13 yaşlı qızın ana olmasında günahkar kimdir?

13 yaşlı qızın ana olmasında günahkar kimdir?
7 sentyabr 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “İnsestin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bakıda 13 yaşlı qız ana olub. Qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib. Bildirilib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

Qızın anası qızdan və yeni doğulmuş körpədən imtina edib. 13 yaşlı qız da qadın sığınacağından xahiş edib ki, onu sığınacağa yerləşdirsinlər.

Faktla bağlı araşdırma gedir. Yenə faktla bağlı araşdırma gedir. Nə qədər faktla bağlı araşdırma gedəcək? Faktla bağlı araşdırmalar gedə-gedə nə qədər uşaq zorlanır, döyülür, şiddətə məruz qalır, diləndirilir.

İsa Məsih deyir ki, uşaqlara əziyyət verənlər boyunlarına daş bağlasın və özlərini çaya atsınlar.

Məktəblər açılır bu yaxınlarda. 13 yaşlı qız 6, ya 7-ci sinfə getməlidir. 7-ci sinifdə ismin hallarını, sifətin dərəcələrini, Cəlil Məmmədquluzadənin balaca hekayələrini, nə bilim müxtəsər vurma düsturlarını-filan öyrənməlidir. Top-top oynamalıdır, nağıllar oxumalıdır, pianoya, üzgüçülüyə getməlidir, bir sözlə, 13 yaşlı uşaqlar nə edirsə, onlardan etməlidir.

Adamın dili gəlmir desin ki, 13 yaşlı qız ana oldu. Axı belə ana olmur. 13 yaşında ana olur? Ay camaat, Allahaqqı sizdən soruşuram, 13 yaşında ana olar?

Əslində dinimiz 9-13 yaşdan sonra qızları həddi-büluğa çatmış sayır və onlarla cinsi əlaqəyə icazə verir. Əgər səhvəmsə, düzəldərsiz. Səhv də ola bilərəm. Yox, əgər səhv deyiləmsə, onda nə edəcəksiz, çox maraqlıdır. Tutaq ki, doğrudan da, düz oldum. Onda nə olacaq?

13 yaşında qızı kim hamilə saxlayıb? Bu faktla bağlı araşdırma gedir. Qız özü deyib ki, zorlayıblar məni. Heyrət, sadəcə heyrət. Adam başqa nə desin? Mən indi bu faktla bağlı nə yazım? İnsest, zorlama haqqında adam bilmir, vallah, nə yazsın.

Tutaq ki, öldürdün. Hə, nə çıxdı bundan?
Tutaq ki, tutdun. Hə, nə çıxdı bundan?
Tutaq ki, heç nə eləmədin, buraxdın. Hə, nə çıxdı bundan?
Tutaq ki, oğlan qızı aldı, beləcə zorlamaya azərbaycansayağı çarə tapdılar. Hə, nə çıxdı bundan?

Bütün bu sualların cavabını mən bilirəm. Bunlardan yekə bir HEÇ NƏ çıxır. Heç nə. Çarə, əlac başqadır, bilmirəm, bilmirəm, bilmirəm. Amma yuxarıdakı əməliyyatlarla iş düzəlmir, qardaşlar, bacılar.

Əgər bir insan öz nəfsinə hakim olmayıb, 13 yaşlı qızı zorlayırsa, deməli, bu insan deyil. Burası heç, aydındır. İnsan olan kəs bu hərəkəti etməz. Ciddi deyirəm, çox ciddi məsələdir. İnsansansa, belə şey etməzsən. Bu hərəkəti etmək üçün gərək insan olmayasan.

Thesus adlı bir yunan səyyahı və sərkərdəsi olur. Bu bir gəmi hazırlayıb, çıxır səyahətə, qələbələr qazanır, döyüşür. Səyahət dövrü çox uzun çəkir və gəmini daima yeniləməli olurlar. Məsələn, bir taxta çürüyür, yerinə təzə taxta qoyurlar. Gəminin hər bir detalını dəyişirlər. Thesusun gəmisi limana yanaşanda məlum olur ki, artıq bu gəmi Thesusun səyahətə çıxdığı, qələbələr qazandığı gəmi deyil. Çünki əvvəlki gəmidən heç bir detal qalmayıb. İndi sual olunur. Bu gəmi Thesusun birinci gəmisidirmi, əgər deyilsə, haçandan birinci gəmi olmaqdan çıxıb, yeni gəmiyə çevrildi?

İndi bu paradoksu da şamil edək 13 yaşlı qızı zorlayana.

Yaxşı, əgər bu varlıq insan deyilsə, bəs nədir? Axı insan kimi dünyaya gəlmişdi. İnsan kimi doğulmuşdu. Sonradan nə oldu ki, insan yox, eşşək oldu? Üzr istəyirəm, eşşək də elə şey eləməz. İnsan deyilsə, haçandan və hansı səbəblərə görə insan olmaqdan çıxıb, tamamilə başqa bir varlığa çevrilib. Yaxşı mövzudur, yaxşı sualdır.

Bilmirəm, necə edək? Adamlar sual işarələrinə bənzəyirlər, amma heç kim öz cavabını bilmir. Heç kim öz cavabını bilmir, vicdan haqqı. Vallah, niyə inanmırsız, düz deyirəm.

Bu qızın aqibətindən elə bilirsiz azdı? Eh, elə bilirsizsə, sizə daha nə deyim. Saf insansız ki. Sizin kimi yaşamağa nə var? Xeyr, bu aqibətlərdən çoxdur, lap çox. Sadəcə bu məsələlər üstüörtülü şəkildə “böyüklər” tərəfindən necəsə həll edilir. Mövzunu bağlayırlar.

İndi bu qızın da uşağı oldu, qalmağa yeri yoxdur deyə, xəbər tutduq ki, belə bir hadisə baş verib. Əgər xəbər tutmasaydıq, “böyüklər” necəsə yoluna qoyacaqdılar. Sonrada sırtıqcasına irişə-irişə adamın düz alnının ortasına deyəcəkdilər:

“Hə, nə olsun? Bizim nənələrimiz də 13 yaşında 3 dənə uşaq doğmuşdu”

Kulis.az xəbər verir ki, vicdan haqqı, yaşamaq, xüsusən, insanlıqdan çıxıb başqalaşmış adamlar içində yaşamaq və kirlənməmək çox çətindir. Çox çətindir, çox.


# 6041 dəfə oxunub

Müəllifin son yazıları

# # #