Neçə qadın unutdum – Ulucay Akifdən Yeni Şeir

Neçə qadın unutdum – <span style="color:red;">Ulucay Akifdən Yeni Şeir
14 may 2019
# 11:27

Bu gün gənc şair Ulucay Akifin doğum günüdür. Kulis.az şairi təbrik edir və onun yeni şeirini diqqətinizə çatdırır.

Neçə qadın sevdim,

neçəsini unutdum, ilahi,

həyatımın 24 bahar fəslində

və hər səfər

ilk dəfə eşqə düşərcəsinə

sevdiyim qadınların uşağı oldum

(ki uşaq idim elə əslində)

bəlkə çox deyildi,

çox deyildi "yaşadım"

deyə bilmək üçün bunca il,

amma "sevdim" deməyə

bəs edəcək qədər idi, bunu bil...

mən də kəsədən getdim ölümə

kəsədən getdim

ki, eşq

ölümə aparan yolların

ən gözəli və ən kəsəsi idi...

üzülmə, qızım, üzülmə,

axır-əvvəl gözəl bir ölüm

mənim də yolumu kəsəsi idi...

özünü aldada bilməyən adamlar

aldadılmağı seçir zaman keçdikcə,

ömür ötdükcə yanımızdan

hara getdiyini bilmədiyimiz bir qatar kimi.

Ömür axır-əvvəl ötüb-keçir, qızım,

Ömür ötüb-keçir bədənindəki ağrılar kimi.

bir tək ölüm bizi ölənədək tərk etmir,

ən yaxın dost kimi,

ya ən böyük düşmən kimi,

bir tək ölüm bizi ölənədək pusur,

sənə demişdim axı, qızım,

sevgi hər kəs ilə fərqli danışır,

ayrılıq eyni cür susur...

# 3721 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #