Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub

Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
30 noyabr 2020
# 11:05

Kulis.az gənc yazar Ulucay Akifin Şuşa döyüşlərində baş leytenant kimi iştirak edən tanınmış şair Emin Piriyə yazdığı məktubu təqdim edir.

Salam, Emin!

Necəsən?

Dünən bizə Şuşadan əlisilahlı şəklini yolladın, hamımız fərəhləndik. Hətta şəklini qarşıma çıxan hər kəsə göstərib “Bu, mənim şair dostumdur! Onunla o qədər pivə içib şeirdən, qadınlardan danışmışıq ki…” demək istəyirdim.

Əsgər yoldaşlarının çəkdiyi videoya da baxdıq. Dedin ki, biz gənclər bu vaxta kimi ancaq işğal görmüşdük, indi ilk dəfə qələbə görürük. Əsgər səni komandir və baş leytenant kimi təqdim edəndə lap qürur duydum.

Sən demə, şairlər də komandir ola bilərmiş!

Fikir verdim, saqqalın ağarıb. 44 günlük savaşın içində elə yaşlanmısan, elə bil 44 yaşın var. Amma şəkildə gözlərinin içi parıldayır, xoşbəxt görünürsən. Bilirəm ki, çox xoşbəxtsən. Çünki sən müharibə haqqında ən gözəl şeirləri yazmış şairlərdən birisən. Özün də bilirsən ki, elə səni bir şair kimi ən çox həmin o şeirlərə görə sevirik, “18+” şeirlərinə görə yox.

Ay Emin, hazır sən məndən yüzlərlə kilometr uzaqda ikən sənə bəzi şeyləri etiraf edim. Hər dəfə görüşəndə elədiyin qız-qadın söhbətlərindən bezmişdim. Çox vaxt da ona görə vacib işimin olduğunu deyib sənlə görüşdən qaçırdım. Nə qədər olar axı, filan qız məndən ötrü ölür, filankəs məndən əl çəkmir, o birisiylə keçən gün görüşdük… Hamısının gop olduğunu bilirdim. Məcbur qulaq asıb özümü inanmış kimi göstərirdim.

Elə danışırdın, elə bil, Azərbaycan Yazıçılar Birliyinə üzv olan gənc xanımların çoxu səndən ötrü ölür. Elə danışırdın, elə bil, Gənc Ədiblər Məktəbinin banisi sənsən. Bizi boş ver, az qalsın Rəşad Məcidin də haqqına girirdin.

Hamısının yalan olduğunu bilirdim, amma üz vurmurdum. Hətta sənin dərdindən öldüyün dediyin o qızların bir çoxu mənə sənin əlindən bezdiklərini deyirdilər.

Söhbət eləmək üçün görüşə çağırırdın, imkan vermirdin, mən də ağzımı açıb iki kəlmə söz deyim. Heç fasilə vermədən, hər mövzuda danışırdın.
Bilmirəm necə olurdu, söhbətə Markeslə başlayıb Usama bin Ladenə keçid eləyirdin. Ya da hansısa qızdan danışıb qəfil Qulu Ağsəsə, “Ulduz” jurnalına istiqamətlənirdin.

Hələ bu qədər söhbət eləyə-eləyə necə olurdu, mən bir bakal pivəmi içib qurtarmamış, sən beşinci, altıncı bakala keçirdin?

Yaxşı ki, özün də bunun fərqinə varmışdın, görüşə çağıranda deyirdin ki, gəl, vallah bu dəfə az danışacam, imkan verəcəm sən də danışasan, amma yenə də imkan vermirdin.

Emin, yadına düşür, sənlə təzə dostlaşdığımız vaxt idi, şəhərin mərkəzindəki “Pub”lardan birinə getmişdik. Çox içmişdin. Bir ara siqaretin qurtardı. Utana-utana mənə dedin ki, olar sənə pul verim, gedib siqaret alasan? Elə bildin, təzə tanışıq deyə, məni buyurmağın xətrimə dəyər. Tez “ya da sən otur, özüm gedəcəm” deyib ayağa qalxdın və içkili olduğun üçün özünü saxlaya bilməyib stula yıxıldın, xeyli gülüşdük.

Həmişə hesabı sən ödəyirdin. Mənə deyirdin, sən tələbəsən, işləyəndə verərsən.

Mən işləməyə başlayanda da hesabı həmişə sən verirdin.

Xoşuma gəlməyən cəhətlərin olsa da, sənin xətrini həmişə çox istəmişəm.

Bunun ən birinci səbəbi sənin istedadlı şair olmağın idi. Çünki istedadlı adamların pis biri olacağını heç vaxt düşünməmişəm.
İkinci səbəb müəllim olmağın idi. Tarix müəllimisən və şanlı tariximizin yazılmasında iştirak etdin.
Üçüncü səbəb, keçmiş hərbiçi olmağındı. Bunu həmişə fəxrlə deyirdin və bir hərbiçi kimi də müharibədə iştirak etdin, Şuşaya əlisilahlı girdin.
Sənin şəklini görəndə bir az da paxıllığım tutdu. Atam Akif Səmədin bir şeirində belə yer var:

Bu şeiri Şuşaya
Bayraq sancan tamamlar

Atamın o şeirini tamamlamaq sənə qismət oldu, Emin!

Təbrik edirəm səni, Cənab Leytenant!

Salamat qayıt gəl, oturub yaxşıca içək. Bu dəfə hesab mənlik olacaq. Söz verirəm, indən belə nə danışsan inanacam və heç vaxt bezməyəcəm.
Bir də ki… Ta evlənməyin vaxtı çatıb. Şuşanı işğaldan azad elədin. İndi qızlar doğrudan da səndən ötrü öləcək. Birini seçib evlənərsən.

Bizim də canımız dincələr, sənin də, qızların da!

# 4790 dəfə oxunub

Müəllifin son yazıları

# # #