Müəllimlərdən 50 manat yığan direktor kimdir?

Müəllimlərdən 50 manat yığan direktor kimdir?
20 sentyabr 2022
# 14:00

Kulis.az Vüqar Babazadənin “Təhsilin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Qeyd edim ki, bu yazını mən yox, Zamin Hacı yazıb. Daha doğrusu, o deyib, mən yazmışam. Arxamda oturmuşdu, deyirdi yazırdım.

Yalançının evi yandı, heç kim inanmadı

Azərbaycan ata sözü

Bayaq xəbər saytlarında belə bir xəbər çıxıb. (Guya müəllif bu xəbəri təsadüfən görüb)

Vatsapda məktəb təmiri adı ilə müəllimlərdən 50 manat tələb edən direktor işdən çıxarılıb. Səs yazısı yayılan Sumqayıt 32 saylı məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

Sözgəlişi, onu demək lazımdır ki, direktor Esmira xanım heç bir müqavimət-zad göstərməyib. Deməyib ki, yox, səs yazısındakı mən deyiləm, montajdır. Görünür, Esmira xanım Brus Linin “su kimi ol, dostum, sakit və lal” məsləhətini dərindən mənimsəmişdir. Yoxsa bundan əvvəl rüşvət üstündə zindanlara salınan, işdən azad edilən direktorlar kimi ən azından son bir cəhd edə bilərdi. Etməyib, bunu təqdir etmək, dəyərləndirmək lazımdır.

Esmira xanım kimi zəhmətkeş direktorlarımız çoxdur. Hərçənd onların bəziləri qazamatdadır, bəziləri də DİQ-də (Direktorların işə qəbulu) komissiya sədridir. Diqqətlə baxsaq görərik ki, həmin zəhmətkeş direktorlarımız qətiyyən öz mənfəətlərini güdmür. Onlar sadəcə saf və səmimi hisslərlə istəyirlər ki, məktəbi təmir etdirsinlər.

Direktorları bir-bir dənləməkdənsə, yaxşısı budur ki, məktəblərimizi təmir etdirək. Keçən dəfə Astaranın Dürriyə kəndində oldum. Şair demiş, heyrət ey büt. Məktəb damırdı, hər uşaq evdən gələndə bir şələ odun gətirirdi, tavan çökmüşdü, palçıq adamın ağzının içinə girirdi. Zarafat edirəm. Astara zəhmətkeşlərinə dəruni və məhzun salamlar. Astara gözəl yerdir.

Gələk vəziyyətin kuliminasiya (bu sözdən zəhləm gedir) nöqtəsinə. O boyda direktor 50 manat yığırmış. Dəhşət. Buna nə ad verəsən? Biabırçılıqdır.

Bir şəhər məktəbinin maksimum 100-150 müəllimi olar, ya yox. Halbuki Astaranın Dürriyə kəndində üç müəllim vardı. Qərəz, həmin 100 müəllim 50 manatdan atışanda 5000 manat pul edir. Beşcə min manat.

Sizin, ümumiyyətlə, tikinti mallarının qiymətlərindən xəbəriniz var? Beş min manat 10 Kamaz şebeldir, 20 Kamaz qumdur, 100 kisə sementdir, 100 dənə şiferdir.

Vəssalam, yazıq Esmira müəllimə, qalanını öz cibindən verəcəkmiş. İmkan verməyin bir işıqlı adam nəsə iş görsün. O vaxt Molla Nəsrəddinçilər də minbir əziyyətlə təhsilə pul tapırdılar, indi də. Esmira xanım, deyəsən, Molla Nəsrəddinçilər xəttidir. Şəxsən, Əliqulu Qəmküsarla yaxından dost olubmuş. Hətta qədim mənbələrdə Esmira Mozalan, ya da Esmira Həkimi-nuni-səqir imzaları ilə dövri mətbuatda çap olunurmuş.

Esmira xanıma əməkdar direktor medalı verməliyik. Avropada da bu cür təşəbbüslər edən elm xadimləri, təhsil keşikçiləri vardır. Hansı ki, onlar da öz imkanları hesabına məktəblər tikdirir, uşaq oxutdururlar.

Avropadan söz düşmüşkən mütləq qeyd etməli olduğum daha bir məqam var. Bu yaxınlarda hörmətli Millət vəkilimiz Fatma Yıldırım açıqlama vermişdir ki, seçiçilərim məni Ancelina Coliyə oxşadır. Nə dərəcədə həqiqətdir, nə dərəcədə yalan bilmirəm. (Xəbəri deyirəm, Millət vəkilimiz, doğrudan da, Ancelinaya oxşayır, ona şübhəmiz yoxdur) Amma bu onu göstərir ki, artıq rayonlarımızda inkişaf var, camaat Ancelina Colini tanıyır, müasirləşmək və inkişafın ilk təzahürləri görünür.

Necə edək? Gedək xaricdən direktor alaq? Olanımız budur. Buna qane olmalıyıq. Neçə-neçə ağbirçək, ağsaqqal direktorlarımız var ki, məktəb təmir etdirmək üçün yanıb-tutuşurlar. İndi nə edək? Duraq həmin müəllimləri də qazamata ataq? Bəs harada qaldı “əməkdar müəllim” söhbəti? Bəs onların təhsilə xərclədiyi illər, əziyyətlər? Bunları ən azından hakim qərar oxuyarkən nəzərə almalıdır.

Yazını məşhur dissident şairimiz Bəxtiyar Vahabzadənin şeiri ilə bitirək.

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

# 7070 dəfə oxunub

Müəllifin son yazıları

# # #