Məmməd Əmin o abxazı nişan verir GERB MƏSƏLƏSİ

Məmməd Əmin o abxazı nişan verir GERB MƏSƏLƏSİ
14 fevral 2015
# 08:30

Azərbaycan gerbinin müəllifi kimdir? Bununla bağlı kiçik bir araşdırma apardım və "Youtube" saytında jurnalist Aqil Mehdinin rəssam Rafiq Məmmədovla müsahibəsinə rast gəldim. Onun Cəlil Məmmədquluzadənin nəvəsi olduğunu bilmirdim. Bu müsahibə üçün Aqil bəyə təşəkkür edirəm. Rafiq Məmmədov müəllif kimi qeyd edilsə də, özü başqa bir adamdan, teatr rəssamı knyaz Şarşavidzedən danışırdı. Müsahibədən aydın olur ki, 1918-ci ildəki gerblə indiki arasında az olsa da ciddi fərqlər var. Bu fərqləri də Rafiq Məmmədov yaradıb. Şarşavidzenin 1918-ci ildə tərtib etdiyi dizayn parlamentdə qəbul olunmasa da, Rafiq Məmmədov o dizayn üzərində işlədikdən sonra qəbul olunub. Bəs fərqlər nə idi?

Gerbdəki palıd yarpağı və sünbül simvollarının arasında əvvəllər lent olub. Rafiq Məmmədov bunu artıq hesab edərək yeni dizaynda ləğv edib. İkinci ciddi fərq isə alov dilimləri olub. Orijinal dizaynda alov dilimləri daha çox tonqala bənzəyirmiş və Rafiq Məmmədov da onu atəşpərəstlik simvolu kimi görüb. Bu dizayndakı alov dilimlərini dəyişərək ərəbcə "Allah" yazısına oxşadıb. Bundan sonra gerb yenidən parlamentə göndərilərək qəbul olunub.

1919-cu ilin avqustunda ingilislər ölkəni tərk edəndən sonra 14 noyabr 1919-cu ildə "Azərbaycan" qəzetinin 246-cı sayında gerb müsabiqəsi elan olunur. Nəticələr may ayında açıqlanacaqdı. 30 yanvar 1920-ci ildə Maarif naziri Həmid bəy Şahtaxtınski milli himn, milli gerb və möhürlər barədə müsabiqənin qaliblərinə 50000 rubl, ikinci yerdə qərar tutmuş müəlliflərə isə 20000 rubl veriləcəyini elan etmişdi. Lakin sovet hakimiyyəti qurulduğu üçün gerbin ömrü az oldu.

Orijinal gerb ilk dəfə "Odlu Yurd" jurnalının 1930-cu ildəki aprel sayında M.Ə.Rəsulzadə tərəfindən dərc olundu və müəllif kimi knyaz Şervaşidze göstərildi. Rəsulzadənin sözlərinə görə bu gerb aprel ayında - yəni müsabiqədən bir ay əvvəl - artıq parlament binasında asılmışdı.

Bəs əsl müəllif knyaz Şervaşidze kimdir? 100 il yaşamış Aleksandr Konstantinoviç Şervaşidze (1867-1968) məşhur rəssam idi. 1918-ci ilədək Aleksandrinski (hazırda A.S.Puşkin adına Dövlət Akademik Dram Teatrı) və Mariinski (SSRİ dövründə Kirov adına idi) teatrlarında rəssam kimi işləmişdi. Aleksandr Qolovin, Pablo Pikasso və Andre Deren kimi rəssamlarla həm iş yoldaşı idi, həm də dostluq edirdi. 1918-1919-cu illərdə Abxaziyanın Suxumi şəhərində yaşayırdı. Yəqin ki, Azərbaycanın gerbini dizayn etməsi də bu dövrə təsadüf edir. 1968-ci ildə Monakoda vəfat edib. Cəsədi 1985-ci ildə Abxaziyaya gətirilərək orada basdırılıb.

Aleksandr Şervaşidze Abxaziyanın knyaz nəsli olan Şervaşidze sülaləsindəndir. Atası Xurşid bəy Şervaşidze hərbçi, babası Georgi Şervaşidze isə son Abxaziya knyazıdır. Şervaşidze sülaləsinin Azərbaycanla əlaqələri daha qədimlərə gedir. Belə ki, müxtəlif gürcü tarixçilərinin əsərlərində və Gürcüstan tarixşünaslığında ən önəmli mənbə hesab olunan Kartlis Tsxovreba salnamələrində qeyd olunur ki, Şervaşidzelərin ilk nümayəndəsi Şirvanşah III Mənuçöhr və gürcü çarı IV Davidin qızı Tamaradan doğulan oğullardan biridir. Şirvanda taxt uğrunda mübarizədə Tamara adı çəkilməyən bu oğlunun taxta çıxmasını dəstəkləmiş, əvəzində digər oğlu Axsitan Eldəniz atabəylərinin köməyi ilə taxta çıxmışdır. Kartlis Tsxovreba Axsitanın həmin bu qardaşına IV Davidin Suxumi şəhərini bağışlayaraq onu knyaz kimi təyin etdiyini qeyd edir. "Şervaşidze" sözü də elə Şirvanşahların bir qolu olduğunu göstərir.

Sülalənin əsas qolunun başçısı isə 1990-cı illərdə Bolqarıstanın enerji naziri olmuş siyasətçi Nikita Şervaşidze idi. O, 2008-ci ildə vəfat edəndən sonra ailənin başçısı oğlu Andri Şervaşidze olub. Osmanlı imperiyasının son sultanı VI Mehmet Vahidəddinin anası Gülüstü əfəndi də bu soydan olub.

Cavid Ağa

# 3998 dəfə oxunub

Oxşar xəbərlər

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

09:30 13 iyun 2025
"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

09:10 11 iyun 2025
"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

10:10 9 iyun 2025
Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

09:23 3 iyun 2025
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

09:15 2 iyun 2025
Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof - Firuz Mustafa

Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof - Firuz Mustafa

12:00 31 may 2025
#
#
# # #