Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...
15 aprel 2024
# 12:30


Kulis.az Orxan Saffarinin təzə çapdan çıxmış “20-ci sahə” hekayələr kitabı haqqında Vüqar Vanın “Orxan Saffarinin səhvləri” adlı yazısını təqdim edir.

Orxan Saffarinin təzə çapdan çıxmış “20-ci sahə” hekayələr kitabını oxudum. Cavid Ramazanlı yazmışdı, doğrudan da, adamın buna kitab deməyə dili gəlmir. Təzə kondisioner, soyuducu alanda, içindən çıxan təlimat kitabçaları Orxanın kitabından daha qalın və faydalıdır. Orxan elə bil buklet çıxarıb.

Orhan Pamuk seçmə yazılarından ibarət “Öteki rengler” kitabında gənc yazıçılara iki vacib məsləhət verir. Onlardan birincisi və ən vacibi səbirli olmaqdır. 22 yaşında ilk romanını yazmağa başlayan Pamuk 30 yaşında romanı bitirir. Özü bu proses haqqında deyir ki:

“Səkkiz il ərzində təkcə yazmamışam, həm də dəhşətli dərəcədə oxuyub, dünya romanını tanımışam. ...Öz səbrimə inanıb, nəinki iynəylə quyu qazmaq, qaşıqla dağları daşımaq olsa belə bu işin ancaq və ancaq səbirlə görülə biləcəyini başa düşmüşəm. Çox işlətdiyim bir zarafatım var: Xaricdə kitablarımın çıxmağı çox rahatdır, yazıram, nəşr edirlər, amma Türkiyədə kitablarımın nəşr edilməyi üçün səkkiz il əlləşmişəm”.

Sözgəlişi, ikinci vacib məsləhəti də gündəlik tutmaqdır.

Orxan Saffarinin ilk səhvi tələsməyindədir. Adaşı Orhan kimi bir az səbirli olub, hekayələrin üstündə işləsəydi, beləliklə, ortaya daha yaxşı bir şey çıxardı.

Kitabı açan kimi annotasiya əvəzinə Orxanın psevdo-lirik düşüncələri və dünyası ilə qarşılaşırıq:

“Açdığınız bu ilk səhifədə keçmiş ənənələrə sadiqlik olaraq, müəllif və kitab haqqında ön söz olmalı idi. Adətən bunu kitabın redaktoru, yaxud hansısa tanınmış adam yazır. Mən bu prosesi özlüyündə mənasız, əhəmiyyətsiz, yeni ədəbi kriteriyalara görə heç bir funksiyası olmayan cəhd sayır, bu cür “Uğurlu yol”lara ehtiyac duyulmadığını düşünürəm. Mənə elə gəlir ki, kitab haqqında kimin nə deməyindən asılı olmayaraq, ön söz elə kitabın içindəkilərdir. Ümid edirəm, kitabdakı hekayələr sizin içinizdə mənim haqqımda özünüzün ön sözünüzü formalaşdıra biləcək”.

Demək, belə. Annotasiyanın nə olduğu haqqında hissəyə keçməzdən əvvəl son cümləni bir daha yazıram. Çünki birinci dəfə oxuyanda heç nə başa düşmək olmur. “Ümid edirəm, kitabdakı hekayələr sizin içinizdə mənim haqqımda özünüzün ön sözünüzü formalaşdıra biləcək”. Hədsiz pafoslu bu psevdo-lirik giriş mətnində belə saysız-hesabsız redaktə problemləri var. “Ənənələrə sadiqlik olaraq”, “özlüyündə”, “duyulmadığını” və sair.

Görünür, Orxan annotasiyanın nə olduğunu başa düşməyib. Çünki kitabın ilk səhifələrində ön söz yox, annotasiya olur. Bu, bir standartdır. Annotasiya kitab haqqında qısa məlumat deməkdir. “Kitab mağazasında gəzə-gəzə kitablara baxan bir oxucu bu kitabı nə üçün oxumalıdır? Bu kitab nədən bəhs edir, kitabı alsa, onu nə gözləyir?” kimi sualları izah etmək üçün istifadə olunur. Annotasiya oxucuya maraqlı, cəlbedici gəlsə, onda kitabı almaq haqqında düşünür. Mənim nəyimə lazımdır sənin haqqında özünün ön sözü? Mənə kitab haqqında qısa məlumat lazımdır ki, minlərlə kitabın arasından onu seçib-seçməməyi aydınlaşdırım. Orxanın annotasiya yerinə yazdığı şey, yumşaq desək, görməmişlik, ənənələrə qarşı çıxmaq xətrinə ənənələrə qarşı çıxmaqdır.

Keçək hekayələrə.

Mənim üçün əsas şərtlərdən biri maraqlı olmaqdır. Yazıçı maraqlı olmağa borcludur. Bu mənada Orxanın tapdığı mövzular, toxunduğu problemlər, qələmə aldığı insanların həyatı maraqlıdır, çünki gündəlik həyatımızda sadaladığım şeylərlə az-az rastlaşa bilərik. Düzdür, nə qədər inandırıcıdır, o mübahisəlidir. Amma bütün hallarda Orxan maraqlıdır. Çünki başına gələnlərdən, gördüyü unikal insan talelərindən, yaşadığı ərazinin qəribəliklərindən yazır. Səmimi və cəsarətlidir. Buna görə onu təbrik etmək olar.
Amma tapdığı qızıl kimi mövzuları tələm-tələsik, basməmmədi yazıb, onlardan canını qurtarır, gül kimi mövzuları heyif edir. Onun tapdığı mövzularla yazdığı mətn bir-birinin tam əksidir. Mövzuları səbir, iradə, təmkin istəyir, amma Orxan sürətli, həyəcanlı və gərgindir. Onun yazıb bizə hekayə kimi sırıdığı şeylər, bir hekayənin, yaxud romanın girişi, ekspozisiyasıdır. Başlamalı olduğu yerdə hekayəni bitirir.

Yazıçı buldoq kimi hardan yapışmağı bilməlidir. Bunun xüsusi bir resepti yoxdur. Özü hiss etməlidir ki, bu mənim mövzumdur, bu mənim dünyamdır. Uşaqlığı, gəncliyi Bayılın, “20-ci sahə”nin kriminal, təhlükəli, maraqlı, qeyri-adi insanlarının və hadisələrinin arasında keçən nə qədər yazıçı var? Həmin qeyri-adi insan taleləri ilə tanış olan neçə yazıçı var? Deməli, bu, Orxanın dünyasıdır və həmin dünyadan bərk yapışmalıdır. Bir gün gec, bir gün tez, nə fərqi var. Axı tələsmək nəyə lazımdır?

Müəlliflərin ən çox buraxdığı səhvlərdən biri həm cümlələri, həm də cümlələrin yaratdığı mənzərələri dumanlı, qaranlıq yazmaqdır. Müəllif əvvəlcədən səhnəni beynində bişirdiyi üçün yazanda hər şey ona aydın görünür. Elə bilir ki, oxucuya da aydın görünəcək. Ona görə hər şeyi su kimi aydın yazmaq lazımdır ki, həm cümlələr, həm də cümlələrin yaratdığı mənzərələr tam aydın olsun.

Orxanın kitabında da belə problemlər dizboyudur. Hekayələrdə çox şey qaranlıq, qeyri-müəyyəndir. Üstəlik, hadisələr yarımçıq qurtardığı üçün səhnələr, obrazlar da yarımçıq qalır. Ümumiyyətlə, peşəkarlıqdan söhbət belə gedə bilməz. Bir-iki hekayəni çıxsaq, yerdə qalanlarında ən adi, ən bəsit, ən sadə standartlar belə gözlənilməyib. Nə xarakterin inkişafı var, nə hadisə ardıcıllığı, nə bitkin süjet, nə ən sadə dramatizm normaları, nə fon, nə də ki bədii mətn. Elə bil bu hekayələr hekayə yox, hekayə qaralamasıdır.

Kobudluq hər cümlədə, hər abzasda hiss olunur. Keçidlər çox qeyri-peşəkardır. Üç ulduzla nə qədər bu söhbətdən o söhbətə, o söhbətdən bu söhbətə keçmək olar? Cümlələr çox naşı yazılıb. Ola bilər ki, cümlələr ilk baxışda normal, adi cümlə olsun, amma diqqətlə oxuyanda adama elə gəlir, bunları yazıçı yox, “Yay tətilimi necə keçirdim” mövzusunda inşa yazan beşinci sinifdə oxuyan uşaq yazıb. Bu üslub-filan deyil, birbaşa məsuliyyətsizlik, məşğul olduğun peşəyə, yazıya, yazıçılığa qarşı hörmətsizlikdir.

Orxanın birinci kitabı “Hüznsov depressiya” da hekayələr kitabı idi. Həmin kitabda hekayə janrının tələblərinə cavab verən kifayət qədər yaxşı, sanballı nümunələr vardı. Bu kitabında isə Orxan bir addım irəli getmək əvəzinə, bir addım geri gedib. İnkişaf, demək olar ki, yoxdur.

“20-ci sahə”dəki “Əjdər” və “Zəngəzur dağlarında” hekayələrindən başqa yerdə qalan bütün hekayələr, ən yaxşı halda köşə yazısı hesab oluna bilər. “Əjdər” və “Zəngəzur dağlarında” hekayələri isə, doğrudan da, çox təsirli, maraqlı hekayələrdir. Peşəkarlıq hiss olunur. Bu hekayələrin dili dinamikdir, ölü doğulmayıblar, zəngin koloritli, spesifikdirlər. Yazıçı nəfəsi, yazıçı ürəyi dərhal hiss olunur. Çox maraqlıdır, “Əjdər” və “Zəngəzur dağlarında” hekayələrinin müəllifi necə ola bilər ki, “Şıkı Həsən”, “Zavuçun pişiyi”, “Kor Bağır”, “Maqsud” kimi mənasız, aşağı səviyyəli şeyləri yazıb və bununla ürəyi soyumayıb, götürüb onları kitaba da əlavə edib.

Tələskənliyin fəsadları...

Təəssüf ki, kitab redaktə olunmayıb. Redaktor Şərif Ağayar hekayələri nə üçün redaktə etmədən “redaktor” bölməsinə öz adını yazıb, bilmirəm. Adına, ünvanına qarşı məsuliyyətli olmaq lazımdır. Əgər kitabı redaktə etməmisənsə, adını ora yazmağın nə mənası var? Kitabdakı hekayələrin uğursuz, pis alınmağında günahın yarısı Orxandadırsa, yarısı da Şərif müəllimdədir. Peşəkar yazıçı və redaktor olaraq bu hekayələri düzəltməli, ən yaxşı halda onları kitabdan çıxarmalı idi. Yazıçı ev tikirsə, redaktor da həmin evi təmir edir. Bəs Şərif müəllim nə edib? Orxanın tikdiyi evə uzaqdan baxıb, heç içinə girməyib, evin parıltısı, heybəti, əzəməti onu məsti-xumar edib, beləcə o kitabı redaktə etməyib. Belə olmaz. Redaktorluq işi çox ciddi və məsuliyyətli işdir. Söhbət açılmışkən, bir daha redaktorlara məsuliyyətli və insaflı olmağı tapşıraq, yazını da Orxana uğurlar arzulayıb, növbəti kitablarının daha yaxşı alınacağına ümid etməklə bitirək.

# 9167 dəfə oxunub

Müəllifin son yazıları

# # #