“Müştərilərimlə yatmıram” – Tatu ustası ilə müsahibə

Tatu ustası Ryan Master

Tatu ustası Ryan Master

21 dekabr 2021
# 15:12

Kulis.az Tatu ustası Riaan Master ləqəbi ilə tanınan Riaanla müsahibəni təqdim edir.

Uzun axtarışlardan sonra nəhayət ki, Riaanın yerini tapıram. Riaan məni qarşılayıb, içəriyə aparır. Otaqda bizdən əlavə üç nəfər də var. İlk dəfədir bir tatu ustasına gəldiyim üçün hər şeylə maraqlanıram. Nə görürəmsə, əl vurub, yoxlayıram. Burada qəribə bir aura var. Dəqiqləşdirə bilmirəm ki, bu mənim xoşuma gəlir, ya yox.

Hiss edirəm ki, Riaan söhbət etmək, sənətindən danışmaq istəyir. Həm də, deyəsən, bir az həyəcanlıdır. Yerlərimizi alıb, söhbətə başlayırıq.

– Əvvəlcə özün haqqında məlumat ver. Necə oldu ki, bu peşə ilə məşğul olmağa başladın?

– Adım Riaandır. Naxçıvan Özəl Universitetini bitirmişəm. İqtisadiyyat hüququnun tənzimlənməsi ixtisasını. Hər kəs məni Riaan Tatoo-master kimi tanıyır. Beş ildir ki, bu işlə məşğulam. Əl qabiliyyətim var, rəssamlığı bacarıram. Bir gün internetdə maraqlı tatular gördüm. Həmin gün qərar verdim ki, mən də tatu ustası olacağam.

– Adətən Azərbaycan ailələri mühafizəkar olurlar, istəyirlər ki, övladları oxuyub həkim, müəllim, hüquqşünas olsun. Sənin bu qərarını ailən necə qarşıladı?

– Mən qərarımı verəndə heç kimdən soruşmadım, heç kimlə məsləhətləşmədim. Özüm istədim və elədim.

Riaan stolda tərsinə oturmuşdu. Əynində qısa mayka vardı. Onun bədən dili hər hərəkətində iddialı olduğunu göstərirdi. Mən də bu faktı nəzərə alıb, soruşdum.

– Sənətinizdə nə qədər iddialısız?

– Ölkə üçün çox, amma dünyaya baxanda görürəm ki, çox geridə qalmışıq. Öyrənəcəyim, istifadə edəcəyim hələ çox şey var. Xaricdə realistik və rəngli işlər görürlər, bizdə isə ağ-qara işlərə tələbat var. Rəngli tatular çox da sevilmir. Bizim ölkəmiz fərqliliyi qəbul etmir. Məsələn, dünyada artıq stiker formasında olan tatular məşhurlaşır, amma bizdə hələ ad yazdırırlar, tarixi yazdırırlar, tac, “korona” çəkdirirlər, “vasmi” vurdururlar və s. Belə şeylərdən xoşum gəlmir. Mən daha realistik, daha sənətsəl şeylər istəyirəm.

– Qazancınız nə qədərdir?

– Qazanc sezona görə dəyişir. Yayda başqa olur, qışda başqa. Yayda tələbat daha çox olur. Amma, əslində, bu işin sezonu qışdır. Amma Azərbaycanda hər kəs yayda tatu vurdurur. Çünki bunu göstəriş üçün edirlər. Halbuki, qışda vurulan tatular daha keyfiyyətli və daha tezsağalan olur.

– Bəs bir tatunun qiyməti nə qədərdir?

– Bir tatunun qiyməti deyə bir şey yoxdur. Hər işin öz qiyməti var. Bu qiymət işin böyüklüyünə, keyfiyyətinə, rənginə, realistik olub-olmamağına görə dəyişir. Standart bir qiymət yoxdur. Sadəcə aparat açılışı var ki, bu da bir qayda olaraq qırx manatdır.

Birdən gözüm Riaanın təxminən çiynindən dirsəyinə qədər olar qəribə tatusuna sataşır. Dərhal onunla maraqlanıram.

– Məsələn sənin qolundakı tatu neçəyədir?

– 1200 manatdır.

– Baha deyil?

– Baha deyil, sənətin qiyməti yoxdur. Keyfiyyətli və keyfiyyətsiz iş var. Baha, ucuzun bura dəxili yoxdur. Keyfiyyətli iş təbii ki, baha olmalıdır. Bu işə başlayanda pul üçün başlasaydım, inan ki, heç bir nəticə qazanmayacaqdım. İşimi sevdiyim üçün, onu dərindən öyrəndim və indi də işimi sevə-sevə keyfiyyətli şeylər ortaya qoyuram və pulumu qazanıram.

– İlk dəfə tatu vurdurmaq istəyən şəxs nəyə diqqət etməlidir? Hansı ağrılar, yaxud dəri xəstəlikləri yarana bilər?

– Ağrı insanın sinir sistemindən asılıdır. Elə müştərilər olur ki, adam pəhləvandır, amma iynənin ağrısına dözə bilmir. Amma eləsi də olur ki, baxırsan çəlimsizdir, amma heç nə təsir eləmir. Bədənin müəyyən hissələri var. Hansı ki, çox ağrıdan, az ağrıdan, bir də, ümumiyyətlə, heç ağrıtmayan yerlərdir. Tatu vurulandan sonra isə iki həftə ilə bir ay arasındakı müddətdə tam sağalır. Bu orqanizmdən də asılıdır.

Hər müştərimizə izah edirik. Bu periodda nə etmək lazımdır, necə davranmaq lazımdır və s. Gündə üç dörd saatdan bir, mütləq krem vurulmalıdır, bir-iki gün duşa girməyi məsləhət görmürük.

Qaldı ki, xəstəliyə. İstifadə edilən alətlərdən çox şey asılıdır. Hər iynəni müştərinin gözü qarşısında açırıq. Bir dəfə istifadə üçün nəzərdə tutulmuş iynələrlə işləyirik. Hər şey tam gigiyenikdir, elə olmasa, bədənə istənilən xəstəlik düşə bilər. Bu məsuliyyətli və təhlükəli bir peşədir.

Tatu vurduran insanları heç cür başa düşə bilmirdim. Mən həmişə fikirləşmişəm ki, insan bədəni müqəddəsdir. Onlar haqqında belə bir qənaətə gəlmişdim ki, bunun səbəbi insanların özlərini göstərmək istəyi, kiməsə təsdiq etmək arzusu və sairə digər psixoloji şeylərdən qaynaqlanır. Həm də axı insan nə qədər dəyərli bir şey yaşaya bilər ki, onun xatirəsini bədəninə həkk elətdirsin. Deyirlər ki, insanla qəbirə gedən tək şey tatudur. Özümlə o dünyaya aparacağım şeyi necə rahatlıqla seçə bilərəm ki?

Riaan, mən fikirləşirəm ki, insan bədəni müqəddəsdir. Ona qalıcı xarici müdaxilələr etmək düzgün deyil. Bu təbii ki, mənim şəxsi fikrimdir. Sən bu haqda nə düşünürsən? Düz fikirləşirəmmi?

– Necə ki, sivilizasiyanın gəlməyi ilə insanlar paltar geyindilər, üzlərini qırxdılar, idman zallarına getdilər və bədənlərinə digər müdaxilələr etdilər. Buna da mədəniyyət deyirik. Həmçinin, tatu da bir mədəniyyətdir. Bir sənət növüdür. Bu yaxınlarda bir qadın nəşi tapdılar, 4 min yaşı vardı. Bədənində müxtəlif tatular aşkarlandı. Deməli, bu işin bilinən yaşı təxminin 4 min ildir. Qədim dövrlərdə insanlar döymələri ilə hansı qəbiləyə mənsub olduqlarını nümayiş etdirirdilər.

Səhərdən vermək istədiyim sualı verirəm. Mən əminəm ki, bu sual xalqımızı da dərindən düşündürən və narahat edən sualdır.

– Qadınların intim hissələrinə tatu edirsinizmi?

– Təbii ki, edirik. Müştəri hara istəsə ora edirik. Sinəyə, vaginaya, ombaya və s.

– Tatu prosesi bitəndən sonra nə baş verir? Heç tatu prosesi bitəndən sonra cinsi istək duyduğunuz olubmu?

– Xeyr, bu professionallıq deyil. Müştərilərimlə yatmıram. Ən azından iş prosesində etmərəm. Əgər tələb-təklif varsa və həyatımda heç kim yoxdursa, onda fikirləşmək olar.

– Hansı problemlər yaşayırsan bu iş görə? Nə narahat edir səni?

– Məni narahat edən odur ki, bu işə hələ də sənət kimi yanaşmırlar. Əsasən də yaşlı nəsil mənfi münasibətdədir. Kimi deyir, günahdır, kimi deyir haramdır, kimi deyir kafirdir və s.

– Tatu sahəsində kumirin, idealın varmı?

– Hər stilin öz ustası var. Stil deyəndə tatunun növlərini nəzərdə tuturam. Realist, minimalist və s. Yəni realistik bir tatuya baxanda görürsən ki, canlı rəsm çəkilib. Bunun da dünyada peşəkarları var. Onlar, əlbəttə ki, mənim kumirimdir.

Riaan bayaqdan əlində tutduğu kataloqu mənə uzadıb deyir ki, bunlar mənim çəkdiyim rəsmlərdir. Kataloqun içində cürbəcür, bir-birindən maraqlı şəkillər var. Düşünürəm ki, bu iş, həqiqətən, çətin peşədir. Kataloqda bir qız rəsmi gözümə dəyir. Dərhal fikirləşirəm ki, görəsən, ayrıldığım sevgilimin şəklini qoluma tatu vurdursam, qız mənlə barışarmı? Bu minvalla Riaandan soruşuram.

– Tutaq ki, sənə hansısa insanın sifətini göstərsəm, onu mənim qoluma çəkə bilərsən?

– Əlbəttə, çəkərəm.

Bu cavabdan ruhlanıb, sevinirəm. Şeytan deyir ki, fotoqrafı göndər, müsahibənin başını burax, otur elə gəlmişkən, qızın şəklini çəkdir qoluna, get barış. Amma dərhal da, gözlərimin önünə anam gəlir ki, “ay vələmyesir, kül sənin başına, sənin harana yaraşır, tatu-matu. Heç ananın sifətini qoluna çəkdirməzsən, gedib hansısa qızı edərsən. Soxum sənin boyunu yerə”.

– Son olaraq nə demək istəyirsən?

– Əvvəlcə, öz həmkarlarıma üzümü tutub deyirəm ki, pula görə iş görməyin. Xahiş edirəm, işinizi sevin. Diqqətlə işləyin, gigiyenaya riayət edin. Səviyyəsiz işlər görməkdən imtina edin. İşinizin peşəkarı olun. Heç kimin paxıllığını çəkməyin.

Müştərilərə isə demək istəyirəm ki, ucuza qaçmasınlar. Tatularını diqqətlə seçsinlər, hər şeyi araşdırıb, sonra tatu vurdursunlar. Tələsməyə ehtiyac yoxdur. Bu iş ömrünüzün sonuna qədər sizinlə qalacaq. Elə şey seçin ki, ondan bezməyəsiz, ona hər dəfə baxanda aşiq olasız. Ustanı araşdırıb, işləri ilə tanış olsunlar. Tatusu olan dost-tanışdan məsləhət alsınlar. Tatunu vurdurandan sonra, ona bir müddət qulluq etsinlər.

# 13269 dəfə oxunub

Müəllifin son yazıları

# # #