Dur rədd ol burdan!

Vüqar Babazadə, gənc yazar

Vüqar Babazadə, gənc yazar

2 noyabr 2021
# 12:40

Bir gün futboldan arğın-yorğun evə qayıtdıqdan sonra, anam mənə gündəlik, not dəftəri və musiqiyə aid bir-iki kitab göstərib dedi ki, "gələn həftədən musiqi məktəbinə başlayırsan". Beləliklə, heç gözləmədiyim anda qarşıma beş ildən çox davam edən, enişli-yoxuşlu, sevincli-kədərli uzun bir musiqi marafonu çıxdı.

Vaxtını səmərəli keçirmək üçün rayonda görüləcək iş çox azdır. Bu boş vaxtı ən yaxşı dəyərləndirmə üsulu musiqi məktəbidir. Musiqi məktəbi, hər halda, yaxşı idi. Həm boş-boş avarlanmırdın, həm sənət öyrənirdin, həm də hansısa alətdə ifa etmək şansı qazanırdın.

Uzun müzakirələrdən sonra axır ki bir qərara gəldilər. İfa edəcəyim alət tar olacaqdı.

Musiqi məktəbi mənim üçün başdan-ayağa əziyyət idi. İndi anama daima dərin təşəkkürlərimi bildirsəm də, o vaxtlar niyə musiqiyə gedirəm, nə üçün hansısa alət də ifa etməyi öyrənirəm kimi suallara heç cür cavab tapa bilmirdim. Mənim kimi xeyli sayda uşaq da bu məktəbdə özünü yad və kimsəsiz hiss edirdilər. Xatırlayıram ki, o vaxtlar birdən-birə uşağı musiqi məktəbinə qoymaq dəb halını aldı.

Hər yerindən duran valideyn övladının qolundan tutub musiqi məktəbinə gətirirdi. Hansı aləti öyrənmək, hansı müəllimin yanında dərs almaq heç kimə maraqlı deyildi. Məsələn, heç bir qram da səsi olmayan uşaqları, ancaq xanəndəlikdə boş yer qaldığı üçün, xanəndəlik ixtisasına yazdırırdılar. O bir qram səsi olmayan uşaqlar hər dəfə gəlib bir-iki saat qışqırır, döyülür, muğamın, zəngulənin nə olduğundan agah olmadan çıxıb gedirdilər. Əsas o idi ki, cəmiyyətdə "filankəsin uşağı necə ağıllı və tərbiyəlidir ki, hətta musiqi məktəbinə də gedir" fikri formalaşsın. Buna görə də hər kəs musiqi məktəbinə axışırdı.

Burda zəruri haşiyə çıxmaq istəyirəm. Mən musiqidən əlavə, Quran dərsləri də alırdım. Bir-birinə zidd olan bu iki sahəni eyni anda necə görürdüm, bunu nə siz soruşun, nə mən deyim. Hətta bəzən problemlər də yaşayırdım. Məsələn, molla mənim musiqiyə getdiyimi öyrənib, məndən küsmüşdü. Çünki dində uddan başqa, bütün musiqi alətlərində ifa etmək günah hesab olunur. Yaxud bəzən şirin, ürəyə yatan mərsiyələr olanda bunu tarda çalmağa çalışırdım. Belə olan halda da, musiqi müəllimim əsəbiləşib, məni mollaya qısqanırdı. Beləliklə, ovaxt balaca beynimdə bütün fm-lər bir-birinə qarışmışdı və başımda tam bir xaos hökm sürməkdə idi.

Danışacağım hadisəyə keçməzdən əvvəl bir az musiqi məktəbinin müəllimləri haqqında yazmaq istəyirəm.

Bu müəllimlər, əsasən, çox əsəbi və qəzəbli olurdular. Məncə bunun səbəbi, nə qədər eləsələr də, heç cürə özlərini cəmiyyətdə "müəllim" kimi təsdiq edə bilməməkləri idi. Həm biz şagirdlər də onlara məktəb müəllimlərimizə göstərdiyimiz münasibəti göstərmirdik. Onlardan məktəbdəki müəllimlərimiz qədər qorxmurduq və dərslərə ciddi yanaşmayıb, hazırlıqsız gedirdik. Hansısa toyda çalğıçı kimi gördüyüm bir müəllimdən nə qədər qorxa bilərdim axı? Ona necə məktəb müəllimlərimə göstərdiyim münasibəti göstərə bilərdim ki? Bu səbəblərə görə musiqi məktəbinin müəllimləri daima əsəbi olurdular və hətta mən deyərdim ki, bizə nifrət edirdilər. Özlərini yekə-yekə aparırdılar. Mən "re" əvəzinə "re" notunun düz yanında, ondan bir oktava aşağı olan, aralarında heç on millimetr fərq olmayan "re diyez" notuna toxunduğum üçün dəfələrlə döyülmüşəm. "Re" əvəzinə "re deyiz"ə basmağa görə dəfələrlə döyülməyim heç yadımdan çıxmır. Adam nə qədər qəddar olar ki, "re" əvəzinə, səhvən "re diyez"ə toxunan balaca bir məktəbliyə əl qaldırar. Bir sözlə, nifrət qarşılıqlı idi. Musiqi məktəbinin şagird və müəllim kollektivi bir-birinə nifrət edirdi.

Musiqi məktəbinin müəllimlərinin çox sarsaq bir xasiyyəti vardı. Mənim beş il ərzində altı-yeddi nəfər fərqli musiqi müəllimim olub. Hamısı da kişi müəllimlər. Heç biri ilə sona kimi davam etməyə, əcəl aman vermirdi. Bu kişi müəllimlər, bir qayda olaraq, siqaret çəkirdilər. Onlar mənə əsərdən bir parçanı keçir, yaxud barmaq gimnastikası üçün ancaq "do re mi" və tərsinə "mi re do" məşqi elətdirirdilər. Bunu keçəndən sonra, beş dəqiqəliyinə siqaret çəkməyə çıxırdılar. Hər dəfə necə olurdusa, bu beş dəqiqə ən azı yarım saata çevrilirdi. Üstəlik, dayanmaq olmazdı. Yorulub tarı dizinə qoydunsa, necəsə eşidib, gəlib səni döyürdülər. Mənim yadıma gəlir ki, bir dəfə "do re mi" və "mi re do" məşqini düz bir saat çalmışam. Siqaret çəkməyə çıxan müəllim məni yadından çıxarıb, evinə getmişdi. Mən də robot kimi bir saat "do re mi" məşqi etmişdim.

Tardan əlavə solfecio deyilən, indinin özündə də onun nə olduğu haqqında heç bir məlumata sahib ola bilmədiyim bir dərs keçirdik. Ciddi deyirəm, üst-üstə qoyanda 3-4 il solfecio dərsi almışam, amma solfecionun nə demək olduğunu, musiqiyə nə dəxli olduğunu, bizə o fənni niyə keçdiklərini heç cür başa düşə bilməmişəm. Solfecio müəllimimiz yaşlı bir qadın idi, məni özümü ağıllı apardığıma görə çox istəyir və həmişə beş verirdi.

Beləcə özümü ağıllı apara-apara birtəhər solfecionu yola verirdim.

İşin ən maraqlı tərəfi vardı. Mənim tardan zəhləm gedirdi. Heç cür tarı sevə bilmirdim. Məni tardan iyrəndirmişdilər. Üstəlik tar boyda idim. Hər dəfə onu sinəmə götürüb bir saat ara vermədən nəsə çalandan sonra düz bir həftə qolum ağrıdan keyiyirdi.

Hələ bunlar azmış ki, bir neçə il öz şəxsi tarım olmadan, tar dərsləri almışam. Bu təxminən əllərin olmadan üzməyə, ayaqların olmadan qaçmağa bənzəyir. Adam necə tarsız ola-ola tar dərsi alar?

Düzdü, bu yanğımı, içimdəki musiqi eşqini, tar sevdasını qismən süpürgə ilə yola verirdim, amma onunla da bir yerə qədər. Yalandan əlimi oynadıb, ağzımla müxtəlif səslər çıxardığım yaşımı keçəndən sonra, evdən halıma yanıb, başa düşdülər ki, artıq bu uşağa tar almaq lazımdır.

Tar alandan sonra, onu gündə yalnız bir saat görə bilirdim. Sadəcə bir saat ondan istifadə etmək şansım olurdu. Bu qadağa nə üçün idi bilmirdim. Tara nəsə olar deyə, yəqin ki qorxurdular. Mənim də ən böyük qorxum, onun hansısa bir siminin qırılmağı idi. İlahi, bu hal heç vaxt başıma gəlməsə də, bilirdim ki, əgər tarın hansısa bir simini qırsam, bu mənim sonum olacaq...

Beş illik tar məktəbinin 4-cü sinfində oxuyurkən, anidən müəllimim içəri daxil oldu və dedi:

– Novruz bayramında mədəniyyət evində tədbir təşkil olunacaq. Bu tədbirdə uşaqlar da çıxış edəcəklər. Hər müəllim ən yaxşı bir tələbəsini hazırlayıb səhnəyə çıxarmalıdır. Mənim də səndən başqa tələbəm olmadığına görə, səhnəyə sən çıxacaqsan.

Onu qeyd etməliyəm ki, mən ovaxtlar bərbad tar çalırdım. Demək olar ki, tar çala bilmirdim. Ən yaxşı necə tar çalmamaq olarsa, mən də elə çalırdım. Çoxlu müəllim dəyişmişdim və heç cür ifama şirinlik qata bilmirdim. Müəllimlərimin məndən zəhləsi gedirdi, amma anama görə heç nə edə, heç nə deyə bilmirdilər. Mənə klassik əsərlər, muğamlar, notla hansısa mahnı öyrətməyin mənasız olduğunu görən bu sonuncu müəllimim, hər şeyin başını buraxıb,bayağı toy mahnılarını öyrətməyə girişmişdi. Buna misal olaraq, Nadir Qafarzadənin "maral-maral-maral" mahnısı, nəlbəki rəqsi, "anam mənim" kimi sadə xalq musiqilərini canla-başla öyrədir və məndə bu cür bayağı və gözəl mahnıları sevə-sevə ifa edirdim.

Konsertdə isə məlum məsələdir, "maral-maral-maral", yaxud "anam mənim" mahnılarını çala bilməzdim. Mütləq hansısa əsər öyrənmək lazım idi, üstəlik, pianonun müşayiəti ilə. Beləliklə ilk məşqimiz baş tutdu. Bu tam bir fiasko idi. Piano görmüşdüm mən?

Pianoda məni müşayiət edən müəllimə cavan qadın idi. Elə ilk məşqdən onun da məndən zəhləsi getməyə başladı. Təsəvvür edin, əlliyə yaxın uşaq tar çalacaq və sadəcə bir piano var. Hər uşaq beş-on dəqiqə nəsə etmək imkanına sahib idi. Tez gəlib bir-iki dəfə piano ilə repertuarlarındsa olan musiqiləri ifa edir və çıxıb gedirdilər. Mən isə ən azı bir saat piano ilə güləşirdim. Heç cür ritmə düşə, ona ayaq uydura bilmirdim. Çünki not bilmirdim. Mahnını əzbərləmişdim. Çalanda isə yalandan notu qarşıma qoyur və ona heç baxmırdım. Beləliklə, çoxlu çətin, əzablı və dəhşətli dərəcədə mənasız məşqlərdən sonra konsert günü gəlib çatdı.

Kostyum geyinib, səhnənin arxasında, həyəcanla öz sıramı gözləyirdim. Rayonun icra başçısından tutmuş, rayonun ən hörmətli adamları, bütün camaat mədəniyyət evində idi. Və bir də onda ayıldım ki, mənim adımı çağırırlar.

"Tarda ifa edir, Babazadə Vüqar".

Alqış sədaları altında səhnəyə gəlib, baş əydim. Zalda anam, müəllimim və xalam gözüm sataşdı. Onların əlində hardansa tapdıqları gül buketi vardı.

Düz pianonun dibində oturmuşdum. Pianoçu müəllim, "üç-iki" deyib başladı. Mən də başladım. Hər şey əla gedirdi. Simə bacardığım qədər yavaş vurub, tarın səsini çıxarmamağa çalışırdım. Sanki piano məni yox, mən pianonu müşayiət edirdim. Hər şeyin çox gözəl getdiyi bir vaxtda, birdən mahnının ortasında fikrim dağıldı və əlim boşaldı. Həyəcandan tərləyən barmaqlarım arasında necə oldusa, mizrab (tar çalmaq üçün istifadə olunan dırnaqdan böyük bir hissə) əlimdən sürüşüb düşdü. Bir anlıq duruxdum. Düz mənim tək ifa etməli olduğum hissədə baş verdiyi üçün piano da bu biabırçılığı ört-basdır edə bilmirdi. Bütün gözlər mənə dikilmişdi. Ayağa durub iki-üç addımdan sonra əyilib, yerdə mizrabımı axtarmağa başladım. Tapıb, yenidən oturdum. Bu anda piano müəlliməsinin səsini eşitdim:

"Tez nəqarəti çal, dur rədd ol burdan".

Mən də tez nəqarəti çalıb, onun dediyi kimi elədim.

Sonda mənə diplom verib, təltif etdilər. Anam və xalam hardansa tapdıqları gülü səhnədən düşəndən sonra mənə təqdim etdilər. Anam əlimdən və alnımdan öpüb məni təriflədi. Müəllimimə isə şiddətli töhmət verib, xeyli danladılar.

Üstündən illər keçsə də, hərdən çox mənasız anlarda – yemək yediyim, dostlarımla söhbət etdiyim, hansısa bir iş gördüyüm – yüzlərlə adamın qarşısında əyilib mizrab axtarmağım yadıma düşür və bu şirin xatirəni dodağımın azca qaçması ilə yola verib, ötürürəm...

# 9392 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #