"İnsanın baxış bucağı, Tanrının isə tam mənzərəsi var..." - Amerikalı yazıçıdan sitatlar

"İnsanın baxış bucağı, Tanrının isə tam mənzərəsi var..." - Amerikalı yazıçıdan sitatlar
29 noyabr 2026
# 11:31

Bu gün amerikalı yazıçı Madlen Lenqlin doğum günüdür.

Kulis.az onun əsərlərindən maraqlı sitatları təqdim edir.

Biz düşündüyümüzdən də cəsur olmalıyıq, çünki Tanrı bizi daim olduğumuzdan daha artıq olmağa çağırır.

*

Biz insanları Məsihə onların inandıqlarını ucadan gözdən salmaqla, nə qədər səhv, özümüzün isə nə qədər haqlı olduğumuzu deməklə deyil, elə gözəl bir işıq göstərməklə cəlb edirik ki, onlar bütün qəlbləri ilə bu işığın mənbəyini tanımaq istəyirlər.

*

Yaşlanmağın ən gözəl tərəfi odur ki, indiyə qədər olduğun bütün digər yaşlarını itirmirsən.

*

Əgər ailə tarixçənizi danışmasanız, o, unudulub gedəcək. Öz hekayələrinizə dəyər verin və onları da danışın. Bu əhvalatlar çox vacib görünməyə bilər, amma ailələri bir-birinə bağlayan və hər birimizi olduğumuz insan edən məhz onlardır.

*

Mənim yalnız arabir qayğı göstərən bir Tanrı ilə işim olmaz. Mənə həmişə, hər yerdə - həm ən dərin uçurumlarda, həm də ən uca zirvələrdə bizimlə olan bir Tanrı lazımdır. İşlər tərs gedəndə, yaxşı hadisələr baş verməyəndə, dualarımız itmiş kimi görünəndə Tanrı daha çox yanımızdadır. Hər şey rəvan gedəndə qoruyucu qanadlara ehtiyacımız olmur. Biz Tanrıya ən çox qaranlıqda, kor-koranə büdrəyə-büdrəyə addımlayarkən yaxın oluruq.

*

İstəsək də, istəməsək də, biz ya ətrafımızı bürüyən laqeydlik və açıq-aşkar şər qaranlığına qaranlıq qatırıq, ya da yolumuzu görmək üçün bir şam yandırırıq.

*

Bir-birimizin hekayələrinə qulaq asmadığımıza görə parçalanmış bir bəşəriyyətə çevrilirik.

*

Mənim inandığım şey o qədər möhtəşəm, o qədər əzəmətlidir ki, məhdud idrakın fövqündədir. Kainatın məqsədyönlü, xeyirxah bir Yaradan tərəfindən yaradıldığına inanmaq bir şeydir. Bu Yaradanın insan libasına büründüyünə, ölümü və faniliyi qəbul etdiyinə, sınağa çəkildiyinə, xəyanətə uğradığına, qırıldığına və bütün bunları bizə olan sevgisindən etdiyinə inanmaq isə ağla sığmır. Bu o qədər ağlasığmazdır ki, bəzi xristianları qorxuya salır və onlar digər xristianlara hücum edərək öz qorxularını doqmalara çevirməyə çalışırlar; çünki bütün cavabları hazır olan səliqəli xristianlıq, Tanrının ağlasığmaz, möcüzəli sevgisinə - hətta qazanmağa belə məcbur olmadığımız bir sevgiyə can atan xristianlıqdan daha asandır.

*

Amma kədərin öhdəsindən yenə də gəlmək lazımdır. Bu, suyun içi ilə yeriməyə bənzəyir. Bəzən ayaqlarıma toxunan xırda ləpələr olur. Bəzən məni yıxan nəhəng bir dalğa gəlir. Bəzən isə qəfil və şiddətli bir fırtına qopur. Amma mən bilirəm ki, gur sular sevgini söndürə bilməz, daşqınlar da onu boğa bilməz.

*

Biz qeyri-mümkün olana inananda o, mümkün olur və biz hər cür fövqəladə işlər görə bilirik.

*

Heç nə və heç kim əhəmiyyətsiz olacaq qədər kiçik deyil. Sənin etdiyin hər şey nəyisə dəyişəcək.

*

Dünyanın məntiqsizliyinə ən doğru cavabımız rəsm çəkmək, mahnı oxumaq və ya yazmaqdır, çünki həqiqəti yalnız belə bir cavabda tapırıq.

*

İnsanın baxış bucağı, Tanrının isə tam mənzərəsi var...

*

Əslində heç birimiz layiq deyilik, amma görünür, Tanrı öz işini görmək, öz izzətini daşımaq üçün daim ən ləyaqətsiz olanları seçir. Əgər layiq olsaydıq, bu işi özümüz gördüyümüzü düşünməyə meyilli olardıq. Açıq-aşkar ləyaqətsizliyimizi qəbul etməyə məcbur olanda isə Tanrının işini öz işimizlə, yaxud Tanrının izzətini öz şöhrətimizlə səhv salmaq təhlükəsi qalmır.

*

Biz bir-birimizi dəyişdirmədən sevə bilmərik.

*

Dünya o qədər uzun müddət qeyri-normal vəziyyətdədir ki, biz dinc və ağlabatan bir mühitdə yaşamağın necə olduğunu unutmuşuq. Əgər hər hansı bir sülh və ya məntiq olacaqsa, biz onu öz qəlbimizdə və evimizdə yaratmalıyıq.

*

Heç vaxt "İnandığım budur. Bitdi" deyəcəyim bir mərhələyə çatacağımı düşünmürəm. İnandığım şey canlıdır və inkişafa açıqdır.

*

Özümüzü ömürlük bir insana həsr etməyimiz, bir çoxlarının düşündüyü kimi, azadlıqdan imtina etmək deyil, əksinə, bu, azadlığın bütün risklərinə və əbədi olan sevgi riskinə - sahiblənmək deyil, iştirak etmək olan o sevgiyə doğru addımlamaq cəsarəti tələb edir.

*

Dua etmək dinləməkdir, öz boşboğazlığımdan keçərək Tanrıya doğru, susub Tanrının nə deyəcəyini dinləyə biləcəyim o yerə doğru irəliləməkdir.

*

Əgər uğursuzluğa düçar olmağa hazır deyiliksə, heç vaxt heç nəyə nail ola bilmərik. Bütün yaradıcı fəaliyyətlər uğursuzluq riskini özündə daşıyır.

*

Tanrıya inandıqlarını düşünən, lakin qəlbində ehtiras, zehnində iztirab, qeyri-müəyyənlik, şübhə və hətta bəzən ümidsizlik olmayan insanlar Tanrının özünə deyil, yalnız Tanrı ideyasına inanırlar.

*

Yaradıcılıq təhlükəsizlikdə olmadığını qəbul etməkdən, tamamilə ayıq-sayıq olmaqdan və nəzarəti əldən buraxmaqdan doğur. Bu, hətta gözlərini yummaq istədiyin vaxtlarda belə hər şeyi görmək məsələsidir.

*

Sən yazılmaq istəyən kitabı yazmalısan. Əgər kitab böyüklər üçün çox çətin olacaqsa, onda onu uşaqlar üçün yazırsan.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 54 dəfə oxunub

Oxşar xəbərlər

Firuzə qaşlı sırğa - Saday Budaqlının hekayəsi

Firuzə qaşlı sırğa - Saday Budaqlının hekayəsi

10:28 29 noyabr 2026
"Sevgi qorxunu qovur, minnətdarlıq isə qürura qalib gələ bilir..." - Luiza Mey Alkottun  "Balaca qadınlar"ından sitatlar

"Sevgi qorxunu qovur, minnətdarlıq isə qürura qalib gələ bilir..." - Luiza Mey Alkottun "Balaca qadınlar"ından sitatlar

10:00 29 noyabr 2026
Naməlum qadının məktubu - Stefan Sveyqin hekayəsi

Naməlum qadının məktubu - Stefan Sveyqin hekayəsi

14:00 28 noyabr 2026
"Doqquz ay keçmişdi, amma evdəki təzə beşik boş yırğalanırdı..." - Fərqanə Səfərli

"Doqquz ay keçmişdi, amma evdəki təzə beşik boş yırğalanırdı..." - Fərqanə Səfərli

10:00 28 noyabr 2026
Sarı işıqlar altında - Şahin Səmədovun hekayəsi

Sarı işıqlar altında - Şahin Səmədovun hekayəsi

16:14 27 noyabr 2026
"Heç vaxt tam mənası ilə evə qayıda bilməzsən..." - "Ailədə bir ölüm" əsərindən bir hissə

"Heç vaxt tam mənası ilə evə qayıda bilməzsən..." - "Ailədə bir ölüm" əsərindən bir hissə

16:12 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər