Bacımın ad günü, babamın ağrıları, Şuşanın işğalı – Qismət yazır

Bacımın ad günü, babamın ağrıları, Şuşanın işğalı – <span style="color:red;">Qismət yazır
8 may 2016
# 11:00

Kulis.Az Qismətin “92-ci il” essesini təqdim edir.

Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə

İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm həmin böyük evdə, hamının gözündən oğurlanıb babamın can verdiyi otağa girəndə, kişinin dünyaya, balalarına, qohumlara, mənə - nəvəsinə son dəfə baxan gözlərində hansı ifadə vardısa, 92-ci ilin mayında da həmin ifadə vardı onun gözlərində. O gözlərdəki ifadədə qürbətə, mühacirətə, sürgünə getmək əmri verilən, amma bu xəbəri adamları narahat etmək istəmədiyi və ən qəribəsi bir az da utandığı üçün heç kimlə bölüşə bilməyən bir adamın iztirabı vardı. İndi kitab almaq üçün tez-tez getdiyim, kitab klubu yerləşən küçədə - Mustafa Sübhi küçəsində, mənim üçün dünyanın ən böyük evində, uşaqlığın ən gözəl günlərini keçirdiyim həyətdə, dünyadakı sonuncu yaxşı kişilərdən olan babamın dünyadan köçəndə gözlərində hansı ifadəni görmüşdümsə, yaddaşımı zədələyən, orda özünə mülk quran o baxışlardakı iztirabı bu yaşımda babamın ailə albomumuzdakı bütün fotolarında indi daha dəqiq hiss edirəm və o baxışlara, o baxışlardakı iztiraba mənim gücüm çatmır...

92-ci ilin 8 may günü bacımın doğum gününü qeyd etmək üçün babamın bağına toplanmışdıq. Nənəm duzlaşmadan tutulmuş ayaqlarını çəkə-çəkə mətbəxə keçib bütün yeməkləri özü bişirmişdi. Dayım rəngbərəng şarlardan üfürüb gah çilçıraqdan asmış, gah şarları üstümüzə atıb bizi əyləndirmişdi. Atam babamın yanında siqaret çəkmədiyi üçün arabir həyətə çıxmış, siqaretini çəkib qayıtmışdı. Anam mətbəxin qapısında hürən itə, miyoldayan pişiyə sür-sümük atmışdı. Kimsə “darvaza döyülür” - demişdi, cumub açmışdım ki, heç kim yoxdur...


Bütün yeməklər süfrəyə düzüləndən, qədəhlərə şirələr, şərablar süzüləndən, hamı bir-iki loxma yeyib, boğazını yaşlayandan, zarafatlar başlayandan sonra babamın yadına düşmüşdü ki, bir azdan “Günün ekranı” başlayacaq və dayıma dedi, televizoru yandırsın. “Günün ekranı”na qədər çox xatirələr danışıldı, çox söhbətlər yada düşdü. Dəqiq xatırlamıram, həmin gün Şuşadan, İsa bulağından, Cıdır düzündən söhbət düşdümü, nəsə danışıldımı, amma bir şey indi də, dünən olmuş kimi yadımdadır ki, həmin gün süfrəyə nənəmin şüyüdlü aşı gələndə “Günün ekranı” başladı və diktor bir futbol klubunun qələbə çalması, ya da məğlub olması barədə xəbəri hansı tonla oxuyursa, elə təxminən həmin laqeyd, təhsilli səsiylə Şuşanın işğal edilməsi xəbərini oxudu. Neyləsin, peşəkardı axı...

Hamı sözsüz bir razılığa gəlibmiş kimi əlini süfrədən çəkdi, bircə bacımla məndən başqa. Babam süfrədən qalxdı, sarı filtr “Malbro”sunu damağına qoyub yandırdı. Otaqda dəhşətli bir sükut çökdü; bu sakitliyi arabir mənim və bacımın hırıltısı, qapıda miyoldayıb ət istəyən pişiyin nazik səsi və həyətimizin harasındasa qonşu uşaqlarına hürən itin səsi pozurdu. Babam gah divanda oturur, gah da otaqda var-gəl edə-edə papirosu papirosa calayırdı. Nənəm oturduğu yerdəcə başını öz köksünə sıxıb asta-asta ağlamağa və arabir də özü-özünü kiritmək üçün güllü şalının ucuyla gözlərini silməyə başladı. Masaya təzə gəlmiş plova heç kim əlini vurmadı və o gün o plov qarət olunan obaların yanıb-yanıb sönmüş, yalnız burula-burula tüstüsü çıxan miskin görkəmində qaldı. Anam sakit-sakit, nənəmin sükutunu yamsılayan bir sükutla ağlayır, bir ucdan da süfrədəkiləri mətbəxə daşıyırdı. Dayım çilçıraqdakı qırmızı şarları sökdü, atam siqaret çəkmək üçün çölə çıxdı. Babam isə gah oturur, gah var-gəl edir və dilinin altında naməlum adamları, naməlum ünvanları söyürdü.

(İndi bacımın 25 yaşı var, amma o gündən bəri bizdə bacımın doğum günü qeyd olunmur.)

Həmin gün babam çoxlu söyüş də söydü, dodaqaltı söylənib başını da buladı; çöldə it hürdü, pişik susdu, bir də bayquş uladı. Dayım tüfəngi götürüb çölə çıxdı, bir azdan qayıtdı, səs hardasa uzaqlardan gəlirmiş...

Anam bizim yerimizi saldı ki, yatmaq vaxtıdır. Hamı öz yerinə dağılışdı, böyük otaqda bircə babam qaldı.

Nənəmlə mən eyni otaqda yatırdım və o otağın qapısını bağlamır, qapıdan həmişə tül bir pərdə asırdılar ki, hava gəlsin, çünki nənəm astmaydı, tez-tez təngnəfəs olurdu. Mənim çarpayım üzü həmin tül pərdəli qapıya tərəf idi və mən səhərə qədər babamın kölgəsini o tül pərdənin arxasından o yan-bu yana gedən gördüm. Səhərə qədər babam o tül pərdənin qabağından keçdi, dodaqaltı nəsə dedi, ah çəkdi, köks ötürdü və səhərəcən onun dodağında papiros közərdi. Dağ başında qalanmış xəbərdarlıq tonqalının uzaqdan görüntüsünü xatırladan siqaretin közərtisi, tül pərdənin arxasından sağa-sola getdikcə, mən yerimdə qurcalanır, su istəyirdim. Sonra elə beləcə də məni yuxu apardı, bir də səhərə yaxın hava işıqlaşanda qəfil bir səsə diksinib oyandım. Hardansa uzaqlardan yenə bir bayquş səsi gəldi və indi mənə nədənsə elə gəlir ki, o bayquşun səsi o vaxt “Günün ekranı”nı aparan diktorlardan birinin səsinə bənzəyirdi.

Sonralar Mustafa Sübhi küçəsindəki böyük evdə, babamın bu dünya ilə vidalaşdığı gün, mən həyətə düşmək üçün bizə axışıb gələn adamların qapıda qalaqlanmış ayaqqabılarının içindən öz çəkməmi tapmaqda çətinlik çəkəndə, heyrətlə mızıldanmışdım ki, bu qədər də ayaqqabı olar?! İndi, yalnız indi ağlımın azca kəsən vaxtında düşünürəm ki, deyəsən ölüm gələndə bütün ayaqqabıları geyinib gəlir.


Mən o gün babamın canını tapşırdığı otağa girəndə, otaqda nənəm, dayılarım, anam, atam, babamın qardaşları və indi xatırlamadığım bir neçə qohum da vardı. Bütün ömrünü böyük bir nəsli çiyinlərində saxlamağa həsr etmiş kişi can verirdi və baxışları ilə hamıyla vidalaşır, bəlkə də kömək umurdu. Birdən nənəm bərkdən babamın adını çığırdı: Tələəəət! Babam nənəm çığırtısını da özüylə götürüb, sehrli bir xalçanın içində bizi tərk eləyib, gedə bilməyəcəyimiz yerə - Şuşaya üz qoydu...

Babamın ölümündən sonra illər boyu mən onun prokuror işlədiyi rayonlardakı fəaliyyətindən, tələbəlik illərindən, Şuşadakı günlərindən bitib-tükənməz qaynar əhvalatlar, gözəl xatirələr danışan adamlarla rastlaşdım. Günü bu gün də onu tanıyanların söhbətinə qulaq asanda heyrətlənirəm və indi bu xatirələr mənim üçün ayrı əhəmiyyət kəsb etməyə başlayıb. Əvvəla, kim babam haqqında danışırsa onun xeyirxahlığını öyə-öyə kirimək bilmir və qəribədir ki, həmin adamların çoxu bunu mənə o kişinin nəvəsi olduğumdan yox, özlərini sanki babama nə üçünsə borclu hiss etdiklərinə görə danışırlar. Bu söhbətləri, xatirələri eşitdikcə mənim heç vaxt görmədiyim Şuşanın obrazı babamın obrazı ilə içimdə get-gedə bir-birinə qarışır, bir-birinin içində əriyir, itir. İldən-ilə təqvim məni 92-ci ilin 8 mayından, babamın ölüm günündən uzaqlaşdırdıqca, mən yalnız Şuşa haqqında oxuduqlarım, eşitdiklərim əsasında içimdə bir xəritə cızıram və o xəyali xəritənin içinə girib İsa bulağına, Cıdır düzünə gedirəm. Bu xəyali Şuşada hansı küçəyə dönürəmsə dönüm, orda mənim qarşıma əsəbi halda var-gəl edən, dilinin altında kimisə söyən, papirosu papirosa calayan babam çıxır.

Hər il Şuşa işğal olunan gün televiziya kanallarında dağılmış, viran qalmış Şuşanın görüntülərini görəndə, o görüntülərdəki “Şuşa şəhəri” yazılan dirəyin böyrü üstə aşmış halına baxanda, yaddaşımda babam canını tapşıranda onun gözlərində gördüyüm ifadə canlanır.

Ayağıma qapımızdakı ayaqqabılar ilişir.

Alnıma dayımın çilçıraqdan açdığı şarlar dəyir.

Gözlərimin önünə nənəmin güllü şalının qırağıyla gözlərini silməyi gəlir.

Boğazımda, anamı astadan, göynərtiylə ağladan qəhər düyünlənir.

Qulağıma məni yuxudan oyadan bayquşun səsi dolur.

...Heç vaxt görmədiyim Şuşanı mən belə xatırlayıram.

# 3583 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #