"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?
10 sentyabr 2026
# 10:00

Kulis.az Məcid Rəşadətoğlunun "Həkim, müəllim, dövlət xadimi, mədəniyyət hamisi – Xatirələrdə yaşayan Əziz Əliyev" yazısını təqdim edir.


Həyatda tutduğu mövqedən, qazandığı statusdan asılı olmayaraq, məramı xoş niyyət, insanlara hörmət, məqsədi xalqa və millətə təmənnasız sevgi olan şəxsiyyətlər, sözsüz ki, illər keçdikcə daha çox sevilir, xidmətləri ilə daha da ucalırlar. Bu, heç də təsadüfi deyil. Çünki tutduğun peşənin məsuliyyətini dərk etmək, cəmiyyətə nəcib əməllər, təmənnasız yaxşılıqlar üçün gəldiyini anlamaq və bunu bütün varlığınla duymaq böyük bir missiyadır.

Həyatda həmin insanları xoşbəxt hesab etmək olar ki, bütöv ömürlərini xalqına, millətinə, insanlara və insanlığa həsr ediblər. Bu sətirləri qələmə alarkən ağlımıza gələn azsaylı böyük şəxsiyyətlərdən biri də Azərbaycan səhiyyəsinin və ictimai-siyasi həyatının görkəmli nümayəndəsi, həkim, müəllim, dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevdir...



1897-ci ildə İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açan Əzizin uşaqlıq, yeniyetməlik və gənclik illəri doğma İrəvanla bağlı olmuşdu. Bu şəhər onun üçün yalnız doğma yurd deyil, həm də dünyagörüşünün formalaşdığı, elmə və təhsilə marağının gücləndiyi bir mühit idi. İrəvanın ziyalı çevrəsi, qaynar ictimai-siyasi həyatı, elmi-mədəni ab-havası gələcəkdə böyük həkim və dövlət xadimi kimi tanınacaq Əziz Əliyevin şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdı.

İlk təhsilini İrəvandakı “Rus-tatar” məktəbində alan Əziz Əliyev 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirmişdi. Uşaqlıqdan həkim olmaq arzusu ilə yaşayan gənc Əzizin qarşısında böyük bir yol açılırdı. Lakin bu yolun ilk addımını atmaq üçün onun istedadı və əzmi ilə yanaşı, maddi dəstəyə də ehtiyacı vardı. Məhz həmin dövrdə Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan gənclərinin təhsilinə göstərdiyi diqqət Əziz Əliyevin taleyində mühüm dönüş nöqtəsinə çevrildi.



1917-ci ildə Tağıyevin göstərdiyi maddi yardım sayəsində Əziz Əliyev Petroqrada – indiki Sankt-Peterburqa gedərək dünyanın ən məşhur tibb ocaqlarından biri sayılan Hərbi Tibb Akademiyasına daxil oldu. Bu hadisə illər sonra görkəmli şəxsiyyətin nəvəsi, Prezident İlham Əliyevin 2022-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı mərasimindəki çıxışında da xüsusi olaraq qeyd edilmişdi:

“...Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu, təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır”.



1918-ci ildə təhsilini davam etdirib doğma yurdu İrəvana qayıdan Əziz Əliyev burada dəhşətli mənzərə ilə üzləşmişdi. Həmin illərdə bütün Azərbaycan torpaqlarını bürüyən qara buludlar, erməni daşnaklarının amansız qəddarlıqları qədim Azərbaycan torpağı olan İrəvandan da yan keçməmiş, şəhər bütövlükdə müsəlman türkləri üçün yaşanılması mümkün olmayan yerə çevrilmişdi. Bu faciələr qarşısında doğmalarını qorumaq məcburiyyətində qalan gənc Əziz ailəsini böyük çətinliklə Naxçıvanın Şərur rayonuna gətirmiş, bir müddət sonra isə Şahtaxtı kəndinə köçmüşdü.

1923-cü ildə ali tibb təhsilini davam etdirmək arzusu Əziz Əliyevi ailəsi ilə birlikdə Naxçıvandan Bakıya gətirdi. O, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil oldu. Bu səfər onun yarımçıq qalmış arzularına qayıdışı, elmə və həkimlik sənətinə gedən yolunun yenidən başlanması demək idi. Və taleyi elə gətirdi ki, o, böyük ümidlərlə çıxdığı bu yolu uğurla başa vura bildi. 1927-ci ildə Əziz Əliyev çoxdan arzuladığı ali tibb təhsilini əla qiymətlərlə bitirdi. Dövrünün savadlı, dünyagörüşlü gənc həkimləri sırasında adı çəkilən Əziz Əliyevin istedadı diqqətlərdən kənarda qalmadı. Elə həmin il Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji fəaliyyətə başladı.

Beləcə, İrəvanın ziyalı mühitində formalaşan, erkən yaşlarından həyatın ağır sınaqları ilə üzləşən Əziz Əliyev bütün bu çətinliklərdən keçərək böyük elm və tibb yoluna qədəm qoydu. Qarşıda onu yalnız uğurlu həkimlik və elmi fəaliyyət deyil, həm də Azərbaycanın ictimai-siyasi həyatında mühüm iz buraxacaq böyük dövlətçilik yolu gözləyirdi...

Əziz Əliyev haqqında danışarkən onu yalnız istedadlı həkim kimi xarakterizə etmək, şübhəsiz ki, yetərli olmaz. O, 65 illik ömür yolunda xalqın yaralarına məlhəm olan fədakar təbib olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi, elm və təhsilin inkişafına böyük önəm verən ziyalı, mədəniyyətə və incəsənətə sevgi ilə yanaşan nümunəvi bir şəxsiyyət kimi yaddaşlarda iz qoyub. Əziz Əliyevlə eyni dövrdə yaşamış, onun fəaliyyətini yaxından müşahidə etmiş və xidmətlərinin şahidi olmuş görkəmli ziyalılarımız öz xatirələrində bu böyük şəxsiyyət haqqında olduqca maraqlı, səmimi və yaddaqalan fikirlər qələmə alıblar. Həmin xatirələri vərəqlədikcə qarşımızda yalnız dövrünün tanınmış həkimi və dövlət xadimi deyil, ömrünü insanlara xidmətə, nəcib və xeyirxah əməllərə həsr etmiş qayğıkeş, prinsipial və ziyalı bir insanın obrazı canlanır.

Arxiv sənədlərinə və onun haqqında müxtəlif illərdə qələmə alınmış yazılara nəzər saldıqda görürük ki, Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş onlarla elmi əsər, monoqrafiya və çoxsaylı məqalələr nəşr edilib. Bu araşdırmalar böyük şəxsiyyətin həkimlik, elmi, ictimai və dövlətçilik fəaliyyətinin müxtəlif istiqamətlərinə işıq salır. Lakin bütün bunlarla yanaşı, bir şəxsiyyətin fəaliyyətini daha canlı və təsirli şəkildə təqdim edən mənbələrdən biri də onunla eyni dövrdə yaşamış insanların xatirələridir. Onun haqqında yazılan hər bir xatirə, səsləndirilən hər bir fikir və qorunub saxlanılan hər bir yaddaş parçası mənalı bir ömrün ayrı-ayrı cizgilərini tamamlayır. Bu cizgilər bir araya gəldikcə qarşımızda yalnız öz dövrünün deyil, sonrakı nəsillərin də ehtiramla xatırladığı nümunəvi şəxsiyyətin bütöv portreti canlanır.



Əziz Əliyev haqqında müasirlərinin – Xalq yazıçısı, akademik Mirzə İbrahimovun, görkəmli cərrah Mustafa Topçubaşovun, Xalq şairi Süleyman Rüstəmin, şair Rəsul Həmzətovun, professor Həsən İsazadənin və başqalarının xatirələrində o, yalnız tutduğu vəzifələrlə deyil, konkret davranışları, insanlara münasibəti və çətin vəziyyətlərdə qəbul etdiyi qərarları ilə bütöv bir şəxsiyyət, xalqa layiqli vətəndaş-alim kimi görünür.

Professor Mustafa Topçubaşov “Səməndər quşu” adlı xatirələrində dostu Əziz Əliyev haqqında yazırdı: “Uşaqlıqdan bir-birimizi tanıdığımızdan və inzibati işlərimin işi ondan aşdığından Əzizin yanına tez-tez gedərdim. Bəzən onu itirərdim. Çünki respublikamızda Əzizin işləmədiyi yer qalmamışdı. Şəhər İcraiyyə Komitəsində, Respublika Xalq Səhiyyə Komissarlığında, Xalq Komissarları Sovetində, institutlarda həmişə məsul vəzifələr aparırdı. Cəmiyyətdə hansısa bir sahə “xəstələndi”, haraya Əziz çatırdı. Xüsusilə, səhiyyənin o vaxt min bir əskikliyi vardı. Tibb işçiləri Əzizə “təcili yardım” ləqəbi vermişdilər. Dara düşəndə qaçırdıq üstünə. Əzizin yanında müxtəlif peşə adamları görürdüm. Onun qəbulu və mütəxəssislərlə danışması məni valeh edirdi. Əzizin ali təhsilli olmasına heç kəs şübhə etməzdi. Ancaq hansı ali məktəbi bitirdiyini müəyyənləşdirmək müşkül məsələ idi. O, Aşıq Ələsgər demişkən, “hər elmdən hali” idi.

Dövlətçilik sahəsində tutduğu yüksək vəzifələrə baxmayaraq, Əziz Əliyev sevimli peşəsi həkimliyə qırılmaz tellərlə bağlanmışdı. Xatirələrdə yazıldığına görə, o, xalqın yaddaşında istedadlı bir həkim kimi qalmışdı və əlindən gəldiyi qədər bu sahənin diqqətdə saxlanılmasına, səhiyyədə mövcud olan nöqsanların aradan qaldırılmasına çalışırdı. Mustafa Topçubaşov xatirələrində Əziz Əliyevin nümunəvi bir addımını yüksək qiymətləndirərək yazır: “Səhiyyə Komissarlığının növbəti kollegiyası keçirilirdi. Kollegiyada qoyulan məsələlərdən biri ucqar rayon kəndində işləyən bir cərrah barədə idi. Əməliyyat zamanı artıq qan itirmiş hamilə qadın həlak olmuşdu. Bu haqda xəstənin valideynləri komissarlığa məlumat vermişdilər. Cərrah qadının ölümünün əsas səbəbini xəstəxanada qan əvəzedicisinin olmaması ilə izah edir və komissarlığı günahlandırdı. Əziz Əliyev də etiraf etdi ki, respublikada bir çox dərmanlar və o cümlədən qan əvəzedicisi çatmır. O, cərrahdan soruşdu:

– Bəs özünüzün necə, qanınız normadadırmı?
– Deyə bilmərəm, ancaq narazı deyiləm.
– Mən narazıyam.
– Narazısınız?
– Bəli... Deyin görüm, indiyə qədər Qanköçürmə Mərkəzinə nə qədər qan vermisiniz?
– Nə qədər qan vermişəm?! – Cərrah duruxdu. Söz tapmadı, Əziz dilləndi:
– Siz də soruşa bilərsiniz, mən nə qədər qan vermişəm. İndi gedərik Mərkəzə, öyrənirsiniz...

Kollegiya qurtarandan sonra Qanköçürmə Mərkəzinə getdik. Əziz Mərkəzin girişində rast gəldiyi ağ xalatlı adama bizi göstərib dedi:

– Sizə bir qrup donor gətirmişəm. Əməliyyata başlayın.
Özü bizdən 100 qram artıq qan verdi. Öyrəndik ki, həqiqətən donordu. İldə azı bir litr qan verir. Bunu mən də bilmirdim. Biz Qanköçürmə Mərkəzindən çıxanda cərraha dedi:
– Əgər bu 200 qram qanı yerində xəstəxanaya versəydin, əməliyyatın gələcək nəticəsindən asılı olmayaraq, əsl həkimlik nəcibliyi göstərərdin. Hələ həkimlik qəhrəmanlığını demirəm. Xalq səhiyyəsində işləyən adam qanından keçməyi də bacarmalıdır...
Əziz Əliyev hərtərəfli şəxsiyyət idi. Onu bir dəfə görənlər, onunla daim ünsiyyətdə olmaq arzusu ilə yaşayırdılar.”



Görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin Dağıstan xalqının həyatında mühüm rolu olduğunu, o cümlədən onun polkovnik rütbəsində hərbi sahədə xidmətlər göstərdiyini çox az adama məlumdur. Lakin xatirələrə nəzər salanda görürük ki, Əziz Əliyev Dağıstan Vilayət Komitəsinin birinci katibi olduğu 6 il ərzində bu sahədə böyük işlər görmüş və dağıstanlıların yaddaşında xilaskar bir şəxsiyyət kimi qalmışdı. O, 1942-ci ildə Dağıstana rəhbər təyin olunanda respublika həm müharibənin ağır yükü altında idi, həm də siyasi və sosial baxımdan ciddi təhlükələrlə üz-üzə qalmışdı. Belə bir şəraitdə onun qarşısında sadəcə dövlət idarəçiliyini həyata keçirmək deyil, dağlı xalqları vahid məqsəd ətrafında birləşdirmək, arxa cəbhəni möhkəmləndirmək və respublikanın gələcəyini qorumaq vəzifəsi dayanırdı. Və xatirələrdə yaşayan yaddaş tarixçəsi sübut etdi ki, Əziz Əliyev bu ağır və məşəqqətli işin öhdəsindən uğurla gəldi.

Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail oldu. Görkəmli dövlət xadiminin siyasi biliyi və uzaqgörənliyi sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmaqdan xilas ola bildilər...

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli “Dağıstanın, dağlıların xilaskarı Əziz Əliyev” adlı məqaləsində yazır: “Əziz Əliyevin dağlar diyarına gəlişi Dağıstanın mərd, cəsur, müdrik insanlarının üstündən şərin pərdəsini qaldırır, sosial-iqtisadi inkişafının təməlini qoyur. Ən əsası, “Göydə Allah, yerdə Ağsaqqal” deyən bir məmləkət sürgün köçündən, repressiya, deportasiya burulğanından xilas olur. Sənətin, mədəniyyətin, cəsarətin və ləyaqətin paytaxtına çevrilir. Qəhrəmanlar və qəhrəmanlıqlar diyarı kimi tarix içərisində tarix yaradır. Dilinin, dininin sahibi kimi dil içində dil, din içində din yaşadır. Rus dilinin hakimi-mütləq olduğu zamanlarda milli kadrların yetişdirilməsi, elm, təhsil, mədəniyyət mərkəzlərinin qurulmasına nail olur.”



Dağıstan Respublikasının Xalq şairi Rəsul Həmzətov öz xatirələrində yazır: “O vaxtlar mənim ilk şeir kitabçam çapdan çıxmışdı. Əziz Əliyev bundan xəbərdar idi. İştirak etdiyimiz bir məclisdə məni təbrik etdi. Onun xahişi ilə bir dağlı rəqsi oynadım; məmnun qaldı, şeir oxutdu – təriflədi. Mən qızışaraq təkrarən oynayıb şeir oxuyanda, mülayimcəsinə narazılığını bildirdi: “Bu gün atan Həmzət Sadasının yubileyidir, bir az ağayana ol. Sən dağlı balasısan...”
Sonra xəbər aldı:
– Rəsul, sən bizim Səməd Vurğunu tanıyırsanmı?
Cavab verdim:
– Azərbaycan şeiri ilə onu yaxşı tanıyıram.
– Sənin xəbərin varmı ki, Səməd dünən Mahaçqaladaydı. Azərbaycan diviziyası buradan keçirdi. Vurğun da gəlmişdi. Onu özüm qarşılayıb, yola saldım.
Səməd Vurğunu Mahaçqalada görə bilmədiyim üçün dərin təəssüfümü bildirdim. Fürsət əldən çıxmışdı. Əziz Əliyev yoldaş üzünü mənə tutaraq, atalıq qayğısı ilə məsləhət verdi: “Rəsul, gəlsənə, səni Moskvaya SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərək. Təhsilini orada davam etdirərsən, gələcəyin üçün faydalı olar”.



Öz aləmimdə fikirləşdim: Şair olmaq üçün Moskvaya oxumağa getməyin nə əhəmiyyəti var?! Dağıstanın mötəbər şairləri Süleyman Stalski və atam Moskvada Ədəbiyyat İnstitutunu bitirməmişdilər ki? Ancaq hər şey mənim düşündüyüm kimi deyilmiş...”

Bütün bu xidmətləri ilə yanaşı, Əziz Əliyev həm də incəsənətə böyük qiymət verən, mədəniyyəti ruhun qidası, sağlamlığın mayası hesab edən həssas ürəkli bir şəxsiyyət idi. O, öz ictimai-siyasi fəaliyyətinin bir hissəsini də mədəniyyətə ayıraraq bu sahənin təşəkkül tapmasına böyük diqqət göstərirdi. Xatirələrdə onun mədəniyyət hamisi kimi gördüyü işlərdən, o cümlədən Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin milli zövqünün formalaşdırılması uğrunda atdığı addımlardan geniş söhbət açılır.

Xalq şairi Süleyman Rüstəm xatirələrində yazır: “Əziz Əliyev indiyəcən ucuz, eybəcər Amerika filmləri görmüş əhaliyə “Azərfilm”in çəkdiyi filmləri göstərməyi məsləhət bildi. Bakıdan “Kəndlilər”, “İsmət” və digər filmlər gətirildi. Yadımdadır, sərin bir payız axşamı Gülüstan bağında açıq havada “Kəndlilər” filmi göstərilirdi. Hava getdikcə soyuyurdu. Lakin əhali quru yerdə oturub, həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə, təbrizlilər əsərin qəhrəmanını alqışlarla qarşılayırdılar.”

65 illik ömrünün hər anını mənalı yaşayan, şüurlu həyatını bütövlükdə insanların sağlamlığına, azadlığına, ölkənin nurlu gələcəyinə həsr edən görkəmli dövlət xadimi, həkim, pedaqoq Əziz Əliyevin fəaliyyəti dövlətimizin diqqətindən kənarda qalmamışdır. Təsadüfi deyildir ki, bu ilin avqustunda Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.

Sərəncamda deyilir: “Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir.”



Əziz Əliyevin ömür yoluna nəzər saldıqca, bu sətirləri qələmə aldıqca bir həqiqət daha aydın görünür: bəzi insanlar tarixə yalnız gördükləri işlərlə deyil, toxunduqları insanların yaddaşında yaratdıqları izlərlə daxil olurlar. Onların adı illərin, siyasi dəyişikliklərin, zamanın sərt sınaqlarının fövqündə yaşayır. Çünki belə şəxsiyyətlərin mirası vəzifə və titullardan deyil, insanlara göstərilən münasibətdən, çətin məqamda verilən qərarlardan, başqalarının taleyinə biganə qalmamaqdan ibarətdir.

...Həkim, müəllim, dövlət xadimi, mədəniyyət hamisi Əziz Əliyev 1962-ci ildə dünyasını dəyişdi. Bu gün onun I Fəxri xiyabanda yerləşən məzarı ailə üzvləri, doğmaları ilə yanaşı, görkəmli şəxsiyyətin xidmətini yaxından tanıyan, gördüyü işlərdən hali olan hər bir azərbaycanlının ziyarət yeridir. Ruhuna dəri hörmət və ehtiram hissi ilə...

# 67 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlandı

Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlandı

10:11 10 sentyabr 2026
Zöhrab Zeynallı vəfat etdi

Zöhrab Zeynallı vəfat etdi

09:51 10 sentyabr 2026
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

18:33 9 sentyabr 2026
Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

18:00 9 sentyabr 2026
“Snoop” filminin yayım tarixi açıqlandı

“Snoop” filminin yayım tarixi açıqlandı

16:30 9 sentyabr 2026
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

16:19 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər