Bayağılığı təbliğ edən qiraətçilər

Bayağılığı təbliğ edən qiraətçilər
18 aprel 2024
# 12:00

Kulis.az aktyor Kamran Ağabalayev və başqa qiraətçilər haqqında Vüqar Vanın “Qiraət, həqarət...” adlı yazısını təqdim edir.


Oxucunun əylənməsi üçün ən yaxşı üsul üçüncü adam haqqında söhbət salmaqdır. Ol səbəb aktyor, aparıcı, qiraətçi Kamran Ağabalayev haqqında danışacağam.

Təsadüfən Kamran Ağabalayevin “Qapqara” verilişinə baxdım. Qonağı Afaq Gəncəli idi. Afaq Gəncəlinin adını eşitmişdim, intəhası, onu tanımırdım. Bilmirdim, o nə işlə məşğuldur, nəçidir. Bir neçə dostumdan da soruşdum ki, Afaq Gəncəlini tanıyırsınızmı? Hamısı dedi ki, adını eşitmişik, nə işlə məşğul olduğunu bilmirik. Veriliş boyu öyrəndim ki, sən demə, Afaq xanım da aparıcı imiş. Onu harda aparıcı olduğunu isə təəssüf ki, öyrənə bilmədim. Afaq xanımı tanımamaq mənim günahımdır, günahımı boynuma alıram. Onsuz da, onunla bir işimiz yoxdur.

***

Əfsanəvi boksyor Məhəmməd Əlinin çox düşük bir söhbəti var. Deyir ki, “mən siqaret çəkmirəm, amma cibimdə hər zaman kibrit qutusu gəzdirirəm. Hər dəfə günah edəndə, kibriti yandırıb ovcuma qoyuram və öz-özümə deyirəm ki, Əli, sən adicə bir kibritin istisinə dözə bilmirsən, bəs cəhənnəm alovuna necə dözəcəksən?”.

Hərdən elə olur ki, mən də özümü belə cəzalandırıram. Özümü cəzalandırmaq istəyəndə mütləq Kamran Ağabalayevin oxuduğu şeirlərə qulaq asıram. Bu mənim üçün dünyanın ən çətin imtahanı, ən ağır cəza formasıdır. Öz-özümə deyirəm, “ay Vüqar, sən adicə Kamran Ağabalayevin şeirlərinə qulaq asa bilmirsən, bəs cəhənnəm əzabına necə dözəcəksən?”.

Kamran Ağabalayev şeir oxuyanda mən utanıram, xəcalət çəkirəm.

Ümumiyyətlə, belə qənaətə gəlmişəm ki, Azərbaycanda tanınan, məşhur olan şeir qiraətçiləri hamısı bir-birinə oxşayır, hamısı eyni dərəcədə istedadsız və qeyri-səmimidir. Kamran Ağabalayev, Xəzər Süleymanlı, Mehriban Zəki, Səfa Mehdi, Kamran M. Yunis, Əli Xəyyam, İslam Qədirli və istisnasız bütün şeir qiraətçiləri.
Bu adamların əksəriyyəti Əminə Yusifqızı, Fuad Poladov "işkola"sının davamçılarıdır və təəssüf ki, şeiri, şairi gözdən salmaqla məşğuldurlar.
Mənim indiyə qədər tanıdığım yeganə normal, səviyyəli şeir qiraətçisi var, o da Həsən Əblucdur. Allah ona rəhmət eləsin.

Düzdür, kimsə çıxıb deyə bilər ki, “nə pis iş görürlər ki, əksinə, şeiri, ədəbiyyatı təbliğ edirlər, bəs sən nə etmisən ədəbiyyatın təbliği üçün?”. Belə şit, düşük adamlara baş qoşmağa dəyməz. Çünki o adamlar pisi yaxşıdan, həqiqəti yalandan ayıra bilmirlər.

Kamran Ağabalayev sözün həqiqi mənasında şeirlərinə klip də çəkdirir.
Ümumiyyətlə, mənə elə gəlir ki, Kamran bəy özünü yekə bir klipin içində hiss edir.
O nəinki kamera qarşısında, həmçinin adi günlərdə də klip çəkir.
Divarlarla qucaqlaşır, başını tutub çömbəlir, duşun altına paltarla girib islanır, yağışda pəncərədən uzaqlara baxıb dərin düşüncələrə dalır, oturduğu restoranın pəncərəsindən oyana-buyana gedən insanları seyr edə-edə siqaret yandırıb dərindən ah çəkir, həyatın mənasızlığı, monotonluğu haqqında ağır suallarla əlləşir, dəniz sahilində balaqlarını çirmələyir, ayaqqabılarını əlinə götürüb harasa gedir, azərbaycanlıların sevincləri, həyəcanları ona hədsiz dərəcədə süni, saxta görünür, o adi adamlara, şeir oxumayanlara nifrət edir, şəhərin vitrin kafelərində caza qulaq asa-asa amerikano içir, Nuri Bilge Ceylanın filmlərinə baxır, yaxınlaşıb ondan soruşsan ki, Kamran bəy, “sevgi nədir?”. Cavab verir ki, “sevgi diksinməkdir”.

Bu hal təkcə Kamran bəyə xas deyil. Eyni zamanda, Xəzər Süleymanlıya da, İslam Qədirliyə də, Səfa Mehdiyə də, Kamran M. Yunisə də, Mehriban Zəkiyə də, Əli Xəyyama da aiddir.

Pafosun, süniliyin, saxtakarlığın, qeyri-səmimiyyətin sərhədsizliyini qanan adamlara əyani formada bunu göstərdikləri üçün onlara yekə bir təşəkkür düşür.
Bu şeyləri hər adamda, hər yerdə görmək olmur. Bu şəraiti yaratdıqları üçün şeir qiraətçiləri əvəzsiz insanlardır.

Belə qərara gəldim ki, bundan sonra özümü cəzalandırmaq və utandırmaq istəyəndə “Qapqara” verilişinə baxım.
“Qapqara” verilişindəki pafosu mən heç yerdə görməmişəm. Kamran bəy orda da özünə klip çəkdirir. Müsahibin mənasız cavablarından yalandan təsirlənir, səsinin qalın yerinə salıb sual verir və sual bitəndən sonra özünü elə aparır ki, elə bil dünyada bu sualı yalnız o verə bilərdi, indiyə qədər bu sualı vermək heç kimin ağlına gəlməyib. Özünü elə aparır ki, adam baxanda deyir, Loğman peyğəmbər ədəbi, İskəndər Zülqərneyn cəsarət və şücaəti, Hatəmi-Tai səxavət və kəraməti, Firdovsi şeir yazmağı Kamran Ağabalayevdən öyrənib.

Afaq Gəncəli ilə müsahibəsində heç cür yadımdan çıxmayan, günlərdir məni narahat edən, xatırladıqca ət tökdüyüm bir cümləsi var. Afaq xanım nəsə danışır, danışır, birdən Kamran bəy qayıdıb deyir ki, “sizin gözləriniz hər şeyi büruzə verir e, çox...”. Elə bu cür də deyir.
Bir anlıq səhnə qurulur, biz təzədən yekə bir klipin içinə düşürük və Afaq xanımın onu ələ verən mənalı, dərin gözləri haqqında fəlsəfi mükalimələrə qulaq asırıq.

Pafos Erkin Qədirlinin təbirincə desək, danışılan şeyin emosional fonudur. Çox vaxt doğru və düzgün olmaq bəs eləmir, ona görə necəsə inandırıcı olmaq lazım gəlir. Doğru sözə inandırıcılıq qatmaq müstəsna bacarıqdır. Hər şeyin təsiri ola bilər – situasiyanın, duyğuların, səsin, jestin, duruşun, baxışın, geyimin, aksessuarların və s. Həqiqi sözə inandırıcılıq qatmaq üçün müxtəlif vasitələrə əl atmaq müstəhəbdir. Amma vacib bir nüansı da hər zaman xatırlamaq lazımdır. İnandırıcı olmaq başqa şeydir, doğru olmaq başqa.

Verilişdə qadın azadlığından-zaddan danışdığı hissələr fiaskodur, o söhbətlərlə işim yoxdur, hərə bir cür düşünür. Ucundan tutub ucuzluğa getməyək.

Hərdən özümdən soruşuram ki, görəsən, yuxarıda adlarını sadaladığım şeir qiraətçiləri tələbələrə, evdar qadınlara, pafos, bəlağət üçün ürəyi gedən plaza işçilərinə, bir sözlə, ədəbiyyatdan, şeirdən yaxşı başı çıxmayan, pafosla səmimiliyi, yalanla həqiqəti ayıra bilməyən adi adamlara təbliğ etdikləri zövqsüzlük və bayağılığa görə utanıb, xəcalət çəkirlərmi? Və bu əməlin məsuliyyətini dərk edirlərimi? Yoxsa hissiyatı çıxarılan diş kimi heç nə onların vecinə deyil, hissiyyatlarını itiriblər?

***

Ancaq Kamran Ağabalayevi bir qiraətçi, bir aparıcı kimi bəyənməsəm də, insaf naminə, mütləq qeyd etməliyəm ki, aktyor kimi yaxşı aktyordur.
“Biləsuvar” filmində kifayət qədər yaxşı, gözlədiyimdən qat-qat yuxarı bir performans göstərmiş, adamın ürəyinin sarı siminə toxunan, soyuq bir yumoru tamaşaçıya çox yaxşı formada çatdıra bilmişdi. Bu həm rejissor Elvin Adıgözəlin, həm də Kamran Ağabalayevin uğurudur. Hər ikisini təbrik etmək lazımdır.
Təzəcə ekrana çıxan “Alatava” serialındakı işindən də razıyam. Fikrim var, tezliklə “Alatava” haqqında yazım.

# 9520 dəfə oxunub

Müəllifin son yazıları

# # #