Qıraqda arvad saxlayan kişilərin bayramı

Qıraqda arvad saxlayan kişilərin bayramı
14 fevral 2022
# 13:10

Bu gün sevgililər günüdür. Sual verə bilərsiniz ki, “hə, nolsun?” Heç nə. Əlinizi ürəyinizin üstünə qoyub etiraf edin ki, hərdən hamımız ürəyimiz istəyən qədər boşboğazlıq etmək istəyirik.

Görək ölkəmizdəki sevgililər bu günü necə qeyd edirlər.

Mənə elə gəlir ki, “sevgili” sözü çox poetik sözdür. “Lı-li” şəkilçisi isimlə işlənəndə insan bildirən anlayışlar düzəldir. Sevgi-nin insan bildirən anlayışı da sevgi-lidir.

İnkişaf etməkdə olan ölkəmizdə sevgililər gününə münasibət birmənalı deyil. Sevgilisi olmayanlar oturub-durub deyirlər ki, bəs bu gün Valentin günüdür, nə bilim kitab bağışlama günüdür, Əli (ə)-ın, Kavani və Di Marianın ad günüdür, Yaponiyada lüt kişilər günüdür filan. Hər halda, bu cür şeylər deyən, sevgililərə qarşı belə aqressiv olan, özünü tənha, tək, yalqız, biçarə, bilmərrə, bir qətrə, bir sətrə - takta düşdüm - hiss edən adamlar mənə çatmır. Onlar nə üçün sevgili olan insanlara bu cür nifrət bəsləyirlər başa düşə bilmirəm.

Ümumiyyətlə, Azərbaycanda son zamanlar yaranan bir trend var. Əgər kütlənin qeyd etdiyi, yaxud bəyəndiyi nəyisə inkar edəndə, avtomatik olursan həmin adamlardan intellektcə üstün. Yəni, sizin sevgiliniz yoxdursa, bu o demək deyil ki, başqaları da sevgililər gününü qeyd etməməlidir.

Bu günü müxtəlif adamlar qeyd edirlər. Həyat yoldaşı olan adamlar, həyat yoldaşı olub, qıraqda arvad saxlayan adamlar, həyat yoldaşına sevgili kimi davrananlar, əsasən isə gənclər. Həyat yoldaşı olan adamlarla, qıraqda arvad saxlayanlarla filan işimiz yoxdur. Onlar üstün insanlardır. Mən hələlik onların çatdığı zirvəyə çatmamışam. Ona görə də gənclərimiz bu günü necə qeyd edirlər, ondan danışmaq istəyirəm.

Gənclərimiz bu günü, əsasən, “mişka” ilə qeyd edirlər. Bu, təbii ki, çox gözəl haldır. Vallah, tam səmimiyəm, mən sevgilisinə ayı alan oğlanları görəndə çox sevinirəm. Bu cür heyvansevər gənclər mənə ümid verir, sevindirir. Bəzi adamlar belə şeyləri qıjılıq, bayağılıq, banallıq, səviyyəsizlik, bambılılıq adlandırsalar da, mən təbii ki, bu cür düşünmürəm. Burda qeyri-adi nə var ki? İnandırım ki, sevgilisinə “mişka” alan oğlanlara qıjı, bayağı, banal, “çuşka”, səviyyəsiz deyən adamlardan soruşsan ki, niyə onlara qıjı, bayağı, banal, “çuşka”, səviyyəsiz deyirsən, heç bir adekvat arqumenti olmayacaq.

Hər nəysə, əziz gənclər, utanmadan-çəkinmədən gedib, sevgilinizə gözəl bir “mişka” alın. Bayaq marketdən özümə simit alanda, gördüm ki, qapının ağzında cürbəcür, rəngbərəng “mişka”lar düzülüb. Ürəyimdən keçdi ki, kaş mənim də sevgilim olardı, ona belə gözəl bir “mişka” alaydım. Nəsə, bu ayrı yazının mövzusudur. Ya da mənim sevgilimin olub-olmamasının sizə heç bir dəxli yoxdur.

