Ərə getmədi, ərə verdilər

Ərə getmədi, ərə verdilər
17 iyul 2017
# 13:04

Bir ay əvvəl uzaq bir qohumun toyunda idim. Nə yalan deyim, bəylə gəlin elə xoşbəxt görünürdü ki, onlara həsəd aparırdım. Elə bilirdim dünyanın ən xoşbəxt adamlarıdırlar. Ta ki, dünən digər bir toyda həsəd apardığım yeni evlənmiş cütlüyü görənədək.

Həmin bəyin qardaşının toyu idi. Bir ay əvvəl xoşbəxtliyini qısqandığım bəy həyat yoldaşının yanında əyləşsə də, o yoxmuş kimi davranırdı. Hamıyla gülərək, xanımı ilə isə qaşqabaqlı, hətta bir az əsəbi danışırdı. Toyun axırına kimi hamıyla rəqs etsə də bircə xanımı ilə rəqs etmədi. Tamada qardaşını təbrik etmək üçün ona söz verəndə isə mikrofonu əlinə alıb belə dedi:

- Bu dünyada sevib evlənmək hamıya qismət olmur. Qardaşım bəxtəvər adamdır ki sevib evləndir. Xoşbəxt olsunlar!

Bu sözlərdən sonra hər şey mənə aydın oldu. Artıq onlara yazığım gəlməyə başlamışdı. Sadəcə fikir verdiyim bir şey var idi, xanım bu sözləri deyən həyat yoldaşı ilə gülümsəyərək şəkillər çəkirdi. Təbəssümü elə sadəcə şəkli çəkdiyi müddətdə davam edirdi. Bircə onu görürdüm ki, xanımın təbəssümü telefon "çıkkkkk" edən kimi sönürdü...

Bu gün böyük sevgi, karyera, uğurlu iş gələcəyi, qadın və kişilərin hüquq bərabərliyindən danışan bir qız da universiteti bitirən kimi evləndi. Evlənmədi, ərə getdi. Ərə getmədi, ərə verdilər.

Yox, yox, ailəsi zorla ərə vermədi o qızı. Əlbəttə ki, istəsə evlənməyə də bilərdi. Sevmədən evlənə bilməyəcəyini deyə bilərdi, amma demədi. Çünki bəzi rəfiqələri artıq evlənmişdi və o da tezliklə evlənib ər çörəyi yemək istəyirdi.

Nə olsun ki, evləndiyi oğlanı hələ bir aydır tanıyır? Nə olsun ki, evləndiyi oğlanla danışanda ona "siz", ya "sən" deyə müraciət etməli olduğunu hələ bilmir? Nə olsun ki, evləndiyi oğlanın nə musiqi zövqünə, nə də digər maraqlarına bələddir? Nə olsun ki, oğlanın xarici görünüşü də onun o qədər ürəyincə deyil? Nə olsun? Əlbəttə, bunların hamısı boşdur. Əsas odur ki, rəfiqəsinə oğlanın sürdüyü maşının, işlədiyi yerin adını və maaşını deyəndə rəfiqəsinin gözləri bərələ qalmışdı.

Düzdür, gələcəkdə övladı sevginin nə olduğunu soruşanda, həyat yoldaşını düşünərək danışmayacaq sevgidən. Nə olsun?! Əsas odur ki, indi nişan, toy günündən şəkillər paylaşıb xoşbəxt olduğunu göstərmək istəyir. Kiməsə nəsə sübut etməyə çalışır.

Həyat yoldaşı vaxt tapanda onu gəzməyə aparır, o da telefon əlində ancaq şəkillər çəkir və sosial şəbəkələrdə paylaşır, rəfiqələrinə göndərir. Getdiyi məkanları işarələyir. Heç həyat yoldaşı ilə iki kəlmə söz də danışmır düz-əməlli, amma...

Əsas odur ki, həyat yoldaşı ilə çəkdiyi şəkillərdə gülür və "Həyatımın mənası", "Aşkım", "Nə yaxşı ki, varımsan" tipli başlıqlar yazıb paylaşır və hər kəs şəklə "Əsl xoşbəxtlik", "Canım, həmişə belə xoşbəxt ol", "Xoşbəxt olmağa layiqsən" kimi şərhlər yazır.

Bəs görəsən o qız doğrudan xoşbəxtdirmi? Doğrudan da peşman deyilmi? Doğrudan da sadəcə övladını gözəl həyatla təmin etmək ona bəs edirmi?

Məncə, yox. Çünki özünü dünyanın ən böyük neməti olan sevgidən məhrum edən insan heç vaxt xoşbəxt ola bilməz. Və əminəm ki, bir gün o da övladına "Sevib evlənmək nədir? Düz-əməlli biri ilə evlən. Sevgi zamanla da yaranar. Gedib aclıqdan ölmə!" deyərək həyatdan intiqam alacaq.

Bütün bu məsələləri yaxşıca düşünün və həmişə dediyim kimi, unutmayın ki, xoşbəxt görünməyə çalışmaq yox, xoşbəxt olmaq lazımdır.

# 2533 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #