Azan vaxtı yuvasına yem aparan qarışqa

Azan vaxtı yuvasına yem aparan qarışqa
8 avqust 2017
# 10:43

Kulis.az Təranə Fazilqızının “Azan səsi” essesini təqdim edir.

Yayın qızmar çağıdı. Günəşin hərarəti ətrafı yandırıb yaxır. Yaşıllığa bürünmüş aləm - ağaclar, güllər istidən yanıb qovrulur. Hər səhər bolluca su içsələr də axşam qurumuş torpağın çatları susuzluqdan fəryad edir. Bağda daldalanmağa yer axtaran tənbəl pişik, qoçaq it də bu günlərdə istidən ləhləyir. Qərar tutmayan, kölgəlik axtaran heyvanlar sərələndikləri yerdə şil-küt uzanıb qalırlar. Günəşin istisi onları qaraladığından iştahdan küsüblər. Ərköyün uşaq kimi yeməkdən, içməkdən qismən də olsa imtina ediblər.

Bircə mən günün qızmar çağında ağacların əhatəsində gəzməyi sevirəm. Hər ağacla, güllə danışıram. Elə bilirəm gəlişimi, varlığımı hiss edib sevinirlər. Bağda olmayanda yoxluğumdan darıxırlar. Bəzən qürub çağı səssizliyin axarında bir kənara çəkilib sükutu dinləyirəm. Göyərçinlərin qəfil uçuşu səmada səs salıb məni xəyallardan ayırır. İt səs gələn tərəfə qaçıb bir-iki ağız hürür. Qonşu həyətdə xoruz bivaxt banlayır. Bu arada samovar tüstüsü gözümü acışdırsa da, qoxusu könlümə xoş ovqat verir.

Həyətdə badam, əncir, armud ağacında meyvələr bol olsa da, arılar gavalı ağacında şanı qoyub. Nizamı pozmayan işlək arılar dəhşətli istidə daha çevik olurlar. Gavalıdan şirə çəkib şanının içini doldurmaları başqa bir aləmdi. Ağacın budaqları meyvə bolluğundan aşağı endiyi üçün qərara aldım ki, meyvələri dərim, budaq da rahatlasın. Nə qədər sakit dərsəm də arıların qəzəbinə elə tuş gəldim ki, gəl görəsən. Qoşunla üstümə cumdular. Hə yayınsam da, azı dördünün qənimi oldum. Məni dişləyib aradan çıxdılar. Bir anda biləklərim şişib qızarsa da, məqsədimdən dönmədim. Bir az da təkidlə bircə budaq saxlamaqla meyvələrin əksərini yığdım. Ağırlıqdan qurtulmuş ağac yarpaqlarını xəfifcə tərpədərək mənə təşəkkür edirdi...

Qumluqda təpəcik yaradan, sağa-sola şütüyən qarışqalar qış ehtiyatı görürlər. Özündən ağır yemi çəkib apara bilməyən qarışqa sağa-sola var gəl edir. Bir an duruxub dayanır. Elə bil dostlarını köməyə çağırır. Bu an qarışqaya digərləri yaxınlaşıb kömək edir. Qabaq ayaqlarını irəli verib yemi itələyir, yuvaya aparırlar. Yem böyük olduqda onu bölüb hissə-hissə hey yuvalarına daşıyırlar.

Onları izləməkdən yorulub eyvana keçirəm. Qürub edən günəşin son şəfəqlərini izləyirəm. Yarpaq belə tərpənmir bu gözəllikdə. Zaman yorğunmuş kimi sükutdan dincini alır. Elə bu an azan səsi ətrafı bürüyür. Namaz vaxtının başlandığını xəbər verən bu sehrli səs məni ağuşuna alıb göylərə aparır...

21 iyul 2017

# 2038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #