Kərbəla çölündəki "qaynama temperaturu"

Kərbəla çölündəki "qaynama temperaturu"
24 noyabr 2012
# 12:23

...“İmam Hüseyn (əleyhissəlam) gənclik dövründən, İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini müdafiə edib və ona tabe olub. Ömər ibn Xəttabın hakimiyyəti dövründə Hüseyn (əleyhissəlam) bir gün məscidə girib gördü ki, Ömər minbərdə oturub. Bunu görcək tez minbərə qalxıb, Ömərə dedi: “Mənim atamın minbərindən düş, get öz atanın minbərində otur!” Ömər özünü itirmiş halda dilləndi: “Mənim atamın minbəri olmayıb axı”. Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra isə öz evinə aparıb ondan soruşdu: “Bu sözü sənə kim öyrədib?” Hüseyn (əleyhissəlam): “Heç kim” – deyə cavab verdi...”;

...“Əbu Süfyan Osmanın xilafət başına gəldiyi birinci gün Bəni-Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxt dedi: «Sizdən başqa burda kimsə var?» (O vaxt artıq Əbu Süfyanın gözləri tutulubmuş) Dedilər: «Xeyr». Əbu Süfyan dedi: "İndi ki, hökumət sizin əlinizə düşüb, onu bir-birinizə ötürün. Çalışın ki, hökumət Bəni-Üməyyədən kənara çıxmasın...»

Dini-tarixi ədəbiyyatdan götürülmüş bu iki epizod Kərbəla vaqiəsinin təməl motivlərinin mənəvi ziddiyyətlərlə yanaşı, bəlkə bunlardan daha artıq, nəsil-ailə mənafeyindən, maddi-siyasi maraqlardan da qaynaqlanmasının izahı, isbatı baxımından çox maraqlı görünür. Nə dərəcədə səhih olduğu bilinməsə də, hər halda, indinin özündə də rəvayət kimi yazılıb-söylənən bu epizodlar o dövrün, o mühitin ovqatını ifadə baxımından öz aydınlığı, tipikliyi ilə diqqəti çəkir.

Sözsüz ki, Kərbəla hadisəsi birdən-birə, spontan baş verməmişdi: Həzrət Məhəmməd ilə Əbu Süfyan (o dövrdə Məkkənin rəisi), Həzrət Əli ilə Müaviyə ibn Əbu Süfyan (Şam valisi – Dəməşqin qubernatoru), İmam Həsənlə Müaviyə (artıq xilafəti hökmən idarə edən), İmam Hüseynlə Müaviyə arasında onilliklər ərzində yaşanan gərginliklər hesabına tədricən isinən, qızışan ixtilaf mühiti, nəhayət, Yəzid ibn Müaviyənin hakimiyyət başına keçirilməsilə coşma-qaynama temperaturuna yetmişdi.

* * *

Kərbəla vaqiəsinin insanlıq tarixində bir çox cəhətdən qeyri-adi, müstəsna hadisə olması aradan keçən bu 1330 ilə yaxın vaxt ərzində dəfələrlə təsdiqini tapıb. Ötən 13 əsrin ortaya qoyduğu ən əsas həqiqətsə budur ki, Hicrətin 61-ci ili (miladi 680), məhərrəm ayının cüməyə təsadüf edən aşura (onuncu) günü, namaz vaxtı feilən yekunlaşan, ancaq mənəvi təsiri yüzillər boyu davam edən o qanlı qırğından sonra təkcə İslam-Şərq aləmində yox, bütün dünyada heç nə əvvəlki kimi olmadı, ola bilmədi.

Bu məlum-məşhur vaqiə ilk növbədə ona görə müstəsna sayıla bilər ki, insanlara son səmavi kitabı çatdırmış İslam peyğəmbəri Həzrət Məhəmmədin ailə üzvlərinin mühüm bir qismi - ümmətinə dönə-dönə əmanət etdiyi Əhli-Beytinin ən doğma fərdləri həmin gün Kərbəlada qılıncdan keçirildi. Özü də elə o peyğəmbərin bəyan etdiyi, minbir əziyyət bahasına yaydığı dinin sayəsində yaranmış bir dövlət aparatının qəti iradəsilə! Həm də o dinin naminə həyata keçirilən fəthlərin hesabına güclənmiş bir hakimiyyətin ardıcıl, şiddətli səyləri nəticəsində! O vaxta qədər gəlib-getmiş peyğəmbərlər - elə Həzrət Məhəmməd də - ya ümumən öz qövmündən, ya da ayrı-ayrı müstəbidlərdən zülm görmüş, təzyiqlərlə, təqiblərlə, işgəncələrlə üzləşmişdilər. Ancaq əksərən bütün bunlar onların peyğəmbərliyinin qəbul olunmasına, yeni dinin yayılmasına qədər davam etmişdi. Bundan sonra özləri də, əgər varsa, ailə üzvləri, nəslinin davamçıları da mümkünat dairəsində böyük, dərin ehtiram sahibi olmuşdular. Hardasa, toxunulmazlar cərgəsində yer almışdılar. Əlbəttə, bəzi istisnalar da tapılar bu sarıdan, ancaq ən ağır istisnaya da məhz son peyğəmbərin ailəsi tuş oldu. Bununla da ərəb qövmü onu Əsri-Səadət sayılan dövrdə həqiqətən səadətə qovuşdurmuş İslam peyğəmbərinin təkcə dini-mənəvi irsinə yox, şəxsi-ailəvi əmanətinə də layiqincə sahib çıxmağa əzmi, təpəri olmadığını açıq-aşkar isbatladı.

“...Fikri-qələt, xəyali-xəta qıldın, ey fələk!

Övladı-Mustəfayə cəfa qıldın, ey fələk!

...Bir rəhm qılmadın cigəri qan olanlara,

Qürbətdə ruzigarı pərişan olanlara!

* * *

Kərbəla faciəsi həm də bir gerçəkliyi günümüzə qədər daşıyıb: İslamın bəyanından 70 il, dinin möhkəmlənib yayılmasından, fəthlərin başlanmasından 50-60 il keçsə də, ərəb cəmiyyətinin böyük hissəsi hələ də Cahiliyyə dövrünə xas cılız-lokal maraqlarını güdməkdəymiş. Nəsillərarası ədavəti davam etdirmək, mənəvini maddinin, haqqı nahaqqın, zəifi güclünun ayağına vermək hələ də bu qövmə xas “ənənə” kimi qalmaqdaymış. İnfantil cəmiyyətlərə xas bu niyyətlərin – zərərli potensiyanın eyni dərəcədə ziyanlı formada - ağrılı reallığa çevrilməsi əvvəlcə, yəni lokal haldaykən ərəb qövmünü Kərbəla hadisəsinə, sonra isə genişlənib nəhəng dini-siyasi miqyas almaqla bütün İslam dünyasını indiyəcən də davam edən “Kərbəla prosesi”nə düçar elədi. Vida xütbəsində söylədikləri də, həyatının sonlarına aid bəzi hədislər də sübut edir ki, İslam peyğəmbəri parlaq zəkası, fövqəladə hissiyyatı ilə bütün bunları qabaqcadan anlayır, duyur, bu səbəbdən də sonsuz narahatlıq hissi keçirirmiş.

İmam Hüseyn də eyni narahatlığı – üstəlik, bir az da yaxından – hiss edir, eyni təşvişi canında-qanında gəzdirirdi. Odur ki, hələ Kərbəla çölünə gəlməzdən - o nəhs gündən çox-çox əvvəl də hansı yolu seçdiyini bilirdi, axır qərarı da bildiyinə uyğun oldu.

“Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,

Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gərək!

İcz ilə dönmək ədudən səhldir, himmət dutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!”

* * *

Qəsdə durmaqla, şübhələrin iziylə axtarışa baş vurmaqla Kərbəla qırğınında bəlkə yəhudi barmağı “görmək” də olar, hadisənin pərdəarxasından xristian suflyor “tapmaq” da, ixtilafı son həddədək körükləyən qismində farsın “yaxasından yapışmaq” da. Ancaq məsələnin bəşəri-dünyavi miqyasından aşağı enib, yaxına gələndə, sırf milli-qövmi müstəvidən baxanda məlum olur ki, Kərbəla düzündəki qırğının çanağı ilk həmlədə ərəbin başında çatlayıbsa, ondan sonra, özü də daha şiddətli zərbəylə məhz türkün onurğa sütununu çatladıb.

«Siyasəti-fürusət»də islamdakı təfriqənin - Kərbəla vaqeəsilə açılan o keçilməz uçurumun türk qövmünə vurduğu ziyan, türk tarixinə ağrılı təsiri eyhamlı, kinayəli bir dillə, ancaq çox dəqiqliklə təsbit edilib. Oradakı bir «cəhənnəm səhnəsi"ndə Şah İsmayıl atsız top arabasında meydana çıxır; onun əlində yaşıl bayraq var, bayrağın üstündə ərəb əlifbasının iki hərfi – bir «əlif», bir də «sin» görünür. Əsərdəki obrazlardan Şeyx bu mənzərəyə təəccüblənib digər personaja – Kəyumərsə sual verir:

- Bayraqdakı bu «əlif» və «sin» nədir? Nəyə dəlalət edir?

- Bu hərflər «islam»ın «əlif»i ilə «sin»idir.

- Bunun «lam»ı nerədə?

- «Lam»ı da Sultan Səlimin bayrağındadır.

- Bu nədən böylə olmuş?

- Bunlar islamı təqsim etdilər (böldülər – S.H.)

- Kəndilərindən əvvəl aləmi-islamda mütəəddid (neçə-neçə; çox sayda – S.H.) hökmdarlar yoxmu idi? Onlar təqsim etməmişlərmiydi?

- Onlar hökuməti-cismaniyyəni təqsim etmişlərdi. İslamı mənən təqsim edən bunlardır».

Ayrı mətləb üstə - İslam peyğəmbərinin nəti (mədhi) naminə yazılan bu misraları Kərbəla vaqiəsinin təsirindən sonralar öz acı nəsibini artıqlamasıyla alan, “durduğu yerdəcə” arasına qatı nifaq düşən türklərin halının xəbərçisi kimi də mənalandırmaq olar:

“Qaşınla gözlərindir hər tərəf, ya bir niza üzrə

Çəkibdir bir-birinə iki sərxoş türkman xəncər?!”


* * *

Səbəbləri hər nə olsa da, nəticələri hər necə alınsa da, Kərbəla vaqiəsindən indiyə qalan çox dəyərli, çox işıqlı bir keyfiyyət də var. O keyfiyyətsə budur ki, son anlarda imkan əli hər yerdən, hər kəsdən üzülən, bütün üstünlükləri, ixtiyarları alınıb dünya başına dar edilən, maddi aləmin bütün nemətləri bir yana, bircə içim suya da dodağı çatmayan bəşər övladı - məhz İnandığının, İnancının sayəsində, mənəvi-ruhani gücünün hesabına, bir də canının bahasına - labüd, faktiki məğlubiyyətini əbədi qələbəyə çevirə, mənzil-qərargahını isə odlu, tozlu səhradan "Hədiqətüs-süəda"ya – "Xoşbəxtlər bağçası"na dəyişə bilər. İndi qəbul, ya inkar olunsun, təqdir, ya tənqid edilsin, az, yaxud çox sayılsın, nə fərqi var: 13 əsrdir, İslam dünyasının xeyli hissəsi hər il məhərrəm ayında Kərbəla vaqiəsini matəmlə, ah-fəryadla anır. Beləliklə, həm müsəlman aləminin, həm də bütün dünyanın qalan qismi də, istər-istəməz, o amansız qırğını yada salmalı olur. Bu yanıqlı misralar da, beş yüz ilə yaxındır, həmin vaqiə, onun əsas qəhrəmanı haqqında, göz yaşlarıyla oxunur:

“Mahi-Məhərrəm oldu, məsərrət haramdır,

Matəm – bu gün şəriətə bir ehtiramdır!..

Şad olmasın bu vaqiədən şad olan könül,

Bir dəm məlalü qüssədən azad olan könül!..

Ya Şahi-Kərbəla, nə rəva bunca qəm sənə,

Dərdü-dəmadəmü ələmi-dəmbədəm sənə?!..

Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn!

Vay Kərbəla bəlalarına mübtəla Hüseyn!

# 6039 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #