Ayxan Ayvazın toyunda nələr olacaq? - Ulucay yazır

Ayxan Ayvazın toyunda nələr olacaq? - Ulucay yazır
1 noyabr 2019
# 16:20

İl 2005.

162 nömrəli məktəb. Riyaziyyat dərsi.

Müəllimə:

- Ulucay, 5 rəqəmini 7-yə bölmək üçün neyləmək lazımdı?

Mən:

- Neyləmək lazımdı?

Müəllimə:

- 5 rəqəmi 7-dən azdır deyə onu tam bölmək olmur.

Mən üzülərək cavab verirəm:

- Tam bölünmürsə, bölməyək də.

Müəllimə:

- Yox, bölməlisən!

Mən (yenə üzgün):

- Niyə?

Müəllimə:

- Çünki gələn ay Ayxan Ayvazın toyu var!

Müəllimə cizgi filmlərindəki mənfi qəhramanlar kimi gülür və mən qorxub yuxudan qan-tər içində oyanıram. Saat 8 olub. İşə gecikəcəm. Tez əynimi geyinib evdən çıxıram.

**

Avtobusda gələn ayın xərclərini düşünərək yuxuya gedirəm.

Yenə sinifdəyəm və hələ də müəllimə 5 rəqəmini 7-yə bölməyimi gözləyir.

- Nə oldu? Bölə bilmirsən? – müəllimə kinayə ilə soruşur.

- Yox. Nə etməliyəm?! – təlaşlanıram.

- Beş yeddidən azdır, bölünmür, ona görə də gərək bir dənə 10-luq götürəsən.

- Kimdən?! – daha da həyəcanlanıram.

- Nə bilim kimdən! Bir dost-tanışın yoxdur?! Zəng elə borc versin! Ha- ha- ha- ha! - yenə mənfi cizgi film qəhrəmanı kimi qəhqəhə atır və mən yuxudan oyanıram.

Avtobusdan düşüb işə tələsirəm.

Yolboyu gördüyüm yuxunu yozmağa çalışıram.

Demək o vaxt məktəbdə bizə bir rəqəmi özündən daha böyük rəqəmə bölməyi bunu üçün öyrədirlərmiş. Bilirlərmiş ki, bir gün qazandığımız pul xərclərimizdən daha az olacaq.

Sizin də yadınıza düşdü bu bölmə əməliyyatı?

Gördün bölünmür, bir dənə 10-luq götürürsən, borca 10-luq götürən kimi cavab yerinə tez bir dənə sıfır yazıb vergül qoyursan. Bax həmin o sıfır var ha, o, həmin ay sənin gələcək planların üçün yastıq altına ata bildiyin pulu göstərir.

Vay o gündən ki onluq bəs etməyə, yüzlük alasan. Onda vergüldən sonra bir dənə də sıfır yazırsan.

**

İşə çatdım. Gecikmişəm. Bir fincan çay süzüb masamın arxasına keçirəm və Feysbuka girirəm. Bir nəfər elə çay içərkən fincanının şəklini çəkib paylaşıb və belə bir başlıq paylaşıb:

“Bəzən xoşbəxt olmaq üçün bir fincan çay bəs edir!”

Puaahhhhh!

Bir fincan çay ilə həyatın fəlsəfəsini çözən adamlarıq. O vaxt Ziqmund Freydə, Nitşeyə də bir pürrəngi çay dəmləyib verən olsaydı, başlarını o qədər yormazdılar, həqiqətə daha tez çatardılar.

Qəfil ağlıma məni dəhşətə gətirən başqa bir sual girir.

Yaxşı, bir rəqəmi özündən daha böyük rəqəmə bölməyi niyə öyrətdiklərini başa düşdüm. Bəs bu sinuslar, kosinuslar, tangenslər, kotangenslər, loqarifmalar, faktoriallar, kökaltılar nəyə lazım olacaq?

Ümid edirəm ki, heç olmasa bu sadaladıqlarım bundan sonra həyatın heç bir sahəsində bizə lazım olmayacaq.

**

2019-cu il, 2 noyabr.

Ayxan Ayvazın toyu.

Foyedə çay içərək bir fincan çayın xoşbəxtlik üçün bəs edib etmədiyini düşünürəm.

Nəvələri üçün belə ev almış bir məmur mikrofonu əlinə alır və yeni evlənən cütlüyü təbrik edir:

- Ayxan, sizə xoşbəxtlik arzulayıram! Puldu, maşındı, evdi bunlar ötəri şeylərdi. Əsas sevgidi, xoşbəxtlikdi, bir də can sağlığıdır!

Qaynar pürrəngi çayı birnəfəsə başıma çəkirəm və boş fincanı çayçıya uzadıram:

- Bir dənə də süz!

# 3571 dəfə oxunub

Müəllifin son yazıları

# # #