Birdən yenə tabut gəlsə məhəlləmizə - Ulucay Akifin yeni şeiri

Ulucay Akif

Ulucay Akif

5 oktyabr 2023
# 10:44

Kulis.az Ulucay Akifin yeni şeirini təqdim edir.

Xəkəndaz

Hələ səhər açılmamış
küçəmizi süpürən xala
qorxma
o gün mənə dedilər
Allahla insan arasında təkcə ölüm var
başqa heç nə...
heç ömür də yoxdu.


əslində
Musa darıxdığı üçün çıxıbmış Tur dağına
sonra Allahı tapıb
danışıb
görüb ki, bu yer üzündə Ondan başqa heç kim yoxdu.


Hələ səhər açılmamış
küçəmizi süpürən xala
qorxma
Hərdən hamıya tapılmır bir tikə çörək
bir qurtum su
heç fikir eləmə başına dönüm
dünya əzəldən bəri ömürlük məhbəsdir
hamı istəyir ki, ölüb qurtulsun.


Hələ səhər açılmamış
küçəmizi süpürən xala
ağlama
oğlun salamatdır
bu gün qara xəbəri gəlməyəcək
amma sən yenə də su səp küçələrə
birdən yenə tabut gəlsə məhəlləmizə
qoy bu dəfə şəhid anası
rahatca dizin-dizin sürünsün.


Hələ səhər açılmamış
küçəmizi süpürən xala
hamının Allahı vicdanı boyda olurmuş
səni and verirəm içindəki Allaha
yekə xəkəndazın varsa
məni də süpürüb
at ya Xəzər dənizinə
ya da bir zibil qutusuna.


Hələ səhər açılmamış
küçəmizi süpürən xala
Mən hər gün ömürə qalib gəlirəm
ya ölümə uduzuram?

# 2319 dəfə oxunub

Müəllifin son yazıları

# # #