30 ilin ən gözəl müjdəsi

30 ilin ən gözəl müjdəsi
12 may 2021
# 12:04

Səhər oyanıb sosial şəbəkədə gəzişəndə gördüm, dostluğumda olan bir çox media və sənət adamları sevinclə Şuşaya getdiklərini yazıblar.

Necə gözəl gündür, İlahi?!

Bayram günlərində azərbaycanlılar Şuşaya bayram keçirməyə, festivala gedirlər. Özü də "Xarıbülbül" musiqi festivalına.

Yəqin son 30 ildə belə gözəl bayramımız, bayramlarımız olmayıb.

Düz 2 il qabaq, 9 may tarixində Paşinyan Cıdır düzündə içki içib bizim yallımızı rəqs edəndə, yəqin hamımız eyni qəzəb hissini yaşamışdıq.

Nə yalan deyim, o hadisədən sonra niyəsə bir də Şuşanı görməyəcəyimizi düşünmüşdüm. Çox məyus olmuşdum.

Hər 8 may günü dilimiz gödək, başımız aşağı olurdu.

Amma indi...

İndi Feysbuka girəndə, görürəm, Rəşad Məcid bizə Şuşaya getdiyini müjdələyir.

Festivalda hansı müğənnilərimizin, sənət adamlarımızın iştirak edəcəyini bilmirəm, amma orda səslənən bütün mahnıların, musiqilərin təkcə Şuşanın dağlarında yox, Azərbaycanın hər guşəsində, Qarabağda, hətta İrəvanda da sədalanacağına əminəm.

Pəncərəmiz açıqdı, çöldən quşların səsi, yazın qoxusu otağıma dolur. Quşlar, təbiət baharın gəlişinə sevinir, mən isə Şuşalı ilk baharıma sevinirəm.

Əvvəl elə bilirdim, bizsiz o torpaqlara bahar da gəlmir, ağaclar çiçəkləmir, səmasında qaranquşlar ucuşmur.

Kim bilir, bəlkə də doğrudan beləydi?

Amma indi...

İndi Şuşaya da bahar gəlib!

İndi Şuşaya biz gəlmişik!

Şuşanın dağlarında oxuyacaq müğənnilər nə qədər xoşbəxtdir!

Cıdır düzündə rəqs edəcək azərbaycanlılar nə qədər xoşbəxtdir!

Şuşanın dağları necə xoşbəxtdir!

Cıdır düzü necə xoşbəxtdir!

Şəhidlərimizin ruhu necə şaddır!

Şükür sənə, İlahi!

Bu günlər üçün...

# 3316 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #