Kulis.az Fərqanə Səfərlinin minimalist hekayələrini təqdim edir.
ÜÇÜNCÜ ÇƏRÇİVƏ
– Oğlum, divardakı soldan üçüncü çərçivəni verə bilərsən? Yaxından baxmaq istəyirəm.
– İcazə verilmir, ana, üzrlü sayın.
– Gözüm görmür, bala, ayaqlarım da sözümə baxmır...
– Buyurun.
Ağ-qara fonda özü, Eyfel qülləsi və ilk “kruasan”ı vardı.
Əlindən tutan əl isə çərçivənin altında qalmışdı.
SƏSSİZ NƏĞMƏ
Doqquz ay keçmişdi, amma evdəki təzə beşik boş yırğalanırdı...
DONORUN FIRÇASI
Qızcığaz səhər yuxudan oyananda axşam palatanın divarına çəkdiyi insan rəsmində böyrəklərin yerini boş qoyduğunu xatırladı. İndi isə gözlərinə inana bilmədi: həmin boşluqda qırmızı boya ilə bir böyrək təsviri parıldayırdı.
Boya hələ qurumamışdı, qonşu çarpayı isə artıq boş idi.
ZOĞALI XƏCALƏT
....Hər dəfə o yerlərə gedəndə sanki əllərimdəki qırmızı zolaqların ağrısını eyni sızıltı ilə hiss edirəm...
Üçüncü sinifdə oxuyurdum, sinif rəhbərimiz uşaqlara bərk qəzəblənmişdi. Sinif nümayəndəsi olduğumdan uşaqları tənbeh etmək üçün çubuq gətirməyimi istədi.
Səhəri gün, zoğal ağacımızdan bir zoğ qırıb aparmışdım, müəllimə məktəbin qarşısında gətirdiyim çubuğu əlimdən alıb elə öz əllərimə vurmuşdu.
METAMORFOZ
Şəhəri xəstəlik bürümüşdü, yoluxmayanların yeganə xilas yolu bir -birini öldürmək idi.
Sonuncu sağ qalan beşiyində Allaha həvalə olunmuşdu...
Ertəsi gün səmada uzaqdan helikopter pərlərinin səsi eşidilməyə başladı...
CANSIZ AKVARİUM
...Səhər oyananda akvariumdakı balıqlarımızın öldüyünü gördüm, azyaşlı qızıma izah verə bilmədim, çünki hələ heç nəyi başa düşmürdü, sadəcə əyləncə yeri olan balıqları hərəkətsiz qalmışdılar.
İsti yay günlərində onu qorumaq üçün axşam ağcaqanad əleyhinə dərmanı akvariumun üzərindəki şəbəkəyə taxarkən analıq duyğum bala balıqları qorumağa yetməmişdi.
QOXUNUN YADDAŞI
Qadın özünün yaratdığı ətir markasından üzərinə sıxdı, qoxunun yaddaşı ilə uşaqlığına – yasəmən ağaclarının altına qayıtdı. Məhz, həmin yerdə atası ona bildirmişdi ki, anası yasəməni sevdiyindən bu ağacı əkmiş, ona da anasının vəsiyyəti ilə Yasəmən adını qoymuşdu.
İndi bütün şəhəri yasəmən ətri bürümüşdü; minlərlə qadın fərqində olmadan Yasəmənin anasının xatirəsini yaşadırdı.
İKİNCİ HƏYAT
Axşam işdən evə qayıdan qadın arxadan adının çağırıldığını eşitdi. Dönüb baxanda səsin sahibini görüb dəhşət içində yerə yıxıldı. Növbəti gündən son bir ildə hər gün önündə dayandığı həmin lövhəni ziyarət etmədi daha.
Lövhədə bu sözlər həkk olunmuşdu: "Zəlzələ qurbanlarının əziz xatirəsinə..."
SONUN BAŞLANĞICI
Qadın gecə ona gələn məktubu oxuyub, göz yaşları içərisində yastığının altına qoydu,səhər açılan kimi sandıqdakı bayrağı qürurla evinin kandarına asdı.
YARI SÖZ
Sevdiyim klassiklərdən birinin kitabı evdə nəm çəkib saralmışdı, çox hissəsi oxunaqlı olmasa da, dəyərini itirmədi; geriyə sarı kağız, oxunaqsız məna dolu sözlər və bütöv bir kitab qaldı...
21-Cİ İL
Valideynləri ona bu adı sevərək vermişdilər. Övlad məhəbbəti və ada olan rəğbət gözlərini elə örtmüşdü ki, qızlarının harda rəngli kəpənək və pərvanə görsə, sevgisindən dolayı öldürdüyünə inanırdılar. Hətta kənddə işıqlar sönəndə evdə həşəratın yanıq iyindən oturmaq olmurdu.
Bir neçə gün əvvəl Pərvanənin iyirmi yaşını qeyd etdilər. O, şamları söndürdü və kədər içində dedi:
– İllərdi özümü anlamaq üçün əziyyət verdiyim şamlardan və onların zərif qonaqlarından üzr istəyirəm. Günahlarıma yoldaşlıq edən dərmanlara isə təşəkkür.