Restoranda başıma gələn əcaib hadisə

Vüqar Van

Vüqar Van

27 yanvar 2023
# 14:00

Kulis.az Vüqar Vanın "Müraciətin fabulası ətrafında" adlı yazısını təqdim edir.

Düz 10 gündür yazı yazmıram. Həm təzə yazdığım romana başım qarışıb, həm də sosial şəbəkələrdə genişmiqyaslı şəkildə söyülürəm. Oxucu mesajları dayanmır, hamı yazır, soruşur, nə olub sənə, ay müasir Azərbaycan ədəbiyyatının sütunu? Niyə yazı yazmırsan? Düzü, bu qədər sevildiyimi bilmirdim, xeyli mütəəssir oldum. (Burda gözlərim doldu, güclə toxtadım)

Oxucularımı çox intizarda saxlamaq istəmirəm, keçirəm yazıya.

İndi sizə bir yalan danışacağam. Ölürəm yalan danışmaqdan ötrü.

Bu yaxınlarda (dəqiq tarix vermək istəmirəm) bir restoranda oturmuşdum. Harold Pinter yaradıcılığında bəşəri ideyalar haqqında düşünürdüm. Son vaxtlar ancaq Harold Pinter yaradıcılığında bəşəri ideyalar haqqında düşünürəm. Toyda, yasda, yemək yeyəndə, yatanda. Ziyalı olmaq asan məsələ deyil.

Ot-ançous sousu ilə çölördəyi və Avstriya mənşəli polenta ilə verilən Venesiyasayağı dananın qara ciyərini sifariş verib, yavaş-yavaş yeyirdim. Birdən ürəyimdən Vuster sousu keçdi. Vuster sousu olmasa, yemək yeyə bilmirəm. Ofisiant da sağ olsun, çağırmasan gəlmirdi. Onu çağırmaq istədim. Amma bilmədim necə çağırım. Belə anlarda həddindən artıq həyəcanlanır və narahat oluram. Ofisiantı necə çağırım? Bu haqda, yalan olmasın (yalandı), yarım saat götür-qoy elədim.

Əlimi qaldırdım, görmədi.
Göz-qaş elədim, fikir vermədi.
Ayağa durdum, baxmadı.
Stolun üstündə çıxdım, eyninə almadı.
İlan kimi fısıldadım, saymadı.
Pələng kimi nərildədim, nəzər yetirmədi.

Başa düşdüm ki, səsimdən istifadə etməsəm, görünməyəcəyəm. Yaxşı, bəs necə? Nə deyim? Kifayət qədər sanballı, özünə hörmət edən bir restorandayam. Kübar, mədəni, krujevalı əlbisə geyinmiş qadınlar, şlyapalı kişilər, smokinqli uşaqlar. Hər kəs şərab içə-içə ancaq özlərinin eşidə biləcəyi formada danışır. Burada qışqırmaq mümkün deyil. Yemək soyuyur, Vuster sousu istəyirəm. Ofisiant da gəlmir.

Yüngülvarı boğazımı arıtladım. İncəvara, heç kim eşitmədi. Gördüm yox, boğaz arıtlamaqla əmələ gəlməyəcək. Restoranın salonunda tam xodda həzin mahnı qoyulmuşdu. Neynim, neceliyim deməyə başladım.

Bəlkə, "qarson" deyim? Qarson da yaxşı çıxmır. Fransızca qarson cavan oğlan deməkdir, mənə qulluq etməli olan ofisiantın yaşı otuzdan çoxdur.

Ofisiant desəm, harın, ata pulu yeyən uşaq kimi görünərəm.

Bəlkə, "qaqa" deyim? Yox, yox, nəbadə, qaqa desəm bu cür məkanda kəndçi kimi görünəcəm.

Brat? Yox, brat nədir?

Abi? Yox, yox, yox.

Cənab desəm, özümü mədəni göstərirmiş kimi görünəcəm.

Oğlan desəm, yekabaş, özündənrazı olacam.

Əmoğlu, xaloğludan söhbət belə gedə bilməz.

Qaqaş desəm, küçə uşağı, avara adam kimi görünərəm.

Bəy deyim, bəlkə? Bəy bir az yaxşıdır, amma bəy də həm çox rəsmidir, həm də, ola bilsin, mənə siyasətlə məşğul olan adam görkəmi versin. Birdən bəy desəm, yerdən kimsə deyər ki, qabağınıza çıxana “bəy” deyirsiz. Belə olmaz. “Bəy” statusdur, müraciət deyil.

Bəlkə, müəllim deyim? Yox, yox, kimsə desə ki, müəllimi o qədər müəllim olmayan adamlara dediz, peşəni də, sözü də hörmətdən saldız, gərək duram dalaşam burda.

Ay dili qafil, görən, mən bu adama necə müraciət edim? Axı nə günahım var? Sadəcə Vuster sousu istəyirəm. Niyə belə bir adi situasiyada ilişmişəm? Zəlil qalmış, özü də yaxınlaşmır ki, sousumu istəyim, rədd olum gedim.

Düz yarım saat bu haqda düşündüm, həmin vaxtda da yeməyi yedim qurtardım, heç sous da lazım olmadı. Axırda uzaqdan-uzağa baxışlarımız toqquşdu, əlimi qaldırıb, nəsə yazırmış kimi elədim, başa düşdü ki, hesabı istəyirəm. Hesabı necə lazımdırsa, elə də ödəyib, məkandan çıxdım.

Heç bilmədim, yazının burasına haradan gəldim. Yazıçı ki, yazıçı. Şüur axınına düşdümsə, fələk də gəlib çıxarda bilməz ordan məni. Yazanda trans vəziyyətində oluram. Mistik bir qüvvə təmas edir, qulağıma sözləri bir-bir pıçıldayır. Nə bilim, əşi. Zarafat bir qırağa, son vaxtlar hiss eləmişəm ki, məndə falçılıq istedadı var. Fal baxdırmaq, kart açdırmaq, bəxt bağlatdırmaq, ərə getmək, işə girmək istəyənlər, [email protected] ünvanına müraciət edə bilərlər. İnanmayanlara indicə bir dua oxudum, bir azdan təsirini göstərəcək.

Xahiş edirəm, bu 20 saniyəlik videoya da baxın - VİDEO

# 2566 dəfə oxunub

Müəllifin son yazıları

# # #