Təbrizin "Eşşəklər" kafesi - İran İnqilabı buradan başlamışdı?

Günəş kafesi

Günəş kafesi

23 iyun 2023
# 10:58

Kulis.az Ümid Nəccarinin "Təbrizin kafeləri" yazısını təqdim edir.

"Günəş" kafesindəki düşüncə dostlarıma ithaf olunur...

Təbrizdəki köhnə kafelərdən çoxu indi də fəaliyyətini davam etdirir. Məsələn, “Aşıqlar” kafesi, şairlərin “Günəş” kafesi, ziyalıların “İsrafil” kafesi, “Pambıqçı” kafe, “Şüşərxana”, “Bastan”. Ancaq Təbrizin ən məşhuru “Eşşəklər” kafesi daha fəaliyyət göstərmir. Onu da əlavə edim ki, Təbrizdə kafeyə “qəfə”, “qəhvəxana” deyirlər.

Təbrizin kafeləri ziyalıların, inqilabçıların, fikir adamlarının, sənətkarların fikir mübadiləsi məkanı olub.

Hazırda Təbrizin bir çox kafeləri səyyar satıcıların “biznes obyektidir”.

Məsələn, oturduğun yerdəcə, təsbeh satan əmi yaxınlaşır, təsbehlərini təmtəraqla tərifləməyə başlayır. Qadağan olunmuş kitabların satışından tutmuş, mənzil satışına qədər. Hə, qadağan olunmuş kitablar demişkən... Yadıma gəlir, axtardığım bir çox kitabı tapa bilmirdim. Selinin “Gecənin sonuna səfər” romanı, Əziz Nesin, Salman Rüşdi, Sadiq Hidayətin bir çox kitabını elə o kafelərdən əldə edib, oxumuşam.

Bu kafelərin inqilabların taleyində böyük rol oynadığına baxmayaraq, İran İslam İnqilabından sonra kafeləri məqsədli şəkildə səviyyəsizlərin, bomjların məkanına çevirdilər. Yadıma gəlir, ibtidai sinifdə hansısa uşaq oturacaqda özünü buraxıb, səliqəsiz oturanda, tez müəllimimizin səsi qalxırdı: “Ay uşaq, dur, düz otur görüm, bura qəfəxanadı?”

Valideynlər uşaqları tərbiyə edəndə, “Dərs oxu! Dərs oxumasan, axırın qəfəxanaya gedib çıxacaq” – deyirdi.

Xülaseyi-kəlam, dediyim odur ki, Təbrizin düşüncə mərkəzlərini də tarixi abidələr kimi məhv etməyə çalışırlar.

Gələk Təbrizin məşhur “Hacı Abbas Əli”, yaxud “Eşşəklər” kafesinə. Təbrizin “İki qapılılar” küçəsində yerləşən bu kafe əvvəl “Dəbəhlər” kafesi kimi tanındı. Güney Azərbaycan dialektində “Dəbəh”- deyib-gülən, vecsiz və lətifə danışan adama deyilir. Ruslara qarşı strateji məsələlər məhz bu kafedə gizli şəkildə müzakirə edilib.

”Eşşəklər” kafesi tərkibində “Eşşəklər” partiyası da yaranmışdı. Partiyanın 78 nəfərlik üzvü arasında tanınmış satira ustası Sarı Quluxan, Mir Möhsün Mustəcabəddəvə, Hacı Kərim Ağa Xoşkbarçı, Doktor Bərzgər, Doktor Fəthi də vardı. O dövrdə kafe gizli fəaliyyət göstərirdi və çoxu oranı səviyyəsiz adamların yığışdığı yer kimi bilirdi. Bu kafeyə bilərəkdən bu adı vermişdilər ki, fəaliyyət istiqaməti cəmiyyət arasında sirli qalsın.

Pəhləvi dövrünü ağsaqqallarla müzakirə eləyəndə deyirdilər, bu qəhvəxana hər kəsin yeri deyildi və ora gedən insanlar təhqirə, hətta söyüş eşitməyə belə dözümlü olmalıydılar. Hətta, bu qəhvəxana İran İslam İnqilabından sonra da fəaliyyət göstərib, ancaq bir neçə il sonra bağlanıb.

Satiranın İran ədəbiyyatında inkişaf etdiyi vaxtda Cəlal Ale-Əhməd, Mənuçöhr Hezarxani, İmran Salahi, Səməd Behrəngi və Qulamhüseyn Saidi kimi tanınmış yazıçılar da bu qəhvəxanaya gedib, söhbət edirdilər. Sonra 1923-cü ildə yaranan “Tofiq” adlı satirik dərgi vasitəsi ilə bu kafe daha da məşhurlaşdı və başqa şəhərlərdən yazıçılar, mədəniyyət adamları bu kafeyə gəlməyə başladılar.

6-cı sinifdə oxuyanda Vəxşuri adında riyaziyyat müəllimimiz var idi, dərsə hazırlaşmayan uşaqları lövhənin qarşısında təpiyinin altına salardı. Siqareti damağından əksik olmazdı. Ağır xasiyyətinə baxmayaraq, bütün uşaqlar onun dərsini əzbər bilirdilər. Bizə gülə-gülə deyərdi, “Müsəlmanın başının üstündə qılınc olmalıdı, yoxsa azar. Kötək behiştdən gəlib, sonralar döydüyüm üçün mənə təşəkkür edəcəksiniz”. Mən onu başa düşürdüm, onun hisslərini anlayırdım, o, şagirdlərini hədsiz sevirdi, bir ata kimi sevirdi, ona görə də, öyrənməyən uşağı bağışlaya bilmirdı. Uşaqlar qorxduqlarına baxmayaraq, Vəxşuri müəllimi çox sevirdilər, arada onunla dərdləşirdilər.



Bir gün kefi yaxşı idi, uşaqlardan biri qalxıb icazə istədi və soruşdu:

– Ağa müəllim, Təbrizin “Eşşəklər” qəfəsi haqqında nə fikirləşirsiz?

Çoxlu güldü sonra dedi:

– Hən, elə ora əsl sizin yerizdi. Oxumayan uşağı gərək ora göndərəsən dərsi öyrənə.

Sonra bir az kövrələn kimi oldu. “Uşaqlar, o haqda sizə bir xatirə danışacam. Bir dəfə dostumla danışdıq, gedib oranı yaxından görək. Ancaq oranın necə bir yer olduğunu yaxşı bilirdik, ona görə də hazırlıqlı getmişdik. Bilirdik ki, onların zarafatları ağır olur. Birlikdə “İki qapılılara” getdik. Qəhvəxanaya girəndə bir ağsaqqalla üz-üzə gəldik. Gördü ki, yaşımız azdı:

– Olan, hara başızı salıb, girirsiz? – soruşdu.

– Qəlyan çəkməyə gəlmişik.

– P... yeyirsiz. Ağzınızdan süd iyi gəlir. Hələ qoduxsuz, eşşək boyda olanda gələrsiz.

Qəhvaxanada oturanlar hamısı mənzərəni müşahidə edib, qəhqəhə çəkir...

– Əmi, eşşək olmağa çalışırıq. İnşallah ki, eşşək olduğumuzu qəbul eliyərsüz.

– Hanı sizin üzviyyət (üzvlük) kartız?

– Nə üzviyyəti? Çay içmağa gəlmişux.

– P... yemisiz. Birinci gələh üzviyyət kartız ola. Hər gələn qoduğu qəbul eləsax, day bura qəfəxana olmaz.

– Yaxcı, bizə də o kartdan verin.

Kafenin küncündə oturan bir kişi səslənir.

– Qoduxları çox incitmə, Qulu. Qoy görax bunları üzv götürə bilərux, yoxsa yox? Qoy gəlsinlər".


Foto: Səid Mosəllət

Müəllim deyir, keçib oturduq. Ətrafımıza baxdıq, gördük hamı çay içib, bir-birilə məzələnir, əl zarafatları edirlər. Biz də çayın gəlməsini gözləyirdik. Gördük, çayçı kişi qabağımıza iki boşqab saman qoydu.

– Ya Allah. Başliyün görax.

– Bu nəmənədi? Çay gətir bizə.

– Çayı mamanuva verəcam, balam. Üzviyyət üçün rəsmi eşşək olmalısan baaa. Sənnən şuxluğumuz var? Başla yemlə görax.

Qəhvəxana adamlarının gülüşü başlayır...

Dostum astaca qulağıma dedi ki, dur çıxaq, bura bizim yerimiz deyil.

Müəllim deyirdi, uşaq olduğumuz üçün bizi qəbul etmədilər. Ancaq biz bilirdik ki, ora çox tanınmış ziyalılar gedir.

İndi də az-çox Təbrizin tanınmış qəhvəxanalarının özünəməxsus adəti və prinsipləri var. Qoy birini deyim. Bir gün şairlərin kafesi olan “Günəş”də oturmuşduq. Bu kafedə Rza Bərahəni, Səməd Behrəngi, Şəhriyar, Səhənd, Əlirza Nabdel kimi böyük şəxsiyyətlər oturub. Ancaq bizim dövrdə başqa sahələrdən olan adamlar da gəlib-gedirdilər: türkçülər, solçular, repçilər.


Foto: Səid Mosəllət

Bu kafedə hər masanın öz yiyəsi var, yəni, masaları bölüblər. Düzdür, arada cızıq yoxdur ki, sərhədləri ayırd edəsən, ancaq daimi müştərilər öz yerlərini yaxşı bilirlər.

Əvvəlcədən müəyyən olunmuş yerlərdə qıraq adamlar gəlib otura bilməz, yox işdir, otursa, bir yolla onu qaldırırlar.



Bir dəfə dostlarla qızğın söhbət gedirdi, səyyar satıcı çay içmək üçün bizim masamıza əyləşdi. Çox keçmədi, böyük məcməyilə çay paylayan çayçı onu gördü.

Üzünü turşutdu, bizim çayları bir-bir qabağımıza qoydu, ancaq satıcıya çay vermədi, növbəti adama keçdi.
Satıcı əsəbiləşdi, ayağa qalxıb: “Mənə niyə çay vermədin?” – dedi. Çayçı onu saymadı, alverçi bir də etirazını bildirəndə, çayçı şəhadət barmağı ilə qapını göstərdi, “Dur, dədə, dur...”.


# 1756 dəfə oxunub

Müəllifin son yazıları

# # #