Gənc bəstəkar: “Dünyada ən yaxşı musiqi təhsili Azərbaycandadır” – Müsahibə

Ülvi Nardie, bəstəkar

Ülvi Nardie, bəstəkar

15 dekabr 2021
# 09:00

Yutub platformasındakı bəstələri ilə diqqətimizi çəkən gənc bəstəkar Ülvi Nardie ilə müsahibəni təqdim edirik.

– Əvvəlcə özünüzü təqdim edin. Sizin haqqınızda, demək olar ki, heç nə tapa bilmədik.

– Adım Ülvi Nardie, 5 iyun 2002-ci ildə Sankt-Peterburqda doğulmuşam. Pianoçu və antik klassika bəstəkarıyam. 3 il Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışam. Piano ilə ilk tanışlığım bu məktəbdə oldu, çox böyük maraq yaratdı məndə və həvəslə 6 yaşımda piano öyrənməyə başladım. 13 ildir ifa edirəm. Daha sonra isə piano üzərində əsərlər bəstələməyə başladım. İlk əsərimi 17 yaşımda bəstələmişəm.

– Nə üçün bu işlə məşğulsuz? Yəni niyə məhz bu sahəni seçmisiz?

– Mən artıq uşaqlıqdan musiqinin mənim həyatımın bir parçası olacağını anlamışdım və musiqiyə qarşı olan bu sevgi illər keçdikcə daha da artdı, ən sonda anladım ki, musiqiçi olmağı insan özü seçmir, musiqiçi doğulursan, həmçinin bəstəkar da.

– Özünüzü artıq peşəkar bəstəkar hesab edirsiz?

– Yaşla bərabər peşəkarlıq da artır, bəstəkarlıq bir emosiya, hissiyyat deməkdir və bu hisslərimi insanlara daha yaxşı çatdırmaq üçün əlimdən gələni edəcəyəm.

– Hansısa bəstəkardan təsirlənmisinizmi?

– Bəli, öz emosiyalarını, duyğularını insanlara çatdıran və onların ürəyinə toxuna bilən bir çox bəstəkar var, bunlardan Üzeyir Hacıbəyov, Qara Qarayev, Tofiq Quliyev, Frederik Şopen, Ludviq van Bethoven kimi bəstəkarların adını çəkə bilərəm.

– Müğənnilərlə işləmisinizmi, yaxud işləmək planınız varmı?

– Bəli bir neçə vokalist ilə işləmişəm. Sabina Mirza, İya Jgerenaia və.s var. Onlar həm vokalist həm də songwriter-dılar. Onlarla birgə bəstələr yazmışıq, vokal məşqləri də olub. Onların bacarıqları məni heyran buraxdı, bizim birgə gördüyümüz işləri isə əsl sənət nümunəsi hesab edirəm.

– Bu günlərdə hansı layihələr üstündə işləyirsiz?

– Hazırda “Pasado Sonata”nın üzərində işləyirəm, ümumilikdə 3 hərəkət, hissədən ibarət olacaq ilk sonatamı tamamlamağa çalışıram.

– Alınır?

– Bəli, bu ay bitirməyi planlaşdırıram.

– Favorit film bəstəniz hansıdır?

– Bəyəndiyim bir çox film bəstəkarları, “soundtrack” yazarları var. John Williams (Schindler's list ), Ennio Morricone (The Good, the Bad and the Ugly ), Gustavo Santaolalla (Babel ) və s.

– Bəs hansısa filmə bəstə vermisinizmi? Bu arada Schindlərin siyahısını mən də bəyənirəm.

– Mənim filmlər üçün bəstələdiyim əsərlər var, hələ ki heç bir filmə təklif etməmişəm, ancaq etməyi düşünürəm, eyni zamanda “soundtrack” yazarıyam.

– Kompozisiya sizin üçün nədir?

– Bəstəkar bəzən öz hisslərini, fikirlərini, dil ilə deyə bilmədiyi zaman notlarla izah edər, budur kompozisiya. Bəstəkarın insanlara bəxş etmək istədiyi duyğudur.

– İlk bəstənizi necə yazmısız?

– Yazdığım ilk əsər “A Good Man” adlanır. 17 yaşımda bəstələmişdim. Bu əsər ilə bəstəkarlığa böyük adım atmışdım. Qoca və müdrik bir insanın hekayəsidir. Ukulele üzərində bəstələmişdim.

– Ən çox uğur qazanan, ən çox səs gətirən layihəniz hansı olub bəs?

– Ən böyük maraq doğruldan əsərim, yazdığım ilk vals oldu. Xeyli sayda klassika sevər tərəfindən dinlənildi və bəyənildi. Bu arada valsın notlarını xeyli sayda insan soruşur. Notlar çox yaxın bir zamanda yayımlanacaq.

– Sizin üçün ən doğma işiniz və ya bəstəniz hansıdır? Əminliklə "bu mənəm, Ülvi Nardie”dir deyə biləcəyiniz bəstə.

– Əlbəttə ki, yazdığım hər bir əsər mənim bütün hisslərimin ifadəsidir. Ancaq bu suala cavab verməli olsam “Pasado sonatasının 2-ci movementi” deyərəm, çünki bu əsər antik klassikanın bir təcəssümüdür və mənə antik klassika bəstəkarı adını qazandıran bir əsərdir.

– Özünüzü və yaradıcılığınızı hansı janra aid edirsiniz?

– Klassikanın xeyli sayda janrı var: vals, sonata, simfoniya, prelude, etude, sokrat, sinfonietta və s. Klassikanın hər bir hissəsinə özümü aid hiss edirəm. Bütün bu saydığım janrlar antik klassikaya aiddir, müasir klassika ilə əlaqəsi yoxdur. Düşünürəm ki, bir antik klassika bəstəkarı özünü tam olaraq hansısa janra aid hiss etməməlidir, edə də bilməz, çünki klassikanın bütün hissələri bir-biri ilə bağlıdır, biri digəri ilə ilhamlanır, aradan hansısa birini götürsək, qopuqluq yaranacaq.

– Bildiyim qədəri ilə Azərbaycanda yaşamırsız.

– Bəli, İstanbulda yaşayıram, burda təhsil alıram.

– Amma Azərbaycanda yaşamısız?

– Əlbəttə ki, yaşamışam. Bakıda, Bülbül adına məktəbdə təhsil görmüşəm, piano, kamança təhsilini də Bakıda almışam.

– Azərbaycan musiqi mühiti ilə İstanbul musiqi mühitini müqayisə edəndə, nə görürsünüz? Orda atmosfer necədir, Azərbaycanda necəydi?

– Ümumiyyətlə, deyə bilərəm ki, dünyanın ən yaxşı musiqi təhsili, musiqi anlayışı, musiqi alqısı Azərbaycandadır. Piano və kamança çalmağı Azərbaycanda öyrənməyim təsadüf deyil. Musiqiyə qarşı olan sevgimi mən Azərbaycanda tapmışam.

– Azərbaycanda klassik musiqini çox az adam dinləyir, çox az adamın bu sahədən anlayışı var. Bu problemdən danışın zəhmət olmasa. Niyə klassika az dinlənilir? Niyə Azərbaycanda bayağılıq baş alıb gedir?

– Bu problemin sadəcə Azərbaycanda olduğunu düşünmürəm, bütün dünyada var olmuş bir problemdir. Klassika, layiq olduğu dəyəri görmür, bunun səbəbi digər janrlar deyil, bunun səbəbi klassikanı unutduran yeni nəsildir, halbuki çox insan anlamır ki, bütün duyğular, insanın günlük yaşadığı hissiyyatlar, anlıq emosiyalar, müdrikliklər, hamısı klassik musiqinin içindədir. Düşünürəm ki, heç vaxt klassika dinləməyən birisi, bir neçə gün sadəcə klassika dinləsə, onu klassikadan heç nə ayıra bilməz, çünki o artıq öz aurasını klassik musiqidə tapacaq.

– Bu vəziyyətdə klassik musiqi bəstələmək, onunla məşğul olmaq nə dərəcədə məntiqlidir?

– Burda heç bir məntiq aramaq lazım deyil. Mənim məqsədim klassik musiqini yaşatmaqdır, ona 2-ci bir həyat bəxş etməkdir.

– Kimin üçün yazmaq, necə yazmaq, niyə yazmaq sualları yayğındır. Musiqidə bu sualların cavabı nədir? Ən azından sizin üçün. Kimin üçün yazırsız?

– Bu sualın cavabı hər bir bəstəkar üçün fərqli ola bilər. Mən insanlar üçün yazıram, özüm üçün deyil, sırf insanları antik klassikaya geri qaytarmaq üçün yazıram, gənc nəslə onu yenidən tanıtmaq üçün yazıram. Mən inanıram ki, klassika hər bir insanın düşüncələrini dəyişdirə bilər, ən əsası da onlara hiss etməyi.

– Sizin gözünüzdə Azərbaycan necə bir yerdir?

– Azərbaycan musiqi, incəsənət, mədəniyyət diyarıdır və həmişə ən gözəl sənətkarlar, bəstəkarlar, şairlər və rəssamlar ilə yadda qalıb

– Qarabağa həsr olunan layihəniz var. Bu haqda danışın, zəhmət olmasa.

– Müharibə zamanı çox kövrək və qəmgin idim. Bu hissiyyatlarım məni bəstələməyə məcbur etdi, bəstənin adını “Xarı bülbül” qoydum. Bu əsərimi müharibədə iştirak edən hər bir igidimizə, qazilərimizə, şəhidlərimizə və onların valideynlərinə həsr edirəm.

– Son sözünüz varmı? İzləyicilərinizə və oxuculara nə demək istəyirsiz?

– Klassikaya dəyər verən və məni dinləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, dəyər verənlərin sayı həmişə artmaqda olacaq.


# 3025 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #