29 iyun 2022
# 17:21

Kulis.az Vüqar Babazadənin “Mənzum köşə” adlı yazısını təqdim edir.

Bayaq bir video qarşıma çıxdı. Avtobus sürücüsü ilə ağırtonnajlı bir “xala” dalaşırdılar. Əvvəlcə təhqirlərlə başlayan mübahisə sonradan şiddətə keçir. “Xala” sürücünün başına çantasını çırpıb ona “qancıq oğlu qancıq” deyir, sürücü də bildirir ki, “qancıq sənsən”. Daha sonra mübahisə əlbəyaxa döyüşə keçir. Axırda sürücü dözməyib xalaya bir dənə təpik qoyur, xala aşır, sürücü də çantasını qadının üstünə atır.

Xalalar haqqında.

Orta statistik bir azərbaycanlı xalaların (yaş 45+) əksəriyyəti özlərini olduqca tərbiyəsiz aparırlar. Tək məziyyətləri Soveti dövrünü, qəhrəman anaları, müharibəyə gedən kişiləri görmək, əmanət “kartıçkaları” yığmaq olan bu qadınlar elə fikirləşirlər ki, balaca dağları bunlar yaradıblar, dünyanın bütün gərdişi-dövranından xəbərləri var. Bütün gəncləri tərbiyəsiz hesab edən bu xalalar, ümumiyyətlə, daim əsəbidir, nevrotik hallar keçirir, bir qayda olaraq hamısının xəstəlikləri var, lazımi qədər seksual tələbatlarını ödəyə bilmirlər (çünki ərlərini çərlədib öldürüblər və ikinci dəfə ərə getməyə yaxşı baxmırlar). Bu cür xalalar xoşbəxt bir adam görəndə elə bilirlər ki, o tərbiyəsizdir. O qədər sabun bişirib satıblar, o qədər çörək növbələrində gözləyiblər, o qədər mədəniyyətsizlik görüblər ki, başları gedib. Firavan və rahat yaşayan adam görən kimi dəli olurlar. Elə bilirlər ki, xoşbəxt qadın fahişə, xoşbəxt kişi isə “gəzən” olur. İndi bu sətirləri oxuyandan sonra da başlarından tüstü çıxacaq. Girib rəylərdə deyəcəklər ki, sənin anan sənə tərbiyə verməyib, tərbiyəsizsən-filan. Qoy nə qədər istəyirlər, danışsınlar. Heç vecimə də deyil. Əsas odur sözümü deyib, hər kəsə od qoyuram.

Videodan görünən mənzərəyə bir xeyli baxdım. Adamların bəziləri gülür, bəziləri əsəbiləşir, bəziləri kədərlənirdi. Amma mən heç nə hiss etmədim. O video ölkəmizin əsl üzünü göstərən çox gözəl mənzərədir. Ay nə bilim demokratiya, müasirlik, inkişaf etmək, Avropanın pisini atıb, yaxşısını götürmək-zad. Bağışlayın, siz harda, hansı adamların içində yaşadığınızı unutmusunuz, cənab? Nə mədəniyyət? Nə müasirlik?

İnsanlar təyinatı üzrə yaşamırlar. Problemləri tamam başqa yerdə axtarırlar. Özlərini ağıllı hesab edən bu xalalar bilmirlər ki, əgər istədiyi yerdə dayanacaq yoxdursa və harda gəldi avtobusu saxlamaq olmursa, bu sürücünün günahı deyil. Bu dayanacaq quraşdıran qurumların günahıdır. Bir daha yazım. Sovet dövrünün adamları yaxşı görə bilmirlər. BU AİDİYYƏTİ QURUMLARIM GÜNAHIDIR. Sovet dövrünün adamları həm də latın qrafikasını yaxşı mənimsəməyib, cahil qaldıqları üçün kiril qrafikası ilə də yazıram: БУ AИДИЈЈӘТИ ГУРУМЛAРЫН ҜҮНAҺЫДЫР.

Yəqin ki, nə demək istədiyimi başa düşürsüz. Hər yerdə oturub-durub “gənclər savadsızdır”, “gənclər tərbiyəsizdir” deyən bu adamlar yığışıb gedib Bakı Nəqliyyat Agentliyinin qarşısında mitinq edə bilmirlər ki, bizim istədiyimiz yerlərə dayanacaq qoyun. Çünki bundan ya başları çıxmır, ya özlərini qoyublar artistliyə, ya da ən yaxşı variantda qorxurlar. Amma mənə maraqlıdır, bu necə qorxmaqdır ki, hansısa tanımadığı avtobus sürücüsünə “qancıq oğlu qancıq” deyirsən?

Yolla gedirsən, bir xala çıxır qabağına, ya yerə tüpürür, ya yüksək səslə telefonda danışır, ya yerə zibil atır, ya avtobusda dava salır, ya yer üstündə mübahisə edir, ya marketdə növbə yaradır, ya da kimə gəldi ilişir. Elə bilirlər ki, bu adamlara tərbiyəsiz hərəkətlərinə görə heç kim heç nə etməyəcək. Necə etməyəcək? Kiməsə qancıq oğlu deyəndə bilmirsən ki, təpiyi qoyacaq sinəndən yıxılıb xurd-xəşil olacaqsan? Bəs belə olur da.

Ümumiyyətlə, yaşı 50+ olan yaşlı kişilər və xüsusən də, yaşlı qadınların övladları! Öz ata-analarınızı dükana-bazara çıxmağa qoymayın, ümumiyyətlə, onlar çölə çıxmasa daha yaxşıdır. Evdə otursunlar, namaz qılsınlar, yengəlik eləsinlər, nəvələrinə baxsınlar, yemək bişirsinlər. Artıq indiki zamanda cahil o adamlara deyirlər ki, həmin adamlar texnologiya ilə, yeni dövrlə ayaqlaşa bilmirlər. Əgər bir halda ki, müasir dövrün tələbləri ilə uzlaşa bilmirsə yaşlı adamlar, onlar, yaxşı olar ki, cəmiyyət içinə buraxılmasınlar. Gəlib mənə ağıl öyrətməyin ki, sən faşistsən, nə bilim, sən filan şeysən, bəhmən şeysən. Gənclər Sovet dövrünün tör-töküntülərinə qarşı nifrətlə silahlanmalıdır. Əgər həddini bilməyən yaşlı olarsa, ona qarşı 100 qat tərbiyəsizlik etmək lazımdır. Əgər hansısa gəncə artıq-əskik şey deyən, etmək istəyən qoca olarsa, elə həyasızlıq etmək lazımdır ki, yeddi qatından keçsin.
Ziyalılar, mədəniyyətlilər isə öz yerində. Onlarla işimiz yoxdur.

İndi isə qayıdaq sürücü-sərnişin müstəvisinə. Davanı əvvəlcə sərnişin başladır. Sürücü də özünü müdafiə edərək qadının şiddət dolu hərəkətlərinə qarşılıq verir. Bəli, biz şiddətə qarşıyıq. Şiddət görəndə kədərlənirəm, məyus oluram, şiddət göstərən adamlar görəndə hirslənirəm.
Bu situasiyada sürücü haqlıdır. Sürücü yalnız bir halda haqsızdır ki, təpik vurur və çantasını nakaut olan rəqibinin üstünə rəziledici formada atır. Amma, lənət şeytana, axı nə üçün özünü və hərəkətlərini qanmayan bir xalaya görə, bir ailə çörəksiz qalmalıdır?
Burdan yazıb aidiyyəti orqanlardan xahiş etmək istəyirəm ki, sürücüyə heç nə eləməsinlər. O yazıq gündə 50 000 adam...

Bir dəqiqə, dostlar... Mənəm Rəvan Cavid. Vüqar siqaret çəkir deyə mən davam edirəm. Bunun beynini Seymur Baycan yeyib, xəbəri yoxdur. Deməli, hadisə 13 gün qabaq baş verib. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat katibi Eyvaz Qocayev məlumat verib. Artıq sürücü işdən çıxarılıb. Qadın da yüngül xəsarət alıb, həkimə zada göstəriblər, buraxıblar evə. Belə. Nəysə, mən getdim, sağ olun!

Bir dəfə yazmışdım, indi də əsl yeridir. Sözün yeri gələndə, gərək təkrar da olsa deyəsən.

Əgər bir azərbaycanlı əsəbi, hərzə, hirsli, deyingən, narazıdırsa, bunun səbəbi sosial-iqtisadi bərabərsizlikdədir. Əslində, azərbaycanlının narazılığı və hirsi bir tərəfdən yaxşıdır. Çünki bu hirs və mənfi enerji çeşidli haqsızlıqlara qarşı qalxandır. Əgər azərbaycanlı hikkəsini və nifrətini sosial şəbəkələrdə, cəmiyyətdə, avtobusda qusmasa, dözə bilməz və ürəyi partlayıb ölər. Yalnız belə olan halda toplum sosial-iqtisadi bərabərsizlikdən faydalanır, özünə nəsə götürür. Bizdə hazırkı vəziyyət belədir. Xalq dözmür, faydalanır.

Azərbaycanlı peşəkar deyil. Azərbaycanlı hər şeyə hazırdır. Münasibətləri soyuyan, öz içlərinə qapanan, tənqidə dözümlü olmayan, küskün və kövrək, təhqir əmsalı və təhqirolunma ehtimalı çox olan, keyfiyyətcə ucuz, bir-birindən faydalana bilməyən insanlar ortaya çıxır. Qapalı cəmiyyətlərə də bu cür adamlar lazımdır.

Azərbaycanlını haçan dindirsən “Heyf deyildi Sovetin vaxtı? Sovet bizi adam elədi” deyəcək. O, həqiqətən, elə bilir ki, Sovetin dövründə ucuz qiymətə 1 kilo ət almaq olurdusa, deməli, hər şey zor idi. Sovet bir buz kimi əridi getdi. Onun ağrısını indiyə kimi çəkirik. Korrupsiya, qadın-kişi bərabərsizliyi, söyüş, ləyaqət, kişilik və bu kimi yüzlərlə şey – hamısı Sovetin zibilləridir.
Vaxtım azdır, yoxsa avtobusda baş verən yer üstündə müharibələrdən də geniş yazardım. Onu da başqa yazıda danışarıq.

# 44154 dəfə oxunub

Müəllifin son yazıları

# # #