Büdcəsi az olan gənclər isə – əsasən, tələbələr – sevgililərinə güldən, “Nestle”dən, “Kinder”dən filan alırlar. Sonra da qız bunları tərk edəndə oturub, dünyanın faniliyindən, Aydının saniliyindən, həyatın adiliyindən, qadının dahiliyindən kədərlənib ağlayırlar, şikayət edirlər. Burdan sevgilisinə “kinder-minder”, gül zad alan oğlanlara üzümü tutub deyirəm ki, “bəs bilmirdiniz axırda belə olacaq?” Sən get bu boyda Valentin günündə qıza bir dənə gül al, yazıq qız da atasının, qardaşının qorxusundan onu evə apara bilməyib, zibilliyə tullasın, sonra da gəl de ki, sevgilim məni tərk etdi. Edər də, daha. Mənə də “Kinder” alsalar, mən də tərk edərəm. Uşaq zadam bəyəm?

Fikir verirsinizsə, bayaqdan boş-boş danışıram.

Sevgililər günündə niyəsə elə hesab edirlər ki, ancaq oğlan qıza hədiyyə almalıdır. Ümumiyyətlə, təcrübəmdən yola çıxaraq bildirmək istəyirəm ki, insan tez quduran varlıqdır. Xüsusən, sevgi məsələsində, əgər bir adama sevildiyini hiss etdirdinsə, vəssalam-şüttamam. O olacaq ət, sən olacaqsan əli ətə çatmayan pişik. Ona görə də gərək asfalt yolda qatar itələməyəsən.

Bu gözəl sevgililər günündə qanınızı qaraltmaq istəmirəm, amma sevginin digər üzü ayrılıqdır. Yazının sonunu isə əziz Seymur Baycandan bir hissə tirajlayıb bitirmək istəyirəm. Adam bu sətirləri oxuyanda həyata qarşı sevgisi artır, yaşamaq, sevmək, dostluq etmək, gülmək istəyir. Yazıçı bax belə olmalıdır. İnsana hər daim ümid verən, ümid yolunu göstərən, sevginin hər şeyi düzəldəcəyinə və dəyişdirəcəyinə inandıran adam olmalıdır. Seymurun “Ürək striptizi” adlı yazısından paylaşacağım bu abzas insana yaşamaq və ancaq yaşamaq vəd edir. Bizim Rəvan Cavid də götürüb Seymuru tənqid edib. Şəxsən mən çox təəssüf edirəm. Bu abzası yazan adamı niyə və necə tənqid edəsən...

“Milan Kundera demişkən, həyatda məşq yoxdur, birbaşa səhnəyə çıxırsan. Lakin təcrübənin paylaşılmasının, əlbəttə, hamı üçün deyil, bəzi insanlar üçün faydalı ola biləcəyinə də hardasa inanmaqdayam. Xülaseyi-kəlam, ey gənc, hər hansı səbəbdənsə sevgilindən ayrıldınsa, özünə zülm eləmə. Ayrılığı faciəyə çevirmə. Bir yerdə dayanma. Fəaliyyət göstər. Daha əzmkarlıqla, daha cəsarətlə həyata atıl. Əgər maddi vəziyyətin imkan verirsə, səyahətə çıx. Kitab oxu, biliyini artır, mütləq və mütləq ingilis, alman, fransız, ispan, italyan dillərindən birini, hətta imkan varsa, ikisini öyrən (niyə də yox, niyə də olmasın?) Ən böyük faciə insanın əlini-qolunu sallayıb, boş dayanmasıdır. Sən fəaliyyətdə ol, işlə, biliyini artır, dayanmadan öyrən, görəcəksən ki, hər şey sən düşündüyündən də tez bir zamanda öz qaydasına düşəcək. Xaraktercə naqis adamlar ayrıldıqları adamı miskin vəziyyətdə görmək istəyirlər. İstəyirlər ki, ayrıldığı adam pis vəziyyətə düşsün. Yəni mən sənin yanında olanda sən yaxşı idin, getdim, gördün nə günə qaldın. İndi özünüz deyin, naqis adamlara bu sevinci yaşatmağa imkan vermək olarmı? Əsla olmaz! Belə bir rəvayət edirlər ki, uğursuz bir döyüşdən sonra Teymurləng qaçıb bir daşın dalında gizlənir. Görür ki, bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən əlli doqquz dəfə aşağı düşür (bəzi mənbələrdə yetmiş səkkiz dəfə), nəhayət, altmışıncı cəhddə qarışqa dəni yuvasına apara bilir. Qarışqanın bu əzmkarlığını görən Teymurləng bərk utanır. Utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O, gizləndiyi yerdən çıxır, qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir. Belə”.

# 5125 dəfə oxunub

Müəllifin son yazıları

# # #