İmtahanda 200 bal toplaya bilməyənlərin bəhanələri – Ulucay Akif yazır...

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

8 iyun 2023
# 16:55

Kulis.az Ulucay Akifin “Təhsilə nifrət edən azərbaycanlılar” adlı yazısını təqdim edir.

Ali təhsil ilə bağlı status yazmışdım. Yazmışdım ki, 11 il məktəbə, neçə il də hazırlıqlara, kursa gedib sonra, heç olmasa, 200 bal toplaya bilməyən adamlar gəlib mənlə nəyinsə müzakirəsini, mübahisəsini aparmağa çalışmasın.

İndi səhərdən bütün ölkə bu statusumu paylaşıb məni söyür.

Niyə?

Deyirlər ki,

“əsas diplom deyil”,

“ali təhsillə savadlı olunmur”

“o qədər adam var ki, təhsili var, amma insanlığı yoxdu”

“Azərbaycanda guya təhsil var ki?”

Belə gülməli reaksiyalar verirlər. O adamların da qəzəblərini başa düşməyə çalışıram, amma adam gərək məsələni düzgün analiz etməyi də bacara.

Düzdür, Azərbaycanda təhsil sistemi bərbad gündədir, aşağı səviyyədədir, amma sən bu aşağı səviyyədə olan sistemdə də universitetə girə bilmirsənsə, vay sənin halına.

Azərbaycanda universitetə qəbul olmaq üçün vurma cədvəlini, tabeli və tabesiz mürəkkəb cümlələrinin fərqini bilmək kifayət edir. Sən 11 ildə bunları öyrənə bilməmisənsə, valideynlərinin hazırlığa tökdüyü pul da boşa gedibsə, xətrinə dəyməsin, amma çətin ki, səndə bundan sonra savad ola.

Yazır ki, “o qədər adam var ki, təhsili var, amma insanlığı yoxdur”.

Adamlığın söhbətə nə dəxli var? Mən təhsildən, elmdən, savaddan danışıram, niyə malı mala qatırsan? Yaxşı adamsan deyə savadsız olmalısan? Belə haqq qazandırırsan özünə?

Elə deyir, elə bil, savadı olmayan adamların hamısı möhtəşəm insanlardı.

Ya da deyir:

“Mən adam tanıyıram ki, universitetə girə bilməyib, amma savadı səndən çoxdur”.

Necə olur bu? Necə yəni universitetə girə bilməyib, amma savadı məndən çoxdur? Yoxdu e belə söhbət.

Bir adam da etiraf etmir ki, düz deyirsən, o vaxt atam nə qədər pul tökdü, oxuya bilmədim, başım yoxdu. Hamı özünə necəsə haqq qazandırır.

Əlbəttə, həqiqətən hansısa səbəblərdən təhsildən kənarda qalanlara deyil sözüm. Onların təhsil almaq imkanı olmayıb. Erkən yaşdan işləməli olublar, ya ərə veriliblər, ya da maddi imkanları olmayıb.

Amma bütün imkanlar yaradılsa da, heç 200 bal da toplaya bilməyənlər danışmasın da.

Hamısı deyir ki, mən universitet oxumamışam, amma çoxundan savadlıyam.

Utanmasalar, deyəcəklər ki, “universitetə girə bilmədim, amma sonra qərar verdim ancaq kitab oxumalıyam, indi aliməm”.

Kimi aldadırsınız axı?

Hələ bir dəstə də var. Bu cür söhbətlər olan kimi başlayırlar təhsili olmayan dahilərin, alimlərin, uğurlu iş adamlarının adlarını çəkməyə.

Tomas Edison, Bernard Şou, Corc Vaşinqton, Maksim Qorki... Ya nə bilim, Stiv Cobsu, Mark Zukerberqi misal çəkirlər...

Adamlara izah edə bilmirsən ki, ay qardaş, bizdə heç təhsil alanlar arasından o cür adamlar çıxmayıb, sən təhsil almadan onlar kimi olacaqsan?

İstisna adamlardı həmin şəxslər, özünü onlara bərabər tutursan?

Sən Tomas Edison olmayacaqsan, niyə özünü aldadırsan? Canın çıxsın, get oxu, aç kitabı oxu.

Oxumaq istəmirsənsə də, denən ki, oxumaq istəmirəm, ta yalandan kimlərisə misal çəkmə, ya təhsilin vacib olmadığını demə.

Həqiqətən, mən şokdayam.

Adamların yazdıqları şərhləri bir-bir oxudum. Və başa düşdüm ki, azərbaycanlılar niyə Şəbnəm Tovuzlunun, Damlanın konsertlərində özlərinə əl qatırlar. Yəqin siz də həmin videoları görürsünüz. Xalq necə “hücum” edir onların üstünə, əllərindən, ayaqlarından öpürlər.

Başa düşdüm ki, niyə azərbaycanlılar Manaf Ağayevə 10 min verib toylarına çağırırlar, hələ bununla doymayıb cibinə pul basırlar.

Təhsilə bu cür münasibət göstərənlərdən başqa nə gözləmək olar ki?

Adamlar açıq-açıq deyirlər ki, bizə təhsil, diplom lazım deyil. Adamlar deyirlər ki, “iki vur ikinin dörd elədiyini bilməsəm nə olacaq?”. Deyirlər ki, “tabeli mürəkkəb cümlə ilə tabesiz mürəkkəb cümlənin fərqini bilməsəm nə olacaq?”. Özləri deyirlər də. Girin yazılan şərhlərə baxın.

Hamısı Stiv Cobs, Zukerberq olacaq.

Bu təhsil sizə lazım deyilsə, belə düşünürsünüzsə, onda niyə təhsil sisteminin bərbadlığından gileylənirsiniz? Özünüz deyirsiniz ki, sizə təhsil lazım deyil. Ləğv edək də Təhsil Nazirliyini, məktəbləri, universitetləri. Onsuz da siz oxumamış alim ola bilirsiniz.

# 2877 dəfə oxunub

Müəllifin son yazıları

# # #