İşığı sönməyən şəhər; Şərif Ağayarın romanı

İşığı sönməyən şəhər; <span style="color:red;">Şərif Ağayarın romanı
19 aprel 2017
# 11:00

Sizə əvvəl-əvvəl narıncı rəngli dəftərimdən danışmaq istərdim. İllərdir dünya ədəbiyyatından oxuduğum müxtəlif maraqlı fikirləri, aforizmləri, tarixlə bağlı ruhumu titrədən xatirələri bu dəftərə köçürtməyi sevirəm.

Bu dəftərdə nələr yoxdur ki!

Bəzən darıxanda oxuyur, mənəvi rahatlıq tapıram. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, kifayət qədər Azərbaycan, dünya ədəbiyyatını mütaliə edən biriyəm. Həyat yollarımda müəyyən vaxtlarda karıma gələn hər hansı bir fikir mənə arxa, kömək olub. Az-çox nə qazanmışamsa ruhun qidası olan kitablara borcluyam.

Onore de Balzak, Gi de Mopassan, Çexov, Viktor Hüqo, Harriyet Bişer-Stou, Selincer, Şifra Horn, Cek London, Nell Harper, Teodor Drazyer, Qustav Flober, Ernest Heminquey, Lev Tolstoy, Dostoyevski, Maksim Qorki, Çexov, Mixail Bulqakov, Hote pərəstiş etdiyim, əsərlərinin vurğunu olduğum yazıçılardır.

Bizim yazarlardan Anar, Elçin, Yusif Səmədoğlu, Əzizə Cəfərzadə, Xalidə Hasilova, Mövlud Süleymanlı, Əlbala Hacızadə, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Qılman İlkin, Əkrəm Əylisli, Manaf Süleymanov, Seyfəddin Dağlı, Mustafa Çəmənli, Rafiq Tağı, Afaq Məsud, Zakir Sadatlı, Qorxmaz Şıxalıoğlu, Saday Budaqlı və adlarını çəkə bilmədiyim yazıçıların əsərlərini oxumuş, bəhrələnmişəm.

Müasirlərdən çox oxumasam da, Seymur Baycan, Günel Mövlud, Cavid Zeynallı, Günel Natiq, Mövlud Mövlud, Qan Turalı, Mirmehdi Ağaoğlu narıncı dəftərimə düşməyi bacaran imzalardırlar.

Xüsusi zövq aldığım, hiss və həyəcansız oxuya bilmədiyim müəlliflərdən biri də Şərif Ağayardır. Onu daha çox hekayələrindən və ədəbiyyatla bağlı esselərindən tanıyırdım. Bu yaxınlarda oxuduğum “Arzulardan sonrakı şəhər” romanı isə mənə doğrudan-doğruya böyük ədəbiyyat zövqü yaşatdı.

Bir neçə saata oxuduğum roman iki ayrı-ayrı dövrü özündə birləşdirən rəvan dili, kaloriti ilə seçilən əsərdir. Romanda qədim Misir dövrünün ümumiləşmiş obrazı olan, şücaətli sərkərdə, sonralar firon məbədləri tikmək üçün əsir götürülən Amanis yaxşı mənada Mel Gibsonun “Apokalipsis” filminin qəhrəmanını xatırlatsa da həm də xeyli fərqli, özünəməxsusdur. Hər iki qəhrəman (filmdə və əsərdə) azadlıq uğrunda, ailəsini xilas etmək uğrunda canlarından keçməyə hazırdır. Amanis özünün təbiət, yurd və vətən sevgisini qədim Misir miflərinə, Misir nəğmələrinə, qədim Nil inanclarına (romanda İrerü – T.F.) elə bağlayır ki, oxucu mütəəssir olmaqla yanaşı həm də xeyli məlumatlanır.

Tənhalıq dünyasında əsirlikdə olan Amanis gözəllik ilahəsinə bənzər arvadı Miladesin, oğlu Asirusun azad olacağına, onlara qovuşacağına əmindir. Ona elə gəlir ki, doğulub böyüdüyü Yaşıl vadidə, sitayiş etdiyi İterü çayında ölsə, suyla buxarlanıb doğma yerlərə təzədən yağacaq, doğmalarına bu yolla qovuşacaq. Yaşıl vadi onun babasının babasının, ulu əcdadının torpağıdır. O, “şər qüvvələrin məskəni olan səhraların deyil, yamyaşıl ormanların övladı”dır.

Əsərdə İterü çayı, Yaşıl vadinin füsunkar təbiəti o qədər gözəl təsvir olunub ki, özünü hadisələrin axarında hiss edirsən. Xaxas xəndəyindən mizraqla vurulub vadiyə atılan uşaq, ana fəryadı ağrıların acısı, dərdlərin dözülməzidir...

Xaxas xəndəyi Amanisin həyatına bir kabus kimi çökür və onu ömrünün sonunacan təqib edir.

Əsərdə hər iki zamanda hadisələr maraqla, həyəcanla oxunur. Nənənin comərdliyi, yeri düşəndə nəvəsindən ötrü müəyyən yalanlar söyləməsi ona qarşı mərhəməti, mehribanlığı çoxaldır. Həsənin kövrək tərzdə: “Nənə, mənə anamdan danış...” - deyərkən nənənin dizləri əsə-əsə səssiz ağlaması oxucunu da göz yaşlarını silməyə vadar edir.

Namaz kişinin məhkəmədəki atalar sözləri isə şaqqanaq çəkib güldürür adamı və beləliklə al-əlvan duyğular yaşayırsan.

Hələ Məxmərəy, Mərmər xanım, əllərindən musiqi tökülən dirijor, qədim Misir mətnindəki şair, saqqalı münəccim, məğlub olmuş sərkərdənin qıvrım saçlı qadını...

Yazmaqla bitmir...

Ağzı məftillə bağlanmış çəhrayı atlar əsər boyu az qala hər bir obrazın, eləcə də oxucunun içindən, xəyalından keçir. Onların yağış altındaymış kimi şax dayanmalarını, insanlardan ürküb tozanaq qaldıra-qaldıra üfüqə doğru qaçmalarını həyəcansız oxumaq olmur.

Baş qəhrəman Həsən ayrıca bir dünyadır. Müharibənin içindən gələn və getdikcə böyüyən səsləri yeməli şeylərə oxşadan 15-16 yaşlı bu yeniyetmənin zəngin mənəvi dünyasına heyran qalırsan.

Arzulardan sonrakı şəhər də onun xəyallarnın məhsuludur və romanın sonluğuna doğru Amanisin Yaşıl vadi xülyasıyla üst-üstə düşür.

Bütün romanı biri-birinə açar kimi bağlayan və oxucu üçün açar kimi də açan at başı işarəsidir. Hansı ki, Həsənin nənəsi ilə evində qaldığı Sərdar müəllim də bu işarəni görmüşdü...

Arzular şəhərində yaşayan Həsən nənəsinin təkidiylə həkim müayinəsindən keçir. “Bu uşağın yuxusuna hər gecə ağzı məftillə bağlanmış atlar girir, özü də çəhrayı rəngdə.” Yuxular azmış kimi qonşu Məzi dayının yaşıl “Moskviç”ində at başına oxşayan bir şəkil var və o da çəhrayı rəngdədir. Həsən bu cızıqla və bu rənglə maraqlanın ikinci adamdır. Sərdar müəllimdən sonra... Məzi dayı deyir bunu:

“- O, da siz qalan evdə olurdu. Bu yazıb-oxuyan adamların başı xarab olub bəlkə?”

“- Sərdar müəllimi deyirsiz?”

Əsərdə ən çox təsir edən obrazlardan biri Həsəngilin ata-baba dostu olan Sərdar müəllimdir. Sərdar müəllimin evi üç otaqlıdır. Ortadakı böyük otağa onun əşyalarını yığıb qapısını örtüblər. Yazıçı obraza sirli, otaqdakı əşyalara müəmmalı yanaşsa da, hadisələrin gedişatından məlum olur ki, o humanist bir insan, ailəsinin, övladının, qohum-əqrəbasının qeydinə qalan, nəhayət öz böyük dünyası olan jurnalistdir. Gözündə qalın şüşəli eynək, başında boz şlyapa... Sərdar müəllimin, zahirən soyuq görünsə də, nənə və Həsənə “İstədiyiniz qədər evimdə qala bilərsiz” deməsi daxili mərhəmətdən yoğrulan istiqanlı bir insan olduğunu oxucuya çatdırır.

Bir gün Həsənin Kiyev xəyalları ilə oxuduğu peşə məktəbində tarixdən dərs deyən Şamxal müəllim yazı taxtasına at başına oxşayan işarə çəkir və deyir: “Mənim yaxın bir dostum vardı, jurnalist kimi Misirə getmiş, araşdırmalar aparmışdı. Ona tarixi mənbələrdə rast gəldiyim bəzi faktları söyləmişdim. Deyəsən, nəsə yazmaq istəyirdi. Heyif, bu yaxınlarda rəhmətə getdi, çəkdiyi foto da, yazdığı yazı da əlimdən çıxdı.”

Bəli, ilk və son görüşündən sonra Həsən Sərdar müəllimin Rusiyada, öz qızının yanında rəhmətə getdiyini eşidir.

“Nənəm yanımdan əl çəkmir, hər yerdə mənimlədir”, - deyən, Həsən Sərdar müəllimin otağına girib axtarış edə bilmir.

Həsən evdə təkdir. Fürsətdən istifadə edib, Sərdar müəllimin bağlı qapısını açıb içəri girir. Bir-birindən maraqlı şəkillər könlünü oxşayır. Nil çayı, piramidalar, ikinci qovluqda yazılmış “Yaşıl vadi” sözü və at başı çəkilmiş foto onun heyrətinə səbəb olur.

Həsən bir də o qovluğu Arzular şəhəri dağılanda görməyə fürsət tapır. Şəhər od tutub yanır. Hər yan od-alov içindədir.

Növbəti partlayış dördmərtəbəli binanı lərzəyə gətirir. Həsən tələsik “Yaşıl vadi” yazılmış qovluğu götürüb çıxır. Deyəsən, sonuncu mərmi Sərdar müəllimin mənzilinə, onun otağına düşür. Həsən üstündə at başı işarəsi olan iri hərflərlə yazılmış “Yaşıl vadi” qovluğunu sinəsinə sıxıb qoxlayır.

Əsərin sonunda hadisələrin bir-birinə bağlanması Yaşıl vadidən bəhs edən bölümün Sərdar müəllim tərəfindən qələmə alınmasını ortaya qoyur.

Dünyanın harasında olursan ol, yarımçıq, nakam arzular var. Nənənin Həsənə dediyi kimi: “İşığı sönməyən şəhər yoxdur!”

“Arzulardan sonrakı şəhər” romanının bitməsi təəssüf qarışıq bir nisgil oyadır.

Məncə, yaşadan, düşündürən, güldürən, bir sözlə insana əlvan duyğular bəxş edən bu kitabı oxumağa dəyər!

# 1271 dəfə oxunub

Müəllifin son yazıları

# # #