Təkamülün gerçək olduğunu necə bilirik? - BBC-NİN ARAŞDIRMASI

Təkamülün gerçək olduğunu necə bilirik? - <span style="color:red;">BBC-NİN ARAŞDIRMASI
19 oktyabr 2016
# 12:49

Bir çox nəsil ərzində növlərin tədricən dəyişməsi düşüncəsi biologiyanın əsasını təşkil edir. Bunun doğruluğunu aşağıdakı faktlardan bilirik.

Təkamül ən böyük elmi nəzəriyyələrdən biridir. O, həyatı izah etməyə çalışır. Xüsusən də, bakteriyalardan palıd ağaclarına və mavi balinalara qədər ilk primitiv həyatın bugünkü inanılmaz müxtəlifliyə necə səbəb olduğunu izah edir.

Elm adamları üçün təkamül reallıqdır. Yer kürəsinin sferik formada olmasını, qravitasiyanın bizi yer səthində saxlamasını və arıların piknikdə necə zəhlətökən olmasını bildiyimiz kimi, həyatın da təkamül etdiyini eyni əminliklə bilirik.

Doğru olmayan isə təkamülə qarşı çıxan bəzi ölkələrdəki mətbuat orqanlarında tirajlanan – "təkamül sadəcə bir nəzəriyyədir" və ya "təkamül açıq-aşkar yalandır" iddialarıdır .

Görəsən bioloqlar bu mövzuda niyə belə əmindirlər? Onların əlində hansı sübutlar var? Qısa cavab olaraq deyə bilərik: sübutlar o qədər çoxdur ki, haradan başlamaq lazım olduğuna qərar vermək çətindir. Gəlin, həyatın həqiqətən təkamül keçirdiyinin sübutlarının səthi xülasəsi ilə tanış olaq.

Çarlz Darvin, 1830-cu illərdə Corc Riçmond tərəfindən çəkilib

İlk öncə, Darvinin təkamül nəzəriyyəsinin nə dediyini diqqətə çatdırmaq işimizi asanlaşdırar. Əksəriyyətimiz belə bir ümumi fikirlə tanışıq ki, zaman keçdikcə növlər dəyişikliyə uğrayır, yalnız mühitlə ayaqlaşanlar sağ qalır və meymunabənzər bir məxluq hər necə isə insanın yaranmasına səbəb olub.

Sizin saysız-hesabsız nəsillər öncə yaşamış bir qurdun nəslinin davamçısı olmağı qəbul etməyiniz çətindir.

Darvinin təkamül nəzəriyyəsinə görə, hər yeni orqanizm öz valideynlərindən azca fərqlənir və bu fərqlər balaya bəzən kömək, bəzənsə mane olur. Orqanizmlər yemək və cütləşmə uğrunda rəqabət aparırlar, faydalı fərdi xüsusiyyəti olanlar daha çox bala verir, fayda verməyən fərdi xüsusiyyətləri olanlar isə nəslini davam etdirə bilmir. Beləcə hər hansı bir populyasiyada faydalı xüsusiyyətlər yayğınlaşır, faydalı olmayanlar isə yoxa çıxır.

Yetərli qədər vaxt keçdikcə, bu dəyişikliklər üst-üstə yığılaraq artır və yeni növlərin və yeni orqanizm tiplərinin yaranmasına səbəb olur. Mərhələli şəkildə qurd balığa çevrilib, balıq quruya çıxıb və dörd ayağa sahib olub, bu dörd ayaqlı canlılar da öz növbəsində tüklənib və nəticədə, onların bəzisi iki ayağı üzərində gəzməyə başlayıb, özlərini "insanlar" adlandırıb və təkamülü kəşf ediblər.

Buna inanmaq çətindir. Sizin valideynlərinizdən fərqli olmanız mümkündür və anlaşılandır-ola bilər ki, sizin saçınızın rəngi onlardan fərqlidir, siz onlardan daha hündürsünüz və ya daha şən təbiətə maliksiniz. Bundan fərqli olaraq, sizin saysız-hesabsız nəsillər öncə yaşamış bir qurdun nəslinin davamçısı olmağı qəbul etməyiniz daha çətindir.

Bunu qəbul etməyən çox insan var. Lakin gəlin bir anlığa vəziyyəti dramatikləşdirməyək. Əvəzində Çarlz Darvinin etdiyi kimi edək – yaxın ətrafımıza baxmaqla başlayaq.

Həyət toyuğu (Gallus gallus domesticus)

(c) Erni Ceyns/NPL

İlk dəfə 1859-cu ildə çap olunmuş Darvinin "Növlərin mənşəyi" kitabı oxucudan ətrafındakı tanış nəsnələrə baxmağı istəməsi ilə başlayır. Nə insan ayağı dəyməmiş tropik adalara, nə də uzaq cəngəlliklərə yox, həyətyanı sahənizə və bağınıza nəzər yetirməyinizi rica edir. Baxsanız, asanlıqla görəcəksiniz ki, orqanizmlər xüsusiyyətlərini balalarına ötürür və onların təbiəti də zaman keçdikcə dəyişir.

Nəsildən nəsilə keçən bu dəyişikliklər "müxtəlifləşərək çoxalma" adlanır.

Darvin bitkilərə qulluq və heyvanların yetişdirilməsi prosesinə diqqət çəkirdi. Nəsillər boyunca, fermerlər heyvanları məqsədli şəkildə daha böyük və sağlam olması üçün yetişdiriblər və əkinçilər tarla bitkilərinə daha çox məhsul verməsi üçün qulluq ediblər.

Fermerin etdiyi Darvinin təkamülü ilə üst-üstə düşür. Təsəvvür edək ki, daha çox yumurtalayan toyuq yetişdirmək istəyirik. Bunun üçün əvvəlcə digərlərindən daha çox yumurtlayan toyuq tapmalıyıq. Sonra onun yumurtalarından cücə çıxartmalı və bu cücələrin nəsil artırmasına şərait yaratmalıyıq. Bu toyuqlar digərlərindən daha çox yumurtlayacaq.

Əgər bu prosesi hər nəsildə davam etdirsək, nəticədə adi toyuqlardan daha çox yumurtlayan toyuqlara sahib ola bilərik. Cəngəllik toyuğu – həyət toyuğunun ən yaxın vəhşi qohumu – il ərzində 30 dəfəyə yaxın yumurtlayırsa, ferma toyuğu ondan 10 dəfə daha çox məhsuldar olur.

Hindistan cəngəllik toyuğu (Gallus gallus murghi)

(c) Meri Makdonald/NPL

Nəsildən-nəslə keçən bu dəyişikliklər "müxtəlifləşərək çoxalma" adlanır.

Bizim ən birinci əhliləşdirdiyimiz heyvanlar hələ də sürətli irəliləyişə və ya modifikasiyaya qadirdir.

Cücə bir çox baxımdan öz valideynlərinə bənzəyəcək: kənardan baxılanda açıq-aşkar bilinəcək ki, çöl donuzu yox, toyuqdur və çox güman ki, başqa toyuqlara nisbətdə öz valideynlərinə daha çox bənzəyəcək. Amma identik olmayacaq.

İngiltərənin UCL-dən Stiv Cons deyir ki, "Bu, təkamülün özüdür ki var. O, akkumulyasiya olunan səhvlər ardıcıllığıdır."

Düşünmək olar ki, heyvan yetişdirmə yalnız cüzi dəyişikliklərə səbəb ola bilər, amma belə görünür ki, dəyişikliklərin heç bir hüdudu yoxdur. "Dəyişkən bir orqanizmin dəyişməsinin kultivasiya şəraitində dayandığını göstərən heç bir tapıntı yoxdur," deyə Darvin yazıb. "Bizim ən birinci becərdiyimiz bitkilər, məsələn buğda, hələ də yeni çeşidlər verə bilir; bizim ən birinci əhliləşdirdiyimiz heyvanlar hələ də sürətli irəliləyişə və ya modifikasiyaya qadirdir."

Heyvan yetişdirmədəki reallıq: hər ikisi canavarlardan törəyib.

(c) Petra Veqner/NPL

Heyvan yetişdirmək, mahiyyətcə insan nəzarəti altında baş verən təkamüldür. Bu onu göstərir ki, kiçik dəyişikliklər nəsildən-nəslə keçdikcə üst-üstə yığıla bilər. Cons deyir ki "Bu qaçılmazdır. Baş verməyə məhkumdur.”

Daha çox yumurta verən toyuq yetişdiriciliyindən təkamülə bir addım var-təkamül nəzəriyyəsinə əsasən, bu toyuqlar əslində dinozavrlardan törəyiblər, əgər daha dərinə getsək, əcdadları balıq olub.

Əsas sadə ideya budur: təkamül böyük dəyişikliklər üçün böyük vaxt tələb edir. Bunun sübutunu görmək üçün, qədim qalıntılara – fosillərə – baxmalıyıq.

On milyonlarla yaşı olan fosilləşmiş tısbağa

(c) Con Kensalosi/NPL

Fosillər uzun müddət əvvəl ölmüş orqanizmlərin qayaların daxilində qorunmuş qalıqlarıdır. Qayalarda təbəqələr bir-birlərinin üzərində yığıldığına görə, fosil qalıqlarının yaşını müəyyən etmək mümkündür: aşağı təbəqələrdəki fosillər daha qədim olur.

Həmişə bu fikirdə olmuşam ki, təkamülün ən inandırıcı sübutu fosil qalıqlarıdır.

Fosil qalıqlarına baxanda aydın olur ki, həyat zaman keçdikcə dəyişib.

Ən qədim fosillər bakteriya kimi təkhüceyrəli orqanizmlərin fosilləridir, heyvan və bitkilər kimi daha mürəkkəbləri isə daha üst qatlardadır. Heyvan fosilləri arasında balıq fosilləri amfibiya, quş və ya məməli fosillərindən daha qədimdir. Bizim ən yaxın əqrəbamız olan insanabənzər meymunlarınkına (quyruqsuz meymunlar) daha “dayaz” olan – gənc – qayalarda rast gəlinir.

"Mən həmişə bu fikirdə olmuşam ki, təkamülün ən inandırıcı sübutu fosil qalıqlarıdır," deyə Cons bildirir. "Qeyd eləməyə dəyər ki, “Növlərin mənşəyi” kitabının hər altı səhifəsinin biri fosil qalıqları ilə bağlıdır. (Darvin) bilirdi ki, fosillər təkamülün baş verməsinin təkzibolunmaz faktıdır."

Bir növün həqiqətən təkamül edərək başqasına çevrildiyini necə bilirik?

Fosilləri dəqiq araşdırmaqla elm adamları bir çox nəsli kəsilmiş növləri bu gün mövcud olanlarla əlaqələndiriblər və bəzi hallarda, birinin digərindən törədiyini aşkara çıxarıblar.

Misal üçün, 2014-cü ildə tədqiqatçılar hazırkı aslan, pələng və ayıların ortaq əcdadı ola biləcək Dormaalocyon adlı 55 milyon yaşı olan ətyeyən heyvan fosilini tapmışdılar. Dormaalocyon-un dişlərinin forması qohumluğu deməyə əsas vermişdi.

İnanmaq üçün bu kifayət etməyə bilər. Onların hamısının oxşar dişləri ola bilər, lakin fakt budur ki, aslan, pələng və dormaalocyonlar fərqli növlərdir. Bir növün həqiqətən təkamül edərək başqasına çevrildiyini necə bilirik?

Mikroraptor dinozavr, həmdə demək olar ki, quş idi.

(c) Milli Tarix Muzeyi (WAC)

Fosil qalığından öyrənəcəyimiz bu qədərdir. "Çox sayda fosillərə baxanda, bir formanın uzun müddət eyni qaldığı, ancaq sonrakı fosil çoxluğunun əvvəlkilərdən fərqli olduğunu müşahidə edərsiniz" - deyə Cons bildirir.

Həmçinin, yeni növlərin təkamülünün baş vermə prosesini də görmək mümkündür.

Amma biz daha çox qazdıqca “ara keçid formaları” adlanan fosil xəzinələri tapdıq. Bu "itmiş bağlar" bilinən növlər arasındakı orta mənzillərdir.

Misal üçün, əvvəldə qeyd etdik ki, toyuqlar dinozavrlardan törəyib. Çin Elmlər Akademiyasından Sinq Sunun başçılıq etdiyi komanda 2000-ci ildə “Mikroraptor” adlı kiçik dinozavrın izlərini tapdığını bildirdi: onun hazırkı quşlara oxşar xüsusiyyətləri vardı və çox güman ki, uça bilirdi.

Həmçinin, yeni növlərin təkamülü prosesini də izləmək mümkündür.

Qalapaqos adalarında orta ölçülü yer alacəhrəsi (Geospiza fortis)

(c) Dr. P. Marazzi/SPL

2009-cu ildə Nyu-Cersinin Prinston Universitetindən Piter və Rozmari Qrant Qalapaqos adalarında – Darvinin səyahət etdiyi həmin adalarda – yeni alacəhrə növlərinin yaranmağa başladığını bildirdilər.

Bu kiçik quş qrupu yeni növ formalaşdırmışdı

1981-ci ildə bir orta ölçülü yer alacəhrəsi Dafne Major adlı adaya çatıb. O, digərlərindən iri idi və yerli quşlardan fərqli tərzdə cəh-cəh vururdu.

O öz nəslini davam etdirməyi bacarmış və qeyri-adi xüsusiyyətlərini balasına irsən keçirmişdi. Bir neçə nəsil sonra onlar nəsil artırmaq baxımından təcrid olundular: digər quşlardan fərqli görünürdülər və fərqli cür səslər çıxarırdılar deyə, yalnız öz aralarında cütləşə bilirdilər. Bu kiçik quş qrupu yeni növ formalaşdırmışdı: onlar özlərini "növləşdirmişdilər".

Bu yeni növlər əcdadlarından azacıq fərqlənirdilər: onların dimdiyi fərqli idi və qeyri-adi nəğmələr oxuyurdular. Amma bundan daha dramatik dəyişiklikləri baş verərkən görmək də mümkündür.

Escherichia coli bakteriyası təkamül edərkən görünüb.

(c) Visuals Unlimited/NPL

Miçiqan Dövlət Universitetindən Riçard Lenski dünyanın ən uzun çəkən təkamül eksperimenti üzərində işləyir.

Bu, Darvinin təbii seçmə yolu ilə adaptasiya fikrinin birbaşa nümayişidir.

1988-ci ildən bəri Lenski öz laboratoriyasında Escherichia coli bakteriyasının 12 populyasiyasını izləyib. Bakteriya konteynerlərdə saxlanılır və qidalarla təmin olunur. Lenskinin komandası müntəzəm olaraq kiçik nümunələri dondurur.

E. coli bakteriyası artıq 1988-ci ildəki ilə eyni deyil. "Bütün 12 populyasiyada bakteriya öz əcdadlarından daha tez böyüməyə təkamül edib,"- Lenski deyir. Bakteriyalar onun verdiyi kimyəvi maddələrin xüsusi qarışığına adaptasiya olublar.

"Bu, Darvinin təbii seçmə yolu ilə adaptasiya fikrinin birbaşa nümayişidir. 20 ilə yaxın davam edən eksperimentdən sonra hazırda yeni bakteriyalar əcdadlarından ortalama 80% tez böyüyür."

2008-ci ildə Lenskinin komandası bakteriyanın irəliyə doğru böyük sıçrayışının xəbərini verdilər. Bakteriyaların qidalandığı qarışığın tərkibində E. coli-nin həzm edə bilmədiyi kimyəvi maddə – sitrat (limon duzu) – vardı. Lakin 31 500 nəslin dəyişdiyi eksperimentdə 12 populyasiyadan yalnız biri sitrat yeməyə başlamışdı. Bu insanların anidən ağac qabığı yeyə bilmələri kimi yeni bacarığın mənimsənilməsi idi.

Bütün canlılar DNA formasında genlər daşıyırlar.

Sitrat həmişə bakteriyalar üçün əlçatan idi, "bütün populyasiyaların sitrat yemə bacarığını inkişaf etdirmək imkanı olmuşdu. Amma 12 populyasiyadan yalnız biri bunu bacardı," deyə Lenski bildirir.

Bu məqamda, Lenskinin bakteriya nümunələrini müntəzəm olaraq dondurmasının əhəmiyyəti üzə çıxır. O, geriyə – köhnə nümunələrə qayıtmalı və E. coli-nin sitrat yeməsinə yola açan dəyişkənlikləri müəyyən etməli idi.

Bunun üçün Lenski “pərdə arxasına” baxmalı idi. O, Darvinin zamanında mümkün olmayan bir vasitədən istifadə etdi, o vasitə sayəsində bizim təkamül anlayışımız bir bütün olaraq inqilabi dəyişikliyə uğramışdı. Bu, genetikadır.

Biz hamımız genlərimizi DNA-nın uzun molekullarında daşıyırıq.

(c) Science Picture Co/SPL

Bütün canlılar DNT formasında genlər daşıyırlar.

Genlər orqanizmin necə böyüyüb inkişaf etməsini nəzarətdə saxlayır və onlar valideyndən övlada keçir. Ana toyuq çoxlu yumurta verib öz xüsusiyyətlərini öz övladlarına keçirəndə, bunu genlər vasitəsiylə edir.

Bütün müasir həyat bir ümumi əcdaddan törəyib

Keçən əsr ərzində elm adamları müxtəlif növlərin genlərini kataloqlaşdırmışdılar. Belə çıxır ki, bütün canlılar öz DNT-lərində informasiyanı eyni cür stoklayırlar: onlar hamısı eyni "genetik kod"dan istifadə edir.

Bunlardan başqa, orqanizmlər çox miqdarda eyni geni paylaşır. İnsan DNT-sında tapılmış minlərlə gen bitki və hətta bakteriya da daxil olmaqla, başqa canlıların DNT-lərində də tapılıb.

Bu iki fakt göstərir ki, müasir həyat bütövlükdə milyardla il əvvəl yaşamış "ilk vahid soydan"dan, bir ümumi əcdaddan törəyib.

Orqanizmlərin eyni genlərə sahib olma nisbətlərini müqayisə etməklə onların qohumluq dərəcələrini anlaya bilərik. Misal üçün, insanlar başqa heyvanlardan fərqli olaraq, şimpanze və qorillalar kimi quyruqsuz meymunlarla 96% eyni genləri daşıyırlar. Buradan bu nəticəyə gəlmək olur ki, bizim ən yaxın qohumlarımız onlardır.

Şimpanzelərlə ortaq əcdadımız var

"Aramızdakı qohumluq əlaqəsini, bu qohumluğu zamanla baş verən zəncirvarı dəyişikliklərdən başqa səbəbə istinad edərək açıqlamanız mümkün deyil." London Təbii Tarix Müzeyindən Kris Stringer belə deyir. "Bizim şimpanzelərlə ortaq əcdadımız var və bizimlə şimpanzelər həmin ortaq əcdaddan zaman keçdikcə müxtəlifləşmişik."

Biz təkamül dəyişikliklərinin detallarını üzə çıxarmaq üçün genetikadan istifadə edə bilərik.

"Müxtəlif növ bakteriyaları müqayisə etmək üçün onlardakı eyni genləri axtara bilərsiniz," deyir Texas Universitetindən Nansi Moran. "Bu genləri bir dəfə tapdınızsa... onların müxtəlif növ populyasiyalarda necə təkmilləşdiyinə baxa bilərsiniz."

Biz DNT-lərimizdə kompakt xromosomlarda daşıyırıq.

(c) Mauruzio de Anqels/SPL

Lenski əvvəlki E. coli bakteriya nümunələrinə baxanda, sitrat yeyən bakteriyaların DNT-lərində başqa bakteriyalarda olmayan bir neçə dəyişiklik olduğunu gördü. Bu dəyişikliklər mutasiyalar adlanır.

Lenskinin E. coli bakteriyası təkamülün orqanizmlərə necə tamamilə yeni bacarıqlar qazandıra biləcəyini göstərir.

Bəzi mutasiyalar bakteriya yeni bacarıqlar inkişaf etdirməzdən çox-çox əvvəl baş vermişdi. "Bunlar bakteriyalara sitratla bəslənmə bacarığı qazandırmamışdı, amma sonrakı mutasiyalarda bu bacarığı qazandırmağa zəmin yaratmışdı," deyir Lenski.

Bu mürəkkəb zəncirvarı hadisələr bizə niyə bir populyasiyanın bu bacarığı təkamüllə qazandığını izah etməyə kömək edir.

Həm də, təkamül haqqında önəmli bir məqamı gözlər önünə sərir. Təkamüldə müəyyən bir mərhələ keçilməsi ehtimalı son dərəcə kiçik ola bilər, ancaq kifayət qədər çox orqanizm varsa onlardan biri bu mərhələni keçərək davam edəcək.

Lenskinin E. coli bakteriyası təkamülün orqanizmlərə necə tamamilə yeni bacarıqlar qazandıra biləcəyini göstərir. Amma təkamül heç də həmişə işləri daha da yaxşılaşdırmır. Onun təsirləri çox zaman təsadüfidir.

Həyat ağacı. Biz xordalılara aidik.

(c) Nemo Ramcet/SPL

“Orqanizmlərdə dəyişikliyə yol açan mutasiyalar nadir hallarda yaxşıya doğru olur”, deyir Moran. Əslində əksər mutasiyalar orqanizmin funksiyalarına ya təsirsiz ötüşür, ya da neqativ təsir göstərir.

Qaranlıq mağaralarda yaşayan canlılar çox vaxt görmə bacarıqlarını itirir.

Bakteriyalar izolyasiya olunmuş mühitlərdə qalanda, bəzən neqativ genetik mutasiyalar baş verir və onlar da sonrakı nəsillərə ötürülür. Belə mutasiyalar zaman keçdikcə həmin növlərə çətinlik yaşadır.

"Bu, həqiqətən təkamül prosesini göstərir," deyir Moran. "Təkamül adaptasiya olmaqdan və getdikcə hər şeyin yaxşılaşmasından ibarət deyil, işlərin pisə doğru dəyişməsi üçün də böyük potensial var."

Belə ki, bəzən orqanizmlər öz bacarıqlarını itirə də bilərlər. Məsələn, qaranlıq mağaralarda yaşayan canlılar çox vaxt görmə bacarıqlarını itirir.

Bu, qəribə görünə bilər. Biz təkamülü növlərin inkişaf edərək daha bacarıqlı olmasına əsaslanan bioloji yaxşılaşdırma prosesi olaraq düşünməyə öyrəşmişik. Amma bu heç də belə deyil.

Zürafələr uzun boyuna necə sahib olublar?

(c) Denis-Huot/NPL

Yaxşılaşdırma anlayışının kökləri hələ Darvindən əvvəl orqanizmlərin təkamülü fikrini irəli sürən Jan Baptist Lamark adlı alimə gedib çıxır. Onun bu sahədəki töhfələri həyati dərəcədə əhəmiyyətli idi.

“Onlar inkişaf etmək istəyirlər” deyərkən nəyi nəzərdə tuturdu? Bunun həqiqiliyini necə sınaqdan keçirə bilərik?

Amma Darvindən fərqli olaraq, Lamark orqanizmlərin öz mühitlərində yaşamasının-sanki onlar təbii olaraq inkişaf etmək istəyirlər və mühitə bilərəkdən reaksiya verirlər-onları yaxşılaşdığını düşünürdü.

Lamarkın nəzəriyyəsi ilə düşünsək, zürafələrin uzun boyuna sahib olmasının səbəbi əcdadlarının hündür ağaclara çatmaq üçün boyunlarını yuxarı dartmaları və yeni qazanılmış uzun boyunun öz övladlarına ötürülməsi olmuşdu.

"Darvin Lamarka özəl olaraq yazmış və nəzəriyyəsini tamamilə mənasız adlandırmışdı, axı o deyənləri test eləmək mümkün deyildi," deyə Cons bildirir. "Onlar inkişaf etmək istəyirlər” deyərkən nəyi nəzərdə tuturdu? Bunu həqiqiliyini necə sınaqdan keçirə bilərik?"

Buna cavab olaraq, Darvinin alternativ bir nəzəriyyəsi vardı: təbii seçmə. Bu nəzəriyyə zürafələrin uzun boyunlarına tamamilə başqa izah verirdi.

Zürafələr (Giraffa camelopardis)

(c) Denis-Huot/NPL

İndiki zürafələrin əcdadını təsəvvürümüzdə canlandırsaq, bu yəqin ki marala ya da antilopa oxşayan bir heyvan idi. Bu heyvanların yaşadığı ərazilərdə uzun ağaclar çox idisə, uzun boyunlu heyvanlar daha çox qidalana bilərdilər və təbii ki, onlar qısa boyunlulardan daha yaxşı uyğunlaşardılar.

Zürafələr kimi heyvanlar çox diqqətəlayiqdir, çünki onlar mükəmməl adaptasiya olunublar.

Bir neçə nəsil sonra, bütün heyvanlar öz əcdadlarından bir az daha uzun boyuna sahib olardılar. Təkrar-təkrar, ən uzun boynu olanlar daha yaxşı qidalanacaqdılar və uzun müddət ərzində zürafələrin boynu uzanacaq, qısa boyunlular artıb törəməkdə çətinlik çəkəcəkdilər. Bu prosesin arxasındakı mutasiyalar təsadüfü baş verirdi, uzun boyunlarla qısa boyunlar eyni nisbətdə idi, ancaq zaman keçdikcə qısa boyun mutasiyalı zürafələr çoxalmaqda çətinlik çəkdilər.

Zürafələr kimi heyvanlar çox diqqətəlayiqdir, çünki onlar mükəmməl adaptasiya olunublar. Zürafələr hündür ağacların və yarpaqların yerdən xeyli yuxarıda olduğu ərazidə yaşayırdılar, buna görə də, yemə çatmaq üçün onların uzun boyunları olmalı idi.

"Məncə, bu cür təsəvvürlər adətən insanları çaşdırır, çünki mükəmməl görünür, elə bil kimsə bunu tərtib edib," deyir Moran. Amma əgər daha dərindən baxsaq, görərik ki, bu kiçik təsadüflərin zəncirvarı nəticəsidir. "Bunu qavrayan kimi düşünəcəksiniz ki, yox, bu tərtib olunmayıb, bu əslində başqa təsadüfi hadisələrə də yol aça bilən təsadüfi bir hadisədir."

Qalapaqos adaları təkamülün tez-tez göründüyü yerdir

(c) Tui De Roy/NPL

İndi bizdə sübutun bütün parçaları var və onları birləşdirəndə həyatın təkamül keçirdiyini görürük.

“İnsanın təkamülü” konseptini həzm etmək bəziləri üçün həmişə çətin olub

Genlərdəki təsadüfi mutasiyaların səbəb olduğu modifikasiya ilə birgə müxtəlifləşərək çoxalma yekunda tədrici dəyişkənliklərə və yeni növlərin formalaşmasına gətirib çıxarır – bunun çoxu təbii seçmə yoluyla (öz mühitinə uyğunlaşa bilməyən orqanizmləri sıradan çıxarmaqla) baş verir.

Nəhayət, gəlin bütün bunları özümüzə tətbiq edək.

“İnsan təkamülü konseptini həzm etmək bəziləri üçün həmişə çətin olub, amma bunu görməzdən gəlmək olmaz”, deyə Stringer bildirir.

Neandertalın və modern insanın kəllə sümüyü

(c) Paskal Qotçeluk/SPL

Belə bir fikir var ki, Homo Sapiens bütün dünyaya yayılmazdan əvvəl Afrikada təkamülə uğrayıb.

Avropa və Asiya kökənli insanlar öz DNT-lərində Neandertalın genlərini daşıyırlar.

Fosil qalıqları dörd ayağı üzərində gəzən quyruqsuz meymunlara bənzəyən canlılardan iki ayağı üzərində gəzən nisbətən inkişaf etmiş daha böyük beyinli canlılara qədər tədrici dəyişkənliklərin olduğunu göstərir.

Afrikanı tərk edən ilk insanlar Neandertal kimi başqa hominin (insani) növlərlə cütləşib. Nəticədə Avropa və Asiya kökənli insanlar öz DNT-lərində Neandertalın genlərini daşıyırlar – amma Afrika kökənlilər bu genləri daşımırlar.

Bütün bunlar minlərlə il əvvəl baş verib, amma hələ bitməyib. Biz hələ də təkamül keçiririk.

Oraq hüceyrə anemiyası qan hüceyrələrini zədələyir

(c) Ceki Luin, Royal Free hospitalı/SPL

Misal üçün, 1950-ci illərdə britaniyalı həkim Antoni Alison bəzi afrikalı populyasiyalarda yayılmış “oraq hüceyrə anemiyası” adlı genetik xəstəliyi araşdırırdı. Bu xəstəliyin daşıyıcılarında bədənə oksigen paylamalı olan qırmızı qan hüceyrələri, oksigen daşımağa imkan verməyən formada olurdu.

O insanlar üçün oraq hüceyrə mutasiyasını daşımağa dəyərdi.

Alison kəşf etdi ki, Şərqi Afrika populyasiyalarını bu xəstəliyə meylli olub ovalıqlarda (alçaq ərazilərdə) yaşayanlar və yaylalarda (hündür ərazilərdə) yaşamaqla meylli olmayanlar olaraq ayırmaq mümkündür.

Məlum oldu ki, oraq hüceyrə anemiyasına meylli olanlar fərqində olmadan üstünlük qazanıblar. Bu anemiya, onları yalnız ovalıqlarda təhlükəli olan malyariyadan qorumuşdu. O insanlar üçün – hətta uşaqları anemiyalı doğulma ehtimalı olsa da – oraq hüceyrəsini daşımağa dəyərdi.

Onların əksinə olaraq, yaylalarda yaşayanlar üçün malyariyaya yoluxma riski yox idi. Yəni, oraq hüceyrə daşımağın heç bir üstünlüyü yox idi, ona görə də zərərli olacaq bu meyil yoxa çıxmışdı.

Dəniz sürünəni fosili (Keichousaurus hui)

(c) Con Kensalosi/NPL

Əlbəttə ki, bizim hələ də təkamül haqqında cavabını bilmədiyimiz çoxlu suallar var.

Onların əcdadı 3 milyard illik kəsilməz xətt üzrə keçmişədədir.

Stringer də belə bir sadə sual verir: insanların dik yeriməsinə səbəb olan genetik dəyişiklik hansı idi və niyə bu mutasiya belə uğurlu oldu? Hazırda bilmirik, amma daha çox fosil və daha yaxşı genetik bilgilər sayəsində bir gün biləcəyik.

Bizim hazırkı məqsədimiz təkamülün təbiətin reallığı olmasını başa düşməkdir. Bizim tanıdığımız qədəriylə, planetimizdəki həyatın əsasını məhz təkamül təşkil edir.

Odur ki, bayıra çıxanda, istər öz bağınızda, istər fermada olun, istəyirsiniz yolda yeriyəndə ətrafınızdakı bitkilərə və heyvanlara nəzər yetirin və onların indiki hala necə çatdığını düşünün.

Gördüyünüz hər orqanizm – fərqi yoxdur balaca həşəratdır ya böyük fil – qədim bir ailənin son üzvüdür. Onların əcdadı 3 milyard illik kəsilməz xətt üzrə keçmişdə – ilk həyat formalarının göründüyü çağlardadır. Elə bizim əcdadımız da.

Chris Baraniuk

BBC

30 iyul, 2015

Tərcümə: Orxan Əmrullayev

# 2161 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #