Həyatım sənin çantanın içi kimidir – Ulucay Akifdən İKİ YENİ ŞEİR

Həyatım sənin çantanın içi kimidir – Ulucay Akifdən İKİ YENİ ŞEİR
20 dekabr 2017
# 16:12

Kulis.az gənc şair Ulucay Akifin iki yeni şeirini təqdim edir.

Adını bilmədiyim musiqi

İndi
həyatım
sənin çantanın içi kimidir.
Yəni hamı var,
amma heç kimi tapmıram.

Bilirsən,
bu həyatın özü də
ən ağır içki kimidir,
doğru adamlarla içəndə
yaşayırsan,
yanlış adamlarla içəndə
ölürsən...

Sevgi
gedərsə səndən,
bir də əvvəlkitək
yağmaz yağışlar üstünə.
Axı bilməliydin -
sevgi ayrılmamaq deyil,
unutmamaqdır.
İnsanı unutmaq küsdürər.

Daha sən də
adını bilmədiyim
bir musiqi kimisən.
İndi Tanrıya daha çox inanıram,
Dua edirəm,
dua edirəm ki,
Heç bitməyəsən...

Bulud

(Rəvan Cavidə ithaf)

İnsanlar
bəzən balıq kimidir,
Hər şey yaxşı olacaq
bu axına qarşı üzə bilsək!

bəzənsə quşlar kimi,
Hər şey yaxşı olacaq
Buludlara tərəf uça bilsək

Biz, bəzən, sadəcə
çiçəklər kimi həssas,
hisslərimiz ləçək-ləçək.

Bilirəm,
Bizim ruhumuz
şeir yazaraq dincələcək...

amma...

Balıqlar
həmişə balıqdırlar,
quşlarsa quş,
çiçəklər də çiçək.

Buludlardan soruşsan,
təkcə onlar bizim kimi...
onlar da yağmur olub
yağandan sonra dincələcək...

# 3822 dəfə oxunub

Müəllifin son yazıları

# # #